525.Az

"Çalışmalıyıq ki, sağlam düşüncə qeyri-sağlam, ziyanlı düşüncədən üstün olsun"


 

"HƏR KƏS ÖZ MÖVQEYİNDƏ HAQLI OLDUĞUNU DÜŞÜNÜR, AMMA KİMİN HAQLI OLDUĞUNU ZAMAN GÖSTƏRƏCƏK"

"Çalışmalıyıq ki, sağlam düşüncə qeyri-sağlam, ziyanlı düşüncədən üstün olsun" <b style="color:red"></b>

Siyasi dialoq

"Siyasi dialoq" rubrikasının budəfəki qonağı Ağ Partiyanın sədri Tural Abbaslıdır. 

- Tural bəy, Azərbaycanda başladılan islahatlar siyasi sahəni də əhatə etməkdədir. Bunun bir nümunəsi olaraq iqtidarla ölkədə fəaliyyət göstərən siyasi partiyalar arasında vaxtaşırı görüşlər keçirilir. Rəhbərlik etdiyiniz partiya da bu prosesdə təmsil olunur. Sizcə, dialoqu zəruri edən səbəblər hansılardır?

- Əvvəla qeyd edim ki, dialoqun başladılmasını müsbət hal kimi qiymətləndiririk. Uzun illərdən bəri Azərbaycanın siyasi səhnəsində, ümumiyyətlə, cəmiyyətdə dialoq mühiti yox idi. Cəmiyyətdə radikallıq, düşmənçilik tendensiyası hökm sürürdü. Siyasi rəqabətin əsas predmeti olan dialoq, bir masa arxasında oturmaq, problemlər barədə danışmaq ənənəsi mövcud deyildi. Bu mənada belə bir dialoqun başladılması, təbii ki, müsbət haldır. Yəni hələ dialoqun hansı mərhələdə olması, hansı məsələlərin müzakirəyə çıxarılması, hansı nəticələrin gözlənilməsindən asılı olmayaraq, ümumən belə bir prosesin başladılması diqqətəlayiqdir. Dialoqu zəruri edən əsas səbəbə gəlincə, fikrimcə, artıq iqtidar da qəbul etdi ki, demokratik cəmiyyət qurulmadan, iqtidar, xalq və müxalifət üçlüyü arasında həmrəylik olmadan, düşmənçiliyi rəqabətə keçirmədən dövlət, sözün həqiqi mənasında, güclü ola bilməz, inkişaf edə bilməz, iqtisadiyyat yüksələ, dayanıqlı, sabitlik ola bilməz. Düşünürəm ki, 27 ilə yaxındır iqtidarda olan qüvvələr bu illər ərzində cəmiyyətlə, müxalifətlə dialoqun qurulmamasının nə qədər problemli olduğunu öz təcrübələrində gördülər və qərara gəldilər ki, bu prosesi irəliyə aparsınlar və dialoq mühiti yaratsınlar. Bir sözlə desək, dövlətin güclü olmasını, iqtisadiyyatın yüksəlməsini, ədalətli məhkəmə sisteminin mövcudluğunu istəyiriksə, təbii ki, cəmiyyətdə dialoq çox vacibdir və dialoqu zəruri edən əsas səbəb də, məncə, budur.

- Rəhbərlik etdiyiniz partiya dialoq çərçivəsində hansı məsələlərə diqqət çəkir və nə kimi təkliflər irəli sürülüb?

- Biz Ağ Partiya olaraq, dialoq çərçivəsində əsasən siyasi arenada, siyasi sahədə olan problemləri diqqət mərkəzinə gətirməyə çalışırıq. Yəni anormal inkişaf edən siyasi proseslərin nəhayət, normal çərçivələrə qayıtması üçün atılmalı olan addımlar barədə fikirlərimizi bildirmişik, mütəmadi olaraq da bildiririk. Biz siyasi partiyaların siyasi səhnədəki yükünün artırılmasını qeyd etmişik. Çoxpartiyalı sistemin inkişafının dövlətə və dövlətçiliyə verə biləcəyi faydalar barədə geniş fikir mübadiləsi aparmışıq və bunun önəmli olmasını diqqətə çatdırmışıq, cəmiyyətlə iqtidar arasındakı ciddi fikir və düşüncə ayrılıqlarının aradan qaldırılması üçün hakimiyyətin atmalı olduğu bəzi addımlar barədə fikirlərimizi bildirmişik. Eyni zamanda, bir daha qeyd edirəm ki, partiyaların inkişafı və onların inkişafının, çoxpartiyalı sistemin dövlətə verə biləcəyi faydalar barədə, yaxud da bu sistemin olmamasından dövlətin gördüyü ziyanlar barədə fikir mübadiləsi aparmışıq, diqqəti bu yönə çəkmişik. Güman edirəm ki, digər partiyalar kimi bizim partiyanın da səsləndirdiyi bəzi fikir və təkliflər  nəzərə alınır, bu istiqamətdə hansısa işlər görülür. Bir daha vurğulamaq istəyirəm ki, bu görülən işlərin tempinin, sürətinin, yaxud da ardıcıllığının bizi qane edib-etməməsi tam başqa bir məsələdir. Amma hər halda artıq uzun illərdən bəri bir nöqtədə donub qalmış, irəliyə hərəkət etməyən bir prosesin ölü nöqtədən tərpənməsinin özü artıq müsbət haldır.

- Biz əvvəllər də iqtidar-müxalifət dialoqunun şahidi olmuşuq. Sizcə, yeni prosesi fərqli edən cəhətlər hansılardır?

- Doğrudur, əvvəllər də iqtidar-müxalifət dialoqu adlandırılan bəzi proseslər olmuşdu. Amma artıq bu gün idarəetmə sistemindəki bəzi insanlarının yürütdüyü siyasətin dəyişməli olduğunu dolayısı ilə ölkə rəhbərliyi də öz çıxışlarında etiraf edib. Belə çıxır  ki, o zamanlar dialoq kimi təqdim olunan cəhdlər siyasi qüvvələr arasındakı problemlərin sözün həqiqi mənasında aradan qaldırılması, dövlətin güclənməsi yox, daha çox kimlərinsə şəxsi karyerasını, şəxsi maraqlarını qorumaq məqsədi güdüb və heç bir fayda verməyib. Güman edirəm ki, bu gün başladılan dialoq əvvəlkilər kimi olmayacaq və burda hansısa məmurun, yaxud da siyasi fiqurun şəxsi karyerası yox, dövlət, dövlətçilik maraqları üstün tutulacaq. Bu məsələ, yəni dialoqların nəticəli olub-olması əslində, müxalifətdən də çox, iqtidarın özündən asılıdır. Çünki bütün inzibati resurslar  və imkanlar iqtidarın əlindədir. Bu dialoqu əvvəlkindən fərqli edən əsas amillədən biri,  düşünürəm ki, prosesdə birbaşa Prezidentin özünün bu və ya  digər formada iştirakının hiss olunmasıdır. Biz bunu Prezidentin müxtəlif dönəmlərdəki çıxışlarında da eşitmişik, özü bu dialoq barədə danışıb, onun gedişi ilə bağlı məlumatlı olduğunu bildirib, həmin görüşlərdəki mövzuların şəxsən ona çatdırıldığını qeyd edib. Dolayısı ilə biz bu məsələnin iqtidarın birinci şəxsinin nəzarətində olduğunu görürük və düşünürəm ki, bu, daha ciddi və daha çox nəticəyə vara biləcəyimizə ümidləri artırır. İndiki dialoq prosesinin əsas fərqli cəhətlərdən biri məhz dövlət başçısının bu və ya digər formada prosesdə iştirak etməsidir.

- Uzun müddət cəmiyyətdə siyasi qüvvələr arasında ciddi qarşıdurmalar olub. Bu gün demək olar ki, bu ab-hava dəyişməkdədir?

- Bəli, təəssüflə qeyd etməliyik ki, 1993-cü ildən bu tərəfə Azərbaycanda iqtidarla müxalifət arasında münasibətlər sivil dövlətlərdə olduğu kimi, rəqabətlilik üzərində deyil, daha çox düşmənçilik üzərində quruldu.Yəni bu, rəqabətdən daha çox, düşmənçilik elementlərini özündə birləşdirdi. Düşünürəm ki, burda hər iki tərəfin - həm müxalifətin, həm də iqtidarın üzərinə düşən məsuliyyət var idi. Hər iki tərəfin yanlışlıqları nəticəsində rəqabət aparılmalı olan mühit düşmənçilik mühitinə çəkildi. Hər iki tərəfin biri-birini inkar siyasəti xətti tutuldu və onun nəticələri də ağır oldu. Yəni biz müxalifət olaraq hər görülən işə qara demək və yaxud iqtidarın da müxalfətin timsalında ancaq düşmən obrazı görməsi prosesləri bugünkü həddə gətirdi. İndiki məqamda tarixi qiymətləndirmək doğru olmazdı, hər halda bu gün cəmiyyətdə düşmənçilik mühitinin rəqabət mühiti ilə əvəzlənməsinin ilk əlamətləri sezilir.

- Dialoqda iştirakdan imtina edən müxalifət partiyaları da var. Onların mövqeyini necə qiymətləndirirsiniz və bu imtina ümumilikdə prosesə hansı təsiri göstərir?

- Dialoqdan imtina etmək dedikdə, bunu subyektiv qiymətləndirmə kimi də nəzərə almaq olar. Çünki həmin partiyalar dialoqdan imtina etmədiklərini, sadəcə olaraq onun formatı, digəri isə məkanla bağlı hansısa tələblər irəli sürmüşdü. İqtidar tərəfindən onların təklifləri qəbul olunmadığı üçün aralarında ünsiyyət alınmadı. İndi mən o partiyaların atdıqları addımlara siyasi qiymət verməyin tərəfdarı deyiləm, bu, etik də deyil, hər partiya özü öz qərarlarını verir və bu qərarlardan irəli gələn məsuliyyətin altına girir, siyasi baxımdan xeyrini və ya zərərini görür. Amma burda tək müxalifəti yox, hardasa iqtidarı da qınamaq olar. Yəni iqtidar onlarla ünsiyyətə keçmək istəsəydi, yəqin ki, bunun bir forması tapılardı. Amma hər halda burda bir məsələ də var, məgər iqtidardakı bütün məmurlar bu dialoqun başlamasından məmnundurmu? Mən əminəm ki, iqtidar daxilində də bu prosesin əleyhinə olan, onun dayandırılmasını arzulayan insanlar var. Eləcə də, müxalifətdə də var. Yəni bu, təbiidir. Biz çalışmalıyıq ki, sağlam düşüncə belə qeyri-sağlam, eqosit, dağıdıcı, daha ziyanlı düşüncədən üstün olsun və ona qalib gəlsin. Kimlərsə bu prosesə qoşulmayıbsa, bu, onların öz seçimidir, hörmətlə yanaşmaq lazımdır. Hər kəs öz mövqeyində haqlı olduğunu düşünür, amma kimin haqlı olduğunu zaman göstərəcək. Bu məsələdə bir az zamana ehtiyac var. Amma biz Ağ Partiya olaraq düşünürük ki, indiki mərhələdə prosesdə iştirak etmək, prosesi irəlilətmək və daha da irəliyə aparmaq dövlətə, millətə, dövlətçiliyə daha çox faydalı olacaq. Ona görə də dialoqda iştirak edirik.

- İqtidarla siyasi partiyalar arasında belə təmasların, dialoq mühitinin formalaşmasının cəmiyyətə faydası nədən ibarətdir?

- Əslində, iqtidarla müxalifət arasında sivil qaydaların formalaşması, normal siyasi dialoqun yaranması, normal siyasi münasibətlərin formalaşması birinci növbədə cəmiyyət üçün faydalıdır. Çünki iqtidarla müxalifət bir quşun iki qanadı kimidir. O qanadlardan biri olmadıqda, quş uça, yüksələ bilməz. Bu iki qüvvə arasındakı düşmənçiliyin ziyanını isə adətən cəmiyyət çəkir. Ona görə də bu iki kəsim arasındakı münasibətlərinin sivil, demokratik dəyərlərə uyğun, müasir siyasi tələblərə cavab verən standartlarda olmasının xeyrini ilk növbədə cəmiyyət görəcək. Sağlam tənqid olan yerdə, görülən işlərə sağlam qiymət verilən yerdə inkişaf da olacaq, cəmiyyət bu və ya digər formada bu prosesdə iştirak edəcək, siyasi proseslərdə iştirakdan çəkinməyəcək, fərdlərin siyasi seçimlərinə görə dövlətin onlara münasibəti fərqli olmayacaq, siyasi fikirlərə görə ayrı-seçkiliyə yol verilməyəcək. Və xırda-xırda nüanslar üst-üstə gələndə, görəcəyik ki, dövlət, cəmiyyət güclənir. Düşünürəm ki, bütün siyasət, siyasi partiyalar, proseslər cəmiyyətin, dövlətin inkişafı üçün lazımdır və buna görə bu işlər aparılır. Bu baxımdan iqtidar-müxalifət münasibətlərinin sivil müstəviyə qədəm qoymasının birbaşa cəmiyyətə faydası, xeyri var. İstənilən halda iqtidar-müxalifət münasibətlərinin yaxşılaşmasına cəhdlərin olması müsbətdir.  Bu dialoqun sürəti, hazırkı nəticələrinin bizi, cəmiyyəti qane etməsi, sonrakı proseslərin necə inkişaf edəcəyi ilə bağlı hələ nəsə demək tezdir. Amma hər halda, ilkin addımları ümumən suallara verdiyim cavablarda qiymətləndirmişəm. Hər halda görülən işə müsbət qiymət verməyin, şans verməyin tərəfdarıyam, ümid edirəm ki, hakimiyyət özü başlatdığı, özünə, cəmiyyətə yaratdığı bu şansı qaçırmaz və nəhayət, biz də demokratik, güclü dövlət quruculuğu prosesinə başlamış olarıq.

PƏRVANƏ

 





12.08.2020    çap et  çap et