525.Az

Fransadakı soydaşlarımız Anar Kərimovdan danışdılar - Münasibət


 

FRANSADA AZƏRBAYCANIN DOSTLARI ASSOSİASİYASININ BAŞ KATİBİ MİRVARİ FƏTƏLİYEVA: "İNANIRIQ Kİ, ANAR KƏRİMOV BU VƏZİFƏSİNDƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN QORUNMASI VƏ İNKİŞAFI ÜÇÜN YENİ UĞURLARA İMZA ATACAQ"

Fransadakı soydaşlarımız Anar Kərimovdan  danışdılar - <b style="color:red">Münasibət </b>

Bu günlərdə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Anar Kərimov Mədəniyyət nazirinin birinci müavini  vəzifəsinə təyin olundu və Mədəniyyət naziri vəzifəsinin müvəqqəti icrası ona tapşırıldı. Qeyd edək ki, Anar Kərimov bundan öncə Azərbaycan Respublikasının YUNESKO yanında daimi nümayəndəsi vəzifəsini icra edirdi. Əslində, son illərdə YUNESKO-nun Azərbaycanla, Azərbaycanın mədəni irsiylə bağlı verdiyi müsbət qərarlar nümayəndələdiyimizin və xüsusən Anar Kərimovun həmin vəzifədəki səmərəli fəaliyyəti haqqında mühüm bilgilər verir. Ancaq biz Anar Kərimovu ictimaiyyətə daha yaxından tanıtmaq məqsədilə YUNESKO-nun baş ofisinin yerləşdiyi Fransada yaşayan və mədəniyyət sahəsində aktiv fəaliyyət göstərən həmyerlilərimizlə əlaqə saxlayaraq onların Anar Kərimovun fəaliyyəti ilə bağlı təəssüratlarını öyrəndik.

Parisdə yaşayan azərbaycanlı yazıçı Şain Sinariya Anar Kərimovla öz kitabının Parisdə keçirilən təqdimat mərasimində tanış olduğunu bildirdi:

"Tutduğu vəzifə və gördüyü işlər sayəsində Anar Kərimovun adını əvvəllər də tez-tez eşidirdim. Amma şəxsi tanışlığımız yox idi. Onunla tanışlığımız çox qəribə hadisə nəticəsində oldu. Mənim "İvan Bottonun arzuladığı həyat" kitabımın fransız dilindəki nəşrinin Fransada təqdimatını Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəliyi və Azərbaycan-Avropa Cəmiyyəti (TEAS) birlikdə keçirirdi. O kitabın təqdimatında hər iki ölkədən müxtəlif ziyalılar, yazıçılar, səlahiyyətli şəxslər iştirak edirdilər. Tədbirin açılışını YUNESKO-nun adından Anar Kərimov etmişdi. O, çıxışında Azərbaycan-Fransa ədəbi əlaqələrindən, dostluq münasibətlərindən və əlbəttə ki, İvan Bottodan, mənim kitabımdan danışdı. Biz ilk dəfə orda tanış olduq və Anar müəllim məndə xoş təəssürat yaratdı. Çox ağıllı, mədəni, səviyyəlli bir gənc kimi yadımda qaldı. Ondan sonra  bir neçə dəfə tədbirlərdə görüşsək də, geniş söhbət eləməyə imkanımız olmayıb. Buna baxmayaraq, mən Anar Kərimovu Azərbaycan mədəniyyətinə yüksək dəyər verən, onun təbliğiylə geniş şəkildə məşğul olan vətənpərvər insan kimi tanıyıram.

Əslində, etiraf edim ki, onun əvvəlki vəzifəsindən getməsinə bir tərəfdən heyfislənirəm. Çünki o, ölkələrarası münasibətləri çox yaxşı şəkildə inkişaf etdirməyə qadir, Fransa-Azərbaycan ədəbi əlaqələri üçün çox səmərəli fəaliyyətə malik insan idi. O, bu vəzifədə hələ çox böyük işlər görə bilərdi. Digər tərəfdən isə sevinirəm ki, Azərbaycanın Mədəniyyət Nazirliyinə belə işgüzar, savadlı, səmimi, hərtərəfli yüksək keyfiyyətlərə malik bir gənc rəhbərlik edir. İnanıram ki, o, necə ki əvvəlki vəzifəsini layiqincə yerinə yetirirdi, bundan sonra da Azərbaycan mədəniyyətinin inkişafına çox dəyərli töhfələr verəcək".

"Paris Azərbaycan" evinin prezidenti, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva Anar Kərimovu Fransada diplomat kimi fəaliyyətə başladığı illərdən tanıdığını bildirdi:
 
"Bu illər ərzində o, hər zaman sadəliyi və təvazökarlığı ilə seçilən diplomatlardan biri olub.
A.Kərimov Azərbaycanın YUNESKO yanında Daimi Nümayəndəliyinə rəhbərlik etdiyi dövrdə istər Azərbaycan Evi Təşkilatı, istərsə də, Azərbaycanın Fransada Dostları Assosiyasiyası ilə uğurlu əməkdaşlıq həyata keçirib, Azərbaycanın təbliği naminə həyata keçirdiyimiz layihələrə daim böyük maraq göstərib. Bu layihələrə misal olaraq Xocalı soyqırımına həsr edilən "Sülh naminə rəsm çək", Novruz bayramı ənənələrinin təbliğinə dair atelyelərin təşkili, YUNESKO-nun Malta və Andorra knyazlığında iki il ərzində təşkil etdiyi "Art Camp" layihəsi və digər layihələri göstərə bilərik. Anar Kərimov və rəhbərlik etdiyi nümayəndəlik hər zaman bizimlə öz təcrübələrini bölüşüb, təşkilatlarımızın fəaliyyətinə böyük maraq göstərərək həvəslə həyata keçirdiyimiz bütün layihələrdə yaxından iştirak ediblər.
Son illərdə Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması və mədəniyyətinin təbliği sahəsində həyata keçirilən mühüm addımlar məhz Anar Kərimovun dövründə atılmışdı.
İnanırıq ki, Anar Kərimov bu yeni və məsuliyyətli vəzifəsində Azərbaycan mədəniyyətinin qorunması və inkişafı üçün uğurlara imza atacaq".

Azərbaycan Televiziyasının Qərbi Avropa bürosunun müdiri Elzar Ağayev Anar Kərimovun fəaliyyətinin dörd ilinə şahidlik etdiyini deyir:
 
"Mən Qərbi Avropa postunun müdiri vəzifəsinə 2016-cı ilin iyununda təyin olunmuşam. O zamandan bu günə qədər Avropanın bir çox institutlarında olduğu kimi, YUNESKO-nun da işində yaxından iştirak edirik, ölkəmizlə bağlı məsələlər haqqında reportajlar hazırlayırıq. Başqa sözlə, Anar Kərimovun təşkilatdakı daimi nümayəndəliyimizin rəhbəri kimi fəaliyyətinin 4 ilinə yaxından şahidlik etmişəm. Fikrimcə, YUNESKO-Azərbaycan münasibətlərinin hazırkı yüksək səviyyəyə gəlib çatmasında Anar Kərimovun peşəkar diplomat kimi bacarığı və çalışqanlığı mühüm rol oynayıb. Onun YUNESKO-nun rəhbər şəxsləri ilə şəxsi münasibətləri daim ölkəmizin maraqlarının qurum daxilində daha yaxşı qorunmasına xidmət edib. Bu müddət ərzində Anar müəllimin rəhbərliyi ilə nümayəndəliyimizin effektiv fəaliyyəti sayəsində YUNESKO-nun Parisdəki baş qərargahında irimiqyaslı tədbirlər keçirilib. Bakı Dövlət Universitetinin 100 illiyinin təntənəli şəkildə qeyd edilməsi, Nəsiminin anadan olmasının 650 illiyi ilə bağlı YUNESKO-da silsilə tədbirlərin təşkili, təşkilatın 40-cı Baş Konfransında ölkəmizin layiqincə təmsil edilməsi bu tədbirlərə sadəcə birneçə misaldır.

Bilirsiniz ki, Ermənistan hər yerdə olduğu kimi, YUNESKO-da da təxribatlara əl atır, ara-sıra bizə məxsus mədəni dəyərləri özününküləşdirməyə çalışır. Son 4 ildə gördüyüm qədər, bu təxribatların hamısının qarşısı uğurla alınıb. Əksinə, Azərbaycan muğamı, Şəki şəhərinin tarixi hissəsi, milli təamlarımız YUNESKO-nun unikal dəyərləri kimi qeydə alınıb. Bu istiqamətdə sonuncu böyük uğurlarımızdan biri isə, Bakımızın YUNESKO-nun yaradıcı şəhərlər şəbəkəsinə daxil edilməsi oldu.

Anar Kərimov həm də yüksək menecment qabiliyyəti, kollektivlə səmərəli iş qurmaq bacarığı ilə seçilib. Düşünürəm ki, YUNESKO-dakı daimi nümayəndəliyimizdə çalışan əməkdaşlardan soruşsaz, sürücüsündən, yüksək rütbəli diplomata qədər hər kəs ondan razılıq edər.

Bütün bu xüsusiyyətləri nəzərdən keçirərək, Anar Kərimovun Mədəniyyət Nazirliyində fəaliyyətinin mədəni dəyərlərimizin qorunmasına, mədəniyyətimizin beynəlxalq səviyyədə tanıdılmasına mühüm töhfələr verəcəyini proqnozlaşdırmaq olar".

Parisdə fəaliyyət göstərən "Ulduz" Mədəniyyət Assosiasiyasının direktoru Aytən Muradovanın da Anar Kərimovla bağlı təəssüratları yüksəkdir:

"Biz hamımız onu çox yaxşı tanıyırıq. Onun səmərli işinin hesabına Azərbaycan mədəniyyəti YUNESKO-da layiqincə təmsil olunub. Dövlət başçısının bu yeni təyinatına çox sevindik. Çünki Anar Kərimov YUNESKO-da yaxşı reputasiya yığıb, gözəl tədbirlər keçirib, faydalı layihələr edib, ölkəmizi və mədəniyyətimizi tanıdıb. Onun Bakıda keçirdiyi YUNESKO-nun forumu müsbət rezonansa səbəb olmuşdu.

Anar müəllim şəxsiyyət kimi də çox dəyərlidir, insan adamdır, sadə, kimsənin işinə qarışmayan, öz işində olan insandır. O, yalnız iş görür və gördüyü işi də çox səviyyəli, dəqiq görür.

Sosial şəbəkələrdə də fəaldır. Bu da o deməkdir ki, cəmiyyətin fikrinə etinasız deyil və öz mövqeyini də sərgiləyir.

Onun Azərbaycanın Mədəniyyət nazirliyində çox gözəl və səviyyəli işlər görəcəyinə əminik. Arzu edərdim ki, bizim opera və baletlərimizin dünya səhnələrinə çıxarılmasına da kömək etsin. Ona yeni işində uğurlar arzulayırıq".

Şahanə MÜŞFİQ

 





05.08.2020    çap et  çap et