525.Az

Sevginin gücü - Maraqlı


 

Sevginin gücü - <b style="color:red">Maraqlı </b>

Hər şeyin qaydasında olduğu, hələ insanların evə qapanmadığı bir neçə ay öncəyə qədər ən çox eşitdiyimiz kəlmələrdən biri "sevgi yoxdur" idi.

İnsan çox zaman özü ilə yalnız qalmaqdan o dərəcədə qorxur ki, təsəllini sosiallaşmaqda, çoxlu insanın olduğu xaosda tapır, içindəki sevgi aclığını ətrafına çox insan yığmaqla doldurmağa çalışır. Əslində, dünyaya sadəcə, baxmaqla kifayətlənməyib, həm də görməyə çalışsaq, fərqinə vararıq ki, ətrafımızda olan hər şey sevginin bir parçasıdır. Sevgi olmasa, nə bu ucsuz-bucaqsız dünya olar, nə də insanlıq. Elə ki insan özü ilə yalnız, baş-başa qalır, qaçmaq istədiyi bütün yollar özünə gedib çıxır, o zaman sevgisiz yaşadığını iliklərinə qədər hiss edir və artıq sevginin ən ali hiss, ən böyük səadət olduğunu dana bilmir. Qəribədir, karantin dövründə "sevgi yoxdur" sözlərinin əksinə, sevginin olduğunu, bu hissə, sözün əsl mənasında, ehtiyac duyulduğunu daha çox eşidir və oxuyuruq. Sanki insanlar sevginin var olduğunun fərqinə varıblar. Bu günlərdə təsadüfən Feysbukda iki fərqli adamın təxminən eyni günlərdə və eyni ovqatda sevgini ifadə edən statusu ilə rastlaşdıq. Hər iki status sevginin xoşbəxtliyin açarı, insan qəlbinin gözəlliyinin səbəbi olduğunun ifadəsi idi.

Şəhriyar Del Gerani, şair: "Dünyada Eşqdən savayı səadət tanımıram. Yoxdur elə bir xoşbəxtlik. Sevgi elə bir hissdir ki, ömrü yalnız odur mənalandıran. Pul? Qətiyyən! Milyonçu dostlarım var, sevgisiz olanda bambılıya dönürlər. Daşdır, qumdur, cürbəcür dəmir-dümürdür, hamısı təfərrüatdır. Şöhrət? Əsla! Puçdur. Şöhrətli dostlarım var, sevgisiz olanda sabun köpüyü gülüşlərlə başlarını girələyirlər. Ömrün fonu sevgidir, varsa, hər nə var mənalı olacaq, yoxdursa, hər nə yoxsa sonsuz boşluğa çevriləcək, o boşluq səni günbəgün gəmirəcək. Hamı bu İlahi məsələni çox yaxşı bilir. Hər kəs öz sevgisiz, qaramat, həpsi rəng olan həyatını da yaxşı tanıyır. Məhz bu səbəbdəndir adamların amansız Sevgi düşmənçiliyi. Sevən kəsləri görəndə dəli öküzə dönürlər, nifrət, kin-küdurət qusurlar. Cürbəcür sürtük ittihamlar başlayır - "Filankəs bəhmənkəsdən 300 yaş böyükdür", "Bəhmənkəs filankəsin atası yerindədir, filankəs bəhmənkəsin qızı yerindədir ", "Filankəs bəhmənkəsin ailəsini dağıtdı" filan-bəsməkan. Bəs, necə olmalıdır? Yalançı öhdəliklərin "yaşatdığı" ailəni həqiqi Eşq darmadağın etməlidir də. Nə qədər ömrü var ki insanın, onu da yalançı, qurama, saxta öhdəliklərə qurban versin? Ağıllı adamlar, yaşamağı bacaran, Eşqi bilən kəslər belə şəngülüm şeylərə getmirlər, getməzlər. Sən çəkil bir kənara, küydən arın, düşün gör o bomboz, qaramat ömründə əhvalına azacıq da olsa rəng qatan nəyin var? Gün ərzində nəylə ovundurursan özünü? Ümumiyyətlə, bu nə düşük həyatdır yaşayırsan? Cərə yaşa, cəhənnəmə yaşa, təpənə dəysin, öz ömründür, özün bilərsən. Bəs, başqalarının həyatında nə işin var? Utanmaz-utanmaz günlərini, aylarını, illərini açar deşiklərində keçirirsən, hələ bir əxlaq polisi də kəsilirsən cəmiyyətin başına. Əlbəttə, bütün bunlar bir nəfərə deyilmir, bu qanqaraçılıq prinsipiylə yaşayan hər kəsə aiddir. Cəmiyyətin 90  faizi Sevgi düşmənidir. Öz başına gəlməyib, gəlməyib, bilmirsən, nadansan, olsun. Heç olmasa ədəbiyyatlara bax, filmlər izlə, gör nə mübarək sevgilər yaşanmış dünyada. Bilmirsən, bilmə, amma canın çıxsın, hörmət elə, sayğı duy. İnsanların sevgisinə ehtiramla yanaş. Bu, sənin borcundur. Nədən ki, Eşqi bilən adamlar səndən mütləq üstündür. Hətta Allah yanında da üzləri səndən ağdır. Allah da bəşəriyyətə Eşqi əmanət etmiş. Ustad necə deyirdi? 

Zahidi-xudbin nə bilsin zövqini eşq əhlinin,
Bir əcəb meydir məhəbbət kim, içən huşyar olur.
Eşq sevdasinə sərf eylər Füzuli ömrünü,
Bilməzəm, bu xabi-qəflətdən qaçan bidar olur.

Xülasə, Eşq əhli də gərək möhkəm olsun. Məndən sizə əmanət, yaşadığınız cəmiyyəti tanıyın. Çalışın pünhan saxlayın Sevginizi. Nə qədər gizli saxlasanız, bir o qədər uzunömürlü səadətiniz olacaq. Yox, bir balaca ehtiyatı əldən verdiniz, vəssəlam, qarğa-quzğunlara yem edəcəksiniz həm özünüzü, həm də ol gözəlim müqəddəs Sevdanızı. Allah hər daim sizinlə olsun. Eşqlər!"

Azad Əliyev, Baku.ws saytının baş redaktoru: "Bir qohumumuz var idi. Yenicə evlənmişdi. Həyat yoldaşı ilə o qədər məhəbbətlə danışırdı ki. Elə sirli, məlahətli səslə qadına müraciət edirdi ki, musiqiyə qulaq asırmışsan kimi dinləyirdin kişini. Mən həmişə bu cütlük bir-birilə danışanda fikirləşirdim ki, sevgi həm də fərqli şəkildə səsdir. Sən sevdiyin qadınla hamı ilə danışdığın kimi danışmırsan. Ona müraciətin məxsusi, sirli və çox ecazkar bir səslə olur. Həyat yoldaşı ilə danışan kişilərə fikir verin və onun xanımını nə qədər sevdiyini biləcəksiniz. Kişi yoldaşı ilə hamı ilə danışdığı səslə danışırsa, demək sevmir.

Yeri gəlmişkən, bir müddət keçəndən sonra həmin cütlüklə toyda, şadlıq sarayının qarderobunda rastlaşmışdım. Kişi həyat yoldaşının paltosunu asılqandan alırdı. O qədər kobud səslə müraciət etdi ki, xanımına. Çevrilib bu kobud səsin sahibinə baxdım. Gördüm həmin həlim səsli qohumumuzdur. Başa düşdüm ki, bu cütlüyün bir-birinə olan sevgisi artıq tükənib. Kağız üzərində hələ də ər-arvad olsalar da, bir-birlərinə yaddırlar. Səsləri ögeyləşib".

 





11.08.2020    çap et  çap et