525.Az

Biz nə istəyirik?! - Şahanə Müşfiqin yazısı


 

Biz nə istəyirik?! - <b style="color:red">Şahanə Müşfiqin yazısı </b>

Bir gün Molla Nəsrəddin oğlunu məktəbdən götürməyə eşşəklə gəlir. Oğluyla eşşəyin üzərində evin yolunu tuturlar. Aradan zaman keçir. Bir qrup insan qabaqlarına çıxır.

Biri deyir:

- Molla ayıb deyil, eşşək o qədər yükü necə daşısın?

Molla da oğlunu eşşəkdən endirib yoluna davam edir. Bir az keçmiş bir neçə insan yenə qabaqlarına çıxır və deyirlər:

- Ayıb, ayıb. Özün minmisən, balaca uşaq piyada qalıb.

Molla uşağı eşşəyə mindirib, özü enir, yoluna davam edir. Bu dəfə bir başqası söz edir:

- Bu zamanə uşaqları belədir də, qoca atalar piyada gedər, özləri eşşəyə minər.

Bu söz uşağın acığına gedir və eşşəkdən enir, ikisi də pidaya gedirlər. Ordan boşboğazın biri danışır:

- Ağılsızlara baxın, eşşək qabaqda gedir, bunlar piyada...

Bunun üstünə Molla Nəsrəddin oğluna deyir:

- Görürsən də, oğlum, el-aləmin ağzı torba deyil ki, büzəsən.

Bu məşhur lətifəni xatırlatmaqda məqsədim var. Düzünü desəm, bu zamana kimi bu lətifəni bu qədər dərindən duyduğum və müşahidə etdiyim olmamışdı.

2020-ci ili son dövrlərin ən qaynar, ən alovlu, ən səs-küylü ili adlandıra bilərik, yəqin ki. Dünyada və ölkəmizdə baş verən və az qala, hər gün dəyişən olaylar cəmiyyəti də daha yaxşı müşahidə etmək üçün bir növ şərait yaradır. İnsanlar məhz belə zamanlarda tanıyır yanındakı, ətrafındakı, ölkəsindəki və dünyadakı digər insanları.

Heç zaman "təkcə Azərbaycanda...", "dünyanın heç bir yerində...", "heç bir xalq bizim kimi..." və sair buna bənzər ifadələrlə başlanan və hökm kimi cəmiyyətə sırınan fikirləri qəbul etməmişəm. Nə qədər internet əsri də olsa, "nə qədər uzaq dağ kəndində oturub Liviya səhrasından da xəbər tutsaq", bir ölkəni, bir xalqı tanımaq və "orda bu yoxdur" demək üçün mütləq ən azından həmin yerdə olmalısan deyə düşünürəm. Nəinki başqa bir ölkəni, xalqı dəyərləndirmək, eyni ölkənin içərisində başqa bir şəhər, rayon camaatını ümumiləşdirməyin də əleyhinəyəm.

Amma....

Son vaxtlar bir sual beynimi məşğul edir, hər sosial şəbəkəni açanda, hər insanlarla ünsiyyətdə olanda fikirlərimi zəbt edib, şiddətlə cavab tapmağımı tələb edir: Görəsən, dünyanın başqa bir yerində bizim qədər narazı, nə istədiyini özü də bilməyən insanlar varmı?

Demokratiya, söz və düşüncə azadlığı gözəl şeydir, xalqın və dövlətin inkişafına birbaşa təsir edəcək qüvvədir. Əlbəttə, ondan yerində və lazımınca istifadə etməyi bacarsan. Nə yazıq ki, bizdə "həddi aşmaq" problemi var. Az qala, hər işimizdə "dozanı" artıq etməyi sevirik. Və heç vaxt heç nədən  razı qalmırıq.

Harda nə zaman necə bu qədər kinlə, aqressiyayla, zəhərlə dolmuşuq, anlaya bilmirəm. Cəmiyyətimiz nifrət olunacaq insanları peşəsinə görə müəyyənləşdirir artıq: həkiminə nifrət edir, müəlliminə, yazıçısına, jurnalistinə nifrət edir, aktyoruna, siyasətçisinə, müğənnisinə, aliminə, ziyalısına nifrət edir, varlısına, kasıbına, fərarisinə, qəhrəmanına, öləninə, öldürəninə nifrət edir... Heç nəyi, heç kimi bəyənmir. Ağa ağ olduğuna, qaraya da qara olduğuna görə nifrət edir.

Kimsəyə yardım etməyən (ya da bunu ictimaiyyətin gözü qarşısında etməyən) hər kəsi xeyriyyəçiliklə məşğul olmur, kiməsə əl tutmur deyə yamanlayır, tənqid edirik. Bununla da ürəyimiz soyumur, bu dəfə bütün gün xeyriyyəçiliklə məşğul olan, gücü çatan qədər insanlara əl tutan insanı "özünü reklam edir", "özünə xal qazanır" kimi tənqidlərimizlə, lağa qoymaqla etdiyi işdən soyuduruq.

Kiməsə yaltaqlananı söyürük, haqqın tərəfində olmağı tələb edirik. Yaltaqlanmayanı, sözün düzünü deyəni isə lağa qoyur, səmimiyyətin şübhə altına alaraq, "nə məqsədi var ki, belə danışır?" deyirik.

İş yerinə öz tanışını, qohumunu, inandığı adamları yığan rəhbərə "yerlibaz", "qohumlarına çörək verən" deyirik. Tamam başqa, yad insanları işə götürənlərə isə "nə məqsədi var ki, onu işə götürüb" - deyə şər atırıq. Hər iki versiyada işə qəbul olunan insanın bacarığı, savadı, həmin işlə bağlı təcrübəsi bizi maraqlandırmır. Əgər işə qəbul olunubsa, deməli, "burda nəsə var".

Bir yazıçının kitabını almır, bir yazısını oxumuruq. Yeri gəldi, gəlmədi dünya ədəbiyyatıyla öz ədəbiyyatımızı müqayisə edib, öz ziyalılarımızı, şairlərimizi yerin dibinə soxuruq. Amma işimiz tərsə düşən kimi, il-12 ay tənqid, hətta təhqir elədiyimiz yazıçıdan bizi müdafiə etməyini, xalqın sözünü deməyini gözləyir, hətta tələb edirik.

Bütün gün Qarabağdan danışan, o dərdə ağlayan adama bizi eyni mövzuyla bezdirdiyi üçün ağız əyirik. Amma az qala, hər bayramda, ya da biri qol götürüb oynayanda qeyrət damarımız tutur, "Qarabağ boyda dərdi olan xalq oynamaz, bayram keçirməz" deyirik.

Qonşuya, qohuma acıq vermək, özümüzü göstərmək üçün bir müğənnini toyumuza gətirib, yarım saatlıq ifasına 5-10 min manat pul veririk, sonra onun sürdüyü maşının, yaşadığı evin cah-cəlalını hesablayırıq, "hardan alır bu qədər pulu?" deyə dərd yanırıq.

Həkimin yanına gedəndə onun elə bir tələbi olmasa belə cibinə "şirinliyi" də qoyan bizik, həkim rüşvət alır deyə vay-şüvən qoparan da...

On bir il uşağımıza yüksək qiymət yazmayan, dərs tələb edən müəllimi söyən, aparıb pul verib, qiymət yazdıran, yazmayan müəllimi bütün valideynlərin, digər müəllimlərin yanında yamanlayıb, əzazil, vicdansız adlandıran da bizik, övladımız ali məktəbə daxil olmayanda həmin müəllimin boğazından yapışan da.

İşləməyən, ortalıqda görünməyən deputatı, məmuru tənqid edirik, işləyən, xalqın, seçicilərinin yanında olanı, baş verən hər olayla bağlı mövqeyini açıq sərgiləyəni isə qeyri-səmimi adlandırır, gülüş obyektinə çevirir, yenə də lağa qoyuruq.

Bir qanunun çıxmasını istəyirik, yazırıq-pozuruq, aidiyyatı orqanlara müraciətlər ünvanlayırıq. Nəhayət, o qanun qəbul olunanda mütləq narazı qalmağa nəsə səbəb tapırıq, həmin qanunu da gözdən salırıq...

Siyahını istədiyimiz qədər uzada, bu misalları az qala hər sahəyə aid edə bilərik. Demirəm, ölkəmizdə, dünyamızda hər şey güllük-gülüstanlıqdır, bircə biz narazılarıq "gül üzdəki ət xalı"... Amma gərək bir gün bu gileylərdən başımız açılanda vaxt edib fikirləşək: Biz nə istəyirik?!

 





11.08.2020    çap et  çap et