525.Az

Leylidən Təhminəyə... - Anarın məşhur romanı üzərində lirik gəzişmələr


 

Leylidən Təhminəyə... - <b style="color:red">Anarın məşhur romanı üzərində lirik gəzişmələr</b>

Nizaminin Leylisindən Füzulinin Leylisinə qədər düz dörd yüz il vaxt gəlib keçdi. Elə bir o qədər də vaxt Füzulinin Leylisindən Anarın Təhminəsinə qədər gəldi keçdi. Bu leylilərdən Təhminəyə qədər isə Azərbaycan ədəbiyyatında sonsuz sayda almaslar, sevillər, firuzələr, rüxsarələr ("Saçlı"), səriyyələr ("Körpüsalanlar") və digər obrazlar olub.

Məncə, Leylidən başlanan bu uzun yol Təhminədə gəlib dayandı. Təhminənin qoyduğu bu sərhədi keçə bilmədi, adlaya bilmədi. Son sözü hələ ki, Təhminə deyib. Və bu uzun yola bir şlaqbaum qoyub. Əlbəttə, bu sözlərimlə mən heç kimi heç kimlə qarşı-qarşıya qoyub, müqayisə etmirəm. Bu, sadəcə olaraq ədəbiyyatımızdakı qadın obrazlarını, adi bir xatırlamadır. Məncə, müasir dövrümüzdə də, elə qırx il əvvəldən bəri bu əsəri oxuyan bəzi qadınlar ürəyində Təhminə olmaq, Təhminəyə bənzəmək istəyirlər. Amma bunu bildirmir, dilinə gətirmirlər. Əksinə, Təhminəni müzakirə edəndə, nədənsə ağız büzüb, fahişə adlandırırlar. Bunu dəfələrlə, əsər yazılıb oxucuların təqdimatına verilən gündən ta bu günə kimi, müşahidə etmişəm. Amma roman və povestlərdən kənar bir reallığa çıxdıqda görürük ki, heç bir qadın nə Rüxsarə kimi əlinə tüfəng alıb kimlərləsə mübarizə etmək arzusunda olub, nə Sevil kimi fabrikdə işləmək, nə də əri mühəndis ola-ola adi bir buldozerçiyə vurulan Səriyyə olmaq istəyib. Ola bilsin mənim bu sözlərimə irad tutub desinlər ki, o dövr başqa idi, bu dövr başqa. Məncə, yenə də məncə, heç bir qadın öz dövründən və düşdüyü mühitdən asılı olmayaraq Leylidən tutmuş digər ədəbi qadın qəhrəmanlara qədər heç kimə qibtə edib, onların yerində olmaq istəməyib. Və yenə, məncə, kişi nə ağzında dili olmayan Leylini sevə bilər, nə də hamıyla dil-dil ötən, kişilərə kişilik dərsi keçmək istəyən "siyasətçi" qadınları. Məncə, bütün kişilərə öz həyatının altıncı mərtəbəsi, yəni Təhminə lazımdır. 

Bütün kişilər Təhminəni sevirlər. Amma bunu dillərinə gətirib deyə bilmirlər. Az-çox özündə cəsarət tapıb bunu deyənlərə isə, o biri kişilər lağ edir. Əslində isə qibtə edib, həsəd aparırlar. Bunun dəfələrlə şahidi olmuşam. Təhminə başqa bir dünya, yeni, fərqli bir həyatdır. Heç kim bu dünyadan ayrılmaq istəmir. Bu gözəl dünyadan, ayrılmaq çətindir. Amma sonda istər-istəməz ayrılmalı olursan. Bu, çox şirin, cəlbedici, qalmaqallı, problemli, müsibətli, mənalı, maraqlı bir həyat, xoş bir dünyadır. Və hər bir kişiyə də bu cür əzablı, məşəqqətli, dərdi, əzabı gözəl olan, ləzzətlə yanıb kül olmaq, həsrətlə qovrulmaq qismət olmur. Bu, nadir bir xoşbəxtlikdir. Xoşbəxtliyin qıt olduğu bu dünyada bu dərd, bu əzab böyük bir səadətdir.

Amma belə bir səadəti təəssüf ki, sonacan yaşaya bilmirlər. Bu cür məstedici, şirin, əzablı həyata əli çatanlar ətrafın rişxəndindən çəkinərək bu dünyadan, Təhminəli həyatdan geri dönürlər. Əgər "həyat hər bir insana cəmisi bircə dəfə verilirsə" fikrini əsas götürsək və buna inansaq, onda deməli, bu maraqlı, əzablı həyatdan daha sənə verilməyəcək. Onda nail olduğunun qədrini bilməlisən. Bəs, bunu bilə-bilə niyə geri dönürlər? İctimai rəy məcbur edir? Dəfələrlə görmüşəm ki, belə məsələlərdə, təhminələr daha dözümlü, daha cəsarətli, iradəli olurlar. Onları heç bir tənə, ictimai rəy maraqlandırmır. Amma hər hansı bir kişi, ömrünün hər hansı bir dövründə bu ikinci həyata, arzusunda olduğu real həyatdan kənar, ikinci dünyaya, daha dəqiq desək, Təhminəyə gəlib çatırsa, ona nail olursa, bəs niyə bunu axıra qədər yaşaya bilmir? Bu şirin əzaba, bu gözəl dərdə, bu mənalı ağrıya, məşəqqətli həyata sonacan dözə bilmir? Hər kişi (istisnalar ola bilər) Zaur kimi üç-dörd ay bu əzablı-dərdli, gözəl və cazibədar həyatı yaşayıb sonra bezir. Tənədən, rişxənddən, ən başlıcası qısqanclıqdan bezir və geri çəkilir.

Bəziləri isə... iyirmi il bu həyatı yaşayıb, özünü bu həyatdan bezmiş kimi göstərib, geriyə dönüb, peşman olurlar. Eqoistcəsinə, öz həyatını düşünərək Təhminənin sonrakı, onsuz həyatını düşünmürlər. Təhminə keçmişdə qalır. Keçmişə - Təhminəli həyata vida demək isə fərarilikdir (Ən azından ona görə ki, Təhminə təkdir və onun gecə həyatı dəhşətdir, çətindir, qorxuludur. O, yalqızdır. Təhminə tənhalığını heç kimlə bölüşmür. Sevmədiyi adamla nə zamansa bir neçə il bir damın altında yaşamaq müsibətdən də müsibətdir).

Əlbəttə, Təhminəli həyat əzablıdır, zülmdür. Qısqanclıq səni içərdən qurd kimi gəmirir, məhv edir, gecəni-gündüzünü əlindən alır, amma... gözəl həyatdır, sevimlidir. Ağırdır, məşəqqətlidir. Amma qəmli-kədərli də deyil. Narahatlıq var. Rahatlıq yoxdur. Birinci həyat isə, yəni ailəli həyat asudəlikdir. Burada narahatlıq, temp, çılğınlıq yoxdur. Burada ancaq məsuliyyət və qayğı var. Əgər bunu musiqi dilinə tərcümə etsək, ailə həyatı, yəni birinci həyat yüngül bir vals, ikinci həyat isə çılğın ritmli bir tanqodur. Tanqoda qəribə bir ehtiras var. Valsda isə asudəlik, arxayınçılıq... Bu arxayınlıq və asudəliyin içində isə mənasız, dibi görünməyən, nəhayətsiz bir boşluq, monotonluq var. Əsərin digər qəhrəmanı olan Nemətin həyatı kimi, günləri saymaq, istəmədən işə gedib-gəlmək, istəmədiyin bir işlə məşğul olmaqdır.

Təhminə isə elə bir həyatdır ki, hətta heç nəyə cəsarəti çatmayan Nemət belə, heç nədən çəkinmədən gecə saat dörddə durub, Təhminəyə zəng edib deyir ki, həyat onu boğur, sıxır. Dərdini danışır. Təhminə ona ürək-dirək verir, Nemət yüngülləşir.

Birinci həyatda xoşbəxtlikdən, heç bir dərd, ağrı olmadığı kimi, bədbəxtlikdən heç bir sevinc də yoxdur. Əgər varsa da, bu, süni bir sevincdir. Əsl sevinc deyil. Əsl sevinc təhminələrdə qalıb. Bu birinci həyatda hər şeylə barışmaq və ömrü birtəhər başa vurmaq məcburiyyəti var. Və sən buna məhkumsan.

Əlbəttə, ilk növbədə "ictimai rəy" nəzərə alınmalıdır (elə bütün bəlalar da ictimai rəyin nəzərə alınmağındadır).

Bu ikinci həyatdan birinci həyata dönüşün müxtəlif, dolanbac yollarında keçmiş haqqında düşünmək və bir an belə səni rahat buraxmayan, unudulması mümkün olmayan, ikinci həyata boylanıb köks ötürmək, qəribsəmək və dərin peşmançılıq hissi də var ki, hər kişi buna asanlıqla tab gətirə, dözə bilmir. Əlbəttə, Təhminəli həyat dediyim kimi, çətindir, ağırdır. Və bu ikinci həyata qədəm qoyan hər hansı bir kişi, elə ilk günlərdən sevinc qarışıq peşmançılıq hissi ilə, sonra öz-özünə bəraətlə, daha sonra isə qısqanclıqla üzləşir. İkinci həyatla müvəqqəti olaraq bir neçə günlük ayrılıb birinci həyata dönüşdə isə, dərhal xiffətlə, qüssə ilə üzləşirsən. Və yenidən geriyə - ikinci həyatına qayıdırsan və başa düşürsən ki, ikinci həyat, elə həyatın özüdür.

Qüssə xiffətdən, həsrətdən doğan bir hissdir. Yol ayrıcında, əzabla kədərin, zülmlə qəmin astanasında durub özünə yol seçə bilmirsən. Yol özü seçir. Bu dolanbac yollarda yol işarəsi yoxdur, heç bir zaman da olmayacaq. Elə bu yolun gözəlliyi də ondadır.

Burada heç zaman-məkan anlayışı da yoxdur. Təsadüf və zərurət var. Bu yolla gedən kişilər tez-tez qəzaya uğrayır. Elə belə də ömürlərini başa vururlar.

Təhminəni isə hamı - yaşından və mövqeyindən asılı olmayaraq sevib, sevir və gələcəkdə də sevəcək. Çünki müəllif Təhminəni hər hansı bir plakatdan kənar, reklam və şüarlardan uzaq, heç bir ictimai, siyasi formasiyaların məhsulu olmayan real həyatdan götürüb, olduğu kimi görünməyən, göründüyü kimi olmayan bir obraz yaradıb. Müəllif Təhminəni elə yaradıb ki, Təhminəni görənlər bir yana qalsın, görməyənlər belə ona dəli kimi vurulub. Bəli... Təhminə gözəldir, yaraşıqlıdır, savadlıdır, erudisiyalıdır, mütaliəlidir, zövqlüdür, öz danışığı, söhbəti ilə bütün kişiləri özünə məftun etməyi bacarır. Qadınların ən müsbət cəhətləri Təhminədə toplanıb.

Məncə, əksər qadınlar qəlbində Təhminəyə bənzəmək istəyir. Amma heç bir kişi Zaura bənzəmək istəmir. Əlbəttə, müəllif bildirməsə də, əsərdə elə Zaurun da paxıllığını çəkənlər var - Zaurun qüvvətli atası, üçotaqlı mənzili, "Volqa" avtomaşını, nəşriyyatda işi və gələcəkdə də dissertasiya yazmaq planı. Bunlar çox gözəl. Zaurun özündə isə heç bir hərəkət, təpər yoxdur. Belə bir kişini Təhminə kimi qadın necə sevib? Məncə, Təhminə bir qədər də dirəniş göstərsəydi, Zaur onunla evlənərdi. Təhminə özü bunu istəməyib. Amma Spartaka belə bir dirəniş göstərmək olmazdı. Spartak özü dirəniş göstərənlərdən idi. Təhminə Spartakı seçsəydi, Spartak onunla evlənsəydi, belə bir sərbəstliyi Spartak ona verməyəcəkdi.

Təhminə kimi bir qadına çatmaq hər bir kişinin gizlin arzusu olub və olacaq. Amma heç bir kişi bu istəyə Zaur kimi nail olmaq istəmir. Zaur kimi Təhminəyə çatmaq istəmir. Çünki Təhminə Zauru, Zaurik etməyi bacarmışdı. Amma Spartakı Spartakçik edə bilməzdi. Zaur da Zaurik sözünə heç bir etiraz etmirdi. Hətta bir dəfə Təhminə ona restoranda Zaur deyəndə o, bu sözdən şəkkə düşmüşdü ki, Təhminə niyə ona Zaurik demədi.

Bütün bunlara baxmayaraq, istər-istəməz hər hansı bir kişi özündə azacıq da olsun Zaurluq görür. Zaurun əlamətlərini görür. Və bunu hamıdan gizlətməyə çalışır. Heç bir kişi bunu dilinə gətirmək istəmir. Zaur olmaq istəmir. Hamı Spartak olmaq istəyir. Bir az yaşa dolduqda isə dünyanın hər üzünə bələd olan Muxtarlaşmaq istəyir.

Zaur ürək ağrısı ilə başa düşür və anlayır ki, o, müdrik, istedadlı, yaşından qat-qat artıq yaşamış və insanlar haqqında hər şeyi bilən, içində boğulmuş təsiri bağışlayan Muxtar deyil. Heç həmyaşıdı, zamanın nəbzini əla tutmağa bacaran, daşdan da pul çıxarmağın fəndini bilən Spartak da deyil. Çox-çox sonralar isə başa düşür ki, heç bəyənmədiyi Dadaş da deyil. O, bütün imtiyaz və imkanlarına, "Volqa" maşınına və üçotaqlı kooperativ mənzilinə baxmayaraq, həyatının son illərində xatirələr istisinə qızınıb, həmişə ağız büzüb yan qaçdığı Məmmədnəsirə çevrilir.

Yazıçı Məmmədnəsir obrazını elə-belə yaratmayıb. Xüsusi bir ustalıqla Zauru nəşriyyatdan geoloji ekspedisiyaya, geoloji ekspedisiyadan nazirin referenti, nazirin referentliyindən digər yerlərə göndərib yenidən nəşriyyata qaytarır. Və bununla kimlərə isə başa salır ki, Təhminə sizin həyatınız olub, sizi siz edən elə Təhminə olub. Zauru da başa salır ki, sən Təhminəsiz Məmmədnəsirsən. Məncə, Məmmədnəsir elə Zaurun öz qocalığı idi.

O da məlum olur ki, əsərdə yazılan bütün kişi obrazları - "neudaçnik" Nemətdən tutmuş, xəbis və eyni zamanda, müdrik olan Dadaşa qədər hamı Təhminənin həsrətindədir.

Əsərdə çox az yer ayrılmış üç kişi obrazı da var ki, bunlar bir-birlərindən son dərəcə fərqlidirlər. Bunlar hər üçü müxtəlif sahələrin adamlarıdır. Bəlkə də üçü bir yerdə olsa, heç söhbətləri də tutmaz. Bunlar bir-biriləri ilə heç tanış da deyillər. Məncə, bunlar Təhminə xəstəxanada yatarkən bir-biriləri ilə tanış olublar. Dərd bu üç kişini birləşdirir. Bunlardan biri vaxtı ilə Təhminənin qanuni əri olan Manaf, ikincisi, adamın hər bir işinə yarayan bacarıqlı Spartak, üçüncüsü Təhminənin ən yaxın, köhnə, pis və yaxşı gününün dostu, televiziya rejissoru Muxtar Məhərrəmovdur. Hər üçü Təhminəyə dəli kimi vurğundur. Müəllif bunu ötəri bildirsə və yaxud heç bildirməsə də, oxucu qırx ildən artıqdır ki, bu müasir Leyli Məcnunu oxuyub, həmişə müasir qalan bu sevgidən dəhşətə gəlir. Və bəlkə də başını itirir.

Bu nə sirridir sirri eşqin demədən
bir kimsəyə
Şəhrə düşmüş mən səni sevdim deyən
avazələr

Füzuli

Manaf vaxtı ilə Təhminənin qanuni əri olub. Təhminədən ötrü dəli-divanədir. Təhminənin Məcnunudur. Amma bu bədbəxt neyləsin ki, Təhminə ilə bir neçə illik evlilik həyatında nəinki heç bir gün, heç bir saat belə Təhminəyə sahib ola bilməyib. Təhminəyə özünü sevdirə bilməyib. Təhminədən həmişə soyuqluq - biganəlik görüb. Bədbəxt Manaf Təhminəni elə ifrat dərəcədə sevir ki, onun yanında olanda özünəinamını itirir. Elə Təhminənin də ona qarşı olan bu soyuqluğu Manafı özgə qadınların - Zoyanın, nə bilim daha kimlərin qucağına itələyir. Təhminə ona "biz boşanmalıyıq" sözünü deyəndə bu biçarə Manaf az qala özündən gedəcəkdi. O, başa düşür ki, Təhminəsiz həyat dəhşətdir, gecəsi-gündüzü olmayacaq, xiffət, həsrət onu boğacaq.

Spartak da Təhminəyə dəli kimi vurğundur, məftundur. Amma sevgisini, məhəbbətini gizlədə bilir. Başa düşür ki, o, Təhminəyə nəyə görə lazımdır. Həm də ortada Zaur var. Spartak ağıllı adamdır. O, anlayır ki, Təhminə onunla heç zaman gizli görüşlərə razı olmayacaq. Çünki Təhminə ona ciddi bir adam kimi baxmır.

Muxtar yaşlıdır. Təhminəni də çoxdan tanıyır. Muxtar da Təhminəyə vurğundur. Onun üstündə əsir, amma yaşını nəzərə alıb heç zaman Təhminəyə eşq elan etməyib. Bilə-bilə ki, Təhminə Manafı sevmir və heç bir zaman da sevməyib, ona heç vaxt deməmişdi ki, Manafdan boşan gəl evlənək. Muxtar ciddi və dünyanın hər üzünə bələd olan bir adamdır. Dərdlidir, kədərlidir. Amma nəyə görə? Bunu müəllif demir. Onun keçmiş həyatından danışmır. Muxtar müdrik və kədərlidir. Hər gün işdə - televiziyada Təhminəni görməklə kifayətlənir. "Bu, mənə bəsdir" - deyir ("İllərlə səni görməyə bilərəm, təki bilim ki, sən sağsan, yaşayırsan").

Və... birdən-birə Təhminə iyirmi günün içində ölür.

Serroz, qara ciyəri... yandı getdi. Həyat dayandı, vaxt dondu. Zaman və məkan anlayışı itdi. Təhminə xəstəxanada yatarkən Manaf gecə-gündüz onun başının üstündən əskik olmurdu. Ayrı yaşamalarına baxmayaraq, ürək ağrısı ilə başa düşürdü ki, Təhminəsiz həyat onun üçün boş olacaq, mənasız olacaq. Muxtar xəstəxanadan çıxmırdı. O da başa düşürdü ki, Təhminə beş-on günün qonağıdır bu dünyada. Bu fikirlərlə barışmaq istəmir, Təhminənin yanından əl çəkmirdi. Bilirdi ki, Təhminəni hər gün işdə görməmək onun üçün dəhşətdir. Buna dözmək çətindir.

Spartak istənilən dərmanı yerin deşiyindən tapırdı. Şəhərin ən məşhur həkimlərini Təhminə yatan xəstəxanaya aparıb gətirirdi. Əlindən gələni edirdi. Təki Təhminə onu tək qoymasın. Onun üçün də Təhminəsiz həyat yoxdur, hər şey mənasızdır, hər şey alt-üst olacaq. Hərçənd indiyə kimi Spartakın fikri-zikri gününü xoş keçirmək və qadınları qalstuk kimi dəyişmək olub, amma başa düşür ki, yox, Təhminə qalstuk kimi dəyişiləsi qadınlardan deyil.

Bəli, hər şey alt-üst olur. Məncə, Manaf ömrünün axırına qədər evlənmir. Nə Zoya ilə, nə digərləri ilə. Bu dünyada onun üçün Təhminəni əvəz edə biləcək başqa qadın yox idi.

Mən hər dəfə müəllifi ya küçədə, ya da onun iş yerində görəndə istəyirəm soruşum: "Anar müəllim, Manaf Təhminədən sonra evləndi, ya yox?" Bilirəm ki, mənasız sualdır. Ona görə də soruşmuram.

Həmişə hər yerdə qazdan da ayıq olan, daşdan da pul çıxarmağı bacaran Spartak Təhminə öləndən sonra özünü itirir, çaşır. O, dövrün ən ağır cinayəti sayılan valyuta məsələlərində ilişir. Həbs olunur. Nə baş verir axı? O, niyə özünü belə itirir? Axı, o, belə məsələlərdə usta idi. Çünki Spartak üçün də hər bir şey öz mənasını itirmişdi. Həyat onun üçün boşalmışdı. Nə olacaqsa, qoy olsun. Onun həyatını maraqlı və mənalı edən elə Təhminə idi. Onu şax saxlayan elə Təhminə idi. Yəqin ki, düşünürmüş ki, əşşi, nəyimə lazımdır Təhminəsiz həyat. Həbsdən sonra bilmirəm Spartak evlənir, ya yox. Müəllif bunu da demir. Amma güman etmirəm ki, o da evlənsin. Hər şey Təhminə ilə bitmişdi.

Muxtar isə əsərin ən fəcih obrazıdır. Təhminə olmayan şəhərdə yaşamaq istəmir. Havası çatmır, sanki boğulur. Həmişə hər arzularını içində boğan, daha doğrusu, boğmağı bacaran Muxtar Təhminə ölən ili Moskvaya köçür. Orada işləri yaxşı gətirməsinə baxmayaraq, Moskvada qərar tuta bilmir. Təhminə ilə bağlı xatirələri onu Bakıya çəkir. Mən dəqiq əminəm ki, Moskvada yaşadığı müddət ərzində bəlkə də, heç bir dəqiqə də olsun, Təhminə onun yadından çıxmayıb. Ən xoş dəqiqələrində belə Təhminə onun gözlərinin qarşısından çəkilməyib. Muxtar Bakıya qayıdır. Və avtomobil qəzasında həlak olur.

Əslində, bunların hamısının həyatı elə Təhminə ölən günü bitmişdi!

Əsərdə bir qəhrəman da var - Nemət. Bu, bayaq yuxarıda adını çəkdiyim Nemətdir. Biz bu adamı çoxdan, lap çoxdan, hələ "Ağ liman"dan tanıyırıq. Öz sözünü heç zaman heç kəsə deyə bilməyən, içinə qapılmış, öz içində boğulmuş, amma hər şeyi başa düşən, anlayan, sabahlarından heç bir möcüzə gözləməyən, həyatda sevinc axtarmayan, monoton həyat yaşayan Nemət.

Müəllif Nemətin hər şeyi başa düşən, anlayan adam olduğunu tək bir cümlə ilə bildirir. Özü də çox gözəl təsvirlə. "Süfrə arxasında oturmuşdular. Və birdən Zaur öz sifətinə zillənən zənli, kədərli baxışları duydu. Nemətin baxışları idi bu, həsrət dolu baxışlar. Onların gözləri toqquşdu və Zaur bildi ki, bütün burda iştirak edənlərdən, yalnız tək bir Nemət hər şeyi və o cümlədən, Zaurun halını həqiqi mənada olduğu kimi başa düşür. Hər şeyi, hər şeyi başa düşür. Zaurun halını da, Zaurun qərarını da, bu qərara gəlməyə onu vadar edən səbəbləri də və gələcəkdə onu, Zauru gözləyən nəticələri də". Bütün bu baxışları ilə Nemət sanki deyirdi, çığırırdı - "ay Zaur, sən bir gör nə etdin? Özünü məhv etmə". Zaur öz əli ilə öz dünyasını dağıtdı (Məgər öz dünyasını dağıdan elə təkcə Zaurdu? Zaurluq ucbatından o qədər belə dünyalar dağılıb ki...). Zaur bir də heç bir zaman altıncı mərtəbəyə qalxa bilməyəcək. Zaur üçün artıq altıncı mərtəbə yoxdur. Və bu, bir faktdır ki, Təhminəli həyatdan dönənlər eyni aqibəti yaşayır.

Bir məsələ olduqca maraqlıdır. Bəs Zaur? Zaur Təhminəni sevirdi, yoxsa yox? Məncə, yox. Zaurda Təhminəyə qarşı güclü bir maraq olub. Bu maraq Zaurda keçəri bir hiss idi. Ötəri bir maraq idi. Yaşadı və gördü ki... hələ kişi deyil. Təhminə demişkən: "Çünki sən hələ kişi deyilsən".

Əlbəttə, bu, öz-özlüyündə ağır bir sözdür. Amma Təhminənin dediyi söz öz yerini alır.

Zaur Təhminəni Spartakla bir yerdə maşında görəndən sonra qarşısına mənasız, əsl kişiyə xas olmayan bir qərar qoyur. Necə olursa olsun, təki Təhminədən intiqam alsın. Amma necə? Necə eyləsin ki, təki "çox-çox illər sonra Təhminəyə rast gəlsin, Təhminə qoca və eybəcər olsun. Qəmli-qəmli Zaura baxıb - Zaurik, sən bizim hamımızdan bic çıxdın. Hamımızı aldadıb, hamımıza doqquz qoydun desin. Zaur da belə yuxarıdan aşağıya baxıb gülümsünsün - bəs nə bilmişdin Zauru".

Zaur elə bu mənasız, tələm-tələsik çıxardığı qərarın qurbanı olur. Bütün həyatı alt-üst olur. Həyatında heç bir xoş günlər baş vermir. Bütün gördüyü xoş günlərini Təhminə ilə keçirmişdi ki, onu da özü məhv etdi. Sevmədiyi qızla, Spartakın bacısı ilə evlənir və onunla da ömrünün sonuna qədər yaşamaq məcburiyyətində qalır. Və Zaurun da Təhminənin qabağına doqquz qoymaq arzusu ürəyində qalır. Çünki Təhminə qocalmır, eybəcərləşmir. Elə həminki Təhminə olaraq qalır və onu tanıyanların hamısının yaddaşına ömürlük həkk olur. Yuxularından belə çıxmır. Vaxtaşırı hafizələrə qayıdır, xəfif bir meh kimi əsir və yenə də yox olur. Və hamını da yandırıb yaxır. Elə indiyə kimi də yandırır. Təhminə öz ölümü ilə dünyanı boşaldır.

***

Dünyamıza yeni nəsillər gəlir. Bir-birindən yaraşıqlı, müasir göydələnlər tikilir. Amma bu binaların heç biri altıncı mərtəbəyə bənzəmir. Altıncı mərtəbə hələ ki, öz birinciliyini saxlayır. Və həyatı başa düşən bütün kişiləri yandıra-yandıra gedir. Və bu, dünyanın ən son gününə qədər də davam edəcək.

Və əgər insanlar başa düşsəydilər ki, elə bir zaman gələcək ki, yeni göydələnlər tikiləcək və o göydələnlərin nə lifti olacaq, nə də pilləkəni. Onda daha nə vardı ki?

 





07.08.2020    çap et  çap et