525.Az

Biləcəridən o tərəfin dili - Sorğu


 

GƏNC YAZARLAR KİTABLARININ HANSI ƏCNƏBİ DİLLƏRDƏ ÇAP OLUNMASINI İSTƏYİRLƏR?

Biləcəridən o tərəfin dili - <b style="color:red">Sorğu </b>

Yazdığı əsərin ilk dəfə ana dilində çap olunması yəqin ki, hər yazıçının arzusudur. Lakin yaradıcı insan üçün sərhəd və məhdudiyyət yoxdur.

Bu mənada, yazıçının da yazdıqlarını təkcə öz ölkəsinin insanlarına çatdırmaqla kifayətlənməməsi, yer kürəsinin hər tərəfində oxunmağı qarşısına məqsəd qoyması təbiidir. Amma bütün kainatla danışa bilmək üçün ya hər kəsin ortaq bir dili olmalıdır, ya da hər kəslə öz dilində danışmalısan. Maraqlıdır, gənc şair və yazıçılarımız əsərlərinin doğma Azərbaycan

dilindən sonra ilk olaraq hansı dildə oxunmasını, kitablarına insanların məhz o dildə səyahət etməsini arzulayarlar? 

Şair Qismət: "Azərbaycan futbolu mövcud olmayan gündəliyə inanır"

Qismət Rüstəmov:

- Əlbəttə, ingilis dilinə. Qrotesk bir ifadədə deyildiyi kimi, çünki indi dünya mədəniyyətinin ana dili ingilis dilidir. Daha böyük düşüncə arealında özünü sınamaq istəyən hamı ingilis dilinə can atır.

Şahanə Müşfiq:

525-ci Qəzet - "Dünyanın axırı"na bir nəzər - Şahanə Müşfiq yazır

- Hər zaman Türkiyədə kitabımın çap olunmasını arzulamışam. Çünki Türkiyəni Azərbaycandan sonra ikinci ölkəm bilirəm. Orda çox rahatam, dilini, insanlarını, hər şeyini çox sevirəm. Hələ səfər etməzdən öncə Türkiyə mənimçün çox maraqlı və doğma ölkə idi. Gedəndən və onlarla türkiyəli dosta sahib olandan sonra isə bu ölkə mənə daha da doğmalaşdı. Ona görə də necə ki Azərbaycanda kitabımın çıxmasını arzulamışam, eləcə də Türkiyədə kitabımın çap olunmasını istəmişəm. Şükür ki, bu arzuma da yetmişəm. 2018-ci ildə "Şahanənin nağılı" şeir kitabım Azərbaycanda çap olunandan sonra bu ilin fevralında "Şahanenin masalı" adı ilə Türkiyədə də işıq üzü gördü. Ümumtürk ədəbiyyatının, xüsusən Azərbaycan ədəbiyyatının dostu, təbliğatçısı Avrasiya Yazarlar Birliyinin xətti ilə çap olunan kitabda "Şahanənin nağılı"ndakı şeirlərin tərcüməsiylə bərabər, sırf Türkiyə türkcəsində yazdığım şeirlər də vardı. O şeirlərin bəziləri kitabdan öncə "Kardeş kalemler" və digər dərgilərdə çap olunmuş və maraqla qarşılanmışdı. Sonradan kitabıma da daxil etdik. "Bengü" nəşriyyatında işıq üzü görən kitabı Türkiyə türkcəsinə yazıçı Ülkü Taşlıova uyğunlaşdırmış və ön söz yazmışdı. Başda Avrasiya Yazarlar Birliyinin  rəhbəri Yaqub Öməroğlu olmaqla o kitabda zəhməti olan hər kəsə təşəkkür edirəm. Mənim xəyalımı gerçəkləşdirdilər. Əlbəttə, bu, son deyil. Türkiyədə yenə də kitablar çıxarmaq istəyirəm. Ondan başqa, kitabımın farsca da çap olunmasını arzulayıram. Hər şeydən öncə Təbrizdə kitabımın işıq üzü görməsi də ən böyük xəyallarım arasındadır. Əlbəttə, səsimizin daha böyük auditoriyaya çatması üçün rusca, ingiliscə də kitablar çap etmək istərik. Ümid edirəm və inanıram ki, zamanla bunların hamısı olacaq.

Sahilə İbrahimova:

Azadlıq mənim üçün müqəddəsdir..." - Sahilə İbrahimova ilə ...

- Təbii ki, daha çox oxucuya çatmaq üçün ingilis dili. Həm də ingilis dilini sevirəm. Özüm də müəyyən qədər ingilis dilini bildiyimdən redaktə prosesində iştirak edə bilərəm.

Cavid Zeynallı:

Səndəmi, Karvanbaşı? - Cavid Zeynallı | Edebiyyatqazeti.az

- Rus dilində hekayələr kitabımın çıxmağını çox istərdim. Bunun üçün artıq müəyyən planlar qururam. Növbəti ildən hər ay bir-iki hekayəmi rus dilinə tərcümə etdirəcəm. Daha sonra isə kitabın çapını reallaşdırmaq olar. Əslində, buna çoxdan başlamalıydım. Amma indiyə qalıbsa, yenə gec deyil. Rus dili bizim bütün dillərə çıxış nöqtəmizdir. Burda vacib olan məsələlərdən biri də, tutalım, ingilis, fransız, ispan, alman dillərinə keyfiyyətli tərcüməçi tapmaqdır. Bu dillərə yaxşı tərcümə məhz rus dili vasitəsi ilə mümkündür. Söhbət azərbaycanlı tərcüməçinin peşəkarlığına kölgə salmaqdan getmir. Dil daşıyıcısı mətnə mütləq əl gəzdirməlidir. Yoxsa, Azərbaycan dilində yazılan çox gözəl hekayə səkkizinci sinif şagirdinin yazdığı inşa səviyyəsində ola bilər.

Türkan Turan:

525-ci Qəzet - Qadın ürəyi - Türkan Turan yazır

- Təbii ki, ingilis dili. Çünki ingilis dili beynəlxalq dildir. Bu dildə çap edilən kitab müxtəlif ölkələrdə oxunma avantajına sahibdir. Hətta deyərdim ki, əgər keyfiyyətli yazılıbsa, önü açıqdır, irəli getdikcə gedəcək. Ədəbiyyat turizmin bir qolu kimidir. Oxucu bu kitabı əlinə aldığı zaman yazıldığı ölkəni səyahət etmiş kimi olur. Əgər kitabın təsiri çox güclüdürsə, oxucu tezliklə həmin ölkəni ziyarət etməyə can atır. Ən azından beynində canlandırır, xəyallar qurur. Doğrudur, ikinci kitabımı, şərtlər belə tələb etdiyi üçün, türkcə yazmışam. Amma planda kitabın ikinci dil olaraq ingiliscə çapı nəzərdə tutulub. Əsərin bir dildə yazılması onun məhdudluğu deməkdir. Bu kitabların qət etdiyi yol nəşriyyatdan kitab rəflərinə qədər olur.

Bir qadın tanıyasan - Cavid QƏDİR yazır | Faktor.az

Cavid Qədir:

- İlk olaraq, əlbəttə, türk dilində çap olunmasını istərdim. Əksər azərbaycanlı kimi, mənə də doğma olan Türkiyəni Əziz Nesin, Əhməd Həmdi Tanpınar, Yaşar Kamal, Nazim Hikmət, Səbahəddin Əli, Orxan Pamuk, eləcə də digər nəhənglərin əsərlərindən tanıyıb sevmişəm, İstanbulun arxa küçələrini "Qara kitab"la dolaşmış, dalanlarını əzbərləmişəm. Daha sonra Türkiyəyə gedəndə elə bu səbəbdən qətiyyən yadlıq hiss etmədim. Başqa ölkədə, başqa mühitdə, başqa qaydaların hökm sürdüyü yerdə olduğumun fərqinə də varmadım. Uşaqlıqdan Türkiyə fimləri, proqramları, əsərləri ilə böyümüşük. Bəlkə də Bakıdakı özündən deyən kitab evində mənim kitabxanamdakı qədər Əziz Nesinin kitabı yoxdur. Türk dilindən tərcümələr etdiyimdən davamlı şəkildə Türkiyə ədəbiyyatını, sosial-siyasi həyatını izləməyə çalışıram. Ona görə də oranı özümə bir növ ikinci vətən hesab edirəm. Üstəlik, yaxın mədəni, ədəbi cərəyanların, zövqlərin hökm sürdüyü, həm də Azərbaycandan 10 qat daha böyük bir yerdə özünü sınamaq, kitab industriyasının bizdən dəfələrlə irəlidə olduğu mühitə atılmaq yazıçı üçün, ümumiyyətlə, özünütəsdiq baxımından göydəndüşmə ola bilər.

Kölgə / Nərgiz İsmayılova (Nargis) (ESSE) - یئنی قاپې Yeni Qapı

Nargis:

- Kitablarım artıq bir neçə dildə çap olunub. Amma fransız dilində, Fransada çap olunmasını istəyirəm. Ona görə ki, bəzi əsərlərimdə Fransa dini-mifolojik, tarixi, magik mühitindən bəhs olunub. Fransız dili ruhumda tam başqa əhval-ruhiyyə yarada bilir. Əsərlərimi onların tələffüzündə eşitmək maraqlı olardı.

Əgər qadını öpə, hər yerinə toxuna bilirsənsə… -

Ömər Xəyyam:

- Əlbəttə, əsərlərinin başqa dillərə çevrilməsi bir yazıçıdan ötrü ciddi məsələdir. Hekayələrim indiki halda hansı dilə tərcümə olunsa, mənim üçün motivasiyadır, fəqət daha çox oxucuya çatması üçün rus və ingilis dilinə tərcümə olunmaq istəyərəm.

525-ci Qəzet - Günəşə gedən qatar - Vüsal Nuru

Vüsal Nuru:

- Son günlərdə çap olunmuş "Qaraqaşlı" kitabım Türkiyə türkcəsinə tərcümə olunub. Hazırda "Zəngin" nəşriyyatındadır. Amma bu romanım öncə rus dilinə tərcümə olunub, Rusiyada çap olunmasını daha çox arzu edirdim. Müəyyən səbəblərdən alınmadı. Təəssüf edirəm. Roman Qarabağ müharibəsindən bəhs edir. Orda elə siyasi məsələlər var ki, bu günə qədər hər yerdə açılıb, danışılmayıb. Bu roman bir növ Qarabağ müharibəsinin "qara qutu"sudur. İstərdim ki, bu "qara qutu"nun içindəki informasiyanı Rusiya və rusdilli erməni oxucuları da bilsin. Yəqin ki, gec-tez biləcək də. Mən demirəm, romanım rus dilinə tərcümə edilib çap olunan kimi Rusiyada bestseller olacaq. Bunu ancaq yuxuda görmək olar. Amma Rusiyada müəyyən ünvanlara, şəxslərə hədiyyə göndərməyi düşünmüşük. Bu baxımdan romanın rus dilinə tərcüməsi mənim üçün qarşıma qoyduğum əsas hədəfdir.

Aytac ASLAN

 





06.08.2020    çap et  çap et