525.Az

Ziyəddin Sultanov - jurnalist ləyaqətinin təcəssümü


 

Ziyəddin Sultanov - <b style="color:red">jurnalist ləyaqətinin təcəssümü</b>

Tanınmış yazıçı-publisist, Əməkdar jurnalist Ziyəddin Sultanovun vəfat etməsi barədə xəbəri dünən gecəyarı Feysbukda oxudum və çox kədərləndim. Ağır xəstəliyə tutulduğunu, xeyli vaxtdır müalicə aldığını bu yaxınlarda eşitmişdim. Özü ilə danışıb, səhhəti ilə şəxsən maraqlana bilməməyimin indi xəcalətini çəkirəm... Onun heç də qocalıq sayılmayan 69 yaşda dünyasını dəyişəcəyini ağlıma gətirməzdim. Gecəyarı bu acı xəbərə FB-də münasibət bildirən həmkarlarımdan birinin fikrinə tam şərikəm: Ziyəddin müəllimin heç bir azar-bezarı yaxına buraxmayacaq, uzun ömür yaşayacaq gümrah və nikbin bir insan kimi tanımışdım...

Ancaq Allahın ona verdiyi ömür payı bu qədərmiş... Heyfislənməkdən başqa nə edə bilərik?!

Dünən səhər acı xəbərin təsiri altında yazıb, sosial şəbəkədə paylaşdığım qeydləri bəzi əlavələrlə burda da təkrarlamalı oluram.

Ziyəddin Kamal oğlu Sultanov Ağdamın Kolanı obalarından olan Mollalar kəndində adi bir ziyalı ailəsində dünyaya gəlmişdi...

Amma ali təhsil illərində Jurnalistika fakültəsinin əfsanəvi tələbəsi olmağı bacarmışdı... Yəni artıq tələbəlik dövründə istedadı və cəsarəti, mərdliyi və qüruru ilə ad çıxarmışdı. Sayılıb-seçilməyə başlamışdı...

Və ömrünün sonuna kimi də özünü və sözünü saydırmaq qüdrətində oldu.

O, peşəsinə şərəf gətirən bir jurnalist idi.

Bu peşənin heç bir yüksək vəzifəsində gözü olmadı. Bölgə müxbiri işlədi. Doğma Qarabağı qarış-qarış gəzdi, xoş günlərindən də yazdı, faciələrindən də...

Böyük şövqlə yazırdı, təsirli yazırdı. Publisistikası da, bədii yaradıcılığı da vətən sevgisi ilə yoğrulmuşdu, vətənin ləyaqətli övladlarına ehtiramın, məhəbbətin ifadəsi idi...

Ağdamda iş otaqlarımız qonşu olmuşdu: o, respublikanın əsas mətbu orqanının bölgə təmsiliçisi idi, mən rayon qəzetinin məsul katibi...

Ziyəddin müəllimin hüzuruna kimlər gəlmirdi?!

Bölgənin ən nüfuzlu şəxsləri, sözükeçən adamları, yüksək vəzifə sahibləri...

Yox, bu, qorxu deyildi...

Jurnalist sözünə və ləyaqətinə hörmətin təzühürü idi.

Sonralar Ziyəddin müəllimlə iş yoldaşı da olduq "Xalq"da.

Qarabağda savaşın getdikcə şiddətləndiyi vaxtlar idi. Bakıdan Ağdama ezamiyyətə gedərdim bir neçə həmkarımla... Bizim rayondakı işimizə Ziyəddin müəllim rəhbərlik edərdi... Necə deyərlər, bölgədə hər şeyə hakim idi. İstəsəydi, redaksiyadan ora əlavə müxbirlər göndərilməsinə imkan verməzdi. Bəlkə buna heç ehtiyac da yox idi. Amma əsl peşəkar kimi davranırdı: ezamiyyətə gələnlərə qayğı da göstərirdi, haradan, necə yazmağı da müəyyənləşdirirdi. O dövrdəki kollektiv yaradıcılıq nümunələrimiz qəzetin səhifələrində qalır...

Öz həmkarını saymaq və saydırmaq Ziyəddin müəllimin ən ümdə insanlıq və peşəkarlıq xüsusiyyətlərindən idi. Onu tanıyanlardan hər biri bunu bilir.

Bu böyük jurnalistin yaradıcılığı - publisistikası və ədəbi əsərləri gənc tədqiqatçılar üçün araşdırma mövzusu olmalıdır, məncə. Çünki onun həyatı və fəaliyyəti artıq Azərbaycan mətbuatı tarixinin şərəfli bir səhifəsidir...

Cavan həmkarım Teymur Mahmudovun sosial şəbəkədəki paylaşımını sözümə söykək kimi bura əlavə edirəm. Teymur yazır: "...Əməkdar jurnalist, haqq dünyasına qovuşmuş Ziyəddin Sultanovun bir neçə yazısını oxuyuram və indiki mətbuatın - saytların, qəzetlərin gerçək simasına diqqət edirəm. Azərbaycanın klassik mətbuatının parlaq nümayəndələri, peşəkar və təcrübəli qələm sahibləri sıraları tərk edirlər... Təəssüf ki, bu boşluğu doldurmaq mümkün deyil və yaxşılığa doğru adi bir qığılcım da görünmür..." Teymur bir az sərt deyir, amma həqiqət belədir...

Bu hüznlü gündə bizim üçün əziz həmkarımızın və ustadımızın itkisinin təsəllisi olacaq yalnız bir gerçəklik var: Ziyyəddin Sultanov ləyaqətli bir ömür yaşadı - həm insan, həm də jurnalist kimi!

Allah rəhmət eləsin. Ruhuna fatihə!

Elşən ƏLİYEV
Əməkdar jurnalist

 





13.08.2020    çap et  çap et