525.Az

Dünyanın gələcəyi - Xaqani Cəfərli yazır


 

KOSMOS, SÜNİ İNTELLEKT, ELEKTOMOBİL VƏ FARMOSEPTİKA

Dünyanın gələcəyi - <b style="color:red">Xaqani Cəfərli yazır</b>

COVİD-19 Avropa iqtisadiyyatını ən azı on il geri atdı. Amma bu da son deyil. Avropanın bəzi ölkələrində koronavirus pandemiyasının baş qaldırmış ikinci dalğasının payızda bütün ölkələri əhatə edəcəyilə bağlı ciddi narahatlıqlar var.

Ekspertlər belə olacağı təqdirdə koronavirusun Avropa iqtisadiyyatını əsrin başlanğıcındakı, yəni 20 il əvvəlki vəziyyətə qaytaracağını ehtimal edirlər. Belə görünür ki, koronavirus bir ildə 500 milyon əhalisi olan qitənin 20 il ərzində qazandığı iqtisadi uğurları "yeyəcək".

Koronavirus pandemiyasının təsirləri altında iqtisadiyyatı ciddi sürətdə geriləyən isə yalnız Avropa ölkələri deyil. Əksinə, Avropa dünyanın əksər güşələrindən daha yaxşı vəziyyədədir. Dünya iqtisadiyyatının lokomotivi olan ABŞ-ın ümumdaxili məhsulu 2020-ci ilin ikinci rübü ərzində 32.9 faiz azalıb. Cənubi Amerikanın bütün ölkələrində iqtisadiyyat çox ağır zərbə alıb və bəzi ölkələr iqtisadi çöküşün astanasındadır.

Dünya iqtisadiyyatının böyük tənəzzül yaşadığı bir zamanda bəzi sənaye sahələrinin inkişafı nəzərə çarpır. İnkişafı müşahidə edilən sahələrin arasında ən çox diqqətçəkəni kosmos sənayesidir.

İyul ayı ərzində dünyanın üç ölkəsi - Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Çin və ABŞ Marsa kosmik sputnik göndərdi. BƏƏ-nin "Ümid" adı verdiyi kosmik sputnik Yaponiyanın Taneqasima kosmodromundan H-2A raketi ilə uzaq səyahətə, Marsa istiqamət aldı. Bu hadisədən üç gün sonra Çin, Çindən bir həftə sonra isə ABŞ Marsa özlərinin kəşf aparatlarını göndərdilər. Əgər Atlas V raketinin kosmosa çıxardığı Perseverance (Dözümlülük) kəşf aparatı 2021-ci ilin fevralında Marsın səthinə eniş etsə, bu, ABŞ-ın qırmızı planetdəki üçüncü kəşf aparatı olacaq. Perseverance-nin missiyası Marsda həyat elementlərinin olub-olmadığını araşdırmaqdır.

Üç ölkənin iyul ayında həyata keçirdiyi bu əməliyyatlar kosmos sənayesinin iqtisadiyyatın aparıcı sahələrindən birinə çevrildiyini göstərir. Xüsusilə də, ABŞ-da kosmos sənayesi artıq iqtisadiyyatın aparıcı sahələrindən birinə çevrilib. Əgər ötən əsrdə kosmos sənayesi dövlətin tam nəzarəti altında idisə, hazırda təşəbbüsü özəl sektor ələ keçirib.

SpaceX, Lockheed Martin, Boeing, Blue Origin və Virgin Galactic  kimi nəhənglər önə çıxsa da, kosmos sənayesi sahəsində çalışan şirkətlər yalnız bunlardan ibarət deyil. Ötən il ABŞ-ın vitse-prezidenti Mayk Pens kosmos sənayesi sahəsində çalışan şirkətlərin təmsilçiləri ilə keçirilən görüşdə bildirmişdi ki, bu sahədə minlərlə şirkət fəaliyyət göstərir.

SpaceX-in kosmonavtların Beynəlxalq Kosmik Stansiyaya və geriyə nəqlini uğurla həyata keçirməsi özəl sektorun qarşısında sonunu məhdudiyyəti də aradan qaldırdı.

ABŞ-ın kosmos sənayesində çalışan şirkətlərin tam siyahısı məlum olmasa da, onların hər birinin öz qarşısına fərqli məqsəd qoyduğunu görmək olur. Məsələn, SpaceX, Lockheed Martin, Boeing və Blue Origin kimi şirkətlər əsasən kosmonavatların kosmosa göndərilməsi sahəsində ixtisaslaşıblarsa,Virgin Galactic şirkəti əsasən kosmos turizmi ilə məşğul olmaq niyyətindədir. Yeri gəlmişkən qeyd edək ki, Virgin Galactic şirkəti gələn il kosmos turizminə start verməyə hazırlaşır. Bu şirkətlərin hər bir uğuru digərlərini də ruhlandırmaqla yanaşı, həm də sürətli inkişafa səbəb olur.

Özəl şirkətlərin ABŞ-da kosmos sənayesini yeni hədəflərə daşıyacağını proqnozlaşdırmaq mümkün olduğu kimi, digər ölkələrin də Birləşmiş Ştatlarla ayaqlaşmağa çalışacağını gözləmək lazımdır. Bütün bunlar isə kosmos sənayesinin sənayenin və bütövlükdə iqtisadiyyatın aparıcı sahəsinə çevriləcəyini söyləməyə ciddi əsaslar verir.

Koronavirus pandemiyası süni intellektin yeni mərhələsinin zəruriliyini üzə çıxardı. Pandemiya zamanı iş yerlərinin bağlanması iqtisadiyyatın ciddi zərər görməsinə səbəb oldu. İndi hər kəs anlayır ki, sənayenin robotlaşdırılmasında ciddi naliyyətlər əldə olunsaydı, iqtisadi gerilmə bugünkü kimi qorxunc həddə çatmazdı. Əgər süni intellektlə idarə olunan robotların və "evdən iş" formulunun tətbiqində uğur əldə edilsəydi, bəşəriyyət bugünkü çarəsiz durumla üzləşməzdi. Təkcə Niderlandla Yunanıstanın pandemiya nəticəsində məruz qaldıqları itkilərin miqyasına diqqət yetirəndə "evdən iş" formulunun tətbiqinin nə qədər önəmi olduğu aydın görünür. Yeri gəlmişkən, Niderland "evdən iş" formulunun tətbiqində lider ölkədir. Özü də hələ pandemiyadan çox-çox əvvəldən. 2018-ci ildə Niderlandda işçilərin 14 faizi "evdən iş" formulu üzrə işləyirdilər. Hazırda bir sıra böyük şirkətlər tamamilə "evdən iş" formuluna keçib. Bu formulun iqtisadiyyatın əksər sahələrində tətbiqi süni intellektin çox sürətli inkişafına səbəb olacaq. Süni intelekt üzərində qurulmuş şirkətlərin səhmlərinin pandemiya zamanı bahalaşması da deyilənləri təsdiqləyir. Comparisun şirkətinin analitiklərinin hesablamalarına görə, bu hal uzun müddət müşahidə ediləcək və "Amazon İnc" şirkətinin sahibi Ceff Bezosun sərvətinin 2026-cı ildə trilyon dollara çatmasına səbəb olacaq. Artıq dünya iqtisadiyyatının yönünü, inkişaf tempini "Exxon Mobil", "PetroChina", "Petrobras", "BHP Billiton", "Royal Dutch Shell", "Chevron", "Saudi Aramco", "Qazprom", "Rosneft" kimi neft şirkətləri, "Bank of America", "Citigroup", "Wells Fargo & Company" və "JPMorgan Chase",  "Industrial & Commercial Bank of China", "China Construction Bank" maliyyə qrupları və banklar müəyyənləşdirmir.  Bu gün dünya iqtisadiyyatının lokomotivi "Amazon İnc", "Apple İnc", "Microsoft İnc", "Alphabet İnc", "Alibaba Group", "Tencent", "Facebook", "Tesla" və "SpaceX" kimi şirkətlərdir. Bu tendensiya koronavirus pandemiyasının doğurduğu zərurət altında sürətlə artır.

Dünya sənayesinin yeni istiqamətlərindən biri də daxiliyanma mühərrikli avtomobillərin tədricən səhnədən çıxması, onları elektromobillərin əvəz etməyə başlamasıdır. Əgər ötən il Tesla Norveçdə dünyanın bütün avtomobil şirkətlərinin birlikdə satdığı maşınlardan daha çox elektromobil satıbsa, bu, dünya avtomobil sənayesinin tarixə çevrilmək mərhələsində olduğunu göstərir. Bu qənaətimizi təsdiqləyən başqa məlumatlar da var. Elektromobil istehsalçısı Tesla bu il öncə Volkswagen, daha sonra isə Toyota Motor şirkətini ötüb keçərək maşın istehsal edən şirkətlər arasında dünyanın ən bahalı şirkətinə çevrildi. Teslanın dünya avtomobil sənayesinin vətəni sayılan Almaniyada elektromobil zavodu inşa etməsi daxiliyanma mühərrikli maşınların tarixə qovuşmaq üzrə olduğunu təsdiqləyən daha bir faktdır. Yeri gəlmişkən, qeyd edək Tesla və SpaceX-in ardıcıl uğurları bu şirkətlərin sahibi İlon Maskın sərvətinin kəskin artmasına və dünyanın beş ən zəngin şəxsindən birinə çevrilməsinə səbəb olub. Bütün bunlar iqtisadiyyatın əksər sahələrinin koronavirus pandemiyasının təsirləri altında böyük zərər gördüyü 2020-ci ilin yeddi ayında baş verib.

Pandemiyanın inkişafına səbəb olacağı digər bir sahə isə farmoseptikadır. Son illər bu sahəyə maraq və diqqət bir qədər zəifləmişdi. Bəşəriyyətin COVİD-19 qarşısında aciz qalması farmoseptikaya diqqətin azalmasının acı nəticəsi idi. Ötən ilin dekabrından bəşəriyyəti təhdid edən koronavirusa qarşı peyvəndin tapılmaması da farmoseptikaya son illər diqqətin azaldığının göstəricisi idi. Ancaq koronavirus pandemiyası farmoseptikaya ögey münasibəti artıq dəyişib. İndi bütün bəşəriyyətin diqqəti COVİD-19-un peyvəndini tapacaq farmoseptika şirkətlərinə yönəlib. Yeri gəlmişkən, dünyanın 50 ən böyük farmoseptika şirkətinin yarısından çoxu ABŞ şirkətləridir.

Sənayenin kosmos, süni intellekt, elektomobil və farmoseptika kimi sahələrinin önə çıxması, sərmayenin əsasən bu sahələrə yönəlməsilə müşahidə olunduğu kimi, təhsil və elmin də yönünün bu sahələrə dəyişməsilə müşahidə olunmaqdadır.

Bu yazımızı bəşəriyyətin həyatında neft dövrünün başa çatması, yeni dövrün başlaması ilə bağlı Rusiyanın ən bahalı şirkəti olan "Sberbank"ın prezidenti German Qrefin zərb məsələ çevrilmiş bir fikri ilə bitirmək istərdik: "Daş dövrü ona görə bitmədi ki, daş qurtardı, sadəcə, insanlar metalın emalı ilə bağlı texnologiyaları öyrəndilər". Sənayenin yeni istiqamətləri öncəkilərin tükənməsi ilə deyil, insanların yeni kəşflər etməsilə bağlıdır. Əgər internet və süni intellekt olmasaydı, təbii ki, "evdən iş" formulu da meydana çıxmazdı.

 





10.08.2020    çap et  çap et