525.Az

Unutmaqmı, unutmamaqmı? - Aytac Aslanın yazısı


 

Unutmaqmı, unutmamaqmı? - <b style="color:red">Aytac Aslanın yazısı </b>

Özümüzü dərk edəndən bu yana hər zaman yaddaşımızın güclü olması, gördüyümüz, eşitdiyimiz hər şeyi xırdalığına qədər xatırlamaq üçün müxtəlif cəhdlər göstəririk. Xüsusilə, məktəb illərində "unutmamaq" ən böyük üstünlüklərimizdən sayılırdı. Lakin insanlar yaşa dolduqca bəzi şeyləri unutmağı arzulayır. İnsanlardan "kaş bütün yaddaşım silinərdi" cümləsini eşitdiyimiz hallar yəqin ki, az olmayıb.

İnsan yaşadıqlarını siləbilmə bacarığına malikdirmi? Unutmaq yaxşıdırmı, yoxsa pisdirmi?

Türk yazar Murathan Mungan deyir ki, insanlar ağlın xatırladıqlarını unuda bilirlər, amma qəlbin xatırladıqlarını unutmaq olmur. Dilimizdə "unutdum", "xatırlamıram", "yadımdan çıxıb" kimi ilk baxışdan eyni mənanı ifadə edirmiş kimi görünən, lakin fərqli semantikaya malik sözlər var. Fikrimcə, bu sözlərin hər birinin altında "xatırlamaq istəmirəm" istəyi gizlənir. İnsan övladı  xatırlamaq istəmədiklərinin adını "unutduqlarımız" qoyur. Bir vaxtlar hər şeyi bütün detalları ilə xatırlamaq üçün dəridən-qabıqdan çıxmağımıza baxmayaraq, zaman keçdikcə qəlbimizə dağ çəkən, əslində isə bizi biz edən bəzi şeyləri unutmaq üçün aylarımızı, illərimizi, bəzən bütün ömrümüzü qurban veririk. Əfsuslar olsun ki, bu xoşbəxtlik - xatırlamaq istəmədiyi şeyləri unutmaq bacarığı hər insana qismət olmur. "Unuda bilmirəm" deyərək hər gün öz içində ölən, həyat dənizində boğulmamaq üçün çabalayan insanlar da az deyil.

Qısamüddətli yaddaşın hippokamp adlı bir mərkəzi var. Biz yatdığımız, ya da dincəldiyimiz zaman buradakı məlumatlar beyin qabığına keçir və bu, uzunmüddətli yaddaşımıza çevrilir. Bir hadisəni nə qədər yaşasaq, hiss etsək, beynimizdə ona qarşı biosintez daha çox gedir, yəni eyni zülallar təkrar sintez olunur. El dili ilə desək, bir yolun üzərindən 4-5 qat asfalt çəkilir. Beləliklə, xatırlamaq istəmədiyimiz məlumat uzunmüddətli yaddaşa keçir və unutmaq daha da çətinləşir. Bizim unutmağın bioloji tərəfində də payımız var. Beyin yeni məlumatlar əldə etmək üçün yaşananları unuda bilsə də, qəlb hər gün hiss etdiyi, hər xatırlayanda yenidən yaşadığı şeyi unuda bilmir.

"- Mənə uzun bir söz söylə, Olric.

- Unutmaq, əfəndimiz.

- Bu söz yalnız 7 hərfdir, Olric.

- Amma bir ömür davam edir, əfəndimiz".

(Oğuz Atay, "Tutunamayanlar")

İnsan unutmasa, nə cismi yaşayar, nə də ruhu. Yaşadığımız hadisələr bir müddət sonra öncəliklərimizdən çıxaraq ikinci plana keçdiyi üçün biz xatırlamaq istəmədiklərimizi rahatlıqla unuduruq. Artıq o hadisələr həyatımızın mərkəzində olmur, çünki unutmağa çalışdığımız yeni yaşanmışlıqlar onların yerinə keçir. Nəticədə, ömrümüzün sonuna qədər nələrisə unutmağa davam edirik.

"Bəs, insan hər şeyi unudaraq yaşaya bilərdi, amma hər şeyi xatırlayaraq yaşaya bilməzdi. Bəs, unutmaq, insan soyunun ən böyük şəfası idi".

(Zülfü Livaneli, "Kardeşimin hikayesi").

Qəribədir, nə hər şeyi unudaraq yaşaya bilərik, nə də unutmayaraq. Axı hər şeyi unutsaq, həyatımızın geri qalanını cavabını tapa bilməyəcəyimiz boş suallarla, çilik-çilik olmuş şüşə qırıntılarını yenidən yapışdırırmışcasına mənasız vaxt itkisi ilə keçirərik.

İndi isə özünüz qərar verin - unutmaq yaxşıdırmı, yoxsa pisdirmi?

 





05.08.2020    çap et  çap et