525.Az

İşğalçını silahlandıran Rusiya münaqişədə necə vasitəçi ola bilər?!


 

İşğalçını silahlandıran Rusiya münaqişədə necə vasitəçi ola bilər?!<b style="color:red"></b>

Rusiya Azərbaycana yalnız qonşu dövlət deyil, iki ölkəni müxtəlif sahələrdə, o cümlədən, iqtisadi sektorda geniş və sıx əməkdaşlıq birləşdirir. İki dövlət strateji tərəfdaşlıq münasibətlərinə malikdir. Bundan əlavə, Rusiya ATƏT-in Minsk Qrupunun üç həmsədr dövlətindən biri kimi regional sabitlikdə, təhlükəsizlikdə maraqlı olmalıdır. Amma bizim gördüyümüz bunun əksidir.

Rusiya illərdir ki, işğalçı, təcavüzkar Ermənistanı sillahlandırmaqla məşğuldur, özü də bu silahlar təmənnasız verilir. Ona görə də haqlı sual ortaya çıxır: işğalçını silahlandıran, bununla da regional sabitliyə, təhlükəsizliyə təhdid yaradan bir dövlət Qarabağ münaqişəsinin sülh yolu ilə həllində vasitəçiliyə nə dərəcədə haqq edir?! Ümumiyyətlə, haqq edirmi?! Əlbəttə ki, birmənalı şəkildə cavab "xeyr"dir.

Rusiyanın son addımı, Ermənistana böyük həcmdə silah verməsi artıq sülh danışıqlarında "vasitəçi" olan tərəfin əsl simasını göstərmiş oldu.

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 12-də Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının son vaxtlar intensiv xarakter almasının ölkə ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu telefon zəngi zamanı Rusiya Prezidenti Vladimir Putinin diqqətinə çatdırıb.

Bu, bir daha onu nümayiş etdirir ki, Prezident İlham Əliyev beynəlxalq arenada Azərbaycanın milli maraqlarını qətiyyətlə və xüsusi prinsipiallıqla müdafiə edir. Azərbaycanın milli maraqlarına təsir edən hər bir məsələ dövlət başçısının xüsusi nəzarətindədir və bununla əlaqədar istənilən ölkə, beynəlxalq qurum qarşısında məsələ qaldırılır, onların həllinə nail olunur.

Ötən əsrin 90-cı illərinin əvvəllərindən etibarən Rusiyadan Ermənistana böyük həcmdə silah və hərbi texnikanın ötürülməsi faktları və bu gündə silahlandırmanın davam etməsi işğalçı ölkəyə açıq dəstəkdir. Silahlandırma münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həllinə imkan vermir, mövcud status-kvonun saxlanmasına xidmət edir. Acınacaqlı və aciz durumda olan Ermənistan ardıcıl zərbələr alır və 2020-ci ilin iyulunda Tovuz döyüşləri bunun əyani sübutu oldu. Buna görə də silahlar Ermənistana pulsuz verilir.

Rusiyanın ardıcıl şəkildə Ermənistanı silahlandırması onun ATƏT Minsk Qrupunun həmsədri statusuna, üzərinə düşən öhdəliklərə və 2009-cu il iyulun 10-da ABŞ, Rusiya və Fransa prezidentlərinin "Böyük səkkizliy"in İtaliyanın Akvil şəhərində keçirilən toplantısı çərçivəsində imzalanan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı birgə bəyanatda və 2010-cu il iyunun 26-da ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri olan ABŞ, Rusiya və Fransa prezidentlərinin Kanadanın Muskok şəhərində qəbul etdikləri birgə bəyanatda əksini tapmış mövcud status-kvonun qəbuledilməzliyi prinsipinə ziddir.

ATƏT-in Minsk Qrupu üzərinə götürdüyü öhdəlikləri uzun illərdir yerinə yetirə bilmir, həmsədr ölkələr birtərəfli mövqe tutaraq işğalçıya dəstək verirlər. Buna görə də ekspertlər də düşünürlər ki, ATƏT MQ buraxılmalı, onun fəaliyyətinin yenidən təşkilinə baxılmalı, ATƏT MQ-də təmsil olunan Türkiyə həmsədr ölkə qismində prosesə cəlb edilməlidir.

Politoloq Zaur Məmmədov hesab edir ki, Rusiya ATƏT-in Minsk qrupunun 3 həmsədr dövlətindən biri kimi münaqişə ilə bağlı üzərinə götürdüyü öhdəliyə ciddi yanaşmalı, beynəlxalq hüququ pozan və bütün dünya, eyni zamanda, aparıcı beynəlxalq təşkilatlar tərəfindən münaqişədə işğalçı tərəf kimi tanınan Ermənistanı təcavüz və təxribat siyasətindən çəkindirməli olduğu halda, bunun əksini edir, işğalçıya dəstək verir. Ermənistana silah göndərilməsi işğalçını dəstəkləmək, münaqişənin həllinə imkan verməmək və mövcud status-kvonu möhkəmləndirmək deməkdir.

"Subnimal mesaj bundan ibarətdir ki, rəsmi Bakı bölgədə baş verənlərin fərqindədir və əgər Rusiya münaqişə ilə bağlı öz mövqeyində qətidirsə, o zaman Azərbaycan bundan nəticələr çıxaracaq. Elə son zamanlar Azərbaycanın hərbi-siyasi konfiqurasiya ilə bağlı müəyyən dəyişiklikləri də buna nümunədir.

Rusiyanın Ermənistanı pulsuz silahlandırmağa davam etməsi bir daha ATƏT-in Minsk Qrupu ilə bağlı düşünməyə vadar edir. Üzvləri münaqişəyə ikili standartlarla yanaşan, işğalçını silahlandırmaq kimi nonsens addım atan dövlətlərin olduğu qrupdan hansı ədalət gözləmək olar? Hər üç həmsədr ölkə ermənipərəst siyasət yeridir. Bir həmsədr ölkə işğalçı Ermənistanı silahlandırır, o biriləri siyasi dəstək verir. Deməli, həmsədr ölkələr obyektiv mövqe sərgiləmir. Bu isə Minsk Qrupunun buraxılmasını zəruri edir.

Bu münaqişə ilə bağlı daha ədalətli mövqe nümayiş etdirən, işğalçını öz adı ilə çağıran Türkiyə niyə Minsk Qrupunda olmasın?

Prezident İlham Əliyev növbəti dəfə hər kəsə prinsipial mövqeyini göstərdi. Bu, Azərbaycan xalqının və dövlətinin maraqları ilə hesablaşmağın vacibliyidir. Dövlət başçısının bu cür qəti mövqeyi dəfələrlə ən yüksək tribunalardan səsləndirilib. Ən son baş tutan Valday forumu, Münxen təhlükəsizlik konfransı, Davos forumu, Aşqabadda MDB dövlət və hökumət başçılarının toplantısı zamanında Prezident İlham Əliyevin işğalla bağlı sərt və qəti mövqeyi Azərbaycanın diplomatik qələbəsi kimi qiymətləndirilməkdədir.

PƏRVANƏ

 





14.08.2020    çap et  çap et