525.Az

Hələbdə Nəsiminin məqbərəsində restovrasiya işləri aparılır - Yazı


 

SURİYADA YAŞAYAN HƏMYERLİMİZ, TƏRCÜMƏÇİ ZAHİD ŞAHSUVAROV: "NƏSİMİNİN YARADICILIĞI İLƏ YANAŞI, ONUN MƏQBƏRƏSİ DƏ AZƏRBAYCANIN MİLLİ SƏRVƏTİDİR VƏ BİZ BU SƏRVƏTƏ SAHİB ÇIXMALIYIQ"

Hələbdə Nəsiminin məqbərəsində restovrasiya işləri aparılır - <b style="color:red">Yazı</b>

Dünyanın bu qarışıq vədəsində, pandemiyanın meydan suladığı bu dar macalda Azərbaycan ədəbiyyatının iki nəhəng klassikinin -  İmadəddin Nəsiminin və Məhəmməd Füzulinin qürbətdəki qərib qəbirlərinin son durumu heç xəyalımdan getmir. İllah da, son onilliklər ərzində bəzi siyasi güclərin "Ərəb baharı" pərdəsi altında Yaxın Şərq regionunda, o cümlədən, Suriyada, İraqda yeritdiyi qəsbkarlıq siyasəti, müharibənin törətdiyi vəhşətləri göz önünə gətirməli olursan.

Elə bu nigarançılıq hissləri ilə bir ay əvvəl Suriyada yaşayan tələbə yoldaşım, tərcüməçi Zahid Şahsuvarova telefon əlaqəsi saxladım. Söhbət əsnasında o, viranə qalmış bir məmləkətdə böyük Nəsiminin məqbərəsinə sahib çıxdıqlarını və məqbərənin restovrasiyasına vasitəçilik etdiklərini bildirdi. Bir neçə gün sonra isə məqbərədə təmir-restovrasiya işlərini əks etdirən fotoları da mənə göndərdi. Qeyd edim ki, şəkillər bu  il mayın ortalarında çəkilib.

Zahid Şahsuvarov Nəsimi yaradıcılığına böyük sevgisi ilə bağlı fikirlərini də bölüşdü: "Hələ orta məktəbdə oxuyarkən ədəbiyyat müəllimim klassik Azərbaycan şairlərinin, o cümlədən, Nəsiminin  şeirlərini bizə əzbərlədir, həmin qəzəllərdəki ərəb-fars sözlərinin mənasını öyrənməyi tələb edirdi. Sinfimizin əlaçı şagirdi kimi, o zaman heç ağlıma gəlməzdi ki, ucqar bir kənd  müəlliminin inadkarlığı  mənim taleyimdə xüsusi rol oynayacaq.  Həmin müəllimin təkidi ilə 1978-ci ildə orta məktəbi bitirdikdən sonra  sənədlərimi Bakı Dövlət  Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb filologiyasına verdim və qəbul olundum. Dördüncü kursdan sonra isə mənim ərəb ölkələrinə səfərlərim başladı. Aradan xeyli vaxt keçməsinə baxmayaraq, ədəbiyyat müəllimimin mənə aşıladığı Nəsimi sevdası indi də  başımdadır və Suriya torpaqlarına qədəm basan kimi vəziyyətdən asılı olmayaraq ilk növbədə böyük şairin dəfn olunduğu torpağa baş çəkməyi özümə borc  bildim. Sevindirici haldır ki, Nəsiminin məqbərəsi təkcə azərbaycanlıların yox, ərəblərin və xarıci turistlərin də diqqətini çəkən, marağına səbəb olan bir məkandır. Zənnimcə, Nəsiminin yaradıcılığı ilə yanaşı, onun məqbərəsi də Azərbaycanın milli sərvətidir və biz bu sərvətə sahib çıxmalıyıq. Bu, Azərbaycan ədəbiyyatının, bütövlükdə azərbaycançılıq ideyasının xaricdə təbliği baxımından  vacibdir".

Söhbət zamanı Z.Şahsuvarov təmir-restovrasiya işləri başa çatandan sonra bir qrup Azərbaycan ziyalısını Hələb şəhərinə Nəsiminin məqbərəsini ziyarətə dəvət etmək fikrində olduğunu da dilə gətirdi. Yeri gəlmişkən qeyd edək ki, indiyə qədər mərhum akademiklər  Bəkir Nəbiyev və Vasim Məmmədəliyev, Xalq artisti Alim Qasımov, Nəsiminin tədqiqatçısı, AMEA-nın əməkdaşı Səadət Şıxıyeva Nəsiminin qəbrini ziyarət edərkən dəyərli ziyalımız Zahid Şahsuvarov onları müşayiət edib.

Xatırladım ki, əslən Qubadlı rayonundan olan Zahid Şahsuvarov Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin məzunudur və hazırda Suriyada, Rusiyanın "Qazprom" şirkətinin Yaxın Şərq regionundakı ofisində məsul vəzifədə çalışır.

Tələbəlik illərindən yaxşı tanıdığım Zahid Şahsuvarovu yalnız tərcüməçi kimi yox, həm də səmimi şeirlər və kiçik hekayələr müəllifi kimi də xatırlayıram. Onun yaradıcılıq nümunələri 1990-cı illərdə  Vaqif Bayatlı Önərin baş redaktor olduğu "Xəzər" jurnalında çap olunmuş, habelə unudulmaz şairlərimiz Eldar Baxışın və Şamxal Rüstəmin təqdimatında dəfələrlə Azərbaycan radiosunda səsləndirilmişdi.

Akif ƏHMƏDGİL

 





12.08.2020    çap et  çap et