525.Az

"Ən böyük arzum işğal altındakı torpaqlarımızın azad olunmasıdır" - Müsahibə


 

ELSEVƏR CƏLİLOV: "SƏYAHƏTLƏRİM ZAMANI GECƏLƏRİ ÇÖLLƏRDƏ, ÇADIRLARDA, YA DA YAXINLIQDA OLAN ÇOBANLARLA KEÇİRİRƏM"

"Ən böyük arzum işğal altındakı torpaqlarımızın azad olunmasıdır" - <b style="color:red">Müsahibə  </b>

Sosial şəbəkələrdə parlayanlar

Səyahət etməyi sevməyən çox az insan ola bilər. Müxtəlif ölkələri və şəhərləri gəzmək şansı olsa, yəqin ki, heç kim bu fürsəti əldən vermək istəməz. Bu günlərdə Feysbukda qarşıma çıxan Elsəvər Cəlilov da bu fürsəti dəyərləndirməyi bacaran şəxslərdəndir. 

O, Azərbaycanın müxtəlif bölgələrinə səyahət edib səfər təəssüratlarını sosial media üzərindən izləyicilərlə bölüşür.

Gənc səyyahla söhbətimizi təqdim edirik.

- Sosial şəbəkələr səyahətlərinizi paylaşmaq cəhətdən sizin üçün nə dərəcədə əlverişlidir?

- Gəzdiyim bölgələrdə gözəl mənzərəli yerlərin şəkillərini sosial mediada paylaşıram. Əsasən Feysbukda öz səyahət gündəliyimdən ibarət qısa mətnlər yazıram. Vatsapda da belə paylaşımlar edirəm. Yutub kanalımda isə təbiətlə bağlı müxtəlif videolar yayıram.

- Səyahət etməyə nə zamandan başlamısınız?

- Uşaqlığımdan təbiət qoynunda böyümüşəm. Hər zaman təbiəti gəzib-dolaşmaqdan zövq almışam. Hardasa üç ildən çoxdur ki, səyahətlər etməyə başlamışam.

- Ölkəmizin müxtəlif bölgələrini gəzib, maraqlı məkanlarla tanış olursunuz. İndiyə qədər neçə rayonumuzu gəzmisiniz?

- Hər rayonun özünəməxsuz gözəlliyi var. Bu gözəlliyin hamısı insanlara məlum deyil. Bunu öz səyahətlərim zamanı görmüşəm. İndiyə qədər 12-dən artıq rayonda olmuşam.

- Səyahət etmək müəyyən maliyyə vəsaiti də tələb edir. Səfər xərclərini necə qarşılayırsınız?

- Xərcləri minimuma endirməyin yolları var. Səyahətlərim zamanı çöldə, çadırda və ya da yaxınlıqda olan çobanlarla qalıram. Səfər xərclərimdə ən böyük dəstəkçim qardaşım Şahalıdır.

- Sizcə, ölkəmizdə ən gözəl və səyahət ediləsi bölgə hansıdır?

- Gəzdiyim bölgələr içərisində ən xoşuma gələni İsmayıllıdır. Çox gözəl mənzərəsi var: xüsusilə Niyal dağ silsiləsinin cənubunda yerləşən Xan bağı, şərqdən Niyal dağ silsiləsi və Sulut çayı, şimaldan Fit dağı və Fit qalası, cənubdan Sulut kəndi, qərbdən Hərəm çayı və geniş qoz bağları. Bir sözlə, İsmayıllıda ecazkar bir gozəllik müşahidə etmək olar.

- Bəs hansı xarici ölkələrə səyahət etmək istərdiniz?

- Daha çox geoloji təbiət abidələri ilə zəngin olan ölkələri gəzmək istəyərdim. Norveçə, İsveçə, Danimarkaya, ABŞ-a, Rusiyanın Şimal Buzlu okeanındakı adalarına, dünyada daha çox insan yaşayışı olmayan yerlərə səyahət etmək fikrindəyəm. Düzdür, insan ömrü bəlkə də, buna yetməz, amma yer kürəsini tam bir dövrə vurmaq məqsədindəyəm.

- Səyahətlər zamanı başınıza gələn ən maraqlı hadisə nə olub?

- Başıma gələn ən maraqlı və təhlükə dolu anlardan birini Hərəm çayının dərəsində yaşamışdım. Atamla çay boyunca irəliləyirdik. Palçığın üstündə ayı ləpirlərinə rast gəldik. Bir az irəliləmişdik ki, dərin bir yarğana rast gəldik. Atımız keçə bilmədiyindən atam da orada atla qaldı. Mən tək irəliləməli oldum. Çayın içi də elə idi ki, dərə 2 metrdən bir burulurdu. O buruqları dönəndə "ayı qabaqdadır" düşüncəsi ilə gedirdim. İçimdə bir qorxu, bir həyəcan var idi. Artıq 2 kilometr getmişdim. Telefonda dalğa da yox idi. Dar və dərin bir çay dərəsində idim. Atam aşağıdan çağırdı. Dayana bilməyib yanıma gəlmişdi, çox şükür ki, heç nə olmamışdı. Çayda irəliləyəndə addım atmaq olmurdu. Hər addım atanda ayağımın altından xırda canlılar qaçırdı. Atamdan bunların nə olduğunu soruşanda dedi ki, bunlar çay əqrəblərdir. Əqrəblər çayın içində sürü şəklində hərəkət edirdilər.

- Nə vaxtsa səfər təəssüratlarınızı yazıb kitab çap etmək fikriniz varmı?

- Bu, ən böyük arzularımdan biridir. Hətta "Ağsu çayına səyahət" adlı elmi-publisistik bir kitab yazmışam. Maliyyə məsələlərinə görə nəşr işi yubanıb. Təəssüratlarımı hələlik öz səyahət gündəliyimdə qeyd edirəm.

- Səfər etdiyiniz ölkələrdə harada qalırsınız?

- Mən səyahətlərimi istirahət xarakterli etmirəm. Həmişə araşdırma, tədqiqat məqsədi ilə səyahətə çıxıram. Buna görə də ölkədaxili səyahətlərimdə gecələrimi çöl şəraitində, çadırda keçirirəm.

- Heç düşünürsünüzmü ki, kimsənin görmədiyi yerləri ilk dəfə siz tapmısınız?

- Hərəm çayına səyahət edəndə əsas məqsədim bu çayın mənbəyinə çıxmaq idi. Lakin çayın mənbəyinə yaxınlıqda bir şəlalə kəşf etdim. Bu şəlaləyə çıxmaq olduqca çətindir. Məncə, ora məqsədsiz insan çıxa bilməz. Əvvəlcə burda şəlalənin olub-olmamasını çayın sahilində yerləşən kənd camaatından, yaşlılardan xəbər aldım. Lakin heç kim orada şəlalənin olduğunu demədi. Sonra internet üzərindən o kəndlər, Hərəm çayı və şəlalənin axdığı dağlarla maraqlandım, orda da bu şəlalə haqqında hansısa məlumata rast gəlmədim. Məhz buna görə şəlaləyə "Elsəvər şəlaləsi" adını verdim. Bununla bağlı Koreyada gerçəkləşən beynəlxalq elmi konfransda bir məqalə ilə çıxış etdim. Yutub kanalıma da "Elsevər şəlaləsi" adlı videonu yerləşdirdim.

- Xarici ölkələrdən yalnız Türkiyəyə səfər etmisiniz. Türkiyə səfəri sizə necə təsir bağışladı?

- Deyir, yüz dəfə eşitməkdənsə, bir dəfə gedib görmək lazımdır. Türkiyə səfərimdə bir çox məqamların şahidi oldum. Hara baxsaq, məcsidə rast gəlirik. Məni qürurlandıran ən gözəl hadisə isə Gürcüstan sərhədini keçən kimi Trabzonda bir məscidin olması idi. Orada olduğum bir ay ərzində, İstanbul, Bursa, Çanaqqala, ərazilərində, o yerlərdəki məcsidlərdə oldum. Bosfor boğazında bir tur atdım. O körpülərdən keçmək özü elə başqa bir hissdir. Taksim meydanı, "Qalata kulesi", "Qız qalası" çox gözəl idi. Çanaqqalaya getdiyimiz günü heç unutmuram. Çanaqqala olan yerin ətrafı dənizdir. Dəniz o qədər təmiz idi ki, onun dibini görürdüm. Burada şəhid olanlar içərisində azərbaycanlıların olduğunu görüb böyük bir qürur hissi keçirdim.

- Gələcəklə bağlı hansı planlarınız var?

- Planlarımdan ən əsası ölkəmizin təbiətinin ətraflı öyrənilməsinə həsr olunub. Ölkəmizin coğrafiya elmində böyük dəyişikliklər etmək arzusundayam. Bir səyyah olaraq Allahdan ən böyük arzum işğal altındakı tarixi torpaqlarımızın azad olunmasıdır. O yerlərə səyahət etmək istəyirəm. Laçınımızın, Şuşamızın, digər ərazilərimizin o gözəl mənzərələrini öyrənmək istəyirəm. Ölkəmizin təbiətini öyrəndikdən sonra isə dünyanın ekstrim dolu ərazilərinə səyahət etmək fikrindəyəm. Bu ərazilərə Antarktida, Arktika, dünyada olan palçıq vulkanları və şəlalələrinə səyahət etmək də aiddir.

Günel ABBAS

 





05.08.2020    çap et  çap et