525.Az

Onlar belə sevirdilər - Zərdabilər - Araşdırma-yazı


 

Onlar belə sevirdilər - Zərdabilər - <b style="color:red"> Araşdırma-yazı </b>

Epiqraf: Deyirlər, hər güclü kişinin arxasında ağıllı bir qadın dayanır. Mən isə deyirəm, hər güclü kişinin arxasında ona ilham verən bir xanım dayanır. Bu, onun həyat yoldaşı da ola bilər, sevgilisi də, məhrəm dostu da...

1907-ci il. Neft Bakısı tutqun bir payız gününü yaşayır. Amma bugün başqa günlərdən fərqlidir. Şəhərin bütün müəssisələri, məktəbləri, dükanları bağlıdır. Həmin gün çıxan qəzetlər əldən-ələ gəzərək matəm xəbərini yazır: "Yetim qalmış millət öz böyük atasıyla vidalaşır". Bu xəbər şəhər sakinlərini mərkəzi küçələrdə toplanmış izdihama qoşulmağa səsləyir. O payız gününə qədər Bakı küçələri elə möhtəşəm izdiham yaşamamışdı. Dalğın, kədərli insan axını çiynində cənazə dövrünün ən mötəbər qəbiristanlığı sayılan Bibiheybət qəbiristanlığına doğru irəliləyir. Ön sıralarda çiçəklərlə çərçivəyə alınmış qəzet aparılır. Bu, Azərbaycan mətbuatının ilk qaranquşu sayılan "Əkinçi" qəzetinin birinci nömrəsidir. Soyuq payız günündə yüzlərlə insan və "Əkinçi" qəzeti mənəvi atası Həsən bəy Zərdabini torpağa tapşırır və heç kim bilmir ki, Bibiheybət məzarlığı bu böyük şəxsiyyətin sonuncu mənzili olmayacaq!..

Həmin payız axşamında başsız qalan Zərdabilər ailəsi İçərişəhərdəki sadə mənzillərində Həsən bəyin vəfatından bəhs edən qəzet nömrələrini və başsağlığı teleqramlarını nəzərdən keçirirdilər. "Kaspi" qəzetində çıxan bir məqalə onların diqqətini xüsusi ilə cəlb edir: "Əgər Həsən bəy öz qüvvə və bacarığını çoxları kimi var-dövlət yığmağa sərf eləsəydi, onda biz onun cənazəsini bu kasıb daxmadan yox, dəbdəbəli saraylardan götürərdik. Lakin onu dəfn etməyə gələnlər arasında yüzlərlə gözüyaşlı məsum körpəni görə bilməzdik. Həsən bəy milyonlar yığmaq üçün deyil, bax bu uşaqların səadəti üçün yaşayıb-yaratmışdı. "Həsən bəyin vəfatından sonra haqqında çox əfsanələr dolaşır. Onlardan birində nəql edilir ki, yolu Bakıya düşən bir fransız səyyahına Həsən bəy haqqında danışırlar və səyyah hər cür çətinliyə sinə gərib qəzet çıxaran bu şəxslə tanış olmaq istəyir. Lakin o, Həsən bəyin yaşadığı şəraitsiz evi və iş yerindəki çətinlikləri  gördükdə bu insanın fədakarlığına heyrətlənir və söyləyir ki, bu, qəhrəmanlıqdır! Bəli, o, doğurdan da qəhrəman idi. Bəylik titulu daşımasına baxmayaraq, Həsən bəy ömrü boyu sadə həyat tərzi sürmüş, təmtəraqdan, daş-qaşdan uzaq qaçmışdı. Amma bəlkə hər şey başqa cür ola bilərdi. Əgər qəribə bir təsadüf onu ömrü boyu dəstəkləyəcək bir insanla - Hənifə xanım Abayevayla qarşılaşdırmasaydı...
1872-ci ildə Həsən bəy Bakı gimnaziyasında müəllim kimi işə düzəlir və "Maarif" cəmiyyəti yaradır. Və başa düşür ki, artıq təklik əl vermir. Tutduğu şərəfli yolda ona bir silahdaş, məsləkdaş lazımdır. Bəli, Həsən bəy kimi bir aydına ancaq özü kimi oxumuş, ziyalı, fədakar bir xanım uyğun olardı. Lakin Azərbaycan qadınlarının təhsilsiz və hüquqsuz olduğu bir zəmanədə belə bir xanımı hardan tapmaq olardı? Və bu məqamda Tanrı Həsən bəyin qəlbindəkiləri duyur və çox maraqlı bir təsadüf nəticəsində Zərdabi arzuladığı xanımı tapır. Günlərin birində Tiiflisdə çıxan "Qafqaz" qəzetini oxuyarkən Zərdabi kiçik bir yazıyla rastlaşır. Yazıda kübar xristian qızlarının təhsil aldığı Nina qızlar məktəbinin son buraxılışındakı tələbələrin siyhısı göstərilir. Və Həsən bəyin diqqətini bu siyahıda yer alan yeganə müsəlman xanımının adı cəlb edir: Hənifə Abayeva.



Azərbaycanın ilk parlament sədri Əlimərdan bəy Topçubaşov xatirələrində yazır:

"Tale gənc, təhsilli dağlı qız Hənifə xanım Abayevanı Həsən bəylə rastlaşdırdı. Hənifə xanımın əsli balkar idi və o vaxt cəmi 16 yaşı vardı". Həsən bəy dərhal başa düşür ki, bu xanım onun maarifçiliklə bağlı gələcək arzularına dəstək ola bilər və vaxt itirmədən Tiflisə yollanır. Burada o, həmin məktəbin direktoru Olqa Fyodorovna ilə tanış olur və gəlişinin məramını açıqlayır. Olqa xanım bu xeyirli xəbərə çox sevinir və etiraf edir ki, Hənifə qabiliyyətli bir tatar qızıdır. Özü də əla qiymətlərlə oxuyur. Uzun illər sonra Zərdabilər ailəsinin himayəsində böyüyən anasından bu izdivacın tarixçəsini öyrənən Rauf Hacıyev Həsən bəylə Hənifə xanımın macərasını "Ordan-burdan" tamaşasında qələmə alır. Əsərdə qəhrəman qapalı qızlar gimnaziyasının tələbəsinə aşiq olur. Qız da oğlanın hisslərinə biganə qalmır və gənclər gimnaziyanın müdirəsinin köməyi ilə bir-birinə qovuşurlar.

Bu cütlüyün arasında kifayət qədər yaş fərqi var idi. Lakin Hənifə xanım ətrafında gördüyü müsəlman kişilərindən ziyası və dünyagörüşü ilə əsaslı dərəcədə fərqlənən Həsən bəyə könül verir. Beləliklə, 1872-ci ilin noyabrında onların izdivacı baş tutur. Hətta bu haqda qəzetlərdə elan da gedir ki, belə bir maarifçi 35 yaşında ailə həyatı qurdu. Həmin tarixi Əlimərdan bəy Topçubaşov öz xatirələrində belə təsvir edir: "Artıq Həsən bəy tək deyildi. Hənifə xanımın şəxsində o, kədərini də, sevincini də bölüşə biləcək həqiqi dost, güclü köməkçi və dəyərli əməkdaş qazanmışdı". Beləliklə, gənc Hənifə xanım sevimli Balkariyası və onun möcüzəli dağlarının yerinə Xəzər dənizi sahillərinə yola düşür. Burada onu tale yoldaşı ilə birgə gərgin iş həyatı və şan-şöhrət gözləyirdi. Hənifə xanım balkar xalqının ilk ziyalı xaımı idi. Bakıya köçəndən sonra isə o, Azərbaycanın ilk mübariz maarifçi xanımı olur. Təəssüf ki, bu fədakar xanım o dövrdə qatı adətləri ilə seçilən Bakı əhlinə xoş təsir bağışlamır. Zərdabi kimi adlı-sanlı şəxsin həyat yoldaşı olmasına baxmayaraq, şəhərə ayaq basdığı gündən təhqirlərlə üzləşir. Həsən bəy küçəyə çadrasız xanımıyla çıxır ki, millətə nümunə olsun. Digər millətlərin nümayəndələri kimi, Azərbaycan kişiləri və qadınları küçədə yanaşı addımlamağa alışsınlar. Lakin hər yerdə onları təhqir və nalayiq sözlərlə qarşılayırlar. Buna baxmayaraq, Hənifə xanım ilk həmlədən geri çəkilmir. O, ərinin başladığı mübarizəyə dəstək olmaq üçün qollarını çirmələyib işə girişir. Kübar bir ailədən çıxmış qız əvvəlcə iki kasıb balasını evlərinə gətirib övladlığa götürür. Sonra onların himayəsində olan uşaqların sayı ona çatır. Hələ özü ana olmamış bu gənc xanım o uşaqları öz balası kimi saxlayır. İllər keçdikcə Zərdabilər ailəsi böyüyür, ehtiyaclarsa çoxalır. Artıq dörd övlad anası olan Hənifə xanım, həm də himayələrindəki şagirdlərə nəvaziş göstərməyə davam edir. Beləliklə, Zərdabilər ailəsinin modelində Azərbaycan mühitinin ilk sivil ailə nümunəsi formalaşır. Lakin onların həyatı qadasız ötüşmür. Təəssüf ki, Həsən bəyin iki övladı körpə yaşlarında dünyasını dəyişir. Zərdabilər aiəsinin qızlarından Qəribsultan xanımın xatirələrində deyilir ki: "Valideynlərimin münasibətlərini qarşılıqlı hörmət, sədaqət və inam nümunəsi olaraq xatırlayıram. İlk baxışdan onlar çox fərqlənirdilər. Atam nə qədər sakit və təmkinli görünürdüsə, anam bir o qədər şən və səs-küylüydü. Əslində isə bu iki insan həmişə bir-birini tamamlayırdı. Hər ikisinin məqsədi xalqa təmənnasız xidmət göstərmək idi". Hənifə xanım Həsən bəyin ilham mənbəyi idi. Onlar əl-ələ verib təhsil verdikləri uşaqlarla tamaşalar təşkil edirlər. Hənifə xanım məşqlərdən tutmuş, paltarların seçilməsinə qədər hər işdə cani-dildən iştirak edir. Beləliklə, bu cütlük Azərbaycan teatrının yaranması üçün ilk kərpicləri düzür. İndi bu fədakar cütlüyün fotosuna baxanda adamın ağlına qəribə bir fikir gəlir. Onlar milləti işıqlı gələcəyə aparan yolda elm, savad toxumları yetişdirən ilk əkinçilər olublar. Cəfakeş, zəhmətkeş əkinçilər!..

Çoxları bilmir ki, Həsən bəyin qəlbində hamıdan mübhəm saxladığı mümkünsüz eşq hekayəti vardı. Ailə qurduqdan bir qədər sonra Hənifə xanım ərinin ilk məhəbbət tarixçəsini öyrənir. O, öz xatirələrində bu mövzuya ehtiyatla toxunur: "Həsən bəy Moskvada təhsil alarkən bir çox ziyalılarla, o cümlədən, məşhur tarixçi Solovyovla oturub-durur və onun evinə gedib-gələrkən Solovyovun qızına aşiq olur. Qız da Həsən bəyi çox sevir". Zərdabi hələ tələbə vaxtından qeyri-adi istedadı ilə seçilirdi. O, yaşıdları arasında yeganə adam idi ki, ali məktəbi bitirəndə elmlər namizədi adını almışdı. Və bütün bunlar həmin ali məktəbdə dərs deyən Solovyovun diqqətindən yayınmır. Solovyovlar ailəsi təklif edir ki, Zərdabi burada qalıb ailənin yeganə qızı ilə evlənsin. Gənc ziyalı fikrə dalır, lakin yadına düşən bir hadisə onu bu izdivacdan daşındırır. Belə ki,  Tiflisdə general-leytenant rütbəsində olan qohumu Fərəc bəy Ağayev  rus qadını ilə ailə qurduğuna görə öz milləti onu qəbul etmir. Çox qəliz seçim qarşısında qalan Zərdabi sevdiyi qıza söyləyir: "Mən qaranlıqda qalan vətənimə qayıdıb orada maarif mənşəli yandırmalıyam!" Beləliklə, bu məhəbbət yarıda qalır. Lakin Zərdabi ömrünün sonuna qədər xanım Solovyova ilə məhrəm bir dost kimi məktublaşır.
Zərdabilərin evi qonaqlı-qaralıydı. Bura hər təbəqədən olan insanlar üz tuturdular. Rusiyadan gələn qonaqlar isə bu ailənin yaddaşından uzun müddət silinmir. Qəribsultan xanımın xatirələrindən: "Dəqiq xatırlamıram. Ya 1896, ya da 97-ci il idi. Atam xəbər göndərdi ki, redaksiyaya Rusiyadan görkəmli qonaqlar gəliblər. Onları layiqincə qarşılamaq lazımdır. Axşam atam qonaqları evə gətirdi. Anamın rus dilində təmiz danışmağı onları heyran etdi. Yalnız səhərisi gün bizə məlum oldu ki, gələnlərdən biri yazıçı Maksim Qorki, digəri isə müğənni Şalyapin imiş". Günlərin birində Hənifə xanım gimnaziyada oxuyarkən dostluq etdiyi gürcü qızı ilə görüşür. Həmin qız sonradan Bakı qubernatoruna ərə gedibmiş. İllər sonra Bakıda qarşılaşan keçmiş tələbə yoldaşlarının münasibətləri daha da isinişir. Nəticədə Zərdabinin də Bakı qubernatoru Staroselski ilə isti münasibətləri yaranır. Və bu dostluq bağları Bakı qubernatorunun "Əkinçi" qəzetinin nəşrinə icazə verməsinə təkan olur. Hətta deyilənə görə, qəzetin adını əvvəlcə "Fikir" qoymaq istəyirlər. Lakin Bakı qubernatorunun gürcü həyat yoldaşı etiraz edir ki, belə adlar hakim dairələrin diqqətini cəlb edəcək. Adını "Əkinçi" qoyun ki, elə başa düşülsün, əkin-biçindən söhbət gedəcək.  "Əkinçi" qəzetinin işıq üzü görməsi üçün Həsən bəy şəxsi pul vəsaitlərini belə sərf etməkdən çəkinmir. Bu fədakar insanların sonsuz səyi nəticəsində ərsəyə gələn qəzetin ilk buraxılış gününü Hənifə xanım belə xatırlayır: "Həmin gün Həsən bəyin sevincdən gözləri yaşarmışdı. Qəzet əlində evə gələndə çox həyəcanlı idi. Bu, onun həyatında ən xoşbəxt gün idi". Lakin çoxları bilmir ki,  materialların seçilməsində, çap maşınının əllə hərəkətə gətirilməsində Hənifə xanım yuxusuz qalaraq həyat yoldaşıyla çiyin-çiyinə çalışır. "Əkinçi"nin nəşri zamanı Həsən bəy və ailəsi hökümət tərəfindən təqiblərə məruz qalırlar. İş o yerə çatır ki, yaşadıqları mənzilə ev qulluqçusunun qohumları adıyla nəzarətçi salırlar. Onlar bütün günü evə gəlib-gedənləri güdürlər. Bakı qubernatoru Staroselskinin dövründə "Əkinçi" qəzeti ictimai-siyasi mövzulara toxunur, milləti ayıldan bir nəşr kimi ortaya çıxır. Staraselskinin yerinə alman qubernatoru təyin edildikdən sonra qəzetin istiqaməti dəyişdirilir. Lakin Zərdabi bununla barışmır və nəşri dayandırır. Nəhayət, hakim dairələr 1880-ci ildə Zərdabilər ailəsini Bakıdan uzaqlaşdırıb təyinatla Şimali Qafqaza göndərmək istəyirlər. Həsən bəy onlara etiraz edərək ailəsiylə Zərdaba köçür və maarifçilik təbliğatlarına öz yurdunda davam edir. Lakin burada da ailənin bədxahları rahat dayanmır. Bakıya Zərdabilərlə bağlı saysız-hesabsız donoslar gedir. İş o yerə çatır ki, qubernator həqiqəti öyrənmək üçün durub Zərdaba gəlir. Lakin donosların ağ yalan olduğunu görüb Həsən bəyə deyir ki, gör siz bu zavallı xalqı nə qədər sevirsiniz ki, bu iqlimə və ləyaqətsiz adamlara tab gətirib buranı tərk eləmirsiz. Onlar düz 16 il bütün şəraitsizliklərə rəğmən Zərdabda yaşayırlar. Zərdabilər ailəsi dəbdəbəli həyat tərzi ilə seçilməsə də, ailə başçısı uşaqlarının əsl ziyalı kimi yetişməsinə səy göstərir. Belə ki, Həsən bəyin böyük oğlu Mitət bəy Almaniyada, kiçik oğlu Səffət bəy Fransada Ali Mühəndislik İnstitutunu bitirir. Ailənin böyük qızı Pərisultan isə Tiflisdə Qızlar gimnaziyasında təhsil alır və Gəncədə işləyərkən Əlimərdan bəy Topçubaşovla tanış olub ailə qurur. Kiçik qız Qəribsultan da Tiflis Qızlar gimnaziyasını bitirir və sonralar Azərbaycanın əməkdar müəllimi adına və Lenin ordeninə layiq görülür.   

1897-ci ildə Zərdabilər ailəsi Bakıya qayıdır.  Həsən bəy ana dilində yeni bir qəzet çıxarmaq istəsə də,  imkan vermirlər. Və Həsən bəy məcbur qalıb kürəkəni Topçubaşovunredaktoru olduğu "Kaspi" qəzetinin səhifələrində rus dilində məqalələrlə çıxış edir. Həmin ərəfədə Zərdabi dumaya üzv seçilərək orada 10 il ərzində müxtəlif vəzifələri icra edir. Var-yoxunu millətinə fəda edən Həsən bəy 1905-ci ildə sağlamlığını da itirir. Skleroz xəstəliyindən və iflicdən əziyyət çəkir. Böyük şəxsiyyəti ömrün xəzəl çağında tənhalıq qorxudur. Vəfatından bir gün əvvəl son dəfə "Kaspi" qəzetinin redaksiyasına baş çəkir. Onun sönük baxışları, cılız slueti yaxınlaşmaqda olan finaldan xəbər verir. Böyük maarifçi 1907-ci ildə bu dünyayla vidalaşır. Zərdabiylə keçirilən vida gününə dair qızı Qəribsultan xanımın xatirələrindən: "Həmin gün mən anamın kədərdən donmuş sifətinə baxa bilmirdim. Son anda atamla vidalaşarkən dərk elədim ki, o, bütün ömrü boyu əsl səmimiyyəti varlı təbəqədə deyil, burada toplaşmış sadə camaatda tapıb. İndi təntənəli nitqlərlə çıxış edən bu cənablardan çoxusu sağlığında Həsən bəyin taleyinə necə də biganə idi". Mərhumu son mənzilə xüsusi bir təmtəraqla yola salırlar. Saysız-hesabsız əklillərdən birinin üstündə belə bir yazı görünür: "Cismim ölsə də, fikirlərim yaşayır".

Zərdabini öz mənəvi atası qədər sevən Üzeyir bəy və qardaşı Ceyhun Hacıbəyli onun vəfatından sonra dövri mətbuatda məqalələrlə çıxış edərək bu ailənin unudulduğunu vurğulayırlar. Həmin məqalələrdən birində deyilir: "7 il öncə Həsən bəyin dəfn mərasimində söylənilən alovlu nitqlərdən, məqalələrdən nə qaldı? Elə həmin gün külək onları uçurtdu. Müsəlman cəmiyyəti Zərdabiləri unutdu. Həsən bəyə heykəl qoymaq əvəzinə, xanımı məzara qəbir daşı düzəltdirəndə onun köməyinə gələn olmadı".

Qəribsultan xanımın xatirələrindən görünən o ki, Həsən bəy sağlığında savadlı və dərrakəli xanımı ilə fəxr edir. Hətta Həsən bəyin təklifi və messenat Tağıyevin maddi dəstəyi ilə Azərbaycanda ilk  qız məktəbi yaradılanda Hənifə xanımı ora dəvət edirlər. Çünki o dövrdə belə bir liseydə dərs verə biləcək müəllimlər yox dərəcəsində idi. Hənifə xanım həm Nina Qızlar məktəbinin məzunu olduğundan, həm də illərdir, evində müsəlman qızlarına dərs verdiyindən böyük təcrübəyə malik idi. Beləliklə, Hənifə xanım Məlikova Zeynalabdin Tağıyevin inşa etdirdiyi ilk qızlar məktəbinin müdirəsi və  rus dili müəlliməsi təyin edilir. Sovet hakimiyyəti qurulduqdan sonra da bu xanım maarifçilik fəaliyyətinə davam edir. O, çıxışlarından birində vurğulayır ki, evin arxası kişidirsə, ailənin təməli qadından asılıdır. Ona görə də tək oğlanlara yox, həm də qız övladlarına təhsil verilməlidir ki, onlar da savadlı uşaqlar yetişdirə bilsinlər. Ərinin ölümündən sonra ictimai dairələrdən heç bir diqqət görməyən Hənifə xanım hafizəsini səfərbər edib Zərdabinin şərəfli həyat yolunu qələmə alır. Bu hadisədən üç il sonra, yəni 1928-ci ildə o, Bakıda vəfat edir. Bütün şəhər Hənifə xanımın dəfn mərasimində iştirak edir. Orada çıxış edən Nazirlər Sovetinin sədri Qəzənfər Musabəyov deyir ki, bugün biz ağsaçlı bir anayla vidalaşırıq. Elə bir anayla ki, onun minlərlə yetirmələri var. Nə yazıq ki, yüzlərlə kiməsiz uşağa analıq edən Hənifə xanımın öz övladları həyatın sərt üzü ilə qarşılaşır. Belə ki, ermənilərin verdiyi yalan ifadələrlə ailənin böyük oğlu Mitət bəy 1936-cı ildə tutulur, 37-ci ildə isə güllələnir. Bu faciədən sonra bacısı Qəribsultan xanım depressiv vəziyyətə düşür və ağır psixoloji hallar yaşayır. Yaxşı ki, ömrü boyu çətinliklərlə üzləşən ər-arvad amansız repressiya qasırğasıyla qarşılaşmır. Amma yox! Zərdabini bu dünyada rahat qoymayanlar axitət dünyasına da əl uzadırlar. Günlərin birində şəhərə xəbər yayılır ki, təzə yol çəkmək məqsədi ilə Bibiheybət məscidini sökürlər. Kim istəyirsə, yaxınlarının məzarını köçürüb aparsın. Yoxsa itib-batacaq. Bu xəbəri eşitcək, Zərdabilər ailəsindən iki nəfər Həsən bəyin qalıqlarını kiçik bir qutuya yığıb şəhər qəbiristanlığında Hənifə xanımın ayaq tərəfində basdırır. Nişanəsiz, başdaşısız cənazə uzun müddət kimsənin yadına düşmür. Aradan illər keçir. 1957-ci ildə tədqiqatçı Abbas Zamanov Həsən bəyin anım günü ilə əlaqədar tədbir hazırlamaq istəyir. Yalnız bu zaman məlum olur ki, Zərdabinin məzarı barədə heç kim heç nə bilmir. Uzun araşdırmalardan sonra şəhər qəbiristanlığında basdırılmış qutu ortaya çıxır. Beləliklə, Həsən bəyin qalıqları  üçüncü dəfə layiq olduğu ünvanda - Fəxri xiyabanda əbədiyyətə qovuşur. Zərdabi yaşadığı həyat boyunca hər cür çətinliklə üzləşir. Üstünə silah çəkən də olur, böhtan atan da. Kasıblara yardım etmək üçün varlıların qapısını döydüyü, rədd cavabı aldığı vaxtlar da olur. Ən çətin məqamlarda özünün də etiraf etdiyi kimi,  ona yalnız bir şey güc verir: "Gələcəkdə gördüyüm işlərə baxanda bilinəcək ki, milləti qəflətdən ayıltmaq üçün mən necə nadanlarla üz-üzə gəlmişəm..."

 





05.08.2020    çap et  çap et