525.Az

Azərbaycanda dərinləşən islahatlar davam edəcək


 

Azərbaycanda dərinləşən islahatlar davam edəcək<b style="color:red"></b>

Prezident İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı avqustun 6-da videoformatda keçirdiyi müşavirədə mühüm məsələlərə toxundu, koronavirusla mübarizədə əldə edilmiş uğurlardan bəhs etdi. O, eyni zamanda bir daha vurğuladı ki, dövlət hər zaman olduğu kimi, bu gün də öz vətəndaşının yanındadır.

Prezidentin birbaşa rəhbərliyi ilə koronavirusla mübarizə sahəsində həyata keçirilən tədbirlər öz nəticəsini verir. Artıq yenidən müsbət dinamika qeydə alınmaqdadır. Ötən müddət ərzində müasir səhiyyə infrastrukturunun yaradılması, pandemiya zamanı yeni xəstəxanaların açılması və koronavirus xəstələrinin ixtiyarına verilməsi, laboratoriyaların, tibbi avadanlıqların, dərman preparatlarının alınması, qoruyucu vasitələrin istehsalının təşkili, testlərin keçirilməsi bu qorxunc bəla ilə mübarizədə öz sözünü deməklə yanaşı, dövlətin vətəndaş üçün bütün imkanlarını səfərbər etməsinin açıq nümayişidir.

Eyni zamanda, həkim çatışmazlığı ilə bağlı problemlərin həlli, Türkiyə, Rusiya, Kuba, İtaliya və Çindən həkim briqadalarının Azərbaycana gətirilməsi də qeyd olunan tədbirlər sırasındadır.

Bu gün əlbəttə ki, pandemiya ilə əlaqədar müsbətinamikanın qorunub saxlanması vacibdir. Bunun üçün də vətəndaşlarımızın məsuliyyətli olması, ciddi nəzarət mexanizminin tətbiqi zəruridir. Çünki yumşalmadan sonra yoluxmanın artması faktı təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə də özünü göstərib. Ona görə də ölkələr təkrar qapanmalara, sərt tədbirlərə gedir. Təbii ki, yumşalmadan sonra xəstəliyin artması müşahidə olunacağı təqdirdə, Azərbaycanda da yenidən məhdudiyyətlərin tətbiqi zərurətə çevriləcək. Bu çətin günlərdə bütün dünyada olduğu kimi, pandemiya Azərbaycanda da nisbətən iqtisadi geriləməyə səbəb oldu. Lakin bizdə müşahidə olunan 2.7 faizlik geriləmə fonunda digər ölkələrdə 10 faiz və daha yüksək tənəzzül yaşanmaqdadır.

Bununla belə, dövlət sosial təminat tədbirlərini davam etdirir, çətinliyə baxmayaraq, Azərbaycanda heç bir sosial layihə ixtisar olunmayıb, sosial təminat istiqamətində tədbirlərin sayı artıb.

Deputat Vüqar Bayramov hesab edir ki, Azərbaycanda pandemiya dövründə iqtisadi islahatlar yeni mərhələyə qədəm qoyur. Artıq ölkəmiz yeni iqtisadi modeli tətbiq etməkdədir. Yeni iqtisadi model pandemiyanın təsirlərini minimumlaşdırmaqla yanaşı, post-pandemiya dövründə iqtisadi aktivliyin daha qısa zamanda əldə edilməsinə imkan yaradacaq.

Onun sözlərinə görə, Prezidentin son müşavirədəki çıxışı ölkədə pandemiyanın davam etdiyi aylarda, eləcə də post-pandemiya dövründə dərinləşmiş islahatların davam etdiriləcəyi ilə bağlı siyasi iradənin bir daha nümayişi kimi xarakterizə olunmalıdır: "Nəzərə alsaq ki, pandemiya dövründə islahatlar prioritet olaraq qalmaqdadır. İslahatların əsas hədəfi pandemiyanın vətəndaşlarımıza, bütövlükdə iqtisadiyyata təsirlərini minimumlaşdırmaq məqsədi daşıyır. Eyni zamanda, bu, post-pandemiya dövründə iqtisadi artımın, inkişafın daha qısa müddətdə əldə edilməsinə imkan yaradacaq. Liberal iqtisadiyyatın genişləndirilməsi, dövlət dəstəyinin artırılması fonunda sahibkarlıq subyektləri üçün yeni imkanların yaradılması, o cümlədən, iri dövlət müəssisələrində idarəetmə sisteminin təkminləşdirilməsi, koorperativ idarəetmədən istifadə edilməsi məhz, dərinləşmiş islahatların əsas hədəfidir".

İqtisadçı-deputat düşünür ki, 2018-2019-cu illərdə həyata keçirilən islahatlar Azərbaycanın pandemiyaya daha çevik reaksiya verməsinə və onun təsirlərinin minimumlaşdırılmasına imkan yaratdı: "Xüsusilə də iqtisadi paket çərçivəsində bir tərəfdən dövlət müəssisələrində çalışan 900 min vətəndaşımızın əməkhaqqı kompensasiya olundu və ödənildi, eyni zamanda, 300 minə yaxın özəl sektorda çalışan muzdlu işçinin əməkhaqqı tam və ya qismən kompensasiya edildi. Təxminən 300 minə yaxın fərdi və mikro sahibkarların dövlətdən birbaşa kompensasiya almaq imkanları yarandı. Eləcə də iqtisadi paket strateji olaraq sahibkarlar üçün vergi güzəştləri və güzəştli kredit portfeli təklif etdi. Bu, artıq reallaşmaqdadır. Pandemiyanın təsir etdiyi sektorlarda çalışan sahibkarlar vergi güzəştlərindən faydalanırlar. Güzəştli kreditlərə çıxış imkanları artırılıb ki, bu da sahibkarlıq fəaliyyətinin daha yaxından dəstəklənməsi baxımından vacibdir. Bu mənada, son müşavirədə Prezidentin çıxışı yaxın zamanlarda dərinləşmiş iqtisadi islahatlarla bağlı yeni paketin təqdim olunacağından xəbər verir".

Deputat Sevinc Hüseynova isə vurğulayıb ki, hökumət xüsusi karantin rejimində əhalinin sosial vəziyyətini stabil saxlamaq üçün dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin və işçilərin əməkhaqqı gəlirlərinin qorunması üçün məqsədyönlü tədbirlər həyata keçirib. Elektron sistem üzərindən prosesə gündəlik nəzarət edilir. Bununla da, 1 yanvar 2020-ci ildən özəl sektorda əmək müqavilələrinin sayında 110 minədək, yəni 17 faizlik artım baş verib. Əmək müqaviləsi ilə özəl sektorda işləyən insanların sayı isə 751,3 minə çatıb. Millət vəkili deyib ki, dövlət bu cür çətin və həssas məqamlarda sosial proqramların dayanmamasına, ixtisar olmamasına çalışır: "Aprel-may aylarında 600 minədək, iyul ayında 16 rayon və şəhər üzrə 290 minə yaxın aztəminatlı işsiz şəxsi əhatə edən aylıq 190 manat birdəfəlik ödəmə proqramının icra edilməsi, məşğulluq imkanlarının artırılması üçün ödənişli ictimai iş yerlərinin sayının 90 minə çatdırılması, özünüməşğulluq proqramı çərçivəsində minimum 12 min ailənin kiçik təsərrüfatlarının qurulması işlərinin aparılması buna sübutdur. Görülmüş sosial təminat tədbirlərinin miqyası böyükdür və bunlar bir daha Prezident İlham Əliyevin "Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş dayanır", "Azərbaycan dövləti hər zaman vətəndaşın yanındadır" fikirlərinin bariz təzahürüdür".

PƏRVANƏ

 





12.08.2020    çap et  çap et