525.Az

Üzeyir Hacıbəyli "Azərbaycan" qəzetində: mətbuat tariximizin mühüm mərhələsi


 

Üzeyir Hacıbəyli "Azərbaycan" qəzetində: <b style="color:red">mətbuat tariximizin mühüm mərhələsi</b>

İKİNCİ YAZI 

Üzeyir bəy Hacıbəylinin Cümhuriyyət dövrü yazılarında dövrünün ən mühüm problemlərinin, o cümlədən, suveren dövlət və müstəqillik, demokratiya, milli maarifçilik, azad söz və mətbuat, vicdan azadlığı, erməni məsələsi, Qarabağ problemi kimi məsələlərin diqqət mərkəzində saxlanılması ilə birgə bu problemlərin çözülməsi ilə birgə məsələlərin dərin siyasi mahiyyəti ilə bağlı nəzəri fikirləri də maraq doğurur.

Ədibin "Nə istiyorlar" (7 may 1919, № 174), "Siyasi imtahan" (11 may 1919, №177, "Xatimə" (15 may 1919, №181) "İçimizdəki denikinlər" (10 iyun 1919, №200), "Qarabağ hadisatı" (24 iyun 1919, №210), "Səddi-İsgəndər" (26 iyun 1919, №212) və eləcə də tarixi həqiqətləri özündə əks etdirən yüzlərlə yazıları bu gün Azərbaycan haqqında yazılan böhtan və iftiralara, tarixi təhriflərə qarşı Azərbaycan  ziyalılarının istinad etdikləti tutarlı cavablar və faktlardır. 

Üzeyir bəy "Azərbaycan" qəzetində onu düşündürən əsas problemlərdən biri olan Qarabağ məsələsinə də toxunur, ermənilərin Azərbaycana qarşı təcavüzünün kökünün dərinliyini açıb göstərirdi. O, qəzetdə Qarabağ məsələsini ermənilərin torpaq iddiası ilə bərabər, Azərbaycan hökumətinə itaətsizliyi kimi də qoyurdu. "Eyni müamilə gözləyirik" (5 may 1919, №172) məqaləsində Azərbaycan hökumətinin mövqeyini əks etdirərək Qarabağ ermənilərinin hökumətə tabe olmamaq qəsdilə göstərməkdə olduqları inadın artıq həyasızlıq dərəcəsinə çatdığını qeyd edir.

Məqalədə ingilis baş komandanı Bakı nümayəndəsi Şatelvortun Şuşa şəhərinə getməsi və Qarabağda yalnız Azərbaycan hökumətinin qanunlarının hökm sürəcəyi ilə bağlı erməniləri itaətə dəvət etməsi, buna baxmayaraq, ermənilərin öz "müttəfiqlərinə" arxayın olub müqavimət göstərmələrini qeyd etməklə onların daima Qərbin köləsi, əllərində alət olmasını faktını vurğulayır: "Yevropaya ümidvardırlar", ümidvar olmaqlarının əsasi-dəxi budur ki, müharibə əsasında müttəfiqlərə "kömək durub" düşmən qabağında "döş gərib qılınc vurubdurlar", bunun əvəzində müttəfiqlərdən "ənam" gözlüyorlar!" İngilislərin timsalında havadarları açıq-aydın ittiham edən Üzeyir bəy göstərir ki, Azərbaycan hökuməti qəti addım atmalı, öz vəzifəsi müqabilində hər kəs ki, Qarabağda Azərbaycan hökumətinə qulaq asmadı, asi və xain hesab edilib layiqi olan cəzalara çatmalıdır. Üzeyir bəyin bu problemin həllində tövsiyə etdiyi bu qəti addım vaxtında atılmış olsaydı, yəqin ki, əsrin sonunda analoji şəkildə eyni dərdi yaşayan millətin bu gün qarşılaşdığı bu faciələr təkrar yaşanmazdı, doğma diyarı Şuşa və iyirmi faiz torpağı tapdaq altında qalmazdı.

"Naxçıvan və Qarabağ" (25 may 1919, №187) məqaləsi də əlləri daima Amerikanın, ingilislərin ətəyində olan Qarabağ ermənilərinin Azərbaycan hökumətinə tabe olmamaları, burada ingilislərin tərəfgirliyi məsələsinə həsr edilmişdir. Sayca ermənilərdən çox olub, yerlərinin böyük qismi müsəlmanlara məxsus olan Naxçıvanın general Revi tərəfindən may ayının 14-də Ararat hökumətinə təsliminə, yeni yaranmış Azərbaycan hökumətinin yenə eyni ingilislərin köməyilə öz haqlarını hələ də yeridə bilməməsinə münasibət bildirən Üzeyir bəy yazırdı: "Bizi yandıran ingilislərin tərəfgirliyi və ya ingilis generalının bacarığı və ingilis miralayının bişüurluğu degildir. Özümüzün rəftarıdır ki, onun adına bacarıqsızlıq deməkdən başqa özgə bir ad qoymaq olmaz".



XX ərin əvvəllərində ermənilərin Azərbaycan xalqına qarşı amansız vəhşilikləri, onların Naxçıvan və Şərur, Zəngəzur, Şuşa, Cəbrayıl və Cavanşir uyezdlərindən ibarət olan Qarabağda kütləvi şəkildə törətdikləri kütləvi soyqırımlar Azərbaycan Məclisi Məbusanın da daima müzakirəyə çıxardığı məsələlərdən idi. Parlamentin 1919-cu il yanvarın 15-də M.Ə.Rəsulzadə tərəfindən növbədənkənar xarici bəyanatında deyilir: "Vətəndaşlar, Naxçıvan və Şərur uyezdlərində və İrəvan quberniyasının sair yerlərində müsəlmanlar, türklər başında yenə tazədən top qumbaraları partlıyor. Müsəlmanlar min dürlü əza və cəfalərə düçar oluyorlar. Hələ erməni-gürcü konfransında əskər tərxisi müzakirə edildikdə ermənilər demişlər ki, bizim daxili düşmənlərimiz var, asilərimiz var, onları tabe və tədib üçün əsgər lazımdır: ona görə qoşunumuzu buraxa bilməyəcəgiz. Məgər bu düşmənlər yazıq, torpaqlarından əl çəkmək istəməyən zavallı naxçıvanlılar imiş, məgər bu düşmənlər istiqlaliyyət istəyən, heç kəsə qul olmaq istəməyib müstəqil yaşamaq arzusunda olan müsəlmanlar imiş".

M.Ə.Rəsulzadənin hökuməti bu məsələdə ciddi tədbirlər görməyə, nahaq tökülən qanların önünü almağa səsləyən çağırışına Ü.Hacıbəyli vaxtaşırı "Azərbaycan" qəzetində dərc etdirdiyi məqalələrində münasibət bildirirdi. Ədibin "Andranikin məsələsi" (15 dekabr 1918-ci il, № 65), "Fitnələr qarşısında" (23 yanvar 1919-cu il, №95), "Qarabağ haqqında" (30 yanvar 1919-cu il, №101) və s. məqalələri erməni quldur dəstəsinin başçısı Andranikin Qarabağı "müsəlmanlardan təmizləmək" məqsədilə onları qətlə yetirməsindən, Azərbaycan xalqının ermənilər tərəfindən top-tüfəng yağışına tutulmasıyla birgə, həmçinin, quru böhtan və iftiralara da məruz qalmasından söhbət açır.

"Andranikin məsələsi" məqaləsində erməni siyasətinin mahiyyətini açan Ü.Hacıbəyli erməni hökumətindən "küsüb" "özbaşına" olan Andranikin öz camaatının "qəhrəmanı" kimi əlsiz-ayaqsız müsəlmanların üzərinə top və tüfəng ilə hücumlarından söhbət açır, Ararat hökumətinin bu məsuliyyətdən özlərini necə kənara çəkmələrini uzaqgörənliklə təqdim edir. Ədib maraqlı təqdimatlarla erməni siyasətinin-separatizminin iç üzünü oxuculara çatdırır: "Sərhəd məsələsini Tiflis konfransında sülh və sazişlə həll etmək istəməyən erməni hökuməti həmin bu məsələni qılınc zoru ilə qurtarmağa qərar verib, general Andraniki də göndəribdir ki, hüdudumuzu keçib müsəlmanları tədhiş ilə pərakəndə qılmaqla arzu etdikləri yerləri təhti-təsəllüt və təsərrüfə keçirib, Ermənistan torpağına qatışdırsınlar". Bu məqamda Ermənistan Cümhuriyyətinin müstəqil bir surətdə yaşamaq üçün özlərində qabiliyyət və istedad olduğuna inanmayan və bu təqdirdə qonşuların da müstəqil yaşamalarını istəməyən daşnakların Qafqazın ortasında andraniklər vasitəsilə qəsdən şuluqluq salıb, ölkəmizin təkrar qəyyumlar əlinə keçməsi üçün apardığı siyasi oyunun gizli tərəflərini jurnalist uzaqgörənliyi ilə açan icmalçı Üzeyir bəyi görürük.

"Fitnələr qarşısında" məqaləsində isə Ü.Hacıbəyli hökumətin və müttəfiqlər ordusu komandanı general Tomsonun tədbirlərindən sonra Andranikin quldurluğunun sona çatdığını göstərsə də, ermənilərin növbəti taktikaya keçmələrini, hökumətimizin top və tüfəng ağzından çıxan güllələrdən sonra daşnaklaın "Vperyod" qəzetinin iftira və böhtanlarına məruz qalmasını qeyd edir: "...top və tüfəng güllələrini dəf etmək bunların iftira və böhtanlarını rədd etmək işindən çox asandır. Çünki ermənilər cəngavərlikdən artıq böhtan və iftira qurmaq ustalığı ilə məşhurdurlar". Üzeyir bəy  bir vətənpərvər ziyalı kimi xalqını "danos"lar hücumuna və "niş"inə qarşı hazır olmağa çağırır, gənc hökumətimizi "əqrəb"lərdən qorumağı hər kəsin borcu hesab edir.

Ədibin "Qarabağ haqqında" məqaləsində də "Naşe vremya" erməni qəzetinin Qarabağda quldur dəstələrinin təcavüzünün qarşısını almaq məqsədilə yaradılacaq general-qubernatorluq təşkilinə qarşı fitnəkarlıq və provakasiyalara analitik şərhi, jurnalist yanaşması və milli təəssübkeşliyi maraq doğurur: "...hökumətimiz Qarabağda general-qubernatorluq təşkil etmək istərkən, erməni hökuməti ilə müharibəyə girmək ehtimalını heç xəyalına böylə gətirməmişdir, çünki Qarabağ bizim, biz-bizim. Öz yerimizdə, öz torpağımızda nə sayaq "adminstrativ" şəkillər yapacağımız bizim öz işimizdir. Erməni hökumətinin və ya erməni milli komitəsinin bu cürə işlərimizə qatışmağa heç bir haqlari olmadığını özləri bilmirlərsə, o halda siyasiyatın ibtidai qaydalarından bixəbər və cahildirlər, özgələrindən öyrənsinlər".

 Biz tarixə nəzər salsaq görərik ki, ermənilərin əsassız böhtan, qərəz və iftiralarla dolu təbliğat maşınını Azərbaycan xalqı, eləcə də Qərb dövlətləri daima müşahidə etmişlər. 1919-1920-ci illərdə Qafqazda, o cümlədən, Azərbaycanda münaqişə zonalarında olmuş ingilis hərbi jurnalisti Skotland-Liddellin "Erməni-tatar sazişi. Qarabağda sülhün bərqərar olması" sərlövhəli yazısı Üzeyir Hacıbəylinin gündəmə gətirdiyi problemə - erməni təbliğat maşınına Qərb siyasətçisinin verdiyi qiymət baxımından maraqlııdır: "Erməni mətbuatı qırğınlar, qəddarlıqlar barədə uydurmalarla və tatarlara qarşı təbliğatlarla doludur. Bu mətbuatda provokasiya çoxdu və heç şübhəsiz, indiki dövrdə Qafqazda və Ermənistanda baş verən milli münaqişələrin çoxuna görə məhz erməni mətbuatı cavabdehdir".

Yeni qurulmuş Azərbaycan dövlətini parçalamağa, torpaqlarını ələ keçirməyə, əhalisini qırmağa can atan qəddar, quldur, hiyləgər, məkrli, təcavüzkar erməni millətinin xarakterik xüsusiyyətləri Ü.Hacıbəylinin publisistik məqalələrində tam xarakterizə olunmuş, Cənubi Qafqazda daim münaqişə ocağı yaratmaqda Qərb imperialist dövlətlərin onlardan bir alət kimi daim istifadə etdikləri tutarlı faktlarla sübut edilmişdir.

Ü.Hacıbəylinin dövlətinə, vətəninə, millətinə, bayrağına sonsuz sevgisinin təcəssümü olan "Bayrağımız sarsılmaz" (8 may 1919, №175) məqaləsi zülm və əsarətin yoğun zəncirlərini qırıq-qırıq etməyə qadir olmuş bir millətin, gənc Azərbaycan dövlətinin haqq və azadlıq rəmzini özündə daşıyan ÜÇRƏNGLİ bayrağımıza həsr olunmuşdur. Ədib sağ və sol düşmənlərimizin xain gözlərini qamaşdıran müqəddəs bayrağımızın üç rəngini göylərə qaldıran ağacın iti bir ox olub alçaq düşmənlərimizin qara qəlblərini deşməsilə namərd belini sındırıb alçaq başları əydirmək üzrə olduğunu mübariz bir ruhla qeyd edir: "O ağac sınmaz, o nur sönməz, o əl dönməz!!! Çünki bayrağımız həqq bayrağıdır. O, bir millətin hüquqi-bəşəriyyəsinin harisidir. Bir millət ki, onun da insan kimi yaşamaqa haqqı vardır! Bir millət ki, daha əsir olmaq istəmir!"

Ü.Hacıbəyli və onun əqidə və məslək yoldaşlarının vaxtilə yüksəltdikləri üçrəngli bayraq 70 ildən sonra yenidən xalqın müstəqillik, suverenlik, milli azadlıq uğrunda mübarizəsində Azadlıq meydanında dalğalanaraq xalqı yenidən öz müstəqilliyini əldə etməsi yolunda sıx birləşdirdi.

Bu dahi şəxsiyyətin keçdiyi şərəfli həyat yolu, milli tarixi və mənəvi dəyərlərimiz sırasında biz və bizdən sonrakı nəsillər üçün qoyduğu mənəvi irs-sərvət bir daha təsdiq edir ki, özünün də müdrikcəsinə qeyd etdiyi kimi (Ü.Hacıbəyli. "Həqiqət" qəzeti, 14 aprel 1910, №82): "Bu cür adamlar nəinki sağlığında, bəlkə öləndən sonra da camaata mənfəət verirlər!.."

Aygün ƏZİMOVA
BDU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub

 





11.08.2020    çap et  çap et