525.Az

İqtidar-müxalifət dialoqu: partiya sədrləri nə düşünür?


 

İqtidar-müxalifət dialoqu: <b style="color:red">partiya sədrləri nə düşünür?  </b>

Azərbaycanda başladılan genişmiqyaslı islahatlar siyasi sahəni də əhatə etməkdədir. Bu istiqamətdə iqtidarla ölkədəki siyasi partiyalar arasında dialoqun aparılması xüsusilə vurğulanmalıdır. Dövlətin güclənməsi, cəmiyyətin inkişafı üçün təbii ki, bu cür siyasi təmaslar vacibdir. Bu dialoq demək olar ki, bütün siyasi partiyaları əhatə edir. Kənarda qalan bir neçə müxalifət partiyası var ki, onlar da özləri bu prosesdən yayınıblar.  

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev mütamadi olaraq partiya sədrləri ilə görüşür. Görüşlərdə cəmiyyəti narahat edən müxtəlif məsələlərlə bağlı fikir mübadiləsi aparılır, təkliflər irəli sürülür və onlar dəyərləndirilir.

PA-nın şöbə müdiri iqtidar-müxalifət siyasi dialoqu çərçivəsində artıq 49 siyasi partiya rəhbəri ilə görüş keçirib. Bundan əlavə, 4 yeni siyasi partiyanın dövlət qeydiyyatına alınması, 3 siyasi partiyanın təsis sənədlərində edilmiş dəyişikliklərin yenidən dövlət qeydiyyatına alınması, həmçinin, 2 yeni siyasi partiyanın təsis qurultayının keçirilməsi faktı ölkədə olan siyasi plüralizmin bir sübutudur. Bu, eyni zamanda, siyasi sistemin yeni konfiqurasiyasının formalaşmasında iqtidar-müxalifət əməkdaşlığının vacibliyini bir daha önə çəkir.

Prosesin nəticəsindən danışmaq tez olsa da, partiya rəhbərlərinin ilkin təəssüratları müsbətdir. Onlar indiyədək aparılan prosesi qanedici hesab edir, ölkədə siyasi dialoqun davam etdirilməsinin zəruriliyini vurğulayırlar.

Azadlıq Partiyasının sədri Əhməd Oruc "525"ə bildirib ki, iqtidarla müxalifət arasında başladılan dialoqa müsbət yanaşır: "Biz yalnız onda güclü olacağıq ki, ölkə daxilində hakimiyyətlə bütün siyasi qüvvələr, xüsusilə müxalifət arasında prinsipial məsələlərdə fikir ortaqlığı olsun. Yəni Dağlıq Qarabağ, Azərbaycanın strateji seçimi, sosial siyasət, demokratiya və digər belə prinsipial məslələrdə hakimiyyətlə müxalifətin fərqli düşüncələri zənnimcə, yoxdur və olmamalıdır. Bu istqamətdə danışıqlar getməlidir. Dialoq dedikdə əslində, bu cür məsələlərin birgə müzakirə olunması və cəmiyyətdə pozitiv  imicin yaranması, eyni vaxtda cəmiyyətin bütün gücünün Azərbaycanın problemlərinin həllinə yönəldilməsi fikrini nəzərdə tuturam".

Partiya lideri hakimiyyət təmsilçisi ilə görüşdə bir sıra məsələləri qaldırdığını, təkliflər irəli sürdüyünü deyib: "Bunların arasında Dağlıq Qarabağ problemi, demokratiya, Azərbaycanın qoşulmama siyasəti, Rusiya ilə münasibətlər, seçkilər və digər məsələlər var. Bundan əlavə, bildirmişəm ki, dialoq hakimiyyətin daha yüksək təmsilçiliyi ilə aparılmalıdır".

Ə.Oruc bir sıra müxalifət partiyalarının prosesdə iştirak etməməsinə də toxunub və bunu doğru saymadığını deyib: "Onların müəyyən şərtlərlə dialoqdan yayınması düzgün deyil. Tutaq ki, hakimiyyət təmsilçisi siyasi partiya ilə tanış olmaq istəyir və Ədalət Vəliyevin müvafiq şöbənin müdiri olaraq vəzifəsi bundan ibarətdir. Ancaq həmin partiyalar elə şərtlər irəli sürürlər, bu, doğru deyil. Həmin partiyalar, konkret AXCP və Müsavat xarici ölkələrdən gələn, qrant vermək imkanında olan, hətta öz ölkəsində heç kim olan adamlarla görüşmək üçün növbəyə dayanan insanlardır. Özləri və müavinləri görüşmək üçün Gürcüstana, Avropaya gedirlər, hətta erməni ilə də görüşməyə hazırdırlar, burda isə bizim iqtidar nümayəndəsi ilə görüşdən imtina edirlər. Guya ki, bunlar xüsusi partiyalardır, bunun özü də tamamilə doğru olmayan bir mövqedir. Biz hakimiyyətin dialoq çağırışına tam pozitiv yanaşdıq. Hesab edirik ki, ölkə daxilində bu müzakirələr olmalıdır. Təəssüf ki, AXCP və Müsavat müxalifət daxili prosesləri parçalayıb, müxalifəti çox zəif, pərakəndə bir vəziyyətə gətiriblər".

Ə.Oruc iyulda Ermənistanın sərhəddə təxribatları zamanı siyasi partiyaların dövlətə tam dəstək verdiyini, dövlətin yanında olduğunu da deyib.

Azərbaycan Yurddaş Partiyasının sədri Mayis Səfərli düşünür ki, siyasi dialoq cəmiyyətin inkişafı üçün olduqca vacibdir. Onun sözlərinə görə, ölkədə siyasi münasibətlərin sağlam zəmində qurulması, siyasi sistemin müasirləşdirilməsi istiqamətində xeyli önəmli nəticələr əldə edildiyini söyləmək mümkündür. Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevin partiya sədrləri ilə keçirdiyi görüşlərin davamlı xarakter aldığını deyən M.Səfərli, əlavə edib ki, prosesin cəmiyyətdə müsbət qarşılanmasının əsas səbəblərindən biri hakim Yeni Azərbaycan Partiyasinın sədri olan ölkə başçısının bütün siyasi qüvvələri, o cümlədən, radikal baxışları və fəaliyyəti ilə seçilən təşkilatları da dialoqa dəvət etməsidir. Onun sözlərinə görə, ümumilikdə yeni konfiqurasiyanın formalaşmasında müxalif partiyaların mütləq əksəriyyətinin yer alması müsbət haldır: "Son dövrlərdə partiyaların qeydiyyata alınması məsələlərinin yüngülləşdirilməsi, siyasi arenaya yeni təşkilatların gəlməsinə uyğun şəraitin yaradılması, müstəqillik tariximizdə ilk dəfə olaraq, müxalifət nümayəndələrinin parlament rəhbərliyində təmsil olunması, sözsüz ki, yeni düzəni xarakterizə edən əsas faktorlardır. Bütün bunlar cəmiyyətimizin daha da demokratikləşməsinə, ictimai-siyasi sabitliyin möhkəmləndirilməsinə xidmət edir, ölkəmizin beynəlxalq aləmdə demokratik imicinin yüksəlməsinə layiqli töhfəsini verir. İnanıram ki, dövlətimiz pandemiyaya qalib gəldikdən sonra bu islahatların intensivliyi daha da artacaq, digər sahələrdə olduğu kimi, demokratik inkişaf yolunda da bir çox yeni uğurlara imza atacaq".

M.Səfərli vurğulayıb ki, iqtidarla siyasi partiyalar arasındakı dialoq qarşılıqlı anlaşma, əməkdaşlıq, fikir plüralizmi və siyasi baxışlara hörmət əsasında həyata keçirilir.

Partiya sədri cəmiyyətdə müsbət qarşılanan yeni siyasi münasibətlər formatında AXCP və Müsavat Partiyasının yer almamasına da diqqət çəkib və bunun gözlənilən olduğunu deyib. Onun sözlərinə görə, bu qüvvələr uzun illərdir bütün məsələlərdə anormal mövqe sərgiləyirlər: "Onların bütün fəaliyyəti Azərbaycanda həyata keçirilən normal işlərə kölgə salmaq, həqiqətləri sosial şəbəkələrdə başqa fonda təqdim etməkdir. Özünütəcrid, əslində, həmin təşkilatların özlərinə ziyan vurur. Onların getdikcə zəifləməsi, geriləməsi, ictimai-siyasi proseslərə təsir imkanlarını itirməsi günümüzün reallığıdır. Mənim qənaətimə görə, müxalifət düşərgəsi İlham Əliyevin yeni siyasi kursunu dəstəkləməlidir. Məhz dəyişən, yeniləşən qanunların hörmət edildiyi demokratik bir ölkədə müxalifətin öz siyasi arzularını gerçəkləşdirmək imkanları xeyli artır".

Ağ Partiyanın sədri Tural Abbaslı da "525"ə deyib ki, dialoqun başladılmasını müsbət hal kimi qiymətləndirir: "Artıq uzun illərdir ki, Azərbaycanın siyasi səhnəsində, ümumiyyətlə cəmiyyətdə çatışmayan dialoq mühitinin olmaması idi. Yəni cəmiyyətdə radikallıq, düşmənçilik mövqeyi hökm sürürdü. Ancaq siyasi rəqabətin əsas predmeti olan dialoq, bir masa arxasında oturmaq, problemlər barədə danışa bilmək ənənəsi yox idi. Ona görə də belə bir dialoqun başladılması təbii ki, müsbət haldır. Yəni hələ dialoqun hansı mərhələdə olması, nələrdən danışılması və nələrin gözlənilməsindən asılı olmayaraq, ümumən belə bir prosesin başladılması müsbətdir. Dialoqu zəruri edən əsas səbəbə gəlincə, düşünürəm ki, artıq iqtidarda belə başa düşdülər ki, demokratik cəmiyyət qurulmadan, iqtidar-xalq və müxalifət üçlüyü öz aralarında həmrəylik əldə etmədən, düşmənçiliyi rəqabətə keçirmədən dövlət güclü ola, inkişaf edə, iqtisadiyyat yüksələ, dayanıqlı sabitlik ola bilməz. 27 ilə yaxındır ki, eyni iqtidar hakimiyyətdədir və məncə, onlar bu illər ərzində öz cəmiyyəti, müxalifəti ilə dialoqda olmamağın nə qədər problemli olduğunu öz təcrübələrində görüblər və artıq qərara gəliblər ki, bu prosesi irəliyə aparsınlar, dialoq mühiti yaratsınlar. Bir sözlə desək, dövlətin güclü olmasını, iqtisadiyyatın yüksəlməsini istəyiriksə, təbii ki, dialoq mühümdür. Dialoqu da zəruri edən əsas səbəb budur".

T.Abbaslı əlavə edib ki, partiya olaraq, dialoq çərçivəsində əsasən siyasi arenada, siyasi sahədə olan problemləri diqqət mərkəzinə gətirməyə çalışırlar: "Yəni siyasi proseslərin nəhayət normal çərçivələrə qayıtması üçün atılmalı olan addımlar barədə fikirlərimizi bildirmişik, mütamadi olaraq da bildiririk. Siyasi partiyaların siyasi səhnədəki yükünün artırılmasını qeyd etmişik. Çoxpartiyalı sistemin inkişafının dövlətə və dövlətçiliyə verə biləcəyi faydalar barədə geniş fikir mübadiləsi aparmışıq və bunun önəmli olmasını diqqətə çatdırmışıq. Həmçinin, cəmiyyətlə iqtidar arasında yaranmış uçurumun aradan qaldırılması üçün hakimiyyətin atmalı olduğu bəzi addımlar barədə fikirlərimizi bildirmişik. Eyni zamanda, bir daha qeyd edirəm ki, partiyaların inkişafı və onların inkişafının, çoxpartiyalı sistemin dövlətə verə biləcəyi faydalar barədə, yaxud da bu sistemin olmamasından dövlətin gördüyü ziyanlar haqda fikir mübadiləsi aparmışıq, diqqəti bu yönə çəkmişik. Güman edirəm ki, digər partiyalar kimi, bizim də səsləndirdiyimiz bəzi fikir və təkliflər nəzərə alınır və bu istiqamətdə hansısa işlər görülür. Bir daha vurğulamaq istəyirəm ki, bu görülən işlərin tempinin, sürətinin, yaxud da ardıcıllığının bizi qane edib-etməməsi tam başqa bir məsələdir. Amma hər halda artıq uzun illərdən bəri bir nöqtədə donub qalmış, irəliyə hərəkət etməyən bir prosesin ölü nöqtədən tərpənməsinin özü artıq müsbət haldır".

PƏRVANƏ

 





11.08.2020    çap et  çap et