525.Az

"Keçmişə boylanmaqdan ehtiyat edirəm" - Ayaz Salayevlə müsahibə


 

KİNOREJİSSOR AYAZ SALAYEV: "HƏLƏ UŞAQ YAŞLARIMDAN BİLİRDİM Kİ, REJİSSOR OLACAĞAM"

"Keçmişə boylanmaqdan ehtiyat edirəm" - <b style="color:red">Ayaz Salayevlə müsahibə</b>

Bu günlərdə tanınmış kinorejissor, kinoşünas Ayaz Salayevin 60 yaşı tamam oldu. Yubiley günlərində onunla əlaqə saxlayıb qısa müsahibə götürdük.
Müsahibəni təqdim edirik.

- Ayaz müəllim, necəsiniz? Özünüzü 60 yaşda necə hiss edirsiniz?

- Yaxşıyam. Çox sağ olun. Özümü yaxşı hiss edirəm. Qaldı ki 60 yaş məsələsinə, səmimi etiraf edim ki, məndə qocalıq qorxusu var. Bu da mənim bu gün özümü necə hiss etməyimə təsir göstərir. Bu qorxunu üstələmək üçün yeni-yeni yaradıcılıq planları qururam. Mən keçmişə boylanmaqdan, yekun vurmaqdan ehtiyat edirəm. Buna görə də indi yalnız böyük ümidlə, yeni yaradıcılıq işləri görmək arzusu ilə gələcəyə baxıram.

- Onda biz sizdən yeni işlər gözləyəkmi?

- Bəli, əlbəttə...

- Ad gününüzdə paylaşdığınız ermənilərə müraciət videosu xeyli marağa səbəb oldu. Bu videonu məhz ad gününüzdə çəkmək təsadüf idi, yoxsa mənəvi tələbat?

- Bu, mənim ürəyimdən gələn bir şey idi. İki gün qabaq kinostudiyaya getmişdim. Orada başqa bir film çəkirdilər.  Mən operatordan xahiş etdim ki, beş dəqiqə ayırıb məni də çəksin. Düzünü desəm, bu videonun belə maraqla qarşılanacağını gözləmirdim. İnsanlar baxır, paylaşır, bununla bağlı mənə çoxlu zənglər gəlir.
 
- "Bəyin oğurlanması" filmindəki kimi çıxmasın. Ayaz müəllim. əgər siz ikinci dəfə dünyaya gəlsəydiniz, rejissor olardınızmı?

- Bəli, olardım, dəqiq olardım. Əgər iki həyatım olsaydı, birində püxtələşmiş filmlər çəkərdim, birində də ancaq tamaşaçı istəyənləri. Ümumiyyətlə, mən hələ uşaq yaşlarımdan bilirdim ki, rejissor olacağam. On iki yaşımdan özümə başqa sənət fikirləşmədim. O vaxt çoxlu kitablar alıb filmlər haqqında oxuyurdum. Filmləri çox sevirdim. Xüsusilə də səssiz filmləri, Çarli Çaplinin pərəstişkarı idim. Andrey Tarkovskinin filmlərinin də mənə çox böyük təsiri olub. Xüsusilə də "Güzgü" filmi. Onun filmlərinə baxıb özümdə çox şeyi dəyişmişəm. Həm də bu, təkcə məndə yox, çoxlarında olub. Ancaq onu da deyim ki, mən təkcə kinoman deyiləm. Mən ədəbiyyatı da, poeziyanı da, təsviri incəsənəti də çox sevirəm. Bunlarla çox maraqlanıram. Mən dünya mədəniyyətini sevirəm.

- Dönüb arxaya baxanda nə görürsünüz?

 - Bəzən mənə elə gəlir ki, kimsə əlimdən tutub məni aparır. Keçmişə baxanda ağıllı qərarlarım sanki başqasının, səhv qərarlarım isə özümünkü kimi görünür gözümə. Öz-özümə deyirəm ki, bu, axı sənə oxşamayan bir şeydir. Bir sözlə, adətən özüm haqqında çox böyük fikirdə olmuram.

- Ayaz müəllim, sonda yubileyiniz münasibəti ilə sizi təbrik edirik. Ad gününüz mübarək!

- Sağ olun. Təşəkkür edirəm.

Aytac SAHƏD

 





05.08.2020    çap et  çap et