525.Az

Distant təhsillə bağlı düşündüklərimizdən


 

Distant təhsillə bağlı düşündüklərimizdən<b style="color:red"></b>

Payızda koronavirusun ikinci dalğasının yayıla biləcəyi ehtimalı böyük olduğundan ali məktəblərdə təhsilin ən azı birinci semestrdə distant formada təşkil olunmasına dair təkliflər var. Ancaq vaxt daralsa da, konkret qərar yoxdur. Bu da qərarverici qurumlarda təhsilin distant formada təşkili ilə bağlı tərəddüdlərin olduğunu göstərir.

Bu baxımdan Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradovun distant təhsilin əhəmiyyətilə bağlı öz "Facebook" səhifəsində paylaşdığı yazısı diqqəti cəlb edir. Yazını təqdim edirik.

İyunun 16-da "Microsoft" şirkətinin vitse-prezidenti Filip Roqla görüşü zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd etmişdir ki, "pandemiya ilə əlaqədar vəziyyət bizi məcbur edir ki, təhsil, distant təhsil məsələlərinə yeni bucaqdan baxaq. Biz sentyabrın 15-dən başlayacaq yeni tədris ilinə hazırlaşmalıyıq. Həmin zaman pandemiya ilə bağlı vəziyyətin necə olacağını bilmirik, məktəb və universitetləri aça biləcəyimizi bilmirik, ona görə də biz ən pis ssenariyə hazırlıqlı olmalıyıq. Əgər problem davam edirsə və getdikcə pisləşirsə, o zaman biz bu barədə düşünməli olacağıq. Lakin indi bu barədə düşünmək lazımdır".

Distant təhsilin bu və ya digər formada və dərəcədə tətbiq edilməsi artıq müzakirə predmeti deyil. Təhsilin pandemiyadan əvvəlki formada bərpası geriyə atılmış bir addım kimi qiymətləndirilməklə yanaşı, həm də arzuolunan deyil. Covid 19-la bağlı vəziyyət normallaşsa belə, təhsilin qarışıq forması əksər mütəxəssislər tərəfindən daha uyğun görünür. Düşünürük ki, bu, ən doğru yanaşmadır.

Distant təhsil baxımından əhəmiyyətli saydığımız bəzi düşüncələrimizi bölüşürük:

1. Distant təhsilin qanunvericilik bazasının yaradılması. Bu prosesin uzun vaxt tələb etdiyini nəzərə alaraq müvəqqəti qaydalar qəbul edilə bilər və yeni təhsil forması olan distant təhsillə bağlı qərarların ən yaxşı təcrübələr əsasında qəbul edilməsinin və bu prosesin operativliyinin həlledici olduğunu nəzərə alaraq distant təhsillə bağlı müvafiq infrastruktura malik olan universitetlərə distant təhsillə bağlı müəyyən dövr üçün sərbəst qərarlar vermək səlahiyyəti verilə bilər.

2. Mövcud vəziyyət nəzərə alınaraq tələbələrə Təhsil kreditlərinin verilməsi məsələsinin həlli xüsusilə aktuallaşmışdır. Bu məsələ mövcud vəsaitlər çərçivəsində həll oluna və təhsil kreditləri üzrə faizin subsidiyalaşdırılması məsələsinə baxıla bilər.

3. Distant təhsil Kütləvi Açıq Online Kursların (MOOC) universitetlərin tədris sisteminə inteqrasiyasını qaçılmaz etməklə bunu həm də daha asan edir. Bununla bağlı bütün məsələlərə aydınlıq gətirilməlidir. Əks təqdirdə ölkə universitetlərində ciddi problemlər qaçılmaz görünür.

4. Bununla yanaşı, nüfuzlu xarici universitetlələ ikili diplom proqramlarının distant formada təşkili asanlaşır. Bununla bağlı müvafiq problemlər həllini tapmalıdır.

5. Növbəti tədris ilindən dərslərin hansı formada təşkil ediləcəyi məsələsinə ən qısa vaxda aydınlıq gətirilməlidir. Növbəti dərs ilinə hazırlıq baxımından bu, çox vacibdir. Məlumdur ki, artıq Harvard universiteti növbəti tədris ilinin bütövlükdə, Cambridge və Massachusetts universitetləri isə növbəti tədris ilinin ilk semestrinin distant olacağına dair qərar vermişdir.

6. Distant təhsil baxımdan çox vacib olan Universitetlərarası Elektron kitabxana şəbəkəsinin yaradılması lazımdır.

7. Distant təhsilə rəsmi qəbul həyata keçirmək üçün vaxt itirmək arzuolunan deyil. Bu, hazırkı vəziyyətdə distant təhsillə bağlı pilot layihəyə ehtiyac qalmadığı üçün keyfiyyətli distant təhsil modeli qurulması baxımından önəmlidir.

8. Distant təhsilin bərabərsizliyi gücləndirə biləcəyi diqqətdə saxlanmalı və zəruri önləyici addımlar atılmalıdır.

9. Distant təhsilə keçid həm də işlərin uzaqdan, online təşkil edilməsini tələb edir. Ona görə də, online, elektron formada verilən sənədlərin müvafiq təşkilatlar tərəfindən qəbul edilməsi məsələsinin həlli tələb olunur.

 





06.08.2020    çap et  çap et