525.Az

Çörək və tamaşa - Telman Orucov yazır


 

Çörək və tamaşa - <b style="color:red">Telman Orucov yazır </b>

Beynəlxalq aləm: ziddiyyətlər, münaqişələr, müharibələr

(Əvvəli 31 iyul sayımızda)

Bizim dövrümüzdə də belə dəhşətli epizodlar kimi olmasa da, özünümüdafiə naminə dövlətlər mövcud geosiyasi kontekstdə hər cür əzablara dözərək, müqavimət göstərmələrini kəsmirlər. Sanksiyalardan və bütün formalardakı təzyiqlərdən cana doyan Şimali Koreya sifətini qoruyub saxlamaq üçün hansısa oxşar hərəkətə əl atmaq məcburiyyətində qalır.

Hakimiyyətin tiraniya forması həmin dövlətə imkan verir ki, etiraza və gərginliyə yol vermədən total nəzarəti həyata keçirsin. Bu strategiya dəhşətli effekt verir, partnyorları və opponentləri bənzər qaydada tərksilah edir. Lakin bu strategiya həyasızlığı ilə seçilir və onu icra edənin hiyləgərlik qaydasında maraqlarına xidmət edir. Bu strategiya buqələmun xarakterinə uyğun olaraq həyata keçirilir, buqələmun öz görünüşünü dəyişdirməklə elə şəklə salır ki, tanınmasın. Məğlub olmağa hazırlaşanlar qaliblərə sevinc bəxş etməmək yolunu seçirlər.

Bu taktika ilə çinlilərin min dəfə bədəni kəsməklə ölüm metodunun icra edilməsi arasında bir paralel mövcuddur. Əsrlər ərzində Çində istifadə edilən bu cəza növü yalnız 1905-ci ildə qadağan edilmişdi. Qurban bu cəzanın dəhşətini dərk etmir, ona sadəcə qıcıqlandırıcı kiçik yaralar vurulur, lakin az sonra bütünlüklə qan gölü əmələ gəlir və cəza verilən qan itirmədən də ölür. Məğlub olan da belə sonluğa çatır, lakin qalibdən mərhəmət diləmir.

Ehtiyacın yaranması çox vaxt düşmənin yaranması ilə birgə gedir, bu, "sənin qonşun dilənçidir" strategiyasına uyğun gəlir. Ehtiyac amili ön plana keçir.  Silah satan ölkələr qorxutma yolu ilə baş qaldıranı düşmənçiliyə təhrik edirlər, onlar ticarəti qorxu üstündə qururlar. Cənubi Koreya Şimali Koreyadan, Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələri İrandan, Kolumbiya Venesuelladan, Hindistan isə Çindən qorxur. ABŞ 2017-ci ildə Səudiyyə Ərəbistanına gələcək illərdə 110 milyard dollar məbləğində silah satmaq barədə sövdələşmə bağladı. Bir ay sonra Körfəz regionunu böhran bürüdü. Tramp həm də Qətərə 36 ədəd F-15 təyyarəsi satdı, onların da dəyəri 12 milyard dollar idi. Bəzi qüvvətli dövlətlər müharibəyə başlamaq vaxtı heç tərəddüd də etmirlər. Axı onlar bilir ki, müharibə daim faydalı biznes olmuşdur və bu təbiətini indi də itirməmişdir.

Hətta bəzi böyük şəxsiyyətlər də çətinlikdən qaçmaq və ya müəyyən məqsədə nail olmaq üçün özlərini dəli kimi göstərmək texnikasından istifadə edirlər. Onların klassik siyahısına Bibliya qəhrəmanı çar David və Homerin qəhrəmanı Odissey də daxildir.

ABŞ prezidenti Riçard Nikson və Dövlət katibi Henri Kissincer bunu "Dəli adam nəzəriyyəsi" adlandırmışdılar və onların xarici siyasətlərini də bu prinsip müəyyən edirdi. 1968-ci il prezident seçkisi kampaniyası ərzində Nikson vəd etmişdi ki, Vyetnam müharibəsinə son qoyacaqdır. Lakin onun prezidentliyi illərində müharibə hələ də gedirdi. Sovet İttifaqının dəstəklədiyi Şimali Vyetnamla ABŞ-a arxalanan Cənub arasında sülh razılaşmasının heç bir əlaməti görünmürdü. Nikson qərara gəldi ki, dəli adam strategiyası ilə hərəkət etsin. O, şayiə yaydı ki, onun özü radikal və güclü antikommunistdir və nüvə bombası düyməsini basmaqdan da qorxmur. SSRİ rəhbərliyi bunu eşitsin deyə, Kissincer və Nikson telefon danışığı səhnəsi yaratdılar ki, bu danışıqda Birləşmiş Ştatların prezidenti lazım gəlsə, Şimali Vyetnamı nüvə bombası ilə vurmağa əl atmaq ehtimalı səslənsin. Nikson istəyirdi ki, Sovetlər inansın ki, o, heç nədən çəkinməyəcəkdir, heç bir şey onun qərarına mane ola bilməz. ABŞ 1972-ci ilin dekabrının ikinci yarısında Şimali Vyetnama ən azı 20 min ton bomba atdı. Rəsmi məlumata görə, 1.600 adam ölmüşdü, lakin ölənlərin həqiqi sayı daha çox idi. 1973-cü ilin yanvarında hər iki tərəf, nəhayət, sülh danışıqlarına başlamaq üçün müzakirə masası ətrafına oturdu.

2017-ci ilin aprelində ABŞ Suriya aviasiya bazası olan Şayrata hücum etdi. İki mina daşıyan eskadradan atılan 59 Tomohavk raketləri zərbəsi ilə oranı vurdu. Bundan bir qədər əvvəl Donald Tramp bəyan etmişdi ki, Suriyaya hərbi müdaxilənin əleyhinədir. Prezident bu dəfə də özünün əvvəlcədən anlaşılan olmadığını göstərdi. O, reallığa çevrilməyən bəyanatlarını, uşaq şarı göyə atan kimi havaya sovurur. Amerika bu əməliyyatlarını özünün milli təhlükəsizliyini müdafiə etmək səbəbi ilə izah edir. Min kilometrlərlə ABŞ ərazisindən uzaq olan Suriyanın Şayrat hərbi bazasına zərbə vurulmasının onun milli təhlükəsizliyinə birbaşa xidmət etməsi izahı gülməli görünür.

Donald Trampın ümumiyyətlə, məntiqini başa düşmək də çətindir, bu isə heç də xırda məsələ deyildir, axı o, dünya siyasətinə birbaşa təsir göstərən fövqəldövlətin prezidentidir. Orta əsr hökmdarları kimi elmin rəyinin, elmi tədqiqatların nəticələrinin əleyhinə getməkdən də çəkinməyərək, əvvəllər bağlamış beynəlxaq müqavilələrdən ABŞ-ın çıxdığını elan edir, bu vaxt həm də heç bir tutarlı dəlilə, anlaşılan səbəbə əsaslanmır. Parnik qazlarının atmosferə buraxılmasının ifrat dərəcədə artması hesabına qlobal iqlim dəyişikliyi, temperaturun daha da yüksəlməsi dünyada qorxulu problemə çevrilmişdir və bəşəriyyət gələcəkdə fəlakətlərlə üzləşə bilər. Tramp isə bu qazların havaya buraxılmasını xeyli məhdudlaşdırılmasını nəzərdə tutan Paris razılaşmasından ölkəsinin çıxdığını elan etmişdir. Bu, karbon qazının havaya buraxılmasını tədricən azaldılmasına yönəldilmiş proqramın həyata keçirilməsinə vurulan bir zərbədir. Almaniyanın nəhəng "Volksvagen" şirkəti havaya texniki sənədlərdə göstərilən normadan artıq işlənmiş qaz buraxdığına görə milyonlarla dollar həcmində cərimə olunmuşdur, həmin ittihamla isə məhz ABŞ çıxış etmişdi. Niyə görən bəs Amerika bu sahədəki ümumi razılaşmadan geri çəkilir? Bu, başqalarına da pis nümunə göstərmək təsiri bağışlamırmı?  Belə hərəkət həm də əslində, həmin beynəlxalq sənədə imza atmış çox sayda sənaye cəhətdən inkişaf etmiş dövlətlərə qarşı böyük hörmətsizlikdir. Dövlətlərin iqlimin dəyişilməsinə qarşı mübarizə fəaliyyətlərindən narazı qalan avropalılar etiraz hərəkatına qalxmış, paytaxt şəhərlərində mitinqlər keçirirlər. 

Dəli adam strategiyasından istifadəyə gəldikdə isə, bu, təkcə Niksona və Kissincerə aid deyildir. Hazırkı şəraitdə bunun birinci nümunəsi kimi Şimali Koreyanı və onun rəhbəri Kim Çen Inı saymaq olar. Kim Çen In lovğalanmaq qaydasında ölkəsinin nüvə sınaqlarını və raketlərin hədəfə buraxılmasını mətbuatda nəşr etdirir ki, öz düşmənlərini qorxutsun. O, düşmənə çatdırmaq istəyir ki, hərbi qarşıdurma zamanı gəlsə, ona davam gətirməyə tamamilə qadirdir. Digər tərəf onun bəyanatının blef olduğunu bildikdə nə baş verəcəyini o, bilmirmi? Görən, dəliqanlıq nümayiş etdirən bu adam geri çəkiləcəkdirmi? Əgər o, öz kursundan dönmürsə və öz qorxutmalarını davam etdirirsə, onda vəziyyət necə olacaqdır?

Son vaxtlar çoxlarını bir sual məşğul edir, görən, iki dəfə görüşmələrinə, bir-birini artıq tanıdıqlarına baxmayaraq, bir tərəfdən Kim Çen In, digər tərəfdən Donald Tramp iki ölkəni toqquşmaya gətirib çıxara bilərmi? Tramp dəfələrlə özünün sülhsevər olduğunu, müharibəyə başlamaq istəyindən uzaq olduğunu bəyan etsə də, onu sözləri dodaqlarından çıxana qədər, bəlkə də, hansısa dəyərə malikdir, tələffüz ediləndən sonra hansı məna yükü daşıdığını da itirir.

Ümumiyyətlə, iki dövlət arasında gedən strateji manevrlər diplomatiyanın və danışıqların uğursuz olması təsəvvürünü yaradır. Dəli adam strategiyası heç vaxt sülhə xidmət edə bilməz, daim daha çox antoqonizm yaratması ilə fərqlənir.  

Çörək və tamaşa 

Fövqəldövlətlər öz "vassal" dövlətlərinin birindən və ya çoxundan daim qorxur ki, onların zəifliyinin ilk əlaməti yarandıqda, bu vassallar ona arxadan xəncər zərbəsi vuracaqdır. SSRİ-nin dağılması ərəfəsində kommunist bloku və tərkibində olan respublikaların çoxu özünü belə apardı, çünki Qorbaçov hakimiyyəti ölkənin zəifliyini ipdən asılan alt paltarı kimi nümayiş etdirməyi liberalizmin əlamət hesab edirdi.

Çörək və tamaşa - "panem et circenses" (hərfi mənada "çörək və sirklər") ifadəsinin qədim Roma şairi Yuvenal, imperatorların kütlələrin narazılığını yatırtmaq üçün onları əyləndirmək yolunu təsvir etmək məqsədilə işlətmişdi. Bu, imperatorun tabeliyində olan plebeylər arasında onun nüfuzunu saxlamağa imkan verirdi. Bəzi müəlliflər Roma imperiyasını müasir ABŞ-la müqayisə edirlər, axı axırıncı da əhalinin şüuruna təsir göstərən icadları ilə daha eybəcər tədbirlərə əl atan romalı əcdadlarına bir qədər oxşayır. Dünyanı fastfud şəbəkələri bürümüşdür və yeniyetmələr onu öz milli yeməklərindən üstün hesab etməklə, daha çox istehlak edirlər, bu dövlət həm də zorakılığını və dünyanın müxtəlif guşələrində hərbi xidmət keçən əsgərlərini də fastfudla birləşdirməklə xüsusi pəhriz nümayiş etdirir.

Çoxları dövrümüzün qızıl mayesi sayılan nefti şampan buruğu metaforası ilə dilə gətirir. Neftdən gələn gəlirlər 40-50 il bundan əvvəl səhralarda ağır həyat şəraitində yaşayan xalqları, daha doğrusu, onların elitasını dəbdəbəli həyat tərzinə qovuşdurmuşdur. Gəlirlər o qədər nəhəngdir ki, ondan xalqa qayğı göstərmək əlaməti kimi də istifadə etməyə şərait yaradır. Vaxtilə Qəddafi xaricdə oxuyan tələbələrə yaxşı stipendiya verirdi. Səudiyyə Ərəbistanı belə bir proqram işləyib hazırladı ki, ona görə hər il 200 min səudiyyəlini xarici ölkələrdə oxudacaqdır və onların xərci neft fondunun hesabına ödəniləcəkdir. Bu proqram 12 ildən artıq fəaliyyət göstərdi, lakin neftin qiymətlərinin son iki ildə aşağı düşməsi ilə üzləşməli oldu. Yaxud, Küveyt 2011-ci ildə hər vətəndaşına 3.500 dollar pul verirdi, əhalisi çox az olduğuna görə nəhəng maliyyə ehtiyatlarına malik olan bir dövlət üçün bu, elə də böyük xərc çəkilməsinə səbəb olmurdu. Bu tədbir həm də Körfəz və Orta Şərqin qalan ölkələrində var-dövlətin qeyri-bərabər bölündüyünü əks etdirirdi. Bu qeyri-bərabərliyi dərin təhlilə ehtiyac duymadan da görmək mümkündür. Səudiyyə Ərəbistanının 30 milyon əhalisi vardır, ölkənin var-dövlətinin əksəriyyəti isə kral ailəsinə aid və ona yaxın olan 7 min nəfərə məxsusdur. Bu qrup var-dövlətə sahib olmaqla özünü ABŞ-ın Kaliforniyadakı Silikon vadisi ilə müqayisə edə bilər, fərq isə ondadır ki, vadinin elm adamları, ixtiraçıları, proqramistləri nəhəng məbləğləri intellektləri hesabına qazanırlar və dövlətə iri həcmdə vergi ödəyirlər, Səudiyyə Ərəbistanında isə hakim ailəyə ağıla sığmayan pul məbləği özlərinin zəhmət çəkmədikləri, neft adlanan, "qara qızıl" sayılan mayedən gəlir. Bu, sadəcə "şampan buruğu" deyildir. Fəvvarə vuran yüksək markalı fransız şampanından daha məftunedici və bihuşedicidir.

Korrupsiyaya uğramış hökumətlərdə nepotizm (latın sözü "nepos", "nepotic" - nəvə, qohum deməkdir. Roma papaları öz hakimiyyətlərini möhkəmləndirmək üçün gəlirli vəzifələri - yüksək kilsə rütbələrini, torpaqları qohumlarına verirdi. Bu praktika XV-XVI əsrlərdə çox yayılmışdı. Məcazi mənada qohumbazlıq deməkdir), rüşvətxorluq, siyasi dostbazlıq kimi istifadə edilən institutsional vasitələrdir. "Şampan buruğu strategiyası" piramidanın aşağısında olanları da kiçik korrupsiya aktlarının icrasına məcbur edir. Hakim partiya adamların səsini udmaqla hakimiyyətdə qalır, baxmayaraq ki, bu adamlar onun korrupsiya dənizində üzməsindən tam agahdırlar. Lakin ona əhəmiyyət vermirlər, ümid edirlər ki, bu şampan şırnağı nə qədər uzun müddətdən sonra da olsa, bir vaxt onların da üzərinə töküləcəkdir.

Belə ağılsız ümid korrupsiyanın daha da genişlənməsinə şərait yaradır. Bu, ona bənzəyir ki, Bizans imperatorlarından növbəti birinin gözləri çıxarıldıqda, əcaib tarixçi Mixail Psell yazmışdı ki, imperatorun bəxti gətirdi, çünki kor edildikdə onun ruhi gözləri açıldı.  

Müharibəyə səfərbərlik metodları. Dövlətin xarakterik xüsusiyyətləri

Hökumətlər vətəndaşları müharibəyə hazırlamaq üçün çox sayda tədbirlərə əl atır. Onlardan vacibi adamların itaətdə saxlanılması, istənilən göstərişin icrasına onların hazır olmasıdır. Bu məsələdə qatırlar barədə bir pritça yada düşür. Qatırlar müxtəlif olur, bəziləri inadkarlığı ilə seçilir, belinə yük qoyulmasına imkan vermir. Digərləri isə yük daşımağa asanlıqla inandırılır, öyrədilirlər. Belələri taqətdən düşənə qədər bu ağır işi görür, heç vaxt yükü belindən atmır. Sahibi üçün də belə heyvan daha qiymətlidir.

Eyni şeyləri bir qədər sərt olsa da, ordudakı muzdlu hərbçilər haqqında da demək olar. Elə adamlar vardır ki, onlar hansısa əmri, ya göstərişi icra etməyi özlərinin müqəddəs vəzifəsi hesab edirlər. Buna görə onlar lazım gəlsə, öz həyatlarını da qurban verəcəklər. Hərbi işi "şərəfli adamların dini" adlandıranlar da vardır. Lakin əsgərlər bəzən elə əmrlər alırlar ki, onlar şərəf  kateqoriyasına heç cür uyğun gəlmir. 

Ordular da elə muzdluları axtarırlar ki, onlar öz funksiyalarını icra etməyə kifayət qədər qadir olsunlar. Bəzən dövlətlər onların üzərinə mahiyyətcə yəhər kisələri qoyurlar. Əslində, müharibə dövlət adından aparılsa da, hansısa şəxslərin və qrupların, aparıcı şirkətlərin maraqlarını məmnun etmək üçün gedir. Ermənilərin öz qonşusu ilə apardığı müharibə öz marginallarının marağına xidmət edir, burada kasıb olan bir ölkənin iqtisadi maraqları da mühüm rol oynayır.

Hər bir dövlətin xarakterinin xüsusiyyətlərinin başa düşülməsi istənilən əməliyyatı hazırlayanda həlledici əhəmiyyət kəsb edir, bu vaxt digər mədəniyyətlərlə, ənənələrlə, dinlərlə, fəlsəfi düşüncələrlə və həyat tərzləri ilə kontakta girişilir.

 





10.08.2020    çap et  çap et