525.Az

Baydenin qələbəsi siyasi zəlzələ yarada bilər - Yanaşma


 

ERMƏNİPƏRƏST SENATORUN ABŞ PREZİDENTİ SEÇİLMƏSİ AZƏRBAYCAN VƏ TÜRKİYƏ ÜÇÜN ƏLVERLİŞLİ DEYİL

Baydenin qələbəsi siyasi zəlzələ yarada bilər - <b style="color:red"> Yanaşma</b>

ABŞ-ın yeni prezidentinin kimliyini müəyyən edəcək səsvermə gününə üç aydan az vaxt qalır. ABŞ Konstitusiyasında seçki günü dəqiq müəyyən olunub və bu il seçki günü noyabr ayının 3-nə düşür. Noyabr ayının 3-də seçicilərin seçəcəkləri 538 nəfərdən 270-nin səsini qazanacaq şəxs ABŞ-ın 46-cı prezidenti olacaq. Hazırkı dövlət başçısı, 45-ci Prezident Donald Trampın noyabrın 3-də seçkini qazanması mümkün görünmədiyi və qalib gəlsə belə, Ağ evin siyasətində heç bir ciddi dəyişikliyin olmayacağını nəzərə alıb, qalib gəlmək şansı daha çox olan Demokratlar Partiyasının namizədi Cozef Robinett Baydenin qələbəsinin doğuracağı təsirlərdən bəhs etmək yerinə düşər.

1942-ci ildə Pensilvaniyada dünyaya gələn Co Bayden Vaşinqtonun stajlı siyasətçilərindən hesab olunur. Otuz altı il - 1973-cü ildən 2009-cu ilə kimi ardıcıl şəkildə Senatda Delaver ştatını təmsil edən Co Bayden 8 il vitse-prezident olub. 

 2009-cu ildə Barak Obamanın prezident seçkisində qalib gəlməsi Co Baydeninin ABŞ-ın 47-ci vitse-prezidenti olması ilə nəticələndi. Obamanın 2013-cü ildəki prezident seçkisində təkrar qələbəsi Co Baydeninin 2017-ci ilin sonuna kimi vitse-prezident kürsüsündə qalmasını təmin etdi. İndi isə Co Bayden özü prezident olmaq iddaisındadır və bu məqsədinə çatacağına faktiki olaraq kimsə şübhə etmir.

Co Baydenin qələbəsi nə vəd edir?
Səhv etmirəmsə, ilk dəfədir, ABŞ-da prezident seçkisinin nəticəsi Azərbaycan üçün bu qədər əhəmiyyət daşıyır. Əgər bütün rəy sorğularında əksini tapan nəticə dəyişməsə, 3 noyabr seçkisinin nəticələri Azərbaycan və Türkiyə üçün ağır ola bilər. Məsələ ondan ibarətdir ki, Bayden açıq ermənipərəst mövqeyi ilə tanınır. 1995-2007-ci illərdə Konqresdə erməni məsələsi qrupunun üzvü olan Bayden bədnam 907-ci düzəlişə səs verən konqresmenlərdən biri idi. Eyni zamanda, Co Bayden Ermənistana və uydurma "Dağlıq Qarabağ Respublikası"na maliyyə yardımlarını fəal şəkildə dəstəkləyib. Bu faktı qorxulu edən Baydenin bu gün də eyni mövqedə qalmasıdır.

Co Bayden 2015-ci ildə vitse-prezident olduğu zaman Vaşinqtonun kafedral kilsəsində uydurma "erməni soyqırımı"nın qurbanlarının anım tədbirinə o zaman Ermənistan prezidenti olan Serj Sarkisyanla birlikdə qatılmışdı.  Ötən il Ermənistanı müstəqilik günü münasibətilə təbrik edən Bayden Ermənistanın demokratikləşmə prosesində tərəqqi əldə edildiyini vurğulamış və uydurma "erməni soyqırmı"nın ABŞ tərəfindən tanınmasının zəruriliyini qeyd etmişdi. Bu il aprelin 24-də Bayden uydurma "erməni soyqırımı"nın 105-ci il dönümü münasibətilə xüsusi bəyanatla çıxış edərək ermənilərin "soyqırımı" zamanı vəhşiliklərə məruz qaldığını vurğulamışdı. Həmin bəyanatında Bayden prezident seçiləcəyi halda uydurma "erməni soyqırımı"nı tanıyacağı ilə bağlı öhdəlik götürmüşdü. Baydenin ermənicə "erməni soyqırımı" mənasını verən "mets exerna" kəlməsini də işlətməsi noyabrın 3-dən sonra Ağ evin siyasətində baş verə biləcək mənfi dəyişiklikdən xəbər verir.

Co Bayden eyni zamanda, Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana aşkar mənfi münasibəti ilə seçilir. Əgər Donald Tramp Ərdoğanı Rusiya Prezidenti Putin və Çinin dövlət başçısı Si ilə birlikdə "iti zəka" sahibi adlandırmaqdan çəkinmirdisə, Bayden 2016-cı ilin avqustunda Ankaraya səfəri zamanı Türkiyə Prezidentini aşağılamaqdan çəkinməmişdi. O zaman Ərdoğan Baydenlə söhbətdə Fətullah Gülənin Türkiyəyə ekstradisiyası məsələsini qaldırmış, ABŞ-ın vitse-prezidenti isə ölkəsində məhkəmə və icra hakimiyyətlərinin ayrı olduğunu qeyd edərək ardınca da "Sizlər bunu anlaya bilməzsiniz" kimi aşağılayacı cavab vermişdi.

Ermənilər Baydenin Demokratlar Partiyasından namizəd olacağını böyük səbirsizliklə gözləyirdilər. Ötən il Münxen təhlükəsizlik konfransı zamanı Ermənistan Prezidenti Armen Sarkisyan söhbət zamanı Co Baydendən 2020-ci ildə prezidentliyə namizəd olub-olmayacağını soruşmuş və bunu arzu etdiklərini dilə gətirmişdi. Yeri gəlmişkən qeyd edək ki, Baydenin Ermənistan prezidenti ilə çox isti münasibətləri var. Bütün bunlar onu deməyə əsas verir ki, Co Baydeninin qalib gələcəyi halda uydurma "erməni soyqırımı"nın ABŞ tərəfindən tanınması reallaşa bilər. Bu isə Azərbaycanın və Türkiyənin diplomatiyası üçün əlavə problemlər yaradacaq. Uydurma "erməni soyqırımı"nın tanınması Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbayanın mövqelərini daha da zəiflədəcək. Heç şübhəsiz, "soyqırımı"nın tanınması ermənilərin Türkiyə və Azərbaycana qarşı yeni iddiaların da meydana çıxmasına səbəb olacaq.




Co Baydeninin qələbəsi Azərbaycan üçün başqa arzuolunmaz nəticələr də doğura bilər. Məsələ ondadır ki, Bayden prezident seçiləcəyi təqdirdə, İranla nüvə anlaşmasına qayıda biləcəyini açıqlayıb. Bu isə Tehrana qarşı sanksiyaların yumşalması və İran neftinin dünya bazarlarına çıxması deməkdir. Ekspertlər hesab edirlər ki, bu baş versə, neftin qiyməti kəskin ucuzlaşa bilər. Hazırda İranın tanker və anbarlarında 110 milyon barelldən artıq neft olduğu haqqında məlumat var. Əgər Bayden Tehrana qarşı sanksiyaları yumşaltsa, İran dünya bazarını neftlə boğa bilər. Bu da heç şübhəsiz, büdcə gəlirləri neftin qiymətindən asılı olan Azərbayan üçün əlavə problemlər yaradacaq. Co Baydenin ötən ay Pensilvaniyada açıqladığı iqtisadi proqramında ABŞ iqtisadiyyatın karbohidrogenlərdən asılılığının aradan qaldırılmasına geniş yer ayrılıb. ABŞ iqtisadiyyatının daha az neft-qaz işlətməsi dünya bazarlarında bu məhsulların həcminin kəskin azalması deməkdir. Bu isə heç şübhəsiz, qiymətin kəskin ucuzlaşmasına səbəb olacaq. 

Co Bayden qalib gələcəyi halda rəsmi Bakı Vaşinqtonun daha çox təzyiqlərinə məruz qala bilər. Bu isə həm də Ermənistanın Azərbaycana qarşı diplomatik mübarizəsini gücləndirmiş olar.

Co Baydeninin prezident seçkisindən qalib çıxmaq ehtimalının yüksək olması Azərbaycan diplomatiyasının öz xarici siyasət vektorları ilə bağlı yenidən dəyərləndirmə aparmasını zəruri edir. Əks halda üç ay sonra fakt qarşısında qala bilərik. Baydenin ermənipərəst siyasətinin zərərsizləşdirilməsində Ukrayna çox ciddi rol oynaya bilər. Son zamanlar Ukrayna faktoru ABŞ siyasətində xüsusi çəki qazanmağa başlayıb. Co Baydenin qalib gələcəyi halda bu tendesiya daha da güclənəcək. Barak Obamanın hakimiyyəti illərində Ukrayna məsələsi Co Baydeninin birbaşa nəzarət etdiyi sahə idi. Kiyevin xarici siyasət kursunu Rusiyadan Avroatlantik istiqamətə çevirməsində də Co Baydeninin xüsusi rol oynadığı qeyd olunurdu. Heç şübhəsiz, prezident olacağı halda Co Bayden Ukraynanın Avroatlantik struktura inteqrasiyanı sürətləndirməyə çalışacaq. Bu, həm də Ukraynanın Qərbdəki mövqelərinin güclənməsi demək olacaq. Bu isə Azərbaycana Co Baydenin ermənipərəst siyasətinin zərərsizləşdirməsində əlavə imkanlar yarada bilər. Ancaq bunun üçün Azərbaycanın da xarici siyasət vektorların, yenidən gözdən keçirməsinə ehtiyac var. Bu prosesi həyata keçirmək üçün isə vaxt getdikcə azalır. ABŞ-da prezident seçkilərinə üç aydan az vaxt qalır.

 





05.08.2020    çap et  çap et