525.Az

İş-işdən keçərsə... - Aytac Sahəd yazır


 

İş-işdən keçərsə... - <b style="color:red">Aytac Sahəd yazır </b>

"Əgər başqa bir dünyada haqq yerini tapacaqsa, bu, sadəcə, bir təsəlli ola bilər. İtirilən bir şeyin yeri heç zaman doldurula bilməz. İtirdiyimiz şeyə itirdiyimiz anda ehtiyacımız var idi". Tolstoy belə deyir.

"İtirdiyimiz şeylər" dedikdə yəqin, həm də heç sahib olmadıqlarımızı nəzərdə tutur. İnsan onun olmayan şeyləri də itirə bilir, axı. Bu itkinin ağrısı lap ağır olur. Çünki bu, ehtiyacın gətirdiyi ağırlıqdır. Yalnız ehtiyac anında yeri boş qalanları sonradan qazanmaq da bir şeyi dəyişmir. Təsəvvür edin, dörd yaşınızda istədiyiniz bir oyuncağı qırx yaşınızda əldə edirsiniz. Eyni xoşbəxtliyi verə bilərmi? Dörd yaşındakı kimi lazım ola bilərmi sizə? O oyuncaq kimi ehtiyacım olanda yanımızda olmayan insanlar, sahib ola bilmədiyimiz şeylər var. Ya heç vaxt gəlmirlər, ya da gecikirlər. O qədər gecikirlər ki, gətirdikləri xoşbəxtlik də işə yaramır artıq. Əslində, hər insan bu yoxluğu gec-tez başa düşür. Çox vaxt özünü təsəlli etmək üçün yalanlar da uydurur. Elə bilir ki, nə vaxtsa həmin an ehtiyacı olan şeyə sahiblənsə, xoşbəxt olacaq.

Bu yaxınlarda 71 yaşlı bir biznesmenin uğur hekayəsini oxuyuram. Adam deyir ki, "mən cavanlığımi yaşamadım, bütün həyatım əziyyətlə keçdi, ancaq həyata qalib gəldim". Halbuki həyat həm də onun itirdiyi cavanlığı idi. Əksər uğur hekayələrində bu cümləni eşitmək olar: "Həyata qalib gəldim". Çox mənasız fikirdir. Həyat nə vaxt bizimlə mübarizəyə girdi ki, hələ bir qalib də gələk. Həyat bizə bir ovuc xoşbəxtlik verir. Apar həyatının harasında yaşayırsan-yaşa. İstəyirsən, cavanlığında özünü xoşbəxt zənn edib avaralan, ya da istəyirsən cavanlığında özünü çərlədib qocalığında yaşa. Hə, mən də razıyam ki, həyat mübarizədir. Ancaq "Mən həyata qalib gəldim" - iddiası boş söhbətdir. Biz hamımız həyatın məğlublarıyıq. Ya 20 yaşında dostlarınla hansısa ucuz kafedə oturursan, ya da bundan imtina edib 71 yaşında bahalı restoranda. Yox, əgər hər ikisini edə bilirsənsə, deməli, bunu sənə həyat öz xoşu ilə verib. Sən onu qazanmaq üçün heç nə itirməmisən. Mən buna inanıram. Sənin gənc olarkən ehtiyacın olduğu şeylərdən imtina edib bunu qocalıqda axtarmaq təsəllidir. Bəlkə də, xoş təsəllidir, ancaq təsəllidən başqa bir şey deyil. Əlbəttə ki, biz yalnız gündəlik ehtiyaclarımızın arxasınca qaçıb sabahlarımızı sualların hökmünə buraxa da bilmərik. İnsanı yaşadan əsas amillərdən biridir sabahın gözəl olacağına dair ümidi. Yeri gələndə sabahın gözəlliyi üçün bu günləri də qurban verməli olursan. Məsələn, sən sabah yaxşı yaşamaq istəyirsənsə, bu gün dostlarınla gəzintiyə getməkdən imtina edib işləyirsən. Deməli, sən bir növ sabah üçün bu günün xoşbəxtliyindən imtina edirsən. Bu, seçimdir. Hətta bəzən labüd və lazımlı seçim. Əsas odur ki, insan bu seçimi edərkən özünü aldatmasın. Bilsin ki, dostları əylənəndə o əylənmirsə, deməli, sabah o nəyəsə nail olub bəlkə də, dostları əziyyət çəkəndə əylənəcək. Ancaq bu əyləncə ilə o əyləncənin yerini doldurmaq mümkün olmayacaq.

Bir də. ehtiyac duyanda yanımızda olmayan, əlli il sonra peyda olub həyatımızda yer axtaran insanlar var. O insanlar ki, yoxluqlarının yaralarını gecikmiş varlıqları ilə sağaltmaq olmur. Orxan Pamukun "Məsumiyyət muzeyi" romanında bir fikir var: "Oğlum, vaxtında, iş-işdən keçmədən qadınla yaxşı davranmağı bilmək lazımdır". Bunu illər sonra sevdiyi qadının həyatına girib onu əvvəlki kimi xoşbəxt edə biləcəyini zənn edən oğluna öz atası deyir. Həqiqətən də oğlu illər sonra başa düşür ki, atası nə qədər haqlı imiş. Zaman aldıqlarını asan-asan geri qaytarmır.

Bəli, iş-işdən keçmədən olmalıdır olacaqlar. Düzdür, insan yaşamağın peşəkarı deyil. Həyat da heç o qədər mükəmməl deyil. Təbii ki, həmişə hər şey biz deyən kimi olmayacaq, ehtiyacımız olanları hər an yanımızda görməyəcəyik. Ancaq o xoşbəxtliyə ki, bu gün əlimiz çatır, əldə edə bilirik, əlimizi ona uzatmalıyıq. Həm də sabahlara saxlamadan, gecikmədən. Bir filmdə deyildiyi kimi, "həyat gecikməyi bağışlamır".

 





08.08.2020    çap et  çap et