525.Az

Uzaq keçmişə səyahət - Məhsəti Musanın yazısı


 

"QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR" KİTABINI VƏRƏQLƏYƏRKƏN...

Uzaq keçmişə səyahət - <b style="color:red">Məhsəti Musanın yazısı</b>

Yaşlı nəslin nümayəndələri ilə söhbət edərkən bəzən heç yerdə eşitmədiyimiz məsəllər, alqışlar, andlar, bayatılar eşidirik.

İlk eşitdiyimizdə anlamadığımız məsəllər var ki, həmin insanlardan açıqlamasını istəyəndə çox maraqlı məlumatlar əldə etmək olur. Əvvəllər bunun üçün xüsusi bir dəftər ayırmışdım və eşitdiyim folklor nümunələrini dərhal qeyd edirdim. Bu işə çox böyük həvəslə başlamışdım. Hətta müəyyən yaşlı insanların qapısını döymüş, görüşmüş,  söz boxçalarında yatıb qalan folklor nümunələrimizin müəyyən qədərini toplamışdım. Bir neçə  il  öncə Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutundan  rayonumuza gəlmiş tədqiqatçılarla söhbət zamanı mən əlimdə olan materiallardan bəzilərini  onlara təqdim etdim. Və açığı, elə o zamandan bu nümunələri toplamağı hələ ki, dayandırdım. Çünki AMEA Folklor İnstitunun "Qarabağ folklorunun toplanması, sistemləşdirilməsi və araşdırılması" adlı layihəsi əsasında "Qarabağ: Folklor da bir tarixdir" adlı 10 cildli mükəmməl kitab nəşr edildi. Həmin kitabların dördüncü cildində mənim topladığım bayatı və ağılar da yer almış və minnətdarlıq bildirilmişdi. Bəlkə də kənardan asan görünə bilər, amma əslində, hər gün müxtəlif məkanlarda olmaq, uşaq kimi ərköyün olan ahıl insanları yola gətirib səbirlə rəvayətləri, bayatıları və digər nümunələri söyləməsinə həvəsləndirmək, deyilənləri olduğu kimi, şivəsinə, dialektlərinə toxunmadan qeyd etmək çətindir. Amma heç yerə getmədən,  öz evimizdəki yaşlı insanlardan gündəlik eşitdiyimiz folklor nümunələri - alqışlar, qarğışlar, andlar, məsəllər və s.  bir yerə qeyd edilsə və müəyyən saya çatanda folklorşünaslara təqdim olunsa, nə qədər nümunələrin itib-batmasının qarşısını almış olarıq. Çünki bəlli  ünvana gedib bir şəxsdən bunları istədikdə unudulan, yaddan çıxan, həmin vaxt yada düşməyənlər çox olur. Lakin zərrə-zərrə toplananda məhz "künc-bucaqda qalan", çox işlənməyən, unudulmaqda olan nümunələr də üzə çıxır. 

Azərbaycan folkloru janrca çox zəngindir və zəngindirsə, bu, xalqımızın qədim mədəniyyətə, keçmişə malik olduğunu sübut edir. Yəni folklorumuz xalqımızın keçmişini, mədəniyyətini əks etdirməklə bərabər, həm də onun tarixindən məlumat verir. Əfsanələrimizdə, rəvayətlərimizdə bəhs olunan hadisələr, obrazlar bizim uzaq keçmişimizin xəbərçisidir. Eyni zamanda, ta qədimdən bəri xalqımıza xas olan adətlər, ənənələr, oyunlar, tamaşalar və  s. nümunələr folklorumuzda qorunub saxlanılaraq  bu günümüzə gəlib çıxıb.

Yazılı ədəbiyyatımız  əsas gücünü folklorumuzdan alıb  və demək olar ki, əksər zəminlərdə folklordan qaynaqlanıb.  O da təsadüfi deyildir ki, şifahi ədəbiyyat nümunələri  yazılı ədəbiyyatda da öz bədii əksini tapa bilmişdir. Misal olaraq Teymur Elçinin "Oğul Buğac" poeması, Anarın "Dədə Qorqud" povesti, Elçinin "Mahmud və Məryəm" romanını göstərmək olar.

Folklor yaradıcılığımızın ən mühüm qollarından birini də Qarabağ folkloru təşkil edir. İstər epik, istərsə də lirik növdə yaradılmış folklor nümunələrimiz  tarix boyu qonşu xalqların folklor və klassik ədəbiyyatına güclü təsir göstərmişdir. Lakin təəssüf ki, bəzən də bu nümunələr onlar tərəfindən mənimsənilmişdir. Məsələn, arzuolunmaz qonşumuz  ermənilər illərlə  milli musiqi alətlərimizdən, mətbəximizdən, adət-ənənələrimizdən oğurluq etməklə yanaşı, folklorumuza da sahiblənməyə çaılışıblar. Təkcə  "Sarı gəlin" Xalq mahnısını misal göstərsək, ermənilər bu mahnının təbliğatını o qədər geniş aparıblar ki, hətta qardaş Türkiyədə də bir sıra musiqiçilər bu mahnını məhz erməni folklor  nümunəsi kimi qəbul edirlər. Bu baxımdan folklorumuzun yenidən araşdırılması, ən xırda detalın belə qeydə alınması, təbliğ olunması vacib işlərdən biridir. Çünki ilki, əvvəli öyrənməsək və öyrətməsək, gələcəyimizə də işıq sala bilmərik. Ədəbiyyatımızın da  ilkinin öyrənilməsi məhz folklorumuzdan başlayır. Folklor nümunələrimizin toplanıb kitablaşdırılması da təqdirəlayiqdir.  Arzu edərdim ki, bu kimi kitablar bütün bölgələri əhatə etsin. Yəni hər bir bölgənin folkloru ayrı-ayrılıqda  araşdırılıb  çap edilsin. Və bu kitabların daha zəngin olması üçün arxaik folklor janrlarına aid olan  sınamalar, ovsunlar, fallar, andlar, dualar, alqışlar və qarğışların da daxil edilməsi çox gözəl olardı. Təkcə Qarabağ ərazisinin  sözügedən nümunələrinə  nəzər salsaq, içində məhz qarabağlıların inancını, müqəddəs hesab etdikləri ünsürləri aydın görmək olar və bu da bu ərazinin, burada yaşamış əcdadlarımızın həyat tərzini, inamlarını daha aydın təsəvvür etməyə yardım edir. Məsələn yaşadığım ərazidə işlənən andlara nəzər salaq: "Bu axar suya and olsun ki", "Atamın üz qoyduğu torpax haqqı", "Bərəkət haqqı", "O işığa kor baxım ki", "Bu çörəyin bərəkəti haqqı",  "Çörək haqqı", "Ojax haqqı" və s. bu kimi qəbildən olan andlar  göstərir ki,  bizim bu gün də qoruyub saxlanmaqda olan ənənələrimiz, torpağın, suyun, çörəyin, odun  müqəddəs hesab edilməsinin tarixi məhz uzaq   keçmişimizə gedib çıxır.

Bugünümüzlə uzlaşan andlar var ki, seyidlərin, pirlərin kəramətinə olan inanclardan irəli gəlir  və hər bir bölgədə özünəməxsusluğu ilə seçilir. Məsələn, Ağcabədidə  Mürsəl adlı bir şəxs yaşayıb və bu insanın qeyri-adi bacarıqlara, hissiyata malik olduğuna  o qədər böyük inanc olub, onun haqqında o qədər  ibrətamiz və qeyri-adi söyləmələr var ki, yerli əhali ona hədsiz dərəcədə hörmət bəsləyib və onun cəddinə and içiblər. Yəni "Seyid Mürsəl Ağanın cəddi haqqı"  və yaxud "Maşa Muxtar ağanın cəddi haqqı", "Seyid Cavadın cəddi haqqı", "Seyid İsmayılın ojağı haqqı",  "Seyid Bəhmən ağanın ojağı haqqı" andları sırf Ağcabədiyə məxsusdur və əhali arasında ən çox içilən andlardandır. Bundan əlavə islam inanclarından irəli gələn "Məscid haqqı",  "12 İmam haqqı" , "Bu Əli yolu haqqı",  "Həzrəti  Abbas haqqı" ,  "Peyğəmbər haqqı" , "Quran haqqı" kimi andlar da bu ərazinin insanları arasında çox işlənir.

Və yaxud bayatılarımızın da içərisində ancaq Ağcabədiyə məxsus olanları  çoxdur. Məsələn:

Axşamın şöynüşünə,
Şeh düşüb şöynüşünə.
Yandırram gözüm yağın,
Sən gəlsən şöynüşünə.

"Şöynüşün" bu ərazidə axşamın şər qarışan, havanın qaranlıqlaşan, toran vuran vaxtına deyilir. Bu bayatı əsasən  yas mərasimlərində ağı kimi söylənilir. Bəzən buradakı "Şöynüşün" sözünü  "Şöynüsün" kimi də deyirlər. Ədəbiyyatda isə eyni mənada işlənən "şöynük"  sözünə də rast gəlinir. "Şöynük  çökür", "Şöynük düşür" kimi ifadələr bədii əsərlərimizdə  vardır.  Amma  folklor nümunələri toplayarkən buna izah verən nənələrimizdən biri bu sözün  Ağcabədi dialektinə məxsus olduğunu və məhz  "Şöynüşün" olaraq işləndiyini bildirdi.

Bildiyimiz kimi, əfsanə və rəvayətlərimiz də  Azərbaycan xalq nəsrinin formalaşmasında  xüsusi rolu, əhəmiyyəti olan janrlardır. Rəvayətlər əxlaqi ibrətamiz, toponomik və dini rəvayətlər olmaqla 3 yerə bölünür. Qarabağ ərazisində toponomik  rəvayət kifayət qədərdir.  Mən özüm təkcə yaşadığım Ağcabədi rayonunun adının yaranması ilə bağlı 5-6 rəvayət bilirəm. Bu rəvayətlərdən birində söylənilir ki, Kür daşqınları zamanı rayonu sel suları basırmış. Həmin daşqınların qarşısını almaq məqsədilə  Ağca adlı bir  qadın bənd çəkilməsinə nail olur.  Bu bəndə "Ağca bəndi" deyirlər. Sonralar həmin söz Ağcabədi kimi deyilməyə başlayır və ərazi  Ağcabədi adlanır.

Daha bir rəvayətə görə, burada Ağca adında gözəllər gözəli bir qız və Bədir adında bir oğlan yaşayırmış. Bunlar bir-birini çox sevirlərmiş. Bir gün ağır xəstələnən Ağca bu xəstəlikdən vəfat edir. Bədir də Ağcanın yoxluğuna dözmür və dünyasını dəyişir. Onu Ağcanın yanında dəfn edirlər. Onların qəbri yol kənarında olduğu üçün buradan keçib gedənlər qəbirlərin üstündəki adları oxuyub keçirlər:  Ağca, Bədir. Və yavaş-yavaş bu yer Ağcabədi adlanmağa başlayır.

Ağcabədi adı şifahi xalq ədəbiyyatının geniş yayılmış növlərindən olan bayatılarımızda  da yer almışdır. Məsələn, belə bir bayatı var:

Mən aşıq Ağcabədi,
Ağ nədi, ağca nədi.
Yolunda can verərəm
Pul nədi, axça nədi?

Və  yaxud  XVII əsrin məşhur Azərbaycan aşığı Sarı aşıq öz bayatılarından birində  yazırdı:

Ağcabədi duz dağı,
Ceyran gəzər düz dağı.
Yan keçdin, qıya baxdın,
Çəkdin mənə düz dağı.

Bu bayatı ilə bağlı Tofiq Əhmədovun "El-obamızın adları" adlı kitabından da məlum olur ki, Ağcabədi ərazisində böyük duzlaq ərazilər olmuşdur. Həmin bayatıda işlədilən duz dağı ifadəsi məhz buna işarədir. Və elə Ağcabədi sözü də türk mənşəli ağca (ağ)  və ərəb mənşəli vadi  (çöl)  sözlərinin birləşməsindən  yaranıb və mənası  Ağca çöl, məskən  deməkdir.

Ağcabədi rayonunda Oğuz boylarından olan Avşar və Bayat adlarında kəndlər var ki, bu adlarla bağlı araşdırmalar aparmaq olar. Deyilənə görə,  sözügedən  kəndlərin adı yarı tarixi, yarı əfsanəvi şəxs olan Oğuz xanın oğlu Gün xanın övladlarından biri Bayat,  digər oğlu Ulduz xanın övladı Avşarın adı ilə bağlıdır. Düzdür,  "Kitabi Dədə Qorqud" , "Oğuznamə" və digər mənbələrdən bu kimi materiallar əldə edə bilərik. Amma xalqla, əhali ilə söhbətlər zamanı da fərqli əfsanələr, fərqli yanaşmalar qeydə alına bilər ki, bu da həmin mənbələrin zənginləşməsinə gətirib çıxarar.

Və ya məşhur bir məsəl var, "Su gələn arxa, bir də gələr" . Bunun yaranma səbəbini axtarsaq  Ağcabədi ərazisindən keçən  məşhur  Gavur arxa bağlandığını görəcəyik. Həmin rəvayətdə bildirilir ki, Gavur arxa 3 dəfə su gəlibdir. Yəni müxtəlif mənbələrdə də bu adla bağlı məlumatları oxuyanda bəlli olur ki, bu arxa müxtəlif vaxtlarda  suyun gəlməsi dayansa da, yenidən bərpa edilib. Və yaşlı  nəslin nümayəndələrindən eşitdiyimə görə, həmin məsəl də məhz bu arxın haqqında deyilib. Yəni insanlar ümidsizliyə qapılanda, nəyə isə inamları itəndə həmin arxın aqibətini misal gətirərək  əllərini üzdükləri halda yenidən su gəldiyini bildiriblər.

Ümumiyyətlə, Qarabağımızın bir güşəsi olan Ağcabədinin qeyd olunan janrlarını da toplasaq, təkcə bu rayonun folklorundan böyük həcmdə bir kitab ərsəyə gətirmək olar.

Əvvəldə adını qeyd etdiyim "Qarabağ: folklor da bir tarixdir" kitabı ümumilikdə Qarabağı özümüzə və dünyaya daha yaxından tanıtmaq üçün böyük əhəmiyyətə malikdir. Çünki bu gün erməni işğalı nəticəsində bizim təkcə torpaqlarımız deyil,  saysız qədər maddi-mədəniyyət nümunələrimiz də, folklorumuz da  işğala  məruz qalmışdır. Düzdür, bizim zəngin milli-mənəvi sərvətimiz olan folklorumuz  pərən-pərən düşmüş qarabağlıların ürəyində, yaddaşında yaşayır və bu nümunələr o qədər zəngindir ki, heç bir qüvvə onları yaddaşlardan tamamilə silib məhv edə bilməz, amma bu, başqa bir şəkildə yenə də  problem  yaradır. Folklorşünasların da vurğuladığı problemlərdən biri məhz yurd-yuvasından  didərgin düşüb başqa ərazilərdə yaşayan insanların zaman keçdikcə məskunlaşdıqları bölgənin şivələrindən, dialektlərindən istifadə etməsidir ki, getdikcə bu, lap kütləvi hal alacaq və onların sinələrindəki  folklor incilərimiz özünəməxsusluğunu  itirəcəkdir.  Buna görə də təkcə  folklorşünaslar deyil, bizim hər birimiz arxayınlaşmamalı, hərə bacardığı qədər bu sərvətlərin qorunub saxlanması üçün əlindən gələni, bacardığını etməlidir.

 





05.08.2020    çap et  çap et