525.Az

"Radio aparıcılığı etməyimə ilk dəstək verənlərdən biri də nazirimiz oldu" - Müsahibə


 

SƏMAYA MƏMMƏDOVA: "RADİO MƏNİM ÜÇÜN BAŞQA DÜNYADIR"

"Radio aparıcılığı etməyimə ilk dəstək verənlərdən biri də nazirimiz oldu" - <b style="color:red">Müsahibə </b>

Bir müddətdir ki, Radio Antenn 101 FM-də həftə içi hər gün saat 18:00-20:00 arası yeni, "Ekspert" adlı veriliş dinləyicilərə təqdim olunur.

Verilişin aparıcısı Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmaya Məmmədovadır. Qısa müddətdir ki, yayımlanmasına baxmayaraq, veriliş dinləyicilərin marağına səbəb olub.

S.Məmmədova ilə elə yeni verilişi haqda danışdıq. 

- "Ekspert" verlişinin ideyası necə yarandı?

- Bu, Radio Antenn 101 FM-in hazır layihəsi idi. Mən də layihəyə aparıcı kimi dəvət olundum. Dəvət gələndə xüsusi olaraq vurğulandı ki, onlara televiziya, media sahəsində illərin təcrübəsi olan insan lazımdır və rəhbərlik məhz məni bu layihədə görür. Düzü, çox düşündüm. Çünki bildiyiniz kimi, mən Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəriyəm. Nazirliyin mətbuat katibi olmaq doğrudan da çox məsuliyyətli işdir. Burada sən nazirliyin mətbuatla bağlı işlərinə cavabdeh şəxssən. Mətbuat katibi olaraq işlərim çox olur. Ancaq mən nazirlikdəki işimdən razıyam və onu çox sevirəm. Amma bu dəvət məni cəlb etdi. Əvvəl bir qədər ehtiyat etdim. Düşündüm ki, birdən bu işin öhdəsindən gələ, mənə olan etimadı doğrulda bilmərəm. Ancaq israrla dəvət olundum. Gəldim danışdım, layihə və verilişin formatı ilə tanış oldum. "Ekspert" verilişinin formatı xoşuma gəldi və aparıcısı olmağa razılıq verdim.

Radio mənim üçün yeni bir başlanğıcdır, başqa bir dünyadır, başqa bir aləmdir. Radioda işləmək çox maraqlı və eyni zamanda məsuliyətlidir. Çünki radio əhalinin böyük hissəsini özünə cəlb edir. Televiziya izləmək imkanı olmayan insanların çoxu radioya qulaq asır, orada səslənən bütün xəbərləri dinləyir. Radionun böyük tamaşaçı auditoriyası var.

- Verilişdə mövzuları və ekspertləri seçərkən nələrə üstünlük verirsiniz?

- Mövzuları əsasən, gündəmə uyğun seçirik. Gündəm çox önəmlidir. Ələlxüsus insanları narahat edən, maraqlı olan mövzuları qaldırmağa çalışırıq. Təhsil, səhiyyə, diplomatiya və sair. Seçilən bütün mövzular dəqiqliklə araşdırılır. Bir verilişin hazırlanmasına xeyli vaxt sərf edilir. Suallar hazırlanır və buna uyğun ekspertlər seçilib dəvət olunur. Həmçinin, insanların münasibəti, fikri öyrənilir. Etiraf edim ki, mənə bir qədər çətindir. Niyə çətindir? Çünki mən televiziya sahəsindən, aparıcılıqdan 17 ildir ki, uzaqlaşmışam. Düzdür uzun illər televiziyada müəllif, aparıcı, müxbir kimi fəaliyyət göstərmişəm. Mən televiziyada müxtəlif mövzular üzərində çalışmışan. Hamısı da biri-birindən fərqli və rəngarəng olub. Televiziyada işləyən insanla mətbuat xidmətində işləyən insan arasında fərq olur. Televiziyada, əsasən də xəbərlər proqramında işləyən insan mütəmadi olaraq müxtəlif mövzuları araşdırır. Ancaq mən Gənclər və İdman Nazirliyində 13 il ərzində sırf spesifik sahə üzrə işləmişəm. Mətbuat katibi vəzifəsinə televiziyadan gəlməyim bu işin incəliklərini daha dərindən öyrənməyimdə mənə çox böyük yardımçı oldu. Əminliklə deyə bilərəm ki, işə fərqli yanaşmada, nazirlik tərəfindən həyata keçirilən layihələrin media vasitəsi ilə ictimaiyyətə daha kreativ çatdırılmasında televiziya məktəbinin əvəzsiz rolu olub. Mətbuat işcisi olduğum üçün jurnalistikadan gələn biri olaraq mətbuatı daha yaxşı anlayıb, onlara konkret hansı məlumatın lazım olduğunu, məlumatın mətbuata ötürülməsi strategiyasını yaxşı bilirəm. Ancaq yenə də deyirəm, dövlət qurumunda çalışmaq bir qədər fərqlidir. Mən nazirlikdə sırf idman və gənclər sahələri üzrə işləyirəm. Həmçinin, mütəmadi olaraq mətbuatı, xəbərləri, gündəmi izləyərək məlumatlı olmalısan. Ancaq analitik yanaşma böyük təcrübə tələb edir. Fürsətdən istifadə edib mənə bu işdə dəstək olan bütün yaxın jurnalist dostlarıma öz təşəkkürümü bildirirəm. Onlar sualların hazırlanmasında müəyyən mənada köməklik edir, mövzulara uyğun məlumatları mənə göndərirlər. Tədricən mən özüm də hiss edirəm ki, sanki yaddaşım yenilənir, mövzuları araşdırdıqca başqa bir dünyaya düşürəm.

- Bildiyiniz kimi, bu gün cəmiyyətin maarifləndirmə xarakterli verilişlərə böyük ehtiyacı var. Bu mənada "Ekspert" hansı rolu oynaya bilər?

- Maarifləndirməyə həmişə ehtiyac var. Mən deyərdim ki, bu gün insanlar həqiqətən də əyləncədən yorulublar. Onlar daha çox məlumatlı olmaq istəyirlər. Mən bunu veriliş başlayanda bizə gələn telefon zənglərindən gördüm. Verilişdən əvvəl və sonra insanlar tərəfindən kifayət qədər zənglər daxil olur. Biz daim verilişin prodüsseri, işinin peşəkarı olan Qərənfil Orucova ilə bu zəngləri, insanları narahat edən mövzuları müzakirə edirik. Bəzən bəzi mövzuları insanlar özləri bizdən zəng edib xahiş edirlər ki, müzakirə edək. Biz Qarabağ problemi ilə bağlı mövzunu müzakirəyə çıxardıq. Tovuz hadisələri ilə bağlı ABŞ, Rusiya və Fransada keçirilən aksiyalar haqda ətraflı məlumat vermək üçün Azərbaycanın sözügedən ölkələrdəki səfirləri müzakirələrə qoşuldu. Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov və Fransadakı səfirimiz Rəhman Mustafayev veriliş zamanı canlı efirə telefon bağlantısı ilə qoşulub hadisələrlə bağlı bizi maraqlandıran bütün suallara ətraflı cavab verdilər. Baş verənlərlə bağlı insanlara ətraflı və dəqiq məlumat verdilər. Qeyd edim ki, müzakirə etdiyimiz bütün mövzulara uyğun elə qonaqlar seçirik ki, onların fikirləri insanlar üçün maraqlı olsun. Sualları doğru, dəqiq cavablandırsınlar, insanları narahat edən məqamlara aydınlıq gətirə bilsinlər.

- Qısa müddətdir efirdəsiniz, dinləyici marağı barədə nə deyə bilərsiniz?

- "Ekspert" qısa müddətdir ki, efirdə olmasına baxmayaraq, insanların bu verilişə marağı böyükdür. Bizə edilən telefon zəngləri də bunu sübut edir. İstər veriliş efirdə olan zaman, istərsə də sonra bizə edilən çoxlu telefon zəngləri buna sübutdur. Vatsap nömrəmizə xeyli sayda ismarıclar gəlir. İnsanlar verilişi bəyəndiklərini, izlədiklərini bildirirlər. İnsanların verilişimizə maraq göstərməsi bizi sevindirsə də, arxayınlaşdırmır. Əksinə, biz "daha yaxşı olmalıdır, sabahki veriliş bugünkündən daha yaxşı olmalıdır" deyib əzmlə, yorulmadan işləyirik. Müzakirə üçün biri-birindən maraqlı mövzular seçirik və mövzulara daha da peşəkar yanaşmağa çalışırıq. Mən radionun direktoru Rövşən müəllimə öz dərin təşəkkürümü bildirirəm ki, nə yaxşı ki, məni bu verilişdə gördü, israrla dəvət etdi. Verilişin mövzularını araşdırdıqca, mənə yaxın olmayan sahələr üzrə çoxlu məlumatlar əldə edirəm. Özüm də maariflənir, öyrənir, inkişaf edirəm. Dinləyiciləri narahat edən suallara cavab tapdıqca, onları məlumatlandırdıqca çox məmnun oluram.

- Jurnalistikadan müxtəlif qurumların mətbuat xidməti vəzifəsinə təyinat alan bir çox həmkarımız var ki, sonradan paralel olaraq aparıcı kimi də fəaliyyətlərini davam etdirirlər. Bu gün siz də artıq onların sırasındasınız. İkisi bir arada çətin deyil ki?

- Gənclər və İdman Nazirliyi mətbuatın maraq dairəsində olan nazirliklərdən biridir. Mütəmadi olaraq KİV-lərə nazirliyin fəaliyyəti, həyata keçirdiyi layihələr barədə məlumatlar verilir. Mətbuat katibi olaraq işimin öhdəsindən layiqincə gəlirəm. Mənim üçün xoşdur ki, mətbuat nümayəndələri bizimlə əməkdaşlıqdan məmnunluqlarını daim dilə gətirirlər. Jurnalistlər bildirirlər ki, nazirliyin fəaliyyəti ilə bağlı onları maraqlandıran bütün suallar hər zaman vaxtında mətbuat xidməti tərəfindən cavablandırılır. Nazirliyin digər şöbələrinin fəaliyyəti haqda da mətbuat xidmətinin vasitəsilə məlumat əldə etmək mümkün olur. Çalışıram ki, həmkarlarımız tərəfindən mənə ünvanlanan sualları cavabsız qoymayım. Mətbuat katibinin mediaya olan münasibəti çox önəmli faktorlardan biridir. Əgər mətbuat katibi medianın önəmini, dəyərini anlayırsa, bu, çox təqdirəlayiq haldır. Mətbuat katibi jurnalistikanın mahiyyətini anlamalı, monitorinq aparmağı, ona verilə biləcək sualları öncədən hiss etməyi bacarmalıdır. Mətbuat katibinin nazir, nazir müavinləri və digər rəsmilərlə münasibəti də çox önəmlidir. Əgər mətbuat katibi nazirlə və nazirliyin digər rəsmiləri ilə münasibətləri normal şəkildə qurubsa, şöbələr tərəfindən məlumatlar ona vaxtında ötürülürsə, bu zaman heç bir problem yaranmır. Mətbuat katibinin birbaşa çalışdığı şəxsin mətbuata olan münasibəti də önəmli faktorlardan biridir. Həmçinin, nazirin mətbuata xoş münasibəti varsa, o, özü bu işin önəmini, dəyərini bilən adamdırsa, bu zaman təbii ki, mətbuat katibinin fəaliyyəti asanlaşır.

İki məsuliyyət tələb edən və iki işi bir arada idarə etmək çətin olmasa da, məsuliyyətlidir.

Qeyd edim ki, radio aparıcılığı təklif olunanda mənə dəstək verən ilk insanlardan biri də nazir Azad Rəhimov olub. Radiodan təklif aldığımı Azad müəllimə deyəndə ilk sözü bu oldu: "Əgər, bu, sənin nazirlikdəki işinə mənfi təsir göstərməyəcəksə, niyə də yox". Göstərdiyi dəstək üçün mən Azad Rəhimova öz dərin təşəkkürümü bildirirəm. Çox sevinirəm ki, nazirimiz daim yeniliyə, yaradıcılığa açıq şəxs olaraq, mənə bu illər ərzində daim dəstək göstərib, dəyərli məsləhətlərini heç vaxt əsirgəməyib. Qürurla son 14 il ərzində çox gözəl məktəb keçdiyimi və keçməkdə olduğumu deyə bilərəm.

Sevinc QARAYEVA

 





12.08.2020    çap et  çap et