525.Az

İrəvan məscidi kilsəyə çevrilir - Müsəllim Həsənovun qeydləri


 

İrəvan məscidi kilsəyə çevrilir - <b style="color:red">Müsəllim Həsənovun qeydləri </b>

Jurnalist Müsəllim Həsənovun Azərbaycan tarixinin ən müxtəlif dövrləri ilə bağlı son illər qələmə aldığı tədqiqat və araşdırmaları, tarixi sənədlər əsasında yazdığı ssenarilərə çəkilmiş filmlər, televiziya verilişləri istər oxucuların, istərsə də tamaşaçıların diqqətini çəkən ən yaddaqalan layihələrdəndir.

Bu materiallar həm də tariximiz, ayrı-ayrı tarixi şəxsiyyətlərlə bağlı bir çox qaranlıq məqamlara işıq salınması baxımından zəruri və lazımlıdır.

Müəllifin son vaxtlar öz Feysbuk səhifəsində "Bilirdinizmi" başlığı altında tarixin ən fərqli dönəmlərini əks etdirən tarixçə tipli yığcam paylaşmaları isə sosial şəbəkə istifadəçiləri tərəfindən xüsusi maraqla izlənilir.

Bu diqqət və marağa güvənərək həmin yazıları "525"in oxucuları ilə də bölüşmək qərarına gəldik. Niyyətimizi bildirəndə, sağ olsun, jurnalist dostumuz istəyimizi geri çevirmədi və razılaşdıq ki, bu yazılar vaxtaşırı qəzetimizdə dərc olunsun.

Buyurun, oxuyun.

"525"

***

İrəvan məscidi kilsəyə çevrilir. 1827-ci ildə... 
 

Bilirdinizmi ki, 1827-ci ildə Rusiya imperatorunun fərmanı ilə İrəvanın baş məscidi provaslav yunan-rus kilsəsinə çevrilib?

Necə ki, Ayasofya yenidən məscidə çevrildi...

Rusiya-İran müharibələrinin gedişi zamanı rus qoşunları İrəvanı tutur.

İrəvan qalasının alınmasından sonra I Nikolay fərman verir:

"Ötən oktyabrın 1-də məşhur İrəvan qalası Uca Tanrının köməyi ilə fəth edildikdən sonra cəsur hərbçilərimizin belə mühüm qələbəsinə görə Biz əmr edirik ki, İrəvanın baş məscidi provaslav yunan-rus kilsəsinə çevrilsin...

4 noyabr 1827-ci il".

Çarın fərmanının surətini Qafqaza göndərən general-adyutant qraf İvan Dibiç general Paskeviçə yazır ki, imperatorun tapşırığına əsasən, tezliklə kilsə ləvazimatları da göndəriləcək...

Göndərilir.

Və İrəvan məscidinin kilsəyə çevrilməsi dekabrın 6-da, səhər saat 8-də hərbçilərin iştirakı ilə təşkil olunan dini mərasimlə təsdiqlənir...

İrəvan qalasındakı toplardan 101 yaylım atəşi açılır.

General Krasovski "yeni kilsə"nin təntənəli açılışı barədə general Paskeviçə raport göndərir... 

İrəvan xanlığı isə erməni vilayəti adlandırılır. 1828-ci ildən... 

Bilirdinizmi ki, 1828-ci ilin martında İrəvan xanlığı Rusiya imperatoru I Nikolayın əmri ilə erməni vilayəti adlandırılıb? 

İrəvan qalası hələ 1827-ci ildə rus qoşunları tərəfindən işğal olunur.

General Paskeviç oktyabrın 6-da İrəvan vilayətinin idarə olunması üçün Müvəqqəti İdarə yaradır. General Kraskovskinin rəhbərliyi ilə təşkil edilən İdarəyə yepiskop Nerses (erməni - M.H.) və İrəvan qalasının müvəqqəti komendantı podpolkovnik Borodin daxil edilir.

1828-ci il fevralın 10-da məlum və məşhur Türkmənçay müqaviləsi bağlanır.

Bundan təxminən bir ay sonra Rusiya imperatoru fərman verir:

Rusiyaya birləşdirilmiş İrəvan xanlığının erməni vilayəti adlandırılması haqqında Persiya ilə bağlanmış Traktata əsasən əmr edirik ki, Persiyadan alınıb Rusiyaya birləşdirilmiş İrəvan xanlığı... bundan sonra hər yerdə erməni vilayəti adlandırılsın.

Bu vilayətin təşkili və idarəetmə forması barədə Ali Senat tezliklə lazımi əmr alacaq.

İmza: Nikolay.
21 mart 1828-ci il.

Bakı müsəlmanları xeyriyyə cəmiyyəti yaradır, ermənilərdən sonra... 

Bilirdinizmi ki, Bakıda müsəlmanların xeyriyyə cəmiyyəti erməni və gürcü xeyriyyə cəmiyyətlərindən sonra yaradılıb?

Bakı Müsəlmanlarının Xeyriyyə Cəmiyyətinin nizamnaməsi 1905-ci il oktyabrın 10-da təsdiq olunub.

Onu yaratmaq da 1904-cü ildə Bakıda vəba xəstəliyinin yayılması və bu xəstəliyə qarşı mübarizənin təşkili ilə əlaqədar yada düşüb.

Cəmiyyətin sədri H.Z.Tağıyev idi...

Müqayisə üçün deyək ki, Bakıda yaşayan gürcülərin xeyriyyə cəmiyyəti 1879-cu ildən fəaliyyət göstərirdi.

Bakı ermənilərinin xeyriyyə cəmiyyəti isə hələ 1874-cü ildə yaradılmışdı.

Ə.B.Topçubaşov yazırdı ki, gürcü və ermənilərin cəmiyyətləri nəinki məktəblərə yardım edir, öz vəsaitləri ilə məktəb açır, kitab nəşr etdirir, dövrü nəşrlər buraxa bilir...

Müsəlmanların isə belə bir cəmiyyəti yoxdur...

Rus, erməni və gürcü yoxsul tələbə təhsil haqqını ödəyə bilməyəndə öz cəmiyyətlərinə müraciət edir. Bəs yoxsul müsəlman şagird hara üz tutsun?

Maraqlı sualdır...

Bu acı həqiqəti Bakı müsəlmanları 1904-cü ildə anlayır və xeyriyyə cəmiyyətini 1905-ci ildə yarada bilirlər. Erməni və gürcülərdən çox sonra... 

Nuru paşa ilə fikir ayrılığı. Milli Şura buraxılır... 

Bilirdinizmi ki, Cümhuriyyət hökuməti fövqəladə şərait yarandığını nəzərə alaraq, 1918-ci il iyunun 23-də Azərbaycan xalqına emosional bir müraciət edib?

İyunun 17-də Yelizavetpolda Cümhuriyyət qurucuları ilə şəhərə təzəcə gələn Nuru paşa arasında fikir ayrılığı yaranır.

Nəticədə Milli Şura buraxılır və yeni hökumət formalaşdırılır.

Bundan sonra yeni hökumət xalqa müraciət edir.

Müraciətdə deyilirdi:

"Azərbaycanın müstəqilliyi barədə müqəddəs arzu reallaşdı.

Biz tam əminik ki, xalqın sarsılmaz iradəsi və bizimlə bir dindən və bir millətdən olan Osmanlı İmperiyasının köməyi ilə Vətənimizin xoşbəxt gələcəyi təmin edilib. Bununla belə hazırda gənc dövlətimizə daxildən və xaricdən təhlükə var".

Sonra fövqəladə hadisələr nəzərə alınmaqla köhnə hökumət kabinetinin istefaya göndərildiyi, yeni hökumətin formalaşdırıldığı xatırladılır, Milli Şuranın buraxılaraq  bütün dövlət hakimiyyətinin yeni hökumətə verildiyi vurğulanır.

Müraciətdə daha sonra deyilir ki, Azərbaycan hökuməti bütün vətəndaşları öz gündəlik məşğuliyyətlərinə qayıtmağa və idarəetmə işlərinə qarışmamağa dəvət edir ki, hökumət dövlət aparatını etibarlı əllərdə cəmləşdirə bilsin.

Bununla belə hökumət xəbərdarlıq etməyi özünə borc bilir ki, Vətənin xoşbəxtliyi və xilası naminə hökumətin qəbul etdiyi qərarlara tabe olmayanlara qarşı ən ciddi tədbirlər görməkdən çəkinməyəcəkdir.

"Əminik ki, vətənimizin xoşbəxtliyi naminə milliyyətindən və dinindən asılı olmayaraq hamı qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində hökumətə möhkəm dayaq olacaq.

İnanırıq ki, bir millət və bir dindən olduğumuz qardaşlarımızın, Böyük Turanın böyük oğullarının köməyi ilə Vətənimiz xoşbəxt və güclü olacaq.

Allahın köməyinə və Azərbaycanın bütün vətəndaşlarının yekdil müdafiəsinə arxalanaraq biz öz məsul işimizə başlayırıq".

Sənədi baş nazir F.X.Xoyski və yeni kabinədə təmsil olunan 11 nazir imzalayır.

Onda 1918-ci il iyunun 23-ü idi... 

Cümhuriyyətin dövlət dili: türk dili...

Bilirdinizmi ki, Cümhuriyyət hökuməti 1918-ci il iyunun 27-də dövlət dili haqqında qərar qəbul edib?

Həmin qərarda deyilirdi:

"Dövlət dili türk dili hesab olunsun, lakin məhkəmə, inzibati və s. vəzifələrdə çalışanları bu dili savadlı bilənlərlə əvəzləyənə qədər hökumət idarələrində rus dilindən istifadə edilməsinə də icazə verilsin".

Həftəlik istirahət gününün bazar günündən cümə gününə dəyişdirilməsi barədə qərar da məhz iyunun 27-də qəbul olunub.

Həmin qərar isə belədir:

Həftəlik dövlət bayramı günü bazar gününün əvəzinə cümə günü hesab edilsin.

Bu qərar təxminən  23 il qüvvədə qalıb.

1941-ci ilin iyununda SSRİ XKS yeni qərar qəbul edib: "Azərbaycan SSR ərazisində bazar gününün qeyri-iş günü elan edilməsi barədə Azərbaycan K(b)P MK-nın təklifi təsdiq edilsin".

Yalnız bundan sonra həftəlik istirahət günü bazara keçirilib...

Azərbaycan Respublikasının  hüdudları daxilində saat vaxtının hesablanması üçün Bakı vaxtının qəbul edilməsi barədə qərar isə iyulun 1-də qəbul olunub. O vaxtdan Azərbaycan Bakı vaxtı ilə işləyir...

Dumanın qərarı: Xalça-palazın tozunu balkondan çırpmaq olmaz 

Bilirdinizmi ki, Bakı şəhər Duması vaxtilə xalça və ayaqaltı palazların tozunu balkondan çırpanların məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul edib?

Bu məsələ Bakı şəhər rəhbərliyini uzun müddət narahat edir. Verilən xəbərdarlıqlar nəticəsiz qalır.

Nəhayət, 1913-cü ilin aprelində şəhərin qradonaçalniki, polkovnik Martınov Bakı şəhər başçısına müraciət edir ki, Duma bu məsələ ilə bağlı cəza tədbirləri müəyyən etsin. Çünki qanunda belə əməllərə görə cəza nəzərdə tutulmadığı üçün adamlara bu adəti tərgitmək mümkün olmur. 

1913-cü ilin iyulunda Bakı şəhər Duması evin balkonundan küçəyə xalça və palaz çırpan şəxslərin məsuliyyətə cəlb edilməsi barədə xüsusi qərar qəbul edir...

1913-cü ildə...

Qəribədir ki, hələ də balkondan palaz çırpanlar var...

Hələ çirkli su tökmək...

İndi kim qərar qəbul etməlidir? 

II Aleksandrın fərmanı: Ordubada notarius təyin edilsin  

Bilirdinizmi ki, Ordubad şəhərinə ilk notarius 1874-cü il fevralın 22-də Rusiya imperatoru II Aleksandrın əmri ilə təyin edilib?

Bu təyinatın qısa tarixçəsi belədir:

"Ali Senat qərara aldı: Notariat hissəsi haqqında 14 aprel 1866-cı il tarixli Əsasnaməyə uyğun olaraq Qafqaz canişininin İmperator həzrətlərinə 6 fevral 1874-cü il tarixli raportuna əsasən İmperator həzrətləri Ordubad şəhərində xüsusi notarius təyin etməyə icazə verdi".

Həmin sənəddə Ordubada notarius təyin edilməsi zərurəti də göstərilir: "Orada mülki sövdələşmələrin xeyli artması ilə əlaqədar..." 

Bu fakt Ordubadın o dövrdə yüksək inkişaf səviyyəsinə çatdığından xəbər verir.

Müqayisə üçün deyək ki, Rusiya imperatoru 1873-cü ilin dekabrında əhalinin sayının artması və sənayenin inkişafı ilə əlaqədar quberniya şəhəri olan Bakıda notariusların sayının 3 nəfərə çatdırılmasına razılıq vermişdi...

Yəni 1873-cü ildə Bakı kimi inkişaf etmiş neft şəhərində hələ cəmi bir və ya iki notarius var idi... 

"Karyagin qəzası" "Cəbrayıl"a necə çevrilib? 

Bilirdinizmi ki, imperator II Nikolay 1905-ci ilin martında Cəbrayıl qəzasının Karyagin qəzası adlandırılması barədə fərman imzalayıb?

1905-ci ilin fevralında Rusiyanın daxili işlər naziri imperatora Yelizavetpol quberniyasının Cəbrayıl qəza idarələrinin Cəbrayıl kəndindən Qarabulaq kəndinə köçürülməsi xahişi ilə müraciət edir.

Eyni zamanda xahiş edir ki, Qarabulaq kəndinin Karyagino, Cəbrayıl qəzasının isə Karyagino qəzası adlandırılmasına icazə versin.

Nazirlər Komitəsi bu məsələni imperatorun diqqətinə çatdırır və martın 18-də imperator II Nikolay sənədi təsdiq edir.

Beləliklə, tarixən Qarabulaq adlanan kənd Karyaginoya çevrilir. Yalnız 1959-cu ildə "Karyagino" "Füzuli" ilə əvəz olunur. Qarabulaq - Karyagino - Füzuli şəhəri...

Niyə Karyagino?

Polkovnik Pavel Karyagin 1804-1813-cü illərin Rusiya-İran müharibəsinin qəhrəmanı, alay komandiri olub.

Hətta Gəncə şəhərinin işğalında iştirak edib, bu döyüşə görə 4-cü dərəcəli Müqəddəs Georgi ordeni ilə təltif olunub.

1807-ci ildə qızdırma xəstəliyindən vəfat edib.

Amma rus hökuməti onun xidmətini unutmayıb və təxminən yüz il sonra xatirəsini bu cür əbədiləşdirmək qərarına gəlib... 

P.S. Sovet dövründə biz təxminən 40 il də "Qaryagin" adını yaşatmaqda davam etmişik. Çünki onda hələ xəritədə polkovnik Karyaginin "qəhrəmanlıq" göstərdiyi "Gəncə" adlı şəhər də yox idi, "Kirovabad" var idi...

 





10.08.2020    çap et  çap et