525.Az

Labirint - Türkan Turan yazır


 

Labirint - <b style="color:red">Türkan Turan yazır</b>

Sosial şəbəkədə təqib etdiyim səhifələrdən birində diqqətimi çəkən belə bir status yazılmışdı: "Dünyaya ikinci dəfə gəlsəydiniz, yenə indi evli olduğunuz şəxslə ailə qurardınızmı?"

Ərinmədim, yüz səksən iki şərhin hamısını tək-tək oxudum. Rəylər öncə komediya kimi gəlmişdi mənə, sonra gördüm nə komediya, bu, lap tragediyadır. Cavablar müxtəlif idi. Hətta ən çox yazılanları üç kateqoriyaya bölərək burada qeyd edirəm. Deməli, səkkiz-doqquz nəfərin cavabı "milyon dəfə doğulsam, yenə onu sevərdim" tərzində idi. Otuza yaxın insan "yenidən doğulsam, heç vaxt ailə qurmazdım" demişdi. Geri qalanlar isə "əsla onu seçməzdim" yazmışdı. Əvvəlcə belə bir fikir yarandı, görəsən, bu insanlar ailə qurarkən hansı kriteriyaları əsas tutublar ki, indi bu qədər peşman olublar. Sonra ağlıma Oskar Uayldın o məşhur sözləri gəldi: "Kişilər yorğun olduqları üçün evlənirlər. Qadınlar üçün isə evlilik sadəcə, maraq doğurur. Sonda isə hər ikisi xəyal qırıqlığı yaşayırlar". Yəni məsələ doğru və ya yanlış seçim deyil. Ailə qurduğun şəxs ən müqəddəs insan olsa belə, o xəyal qırıqlığını-gec” ya tez-mütləq yaşayırsan.

Evli insanlar ailə sahibi olmağın çətinliklərini bilirlər. Çox şeyi görməzlikdən gəlirlər və doğru da edirlər. Çünki bəzi şeylərə göz yumulmasa, hər an ər və ya arvad rinqə çıxacaqmış kimi hazır vəziyyətdə dayansa, yaşamaq məşəqqətli olar. Məsələ burasındadır ki, insanlar ailə qurur, amma bal ayından sonra didişməyə başlayırlar. Bəzən fikirləşirsən ki, elə bütün bu vurhavur bir-iki aydan ötrü imiş?! Ən maraqlısı da budur ki, narazı olmaqlarına rəğmən, başqalarının da evlənmələrini istəyirlər. Hətta bunun üçün "mütəşəkkil mübarizə dəstəsi" yaratmaqdan da çəkinmirlər. Həmin şəxsin "başını bağlamaq" üçün hərəkətə keçir, ağır cinayət törətmiş biri kimi onu qarabaqara izləyirlər. Təbii ki, məqsədləri tutub evləndirməkdir. Bəzən sənə elə gəlir ki, subay insanların varlığı ətrafındakıların ürəyinə dərd, üzərinə yük kimi bir şeydir. Heç görmüsünüz, subay biri həyəcanla, sonsuz əzm nümayiş etdirərək hansısa ailəli dostunu, rəfiqəsini boşanmağa məcbur etsin? Amma ailəli insanlar subayları bu labirintin içinə salmaqdan ötrü sinov gedirlər. Sanki kimisə evliliyə təşviq etmək onların vəzifə borcudur. Halbuki bir az boylananda görürsən ki, özü qurduğu ailənin içində havasız həyat yaşayır. Hələ elələri var subay rəfiqəsini dost-tanışından kiməsə "calamaq" üçün gecə-gündüz gözlərinə yuxu getmir. Elə bil bu iş üçün mühim yerdən ciddi təlimat alıblar. Böyük ehtirasla nəticəyə çatmaq üçün çabalayırlar. Öz hesablarına qonaqlıqlar təşkil edir, həmin subayları görüşdürürlər. Yox, sevdiklərinə görə eləmirlər. Mənşəyi məlum olmayan qüvvələr onları buna vadar edir. Başqa vaxt ağız büzdükləri insanları həmin masa arxasında öyə-öyə bitirmirlər. Təriflər masada güllə kimi sağa-sola şığıyır. Əslində, digərlərini bilərəkdən, istəyərəkdən dartırlar özlərinin də içərisində düz-əməlli baş açmadıqları həngaməyə. Ətrafda xeyli insan var. Hələ bu günə qədər qurduqları ailədən bal süzülə-süzülə danışdıqlarını görməmişəm. Əksəriyyəti ya ərindən, ya da arvadından şikayətlənir. Hələ evləndikdən bir müddət sonra dəlicəsinə eşq yaşamaq istəyənlərdən danışmıram. Məsələn, iki gün öncə rayonlardan birində baş verən qətl insanı bu mövzuda yenidən düşünməyə vadar edir. Evli, iki uşaq anası olan qadın sevgilisi tərəfindən tüfənglə ürəyindən vurularaq öldürüldü. Bəlkə də, mərhum mətbəxtdə bozbaş bişirərkən, gözünü yumub möhtəşəm eşq arzulayan ümidsiz ev qadınlarından biri idi.

Evlilik dolambacları, çalası-çökəyi, zolaqları çox olan bir yoldur. Bu yola girəndə gəldiyin yerdən geri dönmək mümkün olmur. Əgər çıxmaq istəyirsənsə, mütləq yeni bir yol tapmalısan. Günümüzdə ailə qurub arzuladığı xoşbəxtliyə qovuşan insanların sayı çox deyil. Bunun xeyli səbəbləri var. Məsələn, maddi problemlər, çətin dolanışıq, işsizlik, ailələrin basqısı, hər şeyə müdaxilə etməkləri, xəyanət, fiziki uyumsuzluq və s... Bunlardan tək birinin baş verməsi belə xoşbəxtliyin buxarlanmasına səbəb olur. Ümumiyyətlə, yaxşısı budur ki, evli insanlar subay insanlara evlənmədikləri üçün bədbəxt, talesiz, qismətsiz kimi baxmaqdan əl çəksinlər. Məsələn, başqasını birləşdirmək üçün xərclədikləri enerjini evliliklərindəki can verən həyəcanın bərpasına sərf etsələr, daha faydalı iş görmüş olarlar. Yox, birləşdirici olmaq pis deyil, amma məcbur etmək həmişə əkstəsir göstərir. Bir az da israr edəndə artıq iş həddi aşmağa qədər gedib çıxır. Bu isə eybəcər mənzərələrə yol açır.

Vacib qeyd: istisnalar həmişə var.

 





08.08.2020    çap et  çap et