525.Az

Vida gecəsi - Hekayə


 

Vida gecəsi - <b style="color:red">Hekayə </b>

Gələn gedəcəkdi. O ki, qaldı qonaq ola...

Qoca da fikirləşirdi ki, hər bir bəndə də bu dünyanın qonağıdır. Geci-tezi var, gəldiyi dünya ilə günlərin bir günü əl-təmən eləyib xudahafizləşməlidir.

Qoca həmişə qonaq-qaralı olmuşdu. Elə qonağı da gəlmişdi ki, onu təkcə özü, yaxın qonum-qonşu yox, bütün kənd qoşulub yola salmışdı. Qonaq da olmuşdu ki, tək gəldiyi kimi gəldiyi yerdən də təkcə ayrılıb getmişdi.

Qocanın həmin gün ertədən elə bil ürəyinə dammışdı ki, bu gün qapısını heç döymədən girən qonağı müsafir düşdüyü yerdən heç də tək getməyəcək.

Ona görə də narahatçılıq keçirsə də, gözdə-qulaqda idi. Tez-tez evə, içəri otağa keçir, çarpayıda süst düşüb ağır-ağır nəfəs alan qarısına baş çəkirdi. Qoca, qarısının nəfəs almasına dinşək kəsilir, qorxurdu ki, qarısının nəfəsi gedib birdən gəlməyə... Amma qarısının başının üstünü kəsdirib durmağa da səbri çatmırdı.

Günün günorta çağı idi.

Artıq neçə gün idi ki, gündüzlər həyət-bacada əl-ayaqda gəzən yorğun qarısı gecələr yerinin içinə girən kimi rahatlanmaq əvəzinə, inildəyib zarıyır, yata bilmir, o da qarısı ilə birgə oyaq qalıb səhəri dirigözlü açırdı. Qoca oyaq qaldığı gecələrin yuxusuzuluğunun əvəzini gündüzlər yataqdan qalxmayıb yerinin içində, yorğan-döşəyə yıxılıb yatmaqla çıxarırdı. Qış idi, onsuz da bir elə işi-gücü yox idi. Çöl-bayırdan əl-ayaq çoxdan yığılmışdı. Boş-bekar qala bilməyən qarısı isə tənhalıqdan darıxa-darıxa başını qatmaq üçün arayıb-axtarıb hökmən özünə bir iş tapırdı.

Qoca yuxusunu qaçırmaq üçün əl-üzünə soyuq su vurdu. Bir balaca üşüdü. Əllərini ovxaladı. Sonra da əllərini gözlərinə apardı və gözləri gizildəyib ağrıyanacan bərk-bərk ovuşdurdu. Yox, yuxusu yaxasından yapışıb üzlü qonaq kimi əl çəkənə oxşamırdı.

Birdən gözü küncə qoyulmuş neçə vaxtdan bəri işə salıb baxmadıqları köhnə televizora sataşdı. Dirçələn kimi oldu. Yuxusunu qaçırmaq üçün indi ən yaxşı vasitə elə bu köhnə televizor idi. Televizor başını qatar, yuxusunu da qaçırdardı.

Keçib televizoru şəbəkəyə qoşdu.

Hansısa tanınmış bir adamın dəfn mərasimindən çəkilmiş kadrlar nümayiş etdirilirdi. Mərhumun səhnədəki qumaşa bürünmüş tabutunun önündən qollarına qara lent bağlamış qocalı-cavanlı, kişili-qadınlı dəstə-dəstə adamlar keçirdi. Qanı qaraldı.

Televizora baxmaqdan özgə çarəsi yox idi. Nuh əyyamından qalma bu televizorda yalnız bir kanalda verilən verilişlərə baxmaq mümkün idi. Ona görə də öz-özünə hirslənsə də, televizoru söndürmədi. Oyaq qalmalı idi. Yuxusunu isə yalnız televizor qaçıra bilərdi.

Qocanın gözləri televizorda, qulaqları isə çarpayıda yatan qarısının gedib-gələn nəfəsində qalmışdı.

Televizor başını qatsa da, indi qocanın televizordan zəhləsi gedirdi. Qocaya elə gəldi ki, onu cırnatmaq üçün televizorda vida mərasimi göstərirlər.

Gələn qonaq gec-tez gedəcəkdi. Qoca ömrü boyu gələnləri qarşılamış, gedənləri də yola salmışdı.

Qocanın elə bil ürəyinə dammışdı ki, bu gecə qapısını döyəcək qonaq gəldiyi yerdən qoşa gedəcək. Ona görə də gözü qarısında, qulağı da səsdə idi.

- Ölmə, qarı, ölmə!

Qoca indiyəcən sözünü qarısına xahişlə deməmişdi. Həmişə hökmlə danışmış, tələb etmişdi. İndi təkcə xahiş yox, az qala, yalvar-yaxar edirdi.

Qarı mürgülü gözlərini güclə aralayıb qocasına baxdı. Solğun çöhrəsinə elə bil təbəssüm qondu. Dünyanın işinə bax... Qocası ondan xahiş edərmiş...

Qocasının hökmlərini, tələblərini həmişə itaətlə yerinə yetirən qarı bu dəfə başının ağası saydığı ərinin xahişinə əməl edə bilməməsindən elə bil xəcalət çəkib sıxıldı. Gözlərini bərk-bərk yumdu.

Qarının boğuq, kəsik-kəsik xırıltısı birdən kəsildi. Qoca televizorun səsini aldı, nəfəsini içinə çəkib dinşək kəsildi. Qarısının süst düşüb qaldığı dəmir çarpayıya yaxınlaşmağa ürək eləmirdi, hətta, deyəsən, qorxurdu.

Axır ki, özünü ələ alıb ayaqları bir-birinə dolaşa-dolaşa çarpayıya yaxınlaşdı. Heç əlləri də sözünə baxmırdı. Nəhayət, özündə güc tapıb titrədən əllərini qarısının yanaqlarına toxundurdu. Buz kimi idi.

Televizorda məşhur adamın tabutunun önündən hələ də dəstə-dəstə adamlar keçir, mərhumla vidalaşırdılar.

Qoca qarısının açıq qalmış gözlərini qapamaq üçün nə qədər cəhd etsə də, əlləri sözünə baxmadı.

Televizorda məşhur adamla vida mərasimi davam edirdi. Qocanın ürəyindən indi təkcə bu keçirdi ki, kaş, onun qarısının da başı üstündə dayanıb bircə nəfər ağlayan olaydı. Özü isə ağlaya bilmirdi.

mart, 2020

 





13.08.2020    çap et  çap et