525.Az

Dünya COVİD-19-un ikinci dalğasına qədəm qoyur


 

BMT: COVİD-19 BİR MİLYARD TƏLƏBƏ VƏ MƏKTƏBLİNİN TƏHSİLİNƏ MANE OLUR

Dünya COVİD-19-un ikinci dalğasına qədəm qoyur<b style="color:red"></b>

Ötən ilin dekabrında Çinin Uhan şəhərində meydana gələn və daha sonra bütün dünyaya yayılan koronavirus infeksiyası hələ də təhlükəli silah olaraq qalmaqdadır. Dünyanın ən inkişaf etmiş, ən varlı dövlətləri belə bu virusla mübarizədə hələ ki uğur qazana bilmirlər. Nisbətən uğurlu nəticə əldə etdiyini elan edən dövlətlər, az keçmir ki, yenidən yoluxmaların artması ilə qarşılaşırlar. Virusun peyvəndi də tapılmadığı üçün onun hansı müddətə yoxa çıxacağı barədə heç kim birmənalı proqnoz verə bilmir. Tanınmış professorlar, tibb ictimaiyyəti virusu hələ öyrəndiklərini söyləyirlər.

Koronavirus bütün sahələrə ziyan vurub, ölkələrin iqtisadiyyatını çökdürüb. Təbii ki, təhsil də bu sırada ilk yerlərdən birini tutur.

BMT-nin Baş katibi Antonio Quterres iyulun ortalarına olan məlumatlara istinadən söyləyib ki, koronavirus səbəbilə məktəblərin və universitetlərin bağlanması 160 ölkədə təxminən 1 milyard tələbə və məktəbli üçün  təhsil prosesini tam pozub.

O əlavə edib ki, dünyada ən az 40 milyon uşaq həyati vacib məktəbəqədər təhsildən məhrum edilib. Dərslərin onlayn, radio və televiziya ilə təmin edilməsi səyləri bütün şagirdlərə çatdırıla bilməmişdir. Pandemiyadan əvvəl hətta 250 milyondan çox məktəb yaşlı uşaq məktəbdə oxumaq imkanından məhrum idi və inkişaf etməkdə olan ölkələrdə uşaqların yalnız dörddə biri lazımi əsas bacarıqları alaraq məktəbi bitirib.

Alimlər Böyük Britaniyada daha güclü ikinci COVİD dalğası barədə xəbərdarlıq edirlər. Qeyd edilir ki, Britaniya daha yaxşı sınaq və izləmə sistemi olmadan məktəbləri yenidən açarsa, o zaman qışda orijinal yayılma vəziyyətindən iki qat daha ağır olan ikinci COVİD dalğası ilə qarşılaşacaq. Bu, University College London və London Gigiyena və Tropik Tibb Məktəbinin tədqiqatçıları tərəfindən əldə olunan nəticədir.

Alimlər məktəblərin necə açılacağını - tam və ya yarım-fasiləsiz, habelə həftənin müxtəlif günlərində məktəbə davamiyyətin paylanmasını nəzərə alaraq payız-qış mövsümündə koronavirusun yayılmasının altı fərqli ssenarisini modelləşdirdilər.

"Əgər Böyük Britaniyada məktəblər sentyabr ayında tam işləmə rejiminə keçərsə, 2020-ci ilin dekabrında ikinci böyük dalğaya səbəb olacaq", - ingilis elm adamlarının araşdırmasında deyilir.

Estoniyanın Sağlamlıq Departamenti isə ölkədə koronavirusun ikinci dalğasının başladığını açıqlayıb.

"Səhiyyə Departamentinin qiymətləndirməsinə görə, artıq Estoniyada COVİD-19-la xəstələnmənin ikinci dalğasının başlandığını demək olar", - departamentdən deyiblər.

Gözləntilərə görə, avqustun 6-da hökumət koronavirusla mübarizə tədbirlərini sərtləşdirəcək. Buna qədər Baş Nazir Yuri Ratas bildirmişdir ki, yoluxma səviyyəsi 2,6-ya çatıb, baxmayaraq ki, bir ay əvvəl o, 1,0 idi.

Almaniyada da vəziyyət ürəkaçan deyil. Ölkə koronavirus pandemiyasının ikinci dalğasının başlanğıcındadır. Almaniya Həkimlər Birliyi artıq ölkədə pandemiyanın ikinci dalğasının başladığını elan edib.

"Biz ikinci dalğanın başlanğıcındayıq. Düşünürəm ki, indi nəyin baş verdiyini iki-üç həftədən sonra dəqiq biləcəyik", - deyən mütəxəssislər, bu fasilənin xaricə və ya məzuniyyətə çıxan vətəndaşların geri qayıtması ilə əlaqəli olduğunu söyləyiblər. Onların sözlərinə görə, hər iki amil Almaniyada infeksiyanın yayılma ehtimalını gücləndirir.

Həkimlər əlavə edib ki, məktəbə getmək "gündəlik kütləvi fəaliyyətdir" və təhsil müəssisələrində gigiyena tələblərinə məhəl qoymamaq xəstə sayının artmasına bilavasitə yol açır.

Fransız alimləri isə koronavirusun ikinci bir dalğası ilə qarşılaşacaqlarını istisna etmirlər. Fransa hökumətinin nəzdində fəaliyyət göstərən Fransa Elmi Şurası hesab edir ki, yaxın aylarda ölkə COVİD-19-un ikinci dalğası ilə qarşılaşacaq.

"Epidemiyanın ikinci dalğasının payızda və ya qışda olma ehtimalı yüksəkdir" deyə Le Figaro qəzeti şuranın açıqlamasından sitat gətirib.

Mütəxəssislərin fikrincə, epidemioloji vəziyyətin vaxtaşırı ağırlaşması ilə "Fransadakı vəziyyət nəzarət altındadır, lakin çox kövrəkdir".

Onlar yaxın gələcəkdə epidemiyanın necə inkişaf edəcəyinin daha çox vətəndaşlardan asılı olduğunu qeyd ediblər.

"Worldometers" portalının verdiyi məlumata görə, Fransada COVİD-19 xəstəliyinin başlamasından ötən dövr ərzində 190 mindən çox xəstəlik halı qeydə alınıb, 30 minə yaxın yoluxmuş ölüb.

Bu gün həm bizə uzaq, həm yaxın digər dövlətlərdə də vəziyyət ürəkaçan deyil. ABŞ, Braziliya, İran, Türkiyə, Ukrayna, Qazaxıstan, Özbəkistan, işğalçı Ermənistan və digər bir sıra ölkələr hələ də  yüksək rəqəmlərlə qarşı-qarşıyadır. Statistikanı sabit saxlamaq mümkün deyil. Yoluxma sayı bir müddət azalsa da, yenidən artım meydana gəlir. Ona görə də hələ dünya karantin tədbirləri ilə yaşamağa məcburdur. Bu gün Azərbaycanda nisbətən azalma müşahidə edirik, amma bu tendensiyanın daha da inkişafı öz əlimizdədir. İnsanlar mütləq şəkildə qəbul edilmiş qaydalara, ən əsası maskadan istifadə, sosial məsafə, gigiyenaya əməl etməlidirlər.

PƏRVANƏ

 





06.08.2020    çap et  çap et