525.Az

Tanıyaq və tanıdaq: Vida Heşməti


 

Tanıyaq və tanıdaq: <b style="color:red">Vida Heşməti </b>

Əziz oxucular, "525-ci qəzet"də "Günümüzün Güney Azərbaycan ədəbiyyatı - Poeziya" adlı guşə açılıb.

Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələmədən onların ana dilində fərqli janr və üslublarda qələmə aldığı şeir və poemalara, yaxud da həmin əsərlərdən müəyyən hissələrə yer verəcəyik.

Bu əsərlər günümüzün Güney ədəbiyyatında baş verən yeniliklərin, ədəbi prosesin incəliklərini bir az da yaxından izləmək, həyata, insanlığa, yazarların ictimai-siyasi və milli məsələlərə baxışlarını öyrənmək baxımından diqqətəlayiqdir... 

Türkiyənin ünlü filosof-yazarı Cəmil Meriç "Qərb kültürün vətənidir, Şərq irfanın. Nə Qərbi tanıyırıq, nə Şərqi, ən az tanıdığımız isə özümüz..." deyirdi.

Güney Azərbaycanda son çağın dinamik inkişaf edən ədəbiyyata, özəlliklə poeziyaya nəzər saldıqda burada yaşayan xalqın özünəməxsus kültürü, ədəbiyyatı, kitab mədəniyyəti, sözyaratma qüdrətinin nə qədər yüksək olduğu yansıyır.

Möhtəşəm mədəniyyət yaradan bir xalq, susmayan dili, özünü, kimliyini, tarixini öyrənmək istəyən şairləri olan xalq isə dünya tarixindən heç vaxt silinmir, əbədiyaşarlıq qazanır...

Beləliklə, özümüzü, Güneyimizi daha yaxından tanımaq, həm də daha çox sevmək üçün, dəyərli yazarların yaratdıqları bənzərsiz poetik dünyanın qapıları üzünüzə açılır, əziz oxucular!



Esmira Fuad,
Filologiya elmləri doktoru

Vida HEŞMƏTİ

1978-ci il Təbriz şəhərində anadan olub. Fars dili və ədəbiyyatı üzrə bakalavr təhsili alıb. Vidanın şeir üslubu sərbəstdir, yəni "ağ şeir" üzərindədir.

V.Heşmətinin uşaqlar üçün "Ağ qanadlı kəpənək" kitabı 2018-ci ildə Təbrizdə yayımlanıb.

"Uzun olmayan dadlı özgürlük" silsiləsindən uşaqlar üçün yazdığı hekayə və uşaq şeirlərinin toplandığı kitabı isə çapa hazırlanır.


Alma desəm gəl,
Heyva desəm gəlmə.
Əllərimlə gözlərimi qapatdım,
üzümü divara dayadım,
Sən
gizləndiyin mağaradan
çıxmadın.
Hələ də uşaqlıq çərçivəsində
Boy atmış bir alma ağacı kimi
Qaranquşa yuvayam.

Lalələr yamacında
Bu nisgildə
Divara dönüşən qapıya
Gözümü tikmişəm

Alma səsləyirəm
Alma
Alma varlığımı...
Alma
Almağını istəyirəm
Hələ də üzüm divarda
Əllərim gözümdə

Mən alma ağacıyam
Dilim Ağac oldu
Kökümü
Arazın dolğun suları
Doyurur.

***

Bir gələrsən
Bütün həyatı gətirəcəksən
Hər anım
Nəfəs-nəfəs
Çiçək qoxuyacaq
Hər anım
Yeni-yeni
Çiçəklənəcək
Qara duvağımı
Üzümdən atacaq
Gülüş
Dodağıma qonacaq
Sən gələrsən
Evimə yaz yeli əsəcək.

***

Boğazımdakı
      Düyünə bağlanıb
                     Ürək yarası
 
Bir həvəs kimi
           Gəlib də keçir

Tutulur,
     Sürünür,
          Boğulur,
                    Ürək.
Sənə susuzlayıb,
              Sənə acalıb

Bir
   Cam parçası kimi,
Min
   Sınıq tikəyə bölünüb
Dağılıb hər yana,
                   Yığmaq olmayır.

Doğur hərdən
              Bir yara,
                  Min dərd
Coşur hərdən
                  Dalğalı dəniz kimi.

Doldurmaq
        mümkün deyil
               Bu
        Dərin çuxurların

Dərmanı
yox bu dərdin,
Kimsə toxtamayıb

Ya ölüb
          Sonunda
Ya da
          Dönüb...

***

Bu gecə
Gözlərinin simfoniyasında
Uçacağam
Saçlarının qış nişanələrində
Boğulub,
Ürəyinin alovlanmış parçalarından hər birinə
Namaz qılacağam.

Bu gecə
Bayat sevginin bayatılarını
Gözlərimin çayında üzdürəcəyəm.

Bu gecə
Qoxunu ciyərlərimə çəkib,
Qaytarmayacağam.

Bu gecə
Yalnızlığımı ayın hilalından
Asacağam...

***

Gəlirəm görüşünə boş əllərimlə
Dolsun
Deyə

Çıxacaq sanki qəfəsdən
Ürəyimdəki
parçalanmış quş.

 Zaman keçməyir
 sanki yuxudan durmamış
 Günəş.

Gözlərindəki qaranlıq
İşıq saçacaq
Ümid verəcək
Həyat doğacaq
Dilək süzəcək
Mahnı yazacaq.

Mən gözlərinin mavisində
Boğulacağam
Sən məni qurtaracaqsan.

Xəyal uçur
Hər tərəfə
Gili-gili axtarır səni
Görüş olacaq
Nəfəs gələcək
Ürək çıxacaq
Sevinc verəcək.

Gözlərin
Rəng verəcək
Ağ-qara
Yaşamıma.

***

Həsrət axır gözlərimdən
Hərdən gözlərinin
                   Həsrəti də
                                   Axır...
Sənsizlik axıb getsin
"Sarı üzüm" dənəsi gilələrin
Gözümdə qalsın
Gözlər
Ah
Gözlər....
 

 





14.08.2020    çap et  çap et