525.Az

Son bir ildə neçə kitab oxumusunuz?


 

900 NƏFƏR AZƏRBAYCAN GƏNCİ ARASINDA KEÇİRİLƏN SORĞUNUN NƏTİCƏLƏRİ AÇIQLANDI

Son bir ildə neçə kitab oxumusunuz?<b style="color:red"></b>

Türkiyənin Üsküdar Universitetinin Sosiologiya kafedrasının müdiri, sosiologiya elmləri doktoru, professor Əbülfəz Süleymanlı Beynəlxalq Gənclik Günü ərəfəsində son aylarda Azərbaycanda və xaricdə təhsil alan 900 azərbaycanlı gənc respondent arasında keçirilmiş genişmiqyaslı gənclik sorğusunun mütaliə vərdişlərilə bağlı bölümünün nəticələrini açıqlayıb.

Azərbaycanda və xaricdə bakalvr, magistratura və doktorantura pilləsində təhsil alan 900 gənc respondent arasında  keçirilən 80 suallıq anket tədqiqatında qoyulan "Son bir ildə oxuduğunuz kitab sayı (pdf formatında kitablar daxil)?" sualına gənclərin 22 faizi 3-5 kitab, 21.3 faizi 6-10 kitab, 17.3 faizi 2-3 kitab, 9,9 faizi 10-15 kitab, 6.1 faizi bir kitab, 5.2 faiz isə heç kitab oxumadıqlarını qeyd deyib.

Tədqiqatın "Hansı növ kitabları və hansı dildə oxumağa üstünlük verirsiniz?" sualına isə respondentlərin 43,8 faizi klassik və müasir Azərbaycan ədəbiyyatını  (Azərbaycan dilində), 31,8 faizi ixtisas kitablarını (Azərbaycan dilində), 29.4 faizi detektiv janrında yazılmış ədəbiyyatı, 28.1 faizi tarix haqqında ədəbiyyatı, 25.3 faizi dini ədəbiyyatı, 25.2 faizi dünya klasmik ədəbiyyatı,  24.6 faizi psixologiya və özünüinkişaf haqqında ədəbiyyat, 24.3 faizi fəlsəfə (düşüncə) kitabları (Azərbaycan dilində) cavab variantını işarətləyiblər. Tədqiqatın nəticələrindən diqqəti çəkən məqamlardan biri də tələbələrin xüsusilə dünya klasik ədəbiyyatı, psixologiya (özünüinkişaf)  və fəlsəfə (düşüncə) sahəsinə aid əsərləri Azərbaycan dilindən sonra ən çox Türk dilində mütaliə etdikləri olub. Respondentlərin 10.8 faizi isə xüsusilə ixtisas sahələrinə aid ədəbiyyatı ingilis dilində oxuduqlarını qeyd ediblər.

Bütövlükdə sorğunun nəticələrini təhlil etdikdə gənclərimizin kitab mütaliə vərdişlərinin digər ölkələrlə müqayisə etdikdə orta səviyyədə olduğunu qeyd etmək mümkündür. Dünyada bu sahədə aparılan tədqiqatlarda İsveç, İngiltərə, Hollandiya və Yaponiya kimi inkişaf etmiş ölkələrin gənclərində kitab oxuma səviyyələrinin daha yüksək olduğu məlum olur.  Tədqiqatın nəticələrində ən çox narahat edən məqam isə respondentlərin təxminən 10 faizə yaxın bir bölümünün, ya heç kitab oxumamaları və yaxud cəmi bir kitab oxuması olub.

Texnologiyanın inkişafı və informasiyaya əldə etmənin çox sürətli olduğu müasir dövrdə kitab mütaliə mədəniyyət bütün dünyada  fərqli bir dəyər hesab olunur. Belə ki, insanların mütaliə vərdişləri mənsub olduğu cəmiyyətlərin inkişaf səviyyəsini göstərən əsas meyarlardan biridir. Bu əvvəlki dövrdə də belə idi, günümüzdə də bu prinsip dəyişməz olaraq qalır. Hətta müxtəlif dijital kommunikasiya vasitələrinin çox sıx istifadə olunduğu günümüzdə, kitab mütaliə vərdişi daha böyük əhəmiyyət kəsb edir. Çünki informasiya əldə etmənin asan olması, müasir gəncliyi daha qısa yoldan düzgünlüyünü yoxlamadan bilgini hazır şəkildə istifadə etməyə sövq edir. Bu da istər-istəməz analitik düşüncə gücünü inkişafına xələl gətirir.   Həmçinin, mütaliə yolu ilə öz bilik səviyyəsini və dünyagörüşünü genişləndirən insanlar nə qədər çox olursa, bu, bütövlükdə, cəmiyyətin hərtərəfli inkişafına böyük təkan verir. Bunun üçün də gənclərimiz arasında bir tərəfdən kitab mütaliə mədəniyyətini canlandırmaq üçün fəaliyyət tədbirlərinə üstünlük verilməli, həmçinin, gənclərin oxuyub maariflənmələri üçün xüsusilə Azərbaycan dilində fəlsəfi təfəkkür və analitik düşüncə qabiliyyətinin inkişafına təkan verən əsərlərinin sayını və çapını artırmalıyıq.

Bir məqamı da xüsusi qeyd etmək istəyirəm ki, mütaliə vərdişinə yiyələnməklə yanaşı, nəyi və necə oxumağı da bilmək vacibdir. Bu, həm bilginin düzgün mənbədən əldə olunması baxımından, həm də milli dəyərlərə ziddiyət təşkil edən bəzi yad ideoloji təsirlərə məruz qalmamaq baxımdan əhəmiyyətlidir. Bunun üçün bu sahədə təcrübəyə malik olan müəllim və ziyalılardan yararlanmaq, onlardan nəyi və necə oxumaq lazım olduğuna dair məsləhət almaq vacibdir. Bu baxımdan elm xadimlərimizin və ədiblərimizin də gəncləri maariflənməyə və düşünməyə sövq edən,  müasir dövrün tələblərinə cavab verən əsərlər yaratması böyük əhəmiyyət kəsb edir.

 





13.08.2020    çap et  çap et