525.Az

Qazax Müəllimlər Seminariyasının binası nə vaxt abadlaşdırılacaq? - Təhsil


 

HAZIRDA MƏKTƏB KİMİ İSTİFADƏ OLUNAN BİNANIN NİMDAŞ GÖRKƏMİ ONUN TARİXİ ADINA YARAŞMIR

Qazax Müəllimlər Seminariyasının binası nə vaxt abadlaşdırılacaq? - <b style="color:red">Təhsil</b>

Ölkəmizin bölgələrində elə ünvanlar var ki, onların tarixçəsinin milli intibahımızla birbaşa bağlılığı var. Onlara həssas və nəcib münasibət göstərilməsi hər birimizin, xüsusən də həmin yadigarların qorunması və gələcəyə salamat və abad çatdırılması üzrə səlahiyyətli insanların vətəndaşlıq borcudur. Bu cür şərəfli məkanlardan biri də Qazaxda yerləşən ilk milli seminariyamızdır. Bu ocaq həm də Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Cümhuriyyətinin ilk maarifçi qaranquşu idi.

Məlumdur ki, Rusiya imperatoru II Aleksandrın fərmanı ilə 1876-cı ildə Qori şəhərində Zaqafqaziya Müəllimlər Seminariyası açıldı və çarın 1880-ci il mayın 13-də imzaladığı daha bir fərmanla seminariyanın nəzdində, faktiki olaraq azərbaycanlı tələbələrdən ibarət "müsəlman bölməsi" də fəaliyyətə başladı. 

Azərbaycan Cümhuriyyəti yarandıqdan sonra təhsilimizin milli əsaslara keçməsi zərurəti yaranır. Bu baxımdan, Qoridəki tanınmış seminariyanın Azərbaycan bölməsinin Vətənə gətirilməsi məsələsi gündəmə gəlir. Bu işdə görkəmli maarifçi, alim və ictimai xadim Firidun bəy Köçərli böyük rol oynayır. Onun  bilavasitə səyi və təşkilatçılığı ilə Azərbaycan bölməsi Qazaxa köçürülür və orada fəaliyyətə başlayır. Cümhuriyyətimizin Maarif naziri Nəsib bəy Yusifbəylinin 12 oktyabr 1918-ci il tarixli 39 saylı əmri ilə Zaqafqaziya Müəllimlər Seminariyasının keçmiş inspektoru Firidun bəy Köçərli 1918-ci il oktyabrın 1-dən Qazax Müəllimlər Seminariyasının direktoru təyin edilir.

Bir qazaxlı səxavətli və xeyriyyəçi mülkədar (oğlu elə Firidun bəyin təkidi və tövsiyəsi ilə Qoridə təhsil almış)  Məşədi İbrahim hacı İsmayıl oğlu Kosalı özünün 17 otaqdan ibarət bir  malikanəsini  Qazax Müəllimlər Seminariyasına hədiyyə edir. Həmin binada 1918-ci il noyabrın 10-da milli seminariyamızın  ilk dərs günü başlayır. Qazax müəllimlər seminariyası istər Cümhuriyyət, istər də sovetləşmə dövrlərində bütün fənlərin tədrisinin ana dilində mütərəqqi üsullarla aparıldığı köklü təhsil ocağı kimi Azərbaycanda elmin, maarifin və mədəniyyətin inkişafına misilsiz töhfələr verir. 1920-ci ildən seminariyanın nəzdində qızlar qrupu da açılır. 1925-ci ildən seminariya Qazax Pedaqoji Texnikumuna çevrilir və fəaliyyətini 1959-cu ilədək davam etdirir.



40 ildən çox mövcudluğu ərzində Qazaxdakı bu ziya ocağı Azərbaycanın elm, maarif, mədəniyyət və digər sahələrinə  Səməd Vurğun, Mehdi Hüseyn, Osman Sarıvəlli, İsmayıl Şıxlı, Mövsüm Poladov, İlyas Əfəndiyev, Mehdixan Vəkilov, Əhməd Qaravəliyev, Tahir Məhərrəmov, Hacı Hacıyev, Alı Alıyev, Hüseyn Tağıyev, İsmayıl Qasımov, Məmməd Şıxlı, Yunis Eyyubov, Yasin Əfəndiyev, Əsgər Xasməmmədov, Abdulla Babanlı, Əhməd Əhmədov, Osman Cəfərov, Mansır Yaqubov, Qasım Murğuzov, Əli Zeynalov, İkram Eyyubov, Barat Qaravəliyev, Dilşad Şıxlinski, Gülbahar Vəkilova, Pəri İbrahimova, Qənirə Mehdixanlı, Nərgiz Mahmudova, Mirpaşa Nəsibov, İsmayıl Orucov, Ənvər Əfəndiyev, Mədət Məşiyev, Cavad Bağırov, İsaq İsaqov, Həmid Nəsibov, İslam Vəliyev, İsrafil Yaqubov, İsrafil Yusifov, Abbas Mazanov, Məcid Əhmədov, Mürsəl Əfəndiyev, Xanəhməd Bayramov, Yusif Zeynalov, Zöhrə Həsənova, Alı Mustafayev, Mirəli Mirəliyev, Mahmud Süleymanov, Məhəmməd Nəsibov, Mahir Mahmudov, Mehdi Həsənov, Nəsib Əfəndiyev, Mehdi Hüseynov, İbrahim İbrahimov, Mehri Əhmədova, Gilas Məmmədova, Niftalı Abdullayev və onlarla digər yetişdirmələrinin xalq naminə fəaliyyətləri timsalında öz  töhfələrini verib.

Bütün bu faktları xatırlamaqda məqsədimiz sözügedən maarif ocağının milli tariximizdə oynadığı rolun əhəmiyyətini dərk edərək, onun adı ilə bağlı olan məkanın da bu ada yaraşan bir görkəmi ilə fəxarət yeri olması haqda arzularımızı diqqətə çatdırmaqdır. Həqiqətən də üzərinə "Qazax Seminariyası. 1918-1959-cu illər" yazılı lövhə vurulmuş bina öz görkəmi ilə  şərəfli-şanlı ziya ocağından çox, təmir görməyən adi, köhnə tikili təsiri bağışlayır. Hazırda burada orta məktəb fəaliyyət göstərir.  Qazaxın erməni işğalı altına düşmüş  7 kəndindən biri olan Aşağı Əskiparanın məcburi köçkün ailələrinin uşaqları burada oxuyurlar. Bina necə deyərlər, "istismara yararlı" sayılsa da, onun nə içi, nə də çölü  nə uşaqların, nə də böyüklərin könlünü açacaq vəziyyətdə deyil. Binanın təmir olunacağı haqda dəfələrlə soraqlar gəlsə də, onlar elə soraq olaraq da qalıb.

Bu hal əlbəttə, yerli ziyalıları, xüsusən də qocaman müəllimləri narahat etməyə bilməz. Onlarla söhbət zamanı çox maraqlı və təəssüfdoğuran yeni faktlar da üzə çıxdı. Sən demə...

"Hazırda  Seminariya binası kimi tanıdığımız bu bina əslində, 1918-ci ildə açılan tarixi ocağın əsl binası deyil. O binanı, yəni Məşədi İbrahim ağanın mülkünü  2008-ci ildə,  yerində yeni orta məktəb inşa etmək üçün uçurublar. Uçurulan binanın üstündə əlində qılınc tutmuş şir və doğan günəş təsvirləri var idi.  Bu qalan köhnə bina isə İsrafil bəyə məxsus olub. 20-ci əsrin lap əvvəllərində tikilib.  Onu Sovet dövründə tələbələrin sayının artmasını nəzərə alaraq, əlavə olaraq, Qazax Pedaqoji Texnikumuna veriblər. İndi qalan budur, yəni Seminariyanın obrazını məhz bu bina təmsil edir. Heç olmasa, onu təmir edib, qorumaq lazımdır", - deyə qocaman müəllim, buralarda Seminariya tarixçəsinin sevdalısı kimi tanınan  Mustafa Mirzəyev bildirir.

"Seminariyaya aid edilən binalar son dəfə bu maarif ocağının 80 illik yubileyi ilə bağlı 1998-ci ildə təmir görüb. Özü də yüngülvari təmir... Məşədi İbrahim ağanın Seminariyaya verdiyi həmin uçurulan binada əlamətdar yerlər var idi, Səməd Vurğunun oturduğu parta var idi... Bina hazırda məktəb kimi Təhsil şöbəsinə, tarixi abidə kimi isə Mədəniyyət Nazirliyinin Mədəni İrsin Qorunması, Bərpası və İnkişafı qurumuna  tabedir. Bilirsiniz, bu binanın üstünə tarixi abidə kimi qorunduğu qeyd edilib. Yəni belə yadigarları qorumaq hər birimizin öhdəsinə düşür. Belə bir deyim var: dünyanı gözəllik xilas edir. Amma gözəllik də sevgidən yaranır - Vətənin hər bir guşəsini, onun tarixi ilə bağlı yadigarları sevib, qoruyub, abad etmək lazımdır", - deyə daha bir seminariya təəssübkeşi, qocaman maarif və mədəniyyət işçisi, elə bu binanın da daxil olduğu Qazax Tarix-Mədəniyyət Qoruğunda çalışmış təqaüdçü Nofəl Qurbanov fikir bildirir.



Xatırladaq ki, 2018-ci ilin noyabr ayında ölkə rəhbəri "Qazax müəllimlər seminariyasının 100 illik yubileyinin qeyd edilməsi haqqında" sərəncam verib. Yubiley münasibətilə paytaxtda və yerlərdə təntənəli görüşlər, konfranslar keçirilib. Amma nədənsə, Seminariyanın binasının köklü abadlaşdırılması məsələsinə biganəlik göstərilib.

İnternet resurslarını araşdıranda məlum olur ki, son dəfə Qazaxdakı Seminariya binasının təmiri niyyətilə ilyarım bundan qabaq, 2019-cu ilin martında rayonun rəhbəri yerli bir xeyriyyə fondunun təmsilçiləri ilə birgə həmin binaya baş çəkib və hansı işlərin görüləcəyini aydınlaşdırıblar. Bu xəbərin də ardı gəlməyib...

Ümid edirik ki, yerli və mərkəzi qurumlardan bu məsələdə ara-sıra hiss edilən sədalar nəhayət reallaşacaq və ilkin  binası 12 il əvvəl sökülmüş  Qazax Müəllimlər Seminariyasından qalan digər yadigar tikili məyusluq yox, heç olmasa, təsəlli hissi doğuracaq.

Zakir MURADOV
Qazax-Gəncə

 





12.08.2020    çap et  çap et