525.Az

Əməkdar jurnalist Ziyəddin Sultanov vəfat edib


 

Əməkdar jurnalist Ziyəddin Sultanov vəfat edib <b style="color:red"></b>

Əməkdar jurnalist, "Tərəqqi" medallı yazıçı-publisist, "Xalq qəzeti"nin Qarabağ müxbiri Ziyəddin Sultanov 69 yaşında vəfat edib. Qeyd edək ki, 1951-ci ildə Ağdam rayonunun Mollalar kəndində anadan olan Ziyəddin Sultanov bir müddət idi ağır xəstə yatırdı.

Ziyəddin Sultanov mətbuat aləminə ilk addımlarını 1960-cı illərin ikinci yarısından atmışdı. Onun ilk qələm təcrübələri həmin vaxtlar Ağdam rayonunda dərc olunan "Lenin yolu" qəzetinin səhifələrində çap edilmişdi.

Sonra Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alan Ziyəddin Sultanov əmək fəaliyyətinə "Gənclik" nəşriyyatında redaktor kimi başlamışdı (1979). Sonralar "Azərbaycan gəncləri" qəzetində müxbir, "Kommunist" qəzetində müxbir və Qarabağ bölgəsi üzrə xüsusi müxbir vəzidələrində çalışmışdı, ömrünün son günlərinə qədər "Xalq qəzeti"nin Qarabağ bölgəsi üzrə xüsusi müxbiri idi.

Qarabağ müharibəsi başlandığı gündən cəbhə bölgələrində olan Ziyəddin Sultanov bir jurnalist kimi hadisələrin ən gərgin nöqtələrindən - Xankəndindən, Şuşadan, Ağdamdan, Laçından, Xocalıdan, Kəlbəcərdən xəbərlər verirdi. O, baş verən hadisələrə şahidlik etmiş, müharibə və onun doğurduğu faciələri ürək ağrısı ilə qələmə alaraq silsilə əsərlər yaratmışdı. Ziyəddin Sultanovun "Qarabağ gündəliyi", "Qarabağın qara günləri", "Xocalı faciəsi", "Ağdərədən gələn var", "Əsirlər, itkinlər, girovlar", "Qarabağ müharibəsi: faktlar, hadisələr, düşüncələr", "Ürək dözmür ayrılığa", "Göylərdən gələn gəlin", "Gəlin gedək Qarabağa" və digər kitabları oxucular tərəfindən maraqla qarşılanmışdı.

Allah rəhmət eləsin!

 





13.08.2020    çap et  çap et