525.Az

Vida sözü - Anım


 

XALQ YAZIÇISI ANAR: "FƏTTAH HEYDƏROVU XEYİRXAH VƏ ZİYALI BİR İNSAN KİMİ HƏR ZAMAN BÖYÜK HÖRMƏT VƏ EHTİRAMLA XATIRLAYACAĞAM"

Vida sözü - <b style="color:red">Anım</b>

Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov 82 yaşında dünyasını dəyişib. Ötən gün Fəxri Xiyabanda dəfn edilən F.Heydərovun vəfatı ölkə ictimaiyyəti, tanınmış elm və mədəniyyət adamları və ictimai xadimlər tərəfindən kədərlə qarşılanıb. 

Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar "525"ə açıqlamasında mərhumla gənclik dostu olduğunu bildirib: "Fəttah Heydərovun ölüm xəbəri məni çox pərişan elədi, çox ağrıtdı. Biz onunla yaşıdıq. Çox gənc yaşlardan dostluq münasibətimiz vardı. O, Naxçıvanda partiya komitəsinin katibi, Mədəniyyət naziri işləyəndə tez-tez ora gedərdim, görüşərdik. Sonradan Bakıya gələndən sonra da tez-tez görüşlərimiz olardı. Fəttah müəllim çox xeyirxah, ziyalı bir insan idi. Mən onu hər zaman böyük hörmət və ehtiramla xatırlayacağam. Bütün ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verirəm".



AYB-nin birinci katibi, Xalq şairi Fikrət Qoca
da Fəttah Heydərovu gözəl keyfiyyətlərə sahib, ziyalı bir insan kimi xatırlayıb: "Bizim onunla cavanlığımız, demək  olar ki, bir yerdə keçib. Çox gənc yaşlarımızdan tanışıq. Mən Moskvada oxuyurdum. Bir dəfə ordan tətil üçün Azərbaycana gələndə Naxçıvana getdim və orda tanış olduq. O zaman Fəttah müəllim orda işləyirdi. O, həmişə müxtəlif məsul vəzifələrdə olmuşdu. Amma hansı vəzifəni tutmasından asılı olmayaraq, öz əqidəsində sabit, özünə sadiq insan idi. Onunla bütün görüşlərimizdə mən bunu müşahidə etmişəm. Şəxsi görüşlərdə də, işlə bağlı tədbirlərdə də o, eyni adam idi. Zaman dəyişirdi, ətrafımızdakı insanlar dəyişirdi, onun iş yeri, vəzifəsi dəyişirdi, amma özü heç vaxt dəyişmədi. Bunu hər adam bacarmır. Bəzən həyat və ya situasiyalar insanı dəyişməyə məcbur qoyur. Fəttahda isə bu, heç vaxt baş vermədi. Vəzifə elə bir şeydir ki, insan gərək orda ikiqat ehtiyatlı olsun, özünü orda daimi hiss eləməsin, oturduğu kresloya arxayın olmasın. Fəttah bütün bunları çox gözəl bilirdi. Ona görə də o, hər zaman arxayın, rahat idi.

Onun son vəzifəsi Respublika Ağsaqqallar Şurasının sədri vəzifəsi oldu. Mən əminəm ki, ordakı ağsaqqalların heç biri ondan heç vaxt incimədi. Çünki onun dili də, ürəyi də, çölü də eyni idi. Dostluqda, insanlarla münasibətdə çox səmimi və düzgün insan idi. Onunla tez-tez görüşə bilməsək də, bütün özəl anlarımda, xüsusi günlərimdə yanımda olub, dost dəstəyini əsirgəməyib. Elə dostlar hər zaman insanla birlikdə yaşayır. Mən onu hər zaman yaddaşımda, qəlbimdə saxlayacağam. O, yaxşı insanların sırasından getdi. Amma mən inanıram ki, ya onun öz nəslindən, ya da gələcəkdə kimsə, adı Fəttah olmasa da, özü mütləq onun kimi olacaq. Allah yaxşı insanların yerini boş qoymur. Allahdan ona rəhmət diləyirəm. Ailəsinin, yaxınlarının başı sağ olsun!"



AYB-nin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid
Fəttah Heydərovun ağsaqqal sözünün bütün sanbalını özündə əxz etdirən bir şəxsiyyət olduğunu bildirib: "Mən 15 ilə yaxın idi, Fəttah müəllimlə görüşürdüm, dəfələrlə müxtəlif tədbirlərdə, səfərlərdə bir yerdə olmuşduq. Fəttah müəllimin timsalında mən həmişə sadə, müdrik bir insanı, düzgün və ədalətli qərarlar verməyi bacaran nurani bir ağsaqqalı müşahidə eləmişəm. O, çox sadə, səmimi insan idi, heç kimin könlünə dəyməzdi, hər şeyi əsl ağsaqqal kimi yoluna qoyardı. Bu xüsusiyyətlərinə görə də hamı sevimli bir insan kimi onun hörmətini, ehtiramını saxlayırdı. Fəttah müəllimin lazım gələndə dediyi sərt və qəti fikirlər də hər kəs tərəfindən qəbul edilirdi. Ədəbiyyat və incəsənət adamları ilə yaxın idi. Keçmişdə Naxçıvanda Mədəniyyət naziri vəzifəsində işləmişdi, ədəbiyyat və sənət adamları ilə o illərdən başlayan dostluq münasibətləri var idi. O, həmişə ədəbiyyat məsələlərində də öz sakit, təmkinli və müdrik fikirləri ilə söhbətlərə rəng qatırdı. Fəttah müəllimin nurlu, işıqlı siması, xoş obrazı hər zaman onu tanıyanların yaddaşında yaşayacaq. Allah rəhmət eləsin".



Tanınmış telejurnalist, professor Qulu Məhərrəmli
Fəttah Heydərovun sözün həqiqi mənasında əsl ağsaqqal olduğunu qeyd edib: "Mən Fəttah müəllimi xarakterinə, təbiətinə, insani keyfiyyətinə, davranışına, sözünə görə əsl ağsaqqal sayırdım. Onu çoxdan tanıyırdım. O vaxt hələ televiziyada işləyirdim. 1983-1984-cü illərdə Fəttah müəllim Naxçıvanda Mədəniyyət naziri idi. Naxçıvanda Azərbaycan Televiziyası günləri keçirilirdi. Mən Fəttah müəllimlə orda tanış oldum. O, incəsənət xadimlərinə və televiziya işçilərinə xüsusi münasibəti, televiziya verilişlərini təhlil etmə məharəti, xalqdan gələn müdrikliyi ilə yadımda qaldı. Onunla sonralar da görüşdük. dəfələrlə xarici ölkələrdə səfərlərə getdik, yol yoldaşı olduq. İnsan yolda daha yaxşı tanınır deyirlər. Fəttah müəllim bu səfərlərdə yaş həddi qoymadan, özünü yüksək tutmadan insanlarla olduqca gözəl və səmimi davranırdı.  Onun birinci növbədə sadəliyi mənə xoş gəlirdi. Onun eldən, obadan, xalqdan, yaddaşdan gəlmə həqiqi bir müdrikliyi vardı. Çox mürəkkəb hadisələri bəzən çox sadə misallarla ümumiləşdirib o qədər maraqlı nəticələr çıxarırdı ki... Çox xoş idi onunla söhbət eləmək, yol yoldaşı olmaq. Hesab edirəm ki, onun vəfatı bizim üçün ağır itkidir. O mənada ağır itkidir ki, bu gün həqiqi ağsaqqal sözünə ehtiyac var. Adamları bir araya gətirən, sözünü deyən adamlara bu gün ehtiyac çoxdur. Allah rəhmət eləsin. Ruhu şad olsun".

 





05.08.2020    çap et  çap et