525.Az

Təhsildə uğurlu layihə: modul tipli məktəblər


 

Təhsildə uğurlu layihə: <b style="color:red">modul tipli məktəblər</b>

Prezident İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq 2017-ci ildən ucqar kəndlərdə az şagird kontingentli qəzalı məktəblərin yeni binalarla əvəz edilməsi çərçivəsində modul tipli məktəb təcrübəsinin tətbiqinə başlanılıb.

2017-ci ildə 40 rayonda 6 min şagird yerlik 106, 2018-ci ildə isə 43 regionda 8120 şagird yerlik 137, 2019-cu ildə 50 modul tipli məktəb quraşdırılıb. 2020-ci ilin sonuna kimi isə daha  60 modul tipli məktəb istifadəyə veriləcək. Prezidentin "Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında" sərəncamına əsasən, 13 - Bərdə, Cəlilabad, Goranboy, İmişli, Lerik, Neftçala, Quba, Qusar, Samux, Şəki, Tovuz, Xızı, Xaçmaz rayonunda daha 26 modul tipli məktəbin  quraşdırılması nəzərdə tutulub. Sərəncama əsasən, Təhsil Nazirliyinə bunun üçün 7 milyon manat vəsait ayrılıb. 

Modul tipli məktəbləri ənənəvi məktəblərdən nə fərqləndirir? 

Bölgələrdə, xüsusilə ucqar kəndlərdə illərdir təmir olunmayan qəzalı məktəblər modul tipli məktəblərlə əvəzlənir. Şagird sayına uyğun sinif otaqları, kitabxanası, sanitar qovşağı olan modul tipli məktəblər istənilən vaxt başqa əraziyə köçürülə və ya genişləndirilə bilər. Modul tipli məktəblərin bir üstünlüyü də quraşdırılmasına az maliyyə vəsaiti sərf edilməsidir. Bir ənənəvi məktəbin inşası üçün lazım olan vəsaitlə 10-na yaxın modul tipli məktəb quraşdırmaq olar. Modul tipli məktəblərin yaradılmasının üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət (1 ay) ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, burada sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Modul tipli məktəblərin digər üstünlüyü budur ki, qəzalı vəziyyətdə olan təhsil müəssisələrində təmir-tikinti işləri aparılarkən, tədris prosesi dayandırılmır.

Bu günədək quraşdırılan modul tipli məktəblər sayəsində azkomplektli və qəzalı vəziyyətdə olan kənd məktəblərinin problemi həll edilib.

Modul tipli məktəblər əsasən Quba, Xaçmaz, Şabran, Qusar, Siyəzən, Xızı, İsmayıllı, Ağsu, İmişli, Qobustan, Şamaxı, Oğuz, Şəki, Qəbələ, Tovuz, Ağstafa, Gədəbəy, Daşkəsən, Ağdaş, Bərdə, Ağcabədi, Ağdam, Zərdab, Saatlı, Beyləqan, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran və Lerik rayonlarının ərazilərində quraşdırılıb. Modul tipli məktəblər regionlar üçün daha əlverişlidir, nəinki Bakı. Paytaxtda kifayət qədər məktəb var, nəqliyyatın hərəkəti sıxdır. Bu, daha çox region məktəbləri üçün yararlı variantdır. Məktəb quraşdırılarkən ərazinin coğrafi relyefi mütləq nəzərə alınır. Kəndin relyefi kifayət qədər nahamardır və burada modul tipli məktəbin tikintisi daha məqsədə uyğun hesab olunub. Məktəblərin tikintisində yerli materiallardan istifadə edilir. Modul tipli məktəblərdə sinif otaqlarının sayını şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırmaq mümkündür. Bu  məktəblərin digər üstünlüyü budur ki, istilik itkisi digərlərindən iki dəfə azdır, rütubətlilik yoxdur.  Belə məktəblərin daxilində və xaricində istifadə olunan materiallarda insan sağlamlığı üçün heç bir ziyanlı maddə yoxdur, yanğına, sukeçirməyə, nəmlənməyə, çürüməyə, isti və soyuğa qarşı daha dayanaqlıdır.

Modul tipli məktəblərdən Avropa və Amerikada da istifadə edilir. Bu, daha çevikdir, sökülüb-daşınması daha optimaldır, təhlükəsizlik yüksək səviyyədədir, daha keyfiyyətli dizayn əsasında formalaşdırılır. 

İstifadəyə verilən modul tipli məktəblər 



Ağdam rayon Təzəkənd tam orta məktəbi üçün quraşdırılan modul tipli məktəbin direktoru Soltan Abbasov deyir ki, Təzəkənd kənd tam orta məktəbinin 1987-ci ildə inşa edilmiş binası 1993-cü ildə Ermənistan silahlı bölmələrinin raket atəşi nəticəsində dağılmışdı. Məktəb binası 2003-cü ildə bərpa edilsə də, 2016-cı ilin Aprel döyüşləri zamanı qəzalı vəziyyətə düşüb. Bu ilin fevral ayında məktəb üçün modul tipli binanın qurularaq istifadəyə verilməsi valideynlərin, müəllimlərin və şagirdlərin böyük sevincinə səbəb olub: "Səksən şagird yerlik məktəb 8 sinif otağı, müəllimlər və direktor otaqları, sanitar qovşaqdan ibarətdir. Binaya istilik sistemi, qaz və su xətləri çəkilib, nəzarət kamerası quraşdırılıb. Həyətində su çəni qoyulub, çirkab su anbarı tikilib, abadlıq işləri aparılıb, yerə asfalt örtük döşənib. Məktəb avadanlıq və inventarla təmin edilib. Məktəb ümumilikdə 30-35 gün müddətində hazır olur. Bura olduqca möhkəm tikilidir və ərazinin relyefinə uyğun olaraq bütün lazımi tədbirlər görülüb".

Qəbələ rayonunun Seyidqışlaq kəndinin ümumi orta məktəbində inşa edilən 80 yerlik modul tipli məktəb 10 sinif otağı, bir müəllimlər otağı, kitabxana və digər yardımçı otaqlardan ibarətdir.

Məktəbin direktoru Səhrab Haşımovun sözlərinə görə, məktəbdə 45 şagird 1-4-cü sinifdə, 35 şagird 5-9-cu sinifdə oxuyur: "Köhnə məktəb binası 1981-82-ci ildə istifadəyə verilib. Qəzalı vəziyyətdə olduğuna görə əvəzində modul tipli məktəb tikilib. Məktəbdə şagirdlərin yüksək səviyyədə təhsil alması üçün bütün lazımi şərait yaradılıb”.

Oğuz rayonunun Qarabaldır kəndində yerləşən ümumilikdə 80 şagird yerlik modul tipli ümumi orta məktəbdə 10 sinif otağı, kitabxana, müəllimlər otağı və digər yardımçı otaqlar mövcuddur.

Quba rayonunun Cağacıq kəndində istifadəyə verilən modul tipli məktəb isə 56 şagird yerlikdir. Məktəb 5 sinif otağı və 1 müəllimlər otağından ibarətdir. Hazırda 50 şagirdin təhsil aldığı məktəbdə 4 sinif komplekti və 1 məktəbəhazırlıq qrupu fəaliyyət göstərir. Modul tipli məktəb müasir avadanlıqlar və mərkəzləşdirilmiş istilik sistemi ilə təmin edilib. 

Müasir dövrün tələbi 

Əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyir ki, məsrəflərin ənənəvi məktəblərdən az olmasını nəzərə alsaq, bu gün ölkədə səyyar tipli məktəblərin istifadəyə verilməsi təqdirəlayiq haldır. Bu məktəblər həm də ekoloji baxımdan uğurlu sayıla bilər. Onun sözlərinə görə, 50-100 nəfər əhali yaşayan ərazilərdə, məktəbə gedən uşaqların sayı maksimum 20-30 nəfər ola bilər: "Belə yerlərdə böyük fundamental məktəb tikmək məqsədəuyğun deyil. Buradakı şagirdlərin qonşu kənddəki məktəblərə getmələri müəyyən problemlər yaradır. Modul tipli məktəblər belə məntəqələrdə əhalinin təhsilə olan tələbatını ödəməklə dövlətə kömək edir".

Ş.Əsgərov qeyd edib ki, müasir dövrün tələblərindən biri də məktəbin görünüşüdür: "Ənənəvi məktəblərdə bunu həyata keçirmək heç də asan məsələ deyil. Belə məktəblərin xüsusilə təbiəti gözəl olan meşə, çay kənarlarında quraşdırılması da mümkündür ki, bunun da şagirdlər üçün faydalı olacağını düşünürəm. Modul tipli məktəblər Azərbaycan təhsilinə yeni nəfəs gətirib, şagirdlərin məktəbə cəlb olunmasında və qəzalı məktəblərin sayının azalması baxımından çox uğurlu bir layihədir".

Az xərcli, amma keyfiyyətli 

Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, hər il xeyli sayda məktəb təmir olunur, yenidən tikilir. Buna baxmayaraq, bəzi bölgələrdə, xüsusilə ucqar kəndlərdə illərdir, təmir olunmayan qəzalı məktəblər var ki, 2017-ci ildən etibarən bunlar modul tipli məktəblərlə əvəzlənir. Bu məktəblərə az miqdarda pul xərcləndiyindən sərfəlidir. Bunlarla yanaşı, ənənəvi məktəblərdə, daha çox tikinti materiallarından istifadə olunurdu. Modul tipli məktəblər şagird sağlamlığı üçün də yaxşıdır. İndiyə qədər tədrisin aparılması üçün uyğun olmayan yerdə dərs keçən şagirdlər indi daha rahatdırlar. Modul tipli məktəblər 100-300 uşaq tutumuna malik olur. Əvvəllər böyük vəsait hesabına başa gələn ənənəvi məktəbləri indi az xərcli, amma keyfiyyətli, tam tədris resursları ilə təmin olunmuş məktəblər əvəz edir. Ancaq ənənəvi məktəblərdən birbaşa imtina edib, sırf səyyar məktəblərə keçid etmək də mümkün deyil".

K.Əsədov vurğulayıb ki, modul tipli məktəblər həm də dizayn baxımından şagirdləri daha çox cəlb edir: "Bir şeyi də qeyd edim ki, yeni tipli məktəblərin dizaynının tez-tez dəyişdirilə bilməsi də çox müsbət haldır". 

Gələcəyin əsas uğuru təhsillə bağlıdır 

Millət vəkili Tamam Cəfərova deyir ki, dövlətin təhsil siyasətində keyfiyyət prinsipi mühüm yer tutur. Bu zaman təhsilin mövcud standartlara, normalara, sosial-iqtisadi tələblərə, şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqlarına uyğunluğu təmin edilir. Həmçinin, səmərəlilik əsasında təhsilin və elmi yaradıcılığın daim inkişaf edən, faydalı və son nəticəyə istiqamətlənən müasir metodlarla təşkili həyata keçirilir. Fasiləsizlik, vəhdətlik, daimilik kimi yanaşmalarla mövcud təhsil standartları, tədris proqramları və planları əsasında təhsilin bir neçə səviyyədə əldə edilməsi, təhsilin pillələri arasında sıx dialektik qarşılıqlı əlaqə, eləcə də insanın ömürboyu təhsil alması təmin olunur. Milli təhsil sistemi dünya təhsil sisteminə səmərəli formada inteqrasiya edilir: "Prezident İlham Əliyevin təhsilə sərmayə qoyuluşunu artırması, gələcəyin əsas uğurunun təhsillə bağlı olduğunu göstərir. Prezidentin "Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmiri ilə bağlı tədbirlər haqqında", "Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında" sərəncamına uyğun olaraq bölgələrdə müasir, modul tipli məktəblərin tikintisi üçün Təhsil Nazirliyinə maliyyə vəsaiti ayrılması olduqca mühüm addımdır. Digər mühüm addım isə infrastrukturun bərpası ilə əlamətdardır ki, burda da Bakı şəhərində və onun qəsəbələrində tikintisi, əsaslı təmiri və bərpası nəzərdə tutulan məktəblərin siyahısına baxsaq, ümumi mənzərə haqda olduqca yüksək fikirlər söyləmək olar".

Sevinc QARAYEVA

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub

 





13.08.2020    çap et  çap et