525.Az

"Ondan sonra hamı məni "Eurovision Leyla" kimi yadda saxladı" - Müsahibə


 

TELEAPARICI LEYLA QULİYEVA: "TƏBİƏTCƏ XƏYALPƏRƏST OLSAM DA, XƏYAL QIRIQLIĞI YAŞAMAMAQ ÜÇÜN BÖYÜK XƏYALLAR QURMAMAĞA ÇALIŞIRAM"

"Ondan sonra hamı məni "Eurovision Leyla" kimi yadda saxladı" - <b style="color:red">Müsahibə  </b>

Tanınmış teleaparıcı Leyla Quliyeva ilə bu karantin günlərində onun televiziya fəaliyyəti, həyatı, övladları, insanlar  və gələcək planları ilə bağlı ətraflı söhbətimiz oldu. Söhbəti oxuculara təqdim edirik.  

"Həyatı daha çox dəyərləndirməyə başlamışam" 

- Leyla xanım, uzun müddətdir karantin rejimindəyik. Necə keçir zaman?

- Rəsmi karantin elan olunandan, mart ayından etibarən mən də işləmirəm. Birdən-birə bu cür durğunluğa düşəcəyimi təsəvvür eləmirdim. Bizim işimiz konsertlər, tədbirlər, layihələr və sairdir ki, bunlar da bir anda dayandı. Hamı necə, mən də elə, bu günləri ailəmə, özümə həsr eləmişəm. Əslində, hər şeyə müsbət tərəfdən baxmağa çalışan insanam, nə baş verirsə, yaxşılığa doğru olduğuna inanıram. Bu, indi yaranan bir tendensiyadır. Əvvəllər çox həyəcanlanar, fikir eləyərdim. Amma görürəm ki, bir mənası yoxdur. Sadəcə, mövcud vəziyyətdən özüm və ailəm üçün yaxşı nələrsə əxz eləməyə çalışıram. Əlbəttə, bu vəziyyətin çətin tərəfləri də var. Lakin bu, təkcə mənim, sizin yox, dünyanın başına gələn qlobal problemdir və bizim də qaydalara əməl edərək bu vəziyyətdən mümkün qədər tez çıxmağa çalışmaqdan başqa yolumuz yoxdur.

İş yerimlə bağlı müəyyən dəyişiklik də gözlənilir. Hələ açıqlaya bilmirəm, amma hər şeyin yaxşılığa doğru dəyişəcəyinə inanıram.    

- Bu dövrdə özünüzçün nələri kəşf etdiniz, nələrin fərqinə vardınız?

- Həyatın nə qədər kövrək, sınmağa, qırılmağa meylli olduğu indi daha çox nəzərə çarpdı. Hələ bu vaxta kimi gün ərzində bu qədər mənfi xəbərləri eyni vaxtda aldığımız, milyardlarla insanın bir virusun əlində aciz qaldığı olmamışdı. Bundan başqa, Tovuzda baş verən döyüşlər də böyük həyəcan yaratdı. Onsuz da mənfur qonşularımızla aramızdakı bu münaqişə səngimir, amma elə bil, 2020-ci ildə hər şey yenidən alovlanmağa, üst-üstə gəlməyə başladı. Sanki həyatı daha çox dəyərləndirməyə başlamışam. İnsan bir yeri ağrıyanda öz canının qeydinə qalmağa başlayır. Həqiqətən də nə qədər rəqəmsallaşdırsaq da, həyatı, şəhəri canlandıran insan və onun əməyidir. O yoxdursa, bu qədər şeylər nəyə lazımdır?! Ünsiyyət üçün darıxmışam. Belə vəziyyətlərdə insan bunların qədrini bilməyə başlayır, özü-özünü təkmilləşdirir.

"İnsanın özüylə qurduğu dialoqdan yaxşı dialoq yoxdur" 

- Telekanalları izləyirsinizmi? Bir peşəkar kimi yox, tamaşaçı kimi fikriniz nədir?

- Bu haqda ümumiləşdirib fikir demək çətindir. Çünki bu dəqiqə telekanallarımız arasında böyük fərq var. Televiziya elədir ki, daima yeniləşmə, mənəvi, əqli, maddi sərmayə tələb edir. Bu sahə peşəkar kadrlara ehtiyacı olan sahədir. Hətta hansısa məlum bir layihəni eynilə götürüb tətbiq etmək istəyəndə də gərək elə həssaslıqla, zövqlə edəsən ki, ortaya keyfiyyətli iş çıxsın. XXI əsr televiziyası ilə ayaqlaşmaq çox çətindir. Bu, sosial şəbəkə sürətiylə ayaqlaşmalı olan və bunu çox çətin əldə edən bir sahədir. Bir xəbəri televiziyalardan əvvəl, baş verdiyi anda sosial şəbəkədə canlı izləmək şansımız var. İndi gör bu məqamda neçə qat artıq operativlik, həvəs, istək və peşəkarlıq olmalıdır. Şou baxımından da ayaqlaşmaq çətindir. Bu gün bir bloqerin telefonla çəkdiyi hər hansı bir video daha çox əks-səda doğurur, nəinki bir neçə insanın bir araya gəlib, böyük texnika, əmək, zaman və maddiyyat sərf etdiyi veriliş. Çünki hər şey minimallaşıb, insana yaxınlaşıb. Televiziya işçisi olaraq, bunlar məni hər zaman narahat edib. Hər hansı layihə edəndə ilk sualım bu olur ki, tamaşaçı bunu niyə axtaracaq, onun zövqünü, marağını təmin edə biləcəyəmmi? Bu problem təkcə bizdə deyil, başqa ölkələrdə də var.

- Məşhur xanım olmaq sizi yormur ki?

- Düzü, yox. 15 ildir, televiziyadayam, "bezdim, yoruldum, məni narahat edirlər" kimi şikayətlərim heç vaxt olmayıb. Hətta tanıyıb yaxınlaşanlar, sevgilərini, fikirlərini bildirənlər də o qədər nəzakətli, mədəni, xoş təsir bağışlayıblar ki, mən və yanımdakı ailə üzvlərim bundan narahatlıq duymamışıq. Bilmirəm, bu cür şikayətləri kimlər edirlər, məndə olmayıb. Həm də biz o qədər böyük miqyasda yaşamırıq, Elvis Presli, Müslüm Maqomayev, Madonna deyilik. İşimiz elə insanlarla bağlıdır. Əgər tanınırıqsa, onlara görə tanınırıq, onların sayəsində yığmışıq bu hörməti. Həmin o insanlar arasında mənəvi baxımdan o qədər zəngin, dərin, bizə dərs keçə biləcək insanlar var ki.

- Leyla xanım, təkliklə yalnızlıq arasında nə kimi fərqlər var? Hansına üstünlük verirsiniz?

- Bir ifadə var, deyir, tamamilə tək olduğunuz zamanlarda belə Allah sizinlədir. Bu, subyektiv fikirdir, kim ürəyində Allahı hiss edirsə, inanırsa, onlara aiddir. Yalnızlıq çox ağır məsələdir. Tanıdığım insanlar var, yatır-durur, özünü görür. Bu, fiziki yalnızlıqdır. Bir də kütlə içərisində özünü yalnız hiss etmək var. Fikirlərinlə, həyata, insanlara baxışınla, həyat tərzinlə yalnızlaşırsan. Bir çox hallarda özümü yalnız hiss edirəm. Ən çılğın, səs-küylü qonaqlığın, toplantının içərisində də çox hallarda özümü yalnız hiss edirəm. Çünki başa düşürəm ki, ordakı insanlarla ortaq nöqtəmiz yoxdur. Vay o gündən ki, doğmalarının içində özünü yalnız hiss edəsən. Bir fərd üçün bu, kifayət qədər faciəvi durumdur. Əgər insan həyatı boyu ətrafına yığdığı dostlarla, doğmalarla ortaq düşüncəyə sahib deyilsə, onlar onun düşüncələrinə, daxili dünyasına uyğun gəlmirsə, o boyda kütlənin nə mənası var? Təklik pis deyil. Bəzən insan özüylə tək qalmalıdır, özünə hesabat verməli, özünü dinləməlidir. Məndə belə hallar olur və uğur gətirən fikirlər, layihələr də həmin təklik zamanımda yaranıb. İnsanın özüylə qurduğu dialoqdan yaxşı dialoq yoxdur. Çünki kimsə nə sənin səhv fikrini yalandan təsdiqləyir, nə də düzgün yolundan çəkindirməyə çalışır. Ona görə kimsə qorxmasın ki, dostum yoxdur. Deməli, ən azından mane olacaq insan yoxdur, buna sevinmək lazımdır. Hər kəsin özünə bab biləcəyi insan var, onu tapmamısızsa, yanlış insanları ətrafınıza yığmağa gərək yoxdur.

- Bu zamana kimi fərqli iş yerlərində çalışmısınız. Özünüzü daha çox hara aid hiss edirsiniz?

- Televiziya ilk düşünülmüş, oturuşmuş iş yerim olduğundan və orda böyüdüyümə görə qanıma, canıma hopub. 15 il ərzində müxtəlif yerlərdə çalışsam da, televiziya ilə ortaq nələrimsə mütləq olub. Televiziyaya yoluxdunsa, ömürlük səninlə yaşayır. Televiziya vərdişdir, fikirlərimizi tətbiq, özümüzü ifadə etməyə yardımçı olan bir sahədir. Orda qazandığım təcrübəni digər yerlərdə tətbiq etmişəm. Bu mənada özümü şanslı sayıram. Ən müxtəlif layihələr həyata keçirmişəm. Televiziya olmasaydı, musiqidə olardım və onda da balıq suda özünü necə hiss edirsə, o cür hiss edərdim. Çünki bu, mənimdir. Dincəlmək, özümə qapılmaq istəyəndə televizor izləmirəm, musiqi dinləyirəm, ifa edirəm. Bütün hisslərimin ifadəsini musiqidə tapıram. Əminəm ki, nə vaxtsa bu sahəyə ifaçı kimi olmasa da, müəllim, araşdırmaçı kimi qayıdacağam. Hara çevirsəm də, həyatımın ana xətti musiqidir.    

"İnsanlarla bağlı xəyal qırıqlığı yaşamamaq üçün onlara böyük ümidlər bəsləmirəm" 

- Bir neçə il öncəki müsahibələrinizdə sosial şəbəkələri sevmədiyinizi demisiniz. İndi isə istifadə edirsiniz. Nə dəyişdi?

- Bayaq karantində nə dəyişdi deyə, sual verdiniz, unutdum deməyi, sosial şəbəkələr gəldi həyatıma. Bəzən özüm də unuduram İnstaqramda, Feysbukda olduğumu. Ha desəm də ki, intravertəm, özüm özümlə xoşbəxtəm, mənə çox adam lazım deyil, amma biz televiziya işçisi, aktiv həyat tərzi sürən cameənin nümayəndələri olaraq səhnəsiz, meydansız sıxılırıq. Bəzən hansısa məsələlərə öz fikrini bildirmək istəyirsən. Keçmiş PR-çı olaraq heç vaxt sosial şəbəkənin gücünü təkzib etməmişəm. Artıq bu gün öz reklamını daha böyük kütləyə çatmağını istəyənlər o reklamı da sosial şəbəkədə yerləşdirir. Ona görə düşündüm ki, sosial şəbəkədən də istifadə etmək lazımdır. Amma əlbəttə ki, qədərində. Özümçün cızdığım çərçivələr var, ordan kənara heç vaxt çıxmayacağam. Elə şeylər var ki, mən onları nə insani, nə dini, nə də mental baxımdan uyğun görürəm. Sosial şəbəkədən fikir mübadiləsi, insanı daha yaxşı tanımaq üçün lazım olan platforma kimi istifadə edirəm. Düzdür, adətən, müşahidə mövqeyindəyəm, amma son Tovuz hadisələri məcbur elədi ki, mən də nələrsə yazım, paylaşım. Bu dövrdə insanlar iki qrupa bölündülər, çoxluq vətənpərvər, mərd, müəyyən qisim isə humanizm, kosmopolit adı altında xəyanətkar mövqedə dayandı. Birincilər məni qürurlandırdı, sevindirdi, ikincilər isə əsəbləşdirdi. "Gözləməzdim" ifadəsini demək olar ki, istifadə etmirəm. Amma bu günlərdə onu da dedim. Bir insan keçmişinə, əcdadının uyuduğu torpağa, valideyninin bağlı olduğu ölkəyə nankorluq edirsə, bu vətən onu niyə bağışlasın?! O, niyə milliyyətində "azərbaycanlı" ifadəsini daşıyır? Bütün bu fikirləri paylaşmaq istəyirəm. Bəzən istədiyim qədər kəskin deyə bilmirəm, çünki insanlar məni başqa obrazda qəbul ediblər, onları incitmək istəmirəm, beynimdəki fikirləri olduğu kimi ifadə etsəm, bəlkə də dostluğumda olanların yarısı qaçıb gedər (gülür).

- Xəyal qırıqlığı yaşadığınız çoxmu olub?

- Xəyal qırıqlığı yaşamamaq üçün böyük xəyallar qurmamağa çalışıram. Təbiətcə xəyalpərəst, romantikəm. Amma öz imkanlarımı da düzgün qiymətləndirirəm. İnsanlarla bağlı xəyal qırıqlığı yaşamamaq üçün onlara böyük ümidlər bəsləmirəm. Bayaq dediyim kimi, "gözləməzdim" ifadəsini son illərdə heç istifadə etmirəm. Çünki o qədər şeylər gördüm ki, deməli, hamıdan hər şey gözləmək olar. Atalar çox düzgün deyib, insan çiy süd əmib. Bir insanın, əslində, qabında nə olduğunu axıra kimi çözə bilmirsən. İnsan Allahın yaratdığı ən sirli varlıqdır, dərin olduğu qədər təhlükəlidir. Heç bir varlıq insan qədər qəddar deyil. Heç vaxt öz zəif nöqtəni başqalarına göstərməyəcəksən. Çünki uyğun şərait olan kimi mütləq ordan vuracaqlar.  

"İnsanı insan edən özünüdərkdən keçən yoludur" 

- Hər zaman İsmayıl Ömərovdan minnətdarlıqla bəhs edirsiniz. O olmasaydı, Leyla Quliyeva indi harda olardı?

- Musiqidə... Hər uşaq kimi mənim də fərqli arzularım vardı. Gah musiqiçi, gah tərcüməçi olacağam, deyirdim. Nəticədə belə alındı ki, musiqiçi oldum. Musiqi Akademiyasına qəbul olanda fərqli sahəyə yönələcəyimi düşünmürdüm. Çünki ixtisasım bəlli idi. Təhsilim uğurla davam edirdi. Amma elə oldu ki, Aygün xanım Səmədzadə bizi gətirdi bu sahəyə. Bunu dəfələrlə danışmışam və məncə, inşallah, həyat imkan versə, 80 yaşımda da eyni emosiyalarla danışacağam. O iki insanın həyatımdakı rolu danılmazdır. Onlar harda olsalar da, nələrsə dəyişsə də, mənim minnətdarlığım, sevgim, ehtiramım heç vaxt dəyişməz. İsmayıl müəllimin mənə və mənim kimi bir neçə debütanta layiq olduğumuzdan da artıq inam göstərməsi böyük hadisə idi. Müstəqil Azərbaycanın tarixində, Avropa miqyasında böyük bir hadisəni - önəmli bir telekanalın açılış tədbirinin aparıcılığını qismən peşəkarlarla birgə debütant bir jurnalistə - mənə həvalə etməyi onun istedada verdiyi dəyərin nümunəsidir. Sonra bütün karyeram boyunca İsmayıl müəllimin diqqətini, qayğısını hiss etmişəm. Başqalarını bilmirəm, amma mən heç vaxt ona qarşı nankorluq edə bilmərəm. İnsan minnətdar olmağı bacarmalıdır. O, böyük bir şirkətin rəhbəri olsa da, bizə söz deməyi də öyrədirdi. İctimai Televiziyaya gələndə cəmi 19 yaşım vardı. Ən uğurlu işlərimi, layihələrimi də orda görmüşəm. Mənimçün ən ali təhsil də oradır. Orda kollektiv gördüm, olar-olmazları öyrəndim, həyata başqa cür baxmağa başladım və böyüdüm.   

- Sizcə, insanı insan edən əsas duyğular hansılardır?

- İnsanı insan edən özünüdərkdən keçən yoludur. İnsan özünü dərk edirsə, ətrafındakılara da qiymət verməyi öyrənəcək. Mənimçün bir neçə olmazlar var: ailəni qiymətləndirməyi bacarmaq, dediyi kəlmənin ağırlığını hiss etmək, kimsənin haqqına girməmək, pislik etməmək. Kiməsə şüurlu şəkildə pislik edən kəs mənimçün "insanlıq" kateqoriyasından çıxır. Və ən dəhşətlisi odur ki, onlara insan deyə bilmiriksə, bəs hansı canlı deməliyik? Hansı canlı onlar etdiyini edər ki? Heç biri. Daxilən zəngin, ali, kübar insan, özüylə xoşbəxt olan insan bunları eləməz. Amma bəzən görüntü də adamı aldadır.  

- Xarakter etibarilə necə insansınız?

- Özümlə bağlı bu suala cavab verməyə çətinlik çəkirəm. Durub özümü tərifləsəm ki, elə yaxşı insanam, alınmaz (gülür). Sadəcə, bircə şeyə əminəm ki, heç vaxt heç kimin haqqına girməmişəm. Bunu demək böyük cəsarətdir, amma özümdən bu qədər əminəm. Həmişə Allaha dua edirəm ki, övladlarımın qarşısına mənim başqalarına göstərdiyim kimi münasibət göstərən insanlar çıxar. Heç bir valideyn övladına pislik istəməz. Özümdən zərrə qədər şübhəm olsaydı, bunu deməzdim. Rəqabətə, karyeraya, layihəyə görə heç vaxt heç kimin yolunu kəsməmişəm. Paxıllıq qədər dağıdıcı ikinci bir hiss tanımıram və Allaha minnətdaram ki, o hissi mənə verməyib. Hər şeydən öncə məni anam bağışlamaz. Ona görə yox ki, bunu anama görə edirəm, ona görə ki, onun ta uşaqlıqdan beynimə yeritdikləri bunlar olub. O, məndən çox yumşaq, təmiz, ədalətli və düzgün insandır. İdeal deyiləm, o qədər mənfilərim var ki. Sadəcə, çalışıram, kimsəyə ziyan vurmayım, qəlbini qırmayım.

- Vəfasızlıqla çox qarşılaşmısız?

- Əlbəttə, bu, həyatın qanunudur, hamımız o qədər fərqliyik ki. Əgər mən kiməsə hansısa yaxşılıq eləmişəmsə, deməli, Allah məni onun qarşısına bunun üçün çıxarıb. O, sonra bu etdiyimi itirəcəksə, vəfası olmayacaqsa, olmasın, nə olacaq ki. Bu da onun məsələyə münasibətidir. Əsas odur, mən özümdən əminəm. Deməli, Allah bunu məndən istəmişdi, mən də bəndə olaraq bunu etdim. Qalanı maraqlı deyil.  

"Elə bil beynəlxalq sertifikat aldım" 

- "Eurovision" layihəsi haqda danışmasaq olmaz yəqin ki. Elə bir nüfuzlu müsabiqənin Azərbaycan şərhçisi olmusunuz. Bu layihə həyatınızda nələri dəyişdi?

- Çox maraqlıdır ki, "Eurovision"a qədər etdiyim layihələr yadda qalmamışdı, çox böyük işlər görmüşdük, amma ondan sonra hamı məni "Eurovision Leyla" kimi yadda saxladı. O cür tarixi bir hadisənin iştirakçısı olmaq qürurvericidir. O layihə öz səviyyəsi, miqyası, təşkilatçılıq dərəcəsi, komandası ilə bütün dünyada keyfiyyət göstəricisinə çevrilib. Sanki insanlar məni o süzgəcdən keçib təsdiqini tapan aparıcı kimi qəbul etdilər. Elə bil, beynəlxalq sertifikat aldım. Bu gün də o gərgin iş prosesini xatırlayanda fikirləşirəm ki, çox böyük bir məktəb idi və çox istərdim, biz də televiziyalar olaraq, işə münasibət, komanda ruhu nöqteyi-nəzərindən nə vaxtsa o tərzə yaxınlaşaq. Orda iştirak etdiyimçün özümü xoşbəxt sayıram və mənə bu etimadı göstərən insanlara bir daha təşəkkür edirəm. 

- Bu layihədə unutmadığınız hansı maraqlı, qeyri-adi xatirələriniz var?

- Orda hər şey maraqlı və qeyri-adi idi. Bu layihə üçün hər kəsin üstünə düşən vəzifəni necə məsuliyyətlə, yüksək səviyyədə icra etdiyini, hətta ölkəndə bunun üçün ayrıca konsert zalı tikildiyini görəndə, fikirləşirsən ki, sən də bir aparıcı olaraq öz üstünə düşən vəzifəni layiqincə yerinə yetirməlisən. Bu yer uğrunda nə qədər böyük mübarizə getdiyini görəndə bir az da böyüyürsən. Kömək etməklə yanaşı, mane olmağa çalışanları görəndə, tamam dəyişirsən və başa düşürsən, hər şeyi kənara qoyub öz üzərində çalışmalısan ki, bu qədər işin müqabilində sən zəif bənd olmayasan. Bir ay müddətində evdə yaşamadıq, “Kristal Holl”a yaxın yerdə bir otelə yerləşdirmişdilər bizi. Bütün gün məşqlər, gərgin işlər gedirdi. Ailəmi, övladımı görmürdüm, sağ olsun ailəm ki, heç vaxt narazılıq etmədilər, əksinə, çox dəstək oldular.   

"Ən böyük sərmayə övladlardır"

- Övladlarınızla bağınız necədir?

- Övlad o qədər böyük məsuliyyətdir ki... Sən cəmiyyət üçün fərd yetişdirirsən. Sabah o, ziyanlı, nankor, xəyanətkar, xain olmasın, fikri, əqidəsi, imanı, təhsili yerində olsun deyə çalışırsan. Bunlar gənc yaşda insanın ağlına gəlmir, yaşa dolduqca fərqinə varırsan ki, bu dəqiqə ən böyük sərmayə övladlardır. Onlar ailəmizin yadigarıdır. Ən vacibi də uşağı dinləmək və istiqamətləndirməyi bacarmaqdır. Buna çalışıram. Düzdür, onlarla ayaqlaşmaq çox çətindir. Onların uşaqlığı  bizim uşaqlığımız kimi deyil. Biz uşaq olanda öz mövqeyimizi çox çətinliklə bildirirdik. Amma indiki uşaqları fikrindən döndərmək üçün əsaslandırmaq lazımdır: niyə? O "niyə"nin altında yatır onların həyatı öyrənməyi. İndiki uşaqlarla danışmaq lazımdır. Bəzən uşaq böyüyür, valideyn isə onun iç dünyasından, qorxularından, istəklərindən xəbərsizdir. Ona görə də valideynlə uşaq arasında uçurum yaranır. Valideyn öz övladını tanımalıdır ki, nəyi edəcəyini və ya etməyəcəyini bilsin və sabah onu müdafiə etməyi bacarsın. Bu dünyada qoyub gedəcəyimiz övladlarımız bu cəmiyyətə ya hədiyyədir, ya da təhlükə. Bəzən də olur, bütün xalqın rəhmət oxuduğu insanın övladı elə hərəkət edir, elə söz işlədir ki, deyirsən, heyf o addan, o qandan, o valideynin xatirəsindən. Belə bir nümunənin də təzəlikcə şahidi olduq ki, bütün xalq o nankorluğu qınadı və həmin an yenə də valideyn yada düşdü.    

"Şeir narahat, çılğın, ac ruhun məhsuludur" 

- Ədəbiyyatla aranız necədir? Kimləri oxuyursunuz?

- Ədəbiyyatla aram çox yaxşıdır. Müasir Azərbaycan ədəbiyyatı nümayəndələrinin əsərlərini oxumağı xoşlayıram. Bir ara Varisin bütün əsərlərini oxumuşdum. Şairləri sevirəm. Onlar bu dünyanın adamı deyillər və bununla da diqqətimi cəlb edirlər. Şəhriyar Del Gerani, Aqşin Evrən, Qismət və başqalarının şeirlərini oxuyuram. Dünya ədəbiyyatını da həmişə sevmişəm. Müqayisəli mütaliə çox xoşuma gəlir. Bir janrla, bir yazıçıyla kifayətlənmirəm, hər kəsi oxuyuram.

- Vaxtilə şeir də yazmısınız. Yenə yazırsınızmı?

- İndi yox, nəsə ilham pərisi qaçıb. Onlar ara-sıra keçirdiyim müəyyən hisslərin təzahürü idi. Şeir yazmaq üçün uzun müddət özümlə baş-başa qalmalıyam. Yeri gəlmişkən, o şeirlərin çoxu "Eurovision" ərəfəsində yazılıb. Çətin dövr idi, yaşadığım yeri dəyişmişdim, başqa bir quruluşa, dalğaya kökləndiyim vaxtlar idi. Mənimçün, şeir, ədəbi nümunə narahat, çılğın, ac ruhun məhsuludur. Ən qüdrətli əsərlər də məhz daxili, psixoloji durumu stabil olmayan müəlliflər tərəfindən yaradılır. Bu, bütün yaradıcılıq sahələrinə aiddir.

- Dinlədiyiniz musiqi həmin andakı əhvalınızla nə qədər uyuşur?

- Bəzən uyuşmur. Bir də görərsiz, eyforik vəziyyətdə gəlib elə bir şeyə qulaq asaram ki. Əhvalım çox yaxşı olanda gözlənilmədən klassikaya da qulaq asaram, Bramsın "Üçüncü simfoniya, üçüncü hissə"sinə də, baxmayaraq ki, o, melonxolik, kədərli dəfn musiqisidir. Kədərli olanda ritmik musiqi dinləyə bilmirəm, məni qıcıqlandırır. Spektr çox genişdir. Meyxana da dinləyə bilirəm. Hətta konkret müəlliflər var ki, onların sözlə oynaması xoşuma gəlir. Söz mənimçün böyük önəm kəsb edir. 

Şahanə MÜŞFİQ

 





06.08.2020    çap et  çap et