525.Az

Ermənistan beynəlxalq cinayət subyekti kimi - Şərh


 

Ermənistan beynəlxalq cinayət subyekti kimi - <b style="color:red">Şərh</b>

Son zamanlar Ermənistan höküməti Azərbaycanın işğal olunmuş ərazilərində və sərhədlərində təxribatlar törədərək öz məkrli üzünü bir daha göstərməklə yanaşı, beynəlxalq konvensiyaları və hüquq normalarını da kobud şəkildə pozmuş oldu.

Ermənistan ordusu Azərbaycan Respublikasının Tovuz rayonu istiqamətində dövlət sərhədlərimizi, eyni zamanda, atəşkəs rejmini kobud şəkildə pozmaqla bir daha sübut etdi ki, öz məkrli siyasətindən əl çəkməyəcək və növbəti işğalçı planlarını öz xəyallarında həyata keçirməyə davam edəcəkdir.

Təcavüzkar Ermənistan hökuməti növbəti cinayətlərə əl atmaqdan çəkinmir və gələcəkdə də çəkinməyəcək. Beynəlxalq hüquqa görə qısa arayış versək, dövlət tərəfindən törədilən təcavüzün planlaşdırılmasında, hazırlanmasında, başlanmasında və ya həyata keçirilməsində, rəhbər və ya təşkilatçı kimi iştirak edən və ya bu barədə əmr verən şəxs təcavüz cinayətinə görə məsuliyyət daşıyır.

1974-cü ildə BMT-nin Baş Məclisi tərəfindən qəbul olunmuş "Təcavüz haqqında" qətnamə təcavüz aktlarını ifadə edir. Onu da qeyd edək ki, Ermənistan ordusu təcavüzkarlıqla yanaşı, "soyqırımı" cinayətlərini də həyata keçirməkdən çəkinməyib. Bildiyiniz kimi, Dağlıq Qarabağda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı soyqırımını həyata keçirən Ermənistan ordusu, yüzlərlə Xocalı sakinini vəhşicəsinə qətlə yetirib, onlarla ailə ümumiyyətlə, məhv edilib, əsir götürülüb və işgəncələrə məruz qalıb. Ermənistan höküməti bu kimi cinayətləri törətməklə, 1951-ci il "Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması" haqqında konvensiyanın şərtlərinə məhəl qoymayaraq, Azərbaycan xalqı üzərində soyqırımı cinayətlərini həyata keçirib.

Tovuz rayonu istiqamətində atəşkəs rejmini pozan Ermənistan ordusu təxribat törətməklə yanaşı, heç bir beynəlxalq hüquq normalarına məhəl qoymayaraq növbəti müharibə cinayətləri törədib, beynəlxalq humanitar hüquq normalarına əhəmiyyət verməyərək, müharibə zamanı mülki əhalini və ya ayrı-ayrı mülki şəxsləri hücum obyektinə çevirib. Beləliklə, Tovuz rayonunda bir neçə mülki şəxs xəsarət alıb və dünyasını dəyişib. Göstərdiyimiz bu kimi pozuntuların hər biri özü-özlüyündə konkret cinayət əməlidir və beynəlxalq cinayət məsuliyyəti yaradır. Onu da qeyd edim ki, uzun illərdir Ermənistan höküməti, 1948-ci il Ümumdünya İnsan Hüquqları Bəyannaməsini, 1949-cu il Cenevrə Konvensiyasını, 1951-ci il Soyqırımı cinayətlərinin qarşısının alınması və cəzalandırılması haqqında konvensiyanı, İnsanlıq əleyhinə Nurnberq Tribunalı nizamnaməsinin müvafiq maddələrini kobud şəkildə pozaraq cinayət məsuliyyəti yaradıb.

Azərbaycan Respublikası ərazisində qatı terror aktları kimi cinayətlərin törədilməsi göstərişləri Ermənistan Respublikasının indiki və keçmiş rəhbərliyi tərəfindən verilib. Bu cür ağır cinayətlər törətmiş şəxslər beynəlxalq qanunvercilik və beynəlxalq ictimaiyyət qarşısında cavab verməlidirlər. Bu kimi cinayətlərin qarşısının alınması məqsədilə, Dağlıq Qarabağ münaqişəsilə bağlı məsələləri təhlil edərək beynəlxalq hüquq normalarının bərqarar olunması istiqamətində fəaliyyətimizi inkişaf etdirməli, xarici ölkələrdəki diaspor təşkilatları ilə işbirliyini daha da gücləndirməliyik. Vətəndaş olaraq hər birimiz suveren hüquqlarımızdan istifadə etməklə, ölkəmizin, dövləçiliyimizin qorunması naminə beynəlxalq müstəvidə fəallıq nümayiş etdirməliyik. İnanıram ki, hər bir vətəndaş öz vətəndaşlıq məsuliyyətini dərk edərək ölkəmizin müstəqilliyinin, suverenliyinin  və təhlükəsizliyinin qorunmasında əlindən gələni əsirgəməyəcək.

 





10.08.2020    çap et  çap et