525.Az

"Günəş girir yatağıma..." - Məhsəti Musanın şeirləri


 

"Günəş girir yatağıma..." - <b style="color:red">Məhsəti Musanın şeirləri </b>

Günəş girir yatağıma

Ətrafımda qaynaşan
Kiçik işıqları
Ovcuma yığıram,
əzizləyirəm...
Onlara qoşulub
 şıltaqlıq edirəm,
oynayıram, gülürəm.
Sonra bir yerə toplayıb
yoğururam o işıqları
                 yeni bir sən yaradıram...
Əyləncəmdən xoşbəxt oluram,
Başına dolanıram bu xoşbəxtliyin -
Bir əlim göyə,
bir əlim yerə tuşlanmış halda...
Yorulanda dayanıram,
Susuram,
      yeni sənə baxıram.
Gözlərinə zillənirəm,
        ürəyini oxuyuram...
Sonra əllərindən tutmaq üçün
əllərimi uzadıram.
Küsüşür, uçuşur
        qısqanc işıq zərrələri.
Öncə əllərin yox olur,
Sonra özün...
Dağılan işıqların yerində
sənsizliyin nəhəng heykəli qaralır,
                     irişir çarəsizliyimə...
Soyuq  üzlü səmada
Kədərlə sürünür Ay...
Çəkilirəm içimə,
Qısılıram yatağıma...
Qulaqcıqda Əhməd Qaya hayqırır:
"... Aydınlansın diye şu kirli yüzler
Biz durmadan savaşırdık.

Amansız olma şimdi bu kadar
Dün gibi, dün gibi çekib gitme.
Bırak da sarılayım ayaklarına
Kum gibi, kum gibi ezip geçme..."
Və səhər açılır,
yaxasını avqusta açmış pəncərədən
Günəş girir yatağıma.
Üzümə, gözümə yayılır qızılı saçları,
Yanağımı yandırır öpüşləri...

Otağıma doluşmuş nadinc işıq zərrələri
Sevinclə qışqırır,
Tanrı gülümsəyir...

Qış mənzərəsi

Səhərdir
Qar yağır.
Ağappaqdır qapqara torpağın üzü.
Səhərdir
Qar yağır...
Mürgülü şəhərin fonunda
Çiynində çantasıyla addımlayan o qadın
Müəllimdir.
Övladlarından ala bilmədiyi sevgini
Şagirdlərindən  almağa  gedir...
Əlində iki zənbil göy aparan ana
Bazarda satacaq onları
Tələbə oğluna göndərəcək
Zəhmət ətirli,
göyərti qoxulu pulları...
O dayının torbasında bir termos çay,
İki soyutma kartof var...
Xəstə qadın
ürəyini də büküb qoyub torbaya...
Ölmüş atasının yoxluğunu
Ailəsinə unutdurmağa çalışan o oğlan da
Yaşından və başından böyük
İşə tələsir...
Ayaq altında xırçıldayır qar,
Pıçıldayır qar...
Acı yorğunluq içindən boylanır
Xatirələrdəki uşaqlar.
Qar yağır,
İslanır torpaq.
Bir azdan ağzını açacaq
O müəllimi də,
O göysatanı da,
O fəhləni də,
O gənci də udacaq.
Sonra yenə,
Yenə qar yağacaq.
Yenə qara torpağın üzü ağaracaq,
sirli-sirli irişəcək.
Və gələcəkdəki uşaqlar
Donmuş barmaqlarını hovxura-hovxura
Qardan adam düzəldəcək...

Gecik, payız!

Yuxuların
ən şirin yerində çalar
zəngli saatlar.
Doğmaların dəyərini anlayanda,
Başlayar ayrılıqlar.
Yayın son nəfəsinə aldanan
                tumurcuq çiçəyin
arzusunu gözündə boğar
Qaşqabaqlı payız...

Sus, zəngli saat!
Yuxularda xoşbəxt olaq heç olmasa.
Durun, ayrılıqlar!
Sinəmizdəki boşluqlar
onsuz da çox dərindir...
Gecik, payız!
O çiçəyin xatirinə -
Gecik bir az!

Sizi and verirəm
dan yerinin utancaq qızartısına,
Sizi and verirəm
qağayıların təlaşlı çığırtısına.
Xəyallarımızı hürkütməyin,
Sevdiklərimizi öldürməyin,
Çiçəkləri soldurmayın!
Sevgisizlikdən gileylənib
köks ötürən Dost,
əlini ver mənə.
Sən də...
Bax, sən də...
eeey, sən də!
Qoşulun bizə -
böyüyək, böyüyək!
Sevgidən halqa yaradıb
Qucaqlayaq Yer kürəsini!

Utansın zəngli saatlar,
Utansın ayrılıqlar,
Utansın payız...
XOŞBƏXTLİK sözünü
Dünyanın alnına yazsın
Kəpənək qanadlı bir qız!

Hər gün yenilənir ürəyim

EŞQ oğurlamışdım səndən,
Eşqə ehtiyacı vardı insanların.
Üşüdürdü donmuş ürəkləri,
donmuş baxışları,
sözləri üşüdürdü məni...
Böyük günah etmədim ki,
Donuq baxışları işıqlandırdım,
Soyuq ürəkləri qızdırdım,
Günəş rəngli boya ilə
təbəssüm çəkdim
göyərmiş dodaqlara,
Dünya işıqlandı...

Sənsə,
öz içimə zəncirlədin məni
və buraxdın
ac quşların öhdəsinə...
Amma hər dimdikdə
Özləri də bilmədən
Sevgi uddular,
Sevgi qazandılar!

Hər gün
Yeni dimdiklər üçün
yenilənir ürəyim.
Həvəslə qanatdırıram sinəmi
O zəncirin ağırlığını
Unutmaq üçün...

Tutma özgənin yerini
Səni bir az
atam kimi sevdim -
İlk sevgim kimi ...

Səni bir az
Allah kimi sevdim -
İlk inancım kimi...

Sən atamın və Allahımın
birləşmiş üzü kimi
              hopdun canıma...
İndi çiyinlərimdə atam boyda,
Ürəyimdə Allah boyda ağırlıq var.

Sən nə Allahım ola bildin,
Nə də ki, atam...
Tutma özgənin  yerini,
get məndən,
                   get, yad adam!

İşıqlı adam

Keçdi ömrümün ikinci fəsli də,
Daha yağışlar
              döyəcləyir yanaqlarımı.
Günəş qürub edir ucalığımdan,
Ulduzlar tökülür Eşq ağacımdan...
Daha dörd yaşlı qızım məni aldada,
yeddi yaşlı oğlum ağlada bilir...

Silkələyirəm xatirələri,
Kədər tökülür hər küncündən...
Atamın sınmış vüqarını,
Anamın əyilmiş belini
Düzəldə bilməmişəm bu günəcən...

Başımı üstünə qoyduğum
                   dizlərimə sarılıram...
Yavaşıyır ürək döyüntülərim,
Qaranlıq çökür gözlərimə
Tunellərin sonundakı
                işıqlar da ölüb-
                               boğuluram...
Qəfildən
bir dost səsi diksindirir məni:
"Sənə nə olub, işıqlı adam?"

Lövhələr

Solçu qadın olmur
Bir solçu kişiyə olan sevgisindən
Solçuya çevrilir sadəcə...

***

Ən böyük ağrılar
  qırmızı köynəklərin
              altında gizlənər.

***

Məzlumluq yetim uşaqların
Alın yazısı deyil,
göz yazısıdır.

***

Xatirələrdən yelləncək düzəldib
Hər gün üzü gəncliyinə tərəf
Yellənir Gülçöhrə nənə...


Unuda bilməməyə
dözməkdi darıxmaq...

***

Sən qanadlarımı qırmadın
Amma elə sığal çəkdin ki,
Qollara çevrildi qanadlarım.
Bir ömür boyu
Sənə sarılacaq qollara.

***

Ruhsuzsan
Sifarişlə yazılmış
şeir kimi...

***

Silkələmə məni,
Gözümdən gələr içimdəki üsyan.
Qərq olar dünya
Aman!

***

Mən sevmədim ki,
İlmə-ilmə hörüldüm sənə.
Bu ilmələrdə
Tanrı barmağını görmürsənmi?

***

Mənim ürəyim
sevgim boyda,
Sevgim sükutum qədərdir...
Eeey, sükutum qarsar səni -
Geri dur!

***

Atamın saralmış
əsgərlik fotosu kimisən.
Uzaqsan...
                   əzizsən...

***

Deyirdim fərqlisən,
Kimsəyə bənzəmirsən.
Getdin,
hamı sənə oxşadı
İndi hər yerdəsən sən.

***

Mən sənin içində Allah axtardım,
Sən mənim içimdə qadın.
Və hərəmiz
İstəyimiz boyda dərk etdik dünyanı...

***

İçimizə çəkək ay işığını,
Bürünək buludlara
Və yumaq gözlərimizi...

***

Gündüzlər həyatın cibindən
oğurladığı təbəssümü
Gecələr qoşa çarpayıdakı
acgöz kədərə yedirər
Tənha qadın.

***

Təbəssüm qoxuyur
zivədən asılmış
bəyaz  körpə köynəkləri.

***

Baharı hiss etmək üçün
Ümidlə baxma dodaqlarıma
Danışsam
sözlərimdən donarsan.

***

Bu gecə də
İş başındadır Ay yenə.
Nurdan yol çəkir
Gecənin
romantik sərnişinlərinə.

***

Buz qılıncını sıyırıb
Hücüm çəkdi dəli qış
Son yarpaqlarını ağladı ağaclar,
Can verdi payız.

***

Ah bu şit adamlar,
Küt adamlar..
Əyni örtülü,
Beyni
 lüt adamlar.

***

Nə odlu pıçıltı,
Nə öpüş,
         nə ehtiras...
Mənim istəyim sadəcə
qabırğandakı boşluğa dolmaq,
öz yerimi tutmaqdır, əzizim!

 





09.08.2020    çap et  çap et