525.Az

"Şəhid ailələri və Qarabağ əlilləri daim dövlətin qayğısı ilə əhatə olunub"


 

"Şəhid ailələri və Qarabağ əlilləri daim dövlətin qayğısı ilə əhatə olunub"<b style="color:red"></b>

Azərbaycanda şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə dövlət tərəfindən hər zaman xüsusi diqqət göstərilir.

Prezident İlham Əliyevin qayğısı nəticəsində şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, onların mənzillə və fərdi evlərlə təminatı proqramı ildən-ilə genişlənir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2020-ci il iyulun 21-də Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak edərkən dövlət başçısı bildirib: "Müqayisə üçün deyə bilərəm ki, keçən il 934 mənzil verilmişdir, bu il isə 1500, ondan əvvəlki illərdə təqribən ildə 500-600-700. Yəni bu, onu göstərir ki, bu problemi həll etmək və şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən nəzərdə tutulmuş evlərin təqdim edilməsi üçün çox fəal iş aparılır. Mən istəyirəm ki, biz bu proqramı tezliklə başa çatdıraq və buna nail olacağıq".

Məlumat üçün bildirək ki, 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil və fərdi ev verilib, 2019-cu ildə bundan 50 faiz, 934 mənzil və fərdi ev təqdim edilib.

Pandemiya dövrü olmasına baxmayaraq, bütün sosial proqramlar kimi, bu proqram da genişləndirilir. Dövlət başçısının tapşırığına əsasən, 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Onlardan artıq 554 mənzil verilib.

Digər mənzillər və fərdi evlər də ilin sonunadək veriləcək. İndiyədək şəhid ailələrinə və müharibə əlillərinə 8142 mənzil və fərdi ev təqdim edilib.

Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların minik avtomobilləri ilə təminatı da diqqətdə saxlanılır. Prezident İlham Əliyevin xüsusi qayğısı nəticəsində bu istiqamətdə tədbirlər geniş vüsət alır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə ötən dövrdə 6900 minik avtomobili ilə təminatını həyata keçirib. Bu il  400 avtomobilin verilməsi nəzərdə tutulub və onlardan artıq 150-si təqdim edilib.

Prezident İlham Əliyevin 21 iyul 2020-ci il tarixli sərəncamı ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi, 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olmuş, Çernobıl AES-də qəza nəticələrini aradan qaldırmaqda iştirak edib əlilliyi olmuş şəxslərin, II Dünya müharibəsi əlillərinin və onlara bərabər tutulanların xüsusi nəqliyyat almaq üçün tibbi göstərişlər üzrə avtomobillərlə təminatının daha da gücləndirilməsinə şərait yaradır. Sərəncamla bu məqsədlə Prezidentin ehtiyat fondundan 2 milyon 878 min 20 manat ayrılması tapşırılıb.

Şəhid ailələri Prezidentin aylıq təqaüdü ilə təmin olunurlar. Bu təqaüd 2019-cu ildə 242 manatdan 300 manata çatdırılıb.

Qarabağ müharibəsi əlilləri əlilliyə görə aylıq sosial müavinət və ya əmək pensiyası ilə yanaşı, Prezidentin aylıq təqaüdləri ilə də təmin edilirlər. Bu sosial ödənişlər də ötən dövrdə əhəmiyyətli dərəcədə artırılıb, xüsusilə də 2019-cu ildə müavinət və təqaüdlərdə orta hesabla 100 faiz artım edilib.

Milli Məclisin deputatı Sədaqət Vəliyeva mövzu ilə bağlı bildirib ki, şəhid ailələrinin və müharibə əlillərinin problemləri daim diqqət mərkəzindədir.  Onların mənzil-məişət, iş problemlərinin həlli, avtomobillərlə təminatı, aylıq təqaüdün və birdəfəlik ödəmələrin vaxtlı-vaxtında verilməsi göstərilən qayğının əyani təzahürləridir.

Deputat deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin ardıcıllığının nəticəsində şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin, veteranların problemləri kompleks şəkildə həllini tapır. Onlar mənzil və fərdi evlərlə təmin olunur, həmçinin, şəhid ailələrinə və müharibə əlillərinə müavinət və təqaüdlər 2019-cu ilin aprelində təxminən 100 faiz artırılıb. Bütün bunlar bir daha onu göstərir ki, ölkəmizdə sosial siyasət ardıcıl, düşünülmüş şəkildə həyata keçirilir.

"İyul ayının 12-dən başlayaraq Tovuz rayonu istiqamətində xaincəsinə təxribat həyata keçirən Ermənistanın artilleriya hücumu nəticəsində şəhid olan hərbçilərimizin də ailələri bu gün dövlətin diqqətindədir. Bununla yanaşı, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, fondun nümayəndələrinin Tovuz istiqamətində döyüşlərdə şəhid olan hərbçilərin ailələri ilə görüşlər keçirməsi diqqət və qayğının ardıcıllığının göstəricisidir. Bir sözlə, bu qəbildən olan ailələr, insanlar daim dövlətin və cəmiyyətin diqqəti mərkəzində olub, bundan sonra da belə olacaq".

PƏRVANƏ

 





12.08.2020    çap et  çap et