525.Az

"Bilirdim ki, nə vaxtsa çəkdiyim əziyyətlərin bəhrəsini görəcəyəm" - Müsahibə


 

GƏNC REPER: "13 İL FUTBOLLA MƏŞĞUL OLMUŞAM, HƏM FUTBOL OYNAMIŞAM, HƏM DƏ MAHNI BƏSTƏLƏMİŞƏM"

"Bilirdim ki, nə vaxtsa çəkdiyim əziyyətlərin bəhrəsini görəcəyəm" - <b style="color:red">Müsahibə</b>

Sosial şəbəkələrdə parlayanlar

Budəfəki müsahibimiz musiqi aləmində yeni-yeni addımlayan istedadlı ifaçı Rafael Təhməzdir.

Gənc reperin bu yaxınlarda işıq üzü görən yeni mahnısı sosial məkanda maraqla qarşılanıb. Amma sosial media vasitəsilə tanınsa da, Rafael bu məkandan o qədər də məmnun deyil. O, sosial şəbəkənin mövcudluğunu o dərəcədə də vacib saymır. Yəqin gənc ifaçının sosial mediada özü haqda məlumat paylaşmamasının səbəbi də budur. 

- Rafael bəy, əvvəlcə bir az özünüz haqda danışın.

- Bakı şəhərində doğuluşam, əslən Ağcabədi rayonundanam. 291 saylı "Araz" ekologiya liseyində təhsil almışam. Qara Qarayev adına 8 saylı musiqi məktəbinin Baraban ifaçılığı ixtisasını bitirmişəm. Hazırda Bakı Dövlət Universitetinin Geologiya fakültəsində təhsil alıram. Mən 13 il professional şəkildə futbolla məşğul olmuşam. Həm futbol oynayıb, həm də mahnı yazırdım. İlk ifam olan "Bəlkə də" mahnısı bu dövrlərin məhsuludur.

- Sosial şəbəkələrlə tanışlığınız necə başladı?

- Sosial media bugünkü fəaliyyətimdə əhəmiyyətli yer tutur. Amma düşünürəm ki, sosial şəbəkələrin mövcudluğu o qədər də vacib deyil, onlarsız da mümkündür. Sadəcə, insanların əksəriyyəti sosial şəbəkələrdən istifadə etdiyindən və bu məkan kütləvilik xarakteri daşıdığından tanınmaq üçün əlverişli mühitdir. Hər nə qədər qınasaq da, fəaliyyətimizi qısa müddətdə tanıtmağın tək yolu sosial məkandan keçir.

- Musiqi istedadınız nə zaman üzə çıxdı?

- Uşaq vaxtlarımdan musiqiyə marağım olub. Hazırda pianonu və gitaranı sərbəst ifa edirəm, istənilən musiqini bəstələyib, söz yaza bilirəm. Ancaq bunları mənə kimsə öyrətməyib. Düşünürəm ki, Allah vergisidir (gülür).

- Ailədə sizdən başqa musiqiçi varmı?

- Anam pianino müəlliməsidir. Qardaşım isə aranjimançıdır. Elə yeni mahnımı da qardaşım aranjiman edib.

- Niyə məhz repə maraq göstərdiniz?

- Ən sevdiyim musiqi tərzi repdir. Müasir hip-hop, reggae və rep tərzinə fərqlilik qatmaq istəyirəm. Amma başqa tərzdə də ifa edə bilərəm, təki həmin mahnı ürəyimə yatsın.



- Yeni ifanız olan "Bilsən nə qədər" mahnısı sosial mediada rəğbətlə qarşılandı. Bu, sizin üçün gözlənilən idi?

- Əslində, ilk vaxtlardan bu günü gözləyirdim. Bilirdim ki, nə vaxtsa çəkdiyim əziyyətlərin bəhrəsini görəcəyəm. Müəyyən qədər öz istəyimə çata bilmişəm. Ümid edirəm ki, bundan sonrası da öz axarı ilə gələcək.

- Şərhlərdə müsbət rəylər çox idi, ancaq bəziləri mahnının sözlərini Tanrıya üsyan kimi qəbul etmişdi. Bununla bağlı nə deyərdiniz?

- Mən Tanrıya qarşı üsyan xarakterli heç bir davranış sərgiləməmişəm. Burada iki məsələ var. Birincisi, "Göydən baxır, necə dözür buna yaradan?!" misrasıdır. Bu misrada sadəcə, obrazın nə qədər çətin bir vəziyyətdə olduğu göstərilir. Məqsəd Tanrıya üsyan etmək deyil. İfa boyu davamlı şəkildə "Sən" deyə müraciət edilib tənqid obyekti olan obraz da Tanrı yox, sevgilidir.

- Deyəsən, bu, ilk müsahibənizdir. Nə hisslər keçirirsiniz, nələri deyərdiniz?

- Əvvəla, fəaliyyətimi işıqlandırdığınız üçün sizlərə təşəkkürümü bildirirəm. Ümid edirəm ki, bu ilk addım yeni başlanğıclara vəsilə olacaq. Bundan sonra da yaşadığım müddətcə istədiklərimi həyata keçirmək uğrunda çalışacağam.

- İfa etdiyiniz mahnıların söz və bəstəsini özünüz edirsiniz. Məncə, ifaçılıqla yanaşı, sizdə bu da uğurlu alınır. Başqa ifaçılar üçün də mahnı yazırsınız?

- Əlbəttə, yalnız özüm üçün yox, başqa ifaçılar üçün də mahnılar yazıram.

- Yazdığınız mahnılarda müraciət edilən iki obraz var: tərk edilmiş sevgili və tərk edən yar. Obrazınız realdır, yoxsa təxəyyülünüzün məhsuludur?

- Misralar yaşanmış və ya yaşanılması istənilən duyğuların təcəssümüdür. Müəllif  yaşadıqlarından daha yaxşısını yaşamaq istəyir. Amma bəlkə də, bu, heç mümkün deyil. Onu da qeyd edim ki, mahnının sözlərində sadalanan xüsusiyyətlər heç də öz həyatımı əks etdirmir, məndən tamamilə fərqlidir.



- Gələcəkdə musiqi sahəsində öz möhürünü vurmağa iddialı biri kimi görünürsünüz. Bunu bacara biləcəksinizmi?

- Arzumdur ki, musiqiyə yeni tərz, yeni nəfəs gətirim. Bunun öhdəsindən də gələcəyimə inanıram. Yalnız bu yolla musiqidə öz möhürümü vura bilərəm.

- Bəs niyə musiqi üzrə ali təhsil almaq istəmədiniz, başqa ixtisası seçdiniz?

- Hələ də bununla bağlı peşmanlıq hissi keçirirəm. Düzdür, söz yazmaq, mahnı bəstələmək və ifa etməyi bacarıram. Amma yenə də musiqi ilə bağlı ali təhsilim olsa, yaxşı olardı. Bununla belə, görünür, ali təhsil almadan da bunları bacarmaq olarmış. Ən bariz nümunə də elə mənim özüməm (gülür).

- Gələcək üçün hansı planları qurursunuz?

- Gələcəkdə baş verənlərin dinləyicilər üçün sürpriz olmasını istəyirəm. Yalnız onu deyə bilərəm ki, musiqi sahəsində heç vaxt edilməyən nələrisə etməyə çalışacağam. Bəlkə də həmin uğuru ilk dəfə məndə görəcəksiniz.

Günel ABBAS

 





12.08.2020    çap et  çap et