525.Az

Gülərüzlü ustad, ilk qadın violonçel ifaçısı - Nəzmiyyə xanım Abbaszadə


 

Gülərüzlü ustad, ilk qadın violonçel ifaçısı - <b style="color:red">Nəzmiyyə xanım Abbaszadə </b>

Siz Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına daxil olsanız, istər dekanlıqda, istərsə də professor-müəllim otağında, yaxud foyedə - gülərüzlü, gənclik hərarətini daxilində qoruyan Nəzmiyyə Abbaszadəni mütləq görəcəksiniz.

Həmin anda dahi Nizaminin sözləri yada düşəcək: "Gənclik günü ömrə bir nümunədir!" Eyni zamanda, sizdə belə bir fikir yarancaq ki, gənclik gününü hər gün yaşamaq - qəlbi nurla dolu insanlara məxsusdur.

Bu yaxınlarda "ARB" kanalında bizim musiqi ictimaiyyətimiz  cəlbedici filmlə tanış oldular.

Həmin film hamımızın sevimlisi, səmimi və mehriban insan, ilk qadın violonçel ifaçısı - Əməkdar İncəsənət xadimi, professor Nəzmiyyə Abbaszadəyə həsr edilmişdi.

Nəzmiyyə xanımın simasında sübh günəşinin cizgilərini görürsən. Bu işıqlı təbəssüm gününüzə pozitiv enerji qatır. Artıq bu filmi Akademiyada qış aylarında izləmişik. Yaxşı yadımdadır, dərsdən sonra musiqişünas tələbələrimlə Qara Qarayev zalına qalxdıq. Açığı, heç ayaq üstə də durmağa yer yox idi. Nəhayət, hamı üçün şərait yaratdılar. Burada bizim cavan müəllimiz - dosent Yeganə Taptıqova bir təşkilatçı kimi böyük iş görmüşdü.

Filmi bir nəfəsə izlədik. Film dinləyicilərdə çox güclü təəssürat yaratmış və onları valeh etmişdi. Nəzmiyyə xanımı ürəkdən təbrik etdikdən sonra filmin yaradıcı kollektivini axtardım. Rejissor və operatorla tanış oldum. Məlum oldu ki, bu qeyri-adi orijinal filmin məzmununu tanınmış rejissor Yeganə Əbdulməmmədova yazıb. Kinoşünas üçün (dramaturji baxımdan) maraqlı material təqdim olunmuşdu. Yeganə xanımın işi - məntiqlə düşünülmüş, peşəkarlıq və sənətkarlıq nümunəsidir. Bizim qarşımızda violonçel sənətinin ustadı olan Nəzmiyyə xanımın həyatı, yaradıcılıq yolu, onun musiqiçi-ictimai xadim kimi apardığı iş, habelə səmərəli pedaqoji fəaliyyəti və s. hadisələr öz əksini tapır.

İki il əvvəl "105 FM" radio dalğasında akademik Rafael Hüseynovun "Axşam görüşləri" silsiləsindən Azərbaycan dinləyiciləri Nəzmiyyə Abbaszadə haqqında maraqlı veriliş eşitdilər. Səhəri gün zəng edib Rafael müəllimi təbrik etdim. O dedi: "Nəzmiyyə xanım olduqca təvazökar, sadə və səmimi insandır, qeyri-adi ifaçıdır, daima axtarış yollarındadır. O, əsl sənətkardır!" Söhbət zamanı Rafael müəllim qeyd etdi ki, inşallah, növbəti yubileyində məni dəvət edəcək və müsahibə götürəcək.

Xatırladım ki, artıq əlli ilə yaxındır ki, R.Hüseynov ən yüksək səviyyədə məharətlə, alovlu bir vətəndaş kimi, zirvədə duran böyük alim-ustad temperamenti ilə Azərbaycan musiqi mədəniyyətimizi tədqiq edərək onu gözəl təbliğ edir. Onun hər bir verilişi - sanki bir poemaya bərabərdir. Rafael müəllimin verilişləri həftə ərzində üç dəfə yayımlanır (105-FM dalğasında). Atam Məmməd Sadıx Əfəndiyev haqqında (əlbəttə, mənim iştirakım ilə) qeyri-adi veriliş hazırlamış və bir neçə dəfə radioda səslənmişdir. Daha sonra Qara Qarayev, Kövkəb Səfərəliyeva, Əşrəf Abbasov haqqında verilişlərini hazırlayarkən, bu sətirlərin müəllifini dəvət etmişdir.

İndi isə mən oxucularımıza Nəzmiyyənin zəngin ata yurdundan söhbət açım.

Nəzmiyyə ziyalı və nəcib ailədə dünyaya göz açıb. Atası Müzəffər Sultanzadə - istedadlı musiqiçi idi və Azərbaycan Dövlət Türk Musiqi texnikumunu skripka aləti üzrə bitirmişdi (müəllimi tanınmış skripka ifaçısı M.İ.Paltsev. Maraqlı faktdır ki, həmin dövrdə Müzəffər Sultanzadə ilə birgə Ə.Bədəlbəyli, Ə.Həsənov, Ə.Daşdəmirov oxumuşdular (- bu şəxslər - gələcəyin xalq artistləri olmuşdular). Bu istedadlı musiqiçilər hətta kvartet təşkil edərək, burada maraqlı əsərlərlə çıxış edirdilər. Bundan əlavə, Müzəffər müəllim Ü.Hacıbəylinin rəhbərliyi ilə yaradılan simfonik orkestrda işləyirdi (orkestrin tərkibini texnikumun tələbələri təşkil edirdi). "Arşın mal alan" operettasının səslənməsində, tamaşaya qoyulmasında Müzəffər müəllimin də əməyi var. Məhz Müzəffər müəllimin sayəsində onun bütün övladları musiqiyə maraq göstərirdilər.

Nəzmiyyənin anası Səkinə xanım ixtisasca iqtisatçı idi və respublikamızın ictimai həyatında mühüm işlər görürdü. O, bir neçə dəfə deputat seçilmişdir. Səkinə xanımın arzusu bu idi ki, qızı Nəzmiyyə pianoçu olsun. Belə ki, Nəzmiyyənin 7 yaşı tamam olan kimi Səkinə xanım onu professor Kövkəb Səfərəliyevanın yanına gətirir (o dövrdə K.Səfərəliyeva Orta İxtisas musiqi məktəbinin müdiri idi). Kövkəb xanım diqqətlə Nəzmiyyəni yoxlayır və deyir: "Nəzmiyyənin eşitmə qabiliyyəti olduqca güclüdür, yaddaşı əladır və gələcəkdə simli alətlərin birində - violonçel alətində oxumalıdır. İnanın, o, birinci violonçel çalan qadın olacaq!" Bu sözləri eşidəndən sonra Səkinə xanım çox sevinir: "Mənim qızım qadınlar arasında birinci olacaq!.."

Nəzmiyyə xanım haqqında yazmaqdan əvvəl, onun iki kitabını diqqətlə oxudum: "Violonçel sənətinin tarixi (XVII - XIX)" - Bakı, 2003" və "Violonçel ifaçılığının metodikası" - Bakı, 2019". İlk təəssürat - sözün əsl mənasında violonçel alətinə vuruldum! Elmi, tarixi və nəzəri baxımdan maraqlı ümumləşdirilmələr, nəticələr, orijinal düşüncələr və bu sənətin inkişaf yolları, perspektivləri haqqında maraqlı tövsiyələr oxudum. Səmimi olaraq deməliyəm ki, bəzi bəstəkarların adını ilk dəfə burada eşitdim. Məsələn, Jan-Lui Düpor, Jan Batist Breval, İ.B.Baumqartner, İ.G.Şetki, İ.B.Trikmer  və b. Tez "Sovetskiy ensiklopediçeskiy slovar" kitabını açdım. Gördüm ki, bu musiqiçilər haqqında heç bir məlumat yoxdur. Yəni siz bir diqqət yetirin! Nəzmiyyə xanım Azərbaycanın və digər ölkələrin müxtəlif arxivlərdə aylarla (bəlkə də illərlə)  işləyib, bizim üçün maraqlı materiallar toplayıb.

N.Abbaszadənin fikrincə, İ.S.Bax, İ.Brams, A.Dvorjak, F.Şopen, E.Qriq, kimi bir çox bəstəkarların violonçel üçün yazdığı əsərlər (qeyd edək ki, bu əsərlər Nəzmiyyə xanım və onun tələbələrinin repertuarındadır) onun üçün zirvədir. Məsələn, İ.S.Bax, alman musiqisində inkişaf üçün təkan verəbiləcək bütün nailiyyətləri özündə cəmləşdirmiş, və özündən öncəki bəstəkarların ənənələrini davam etdirmişdir. O, başqa ölkələrin, o cümlədən, Fransa, İngiltərə, İtaliya bəstəkarlarının təcrübəsini də öyrənmiş və onların nailiyyətlərini ümumiləşdirərək yeni, yüksək səviyyəyə qaldırmışdır. Nəzmiyyə xanım dərs vəsaitində yazır: "Baxın melodik xətti polifoniya ilə zənginləşdirmək məharəti, beşinci süitanın dördsəsli fuqasında ən yüksək zirvəsinə çatır".

Ustad Sabir Əliyevin tələbəsi olan Nəzmiyyə xanım Akademiyamızın Böyük Zalında tez-tez konsertlər verirdi. Bu, həm də solo konsertlər idi. Həmçinin, N.Abbaszadə Azərbaycanda qadınlardan ibarət simli kvartet yaradır: Tamilla Əliyeva (I skripka), Xavər Rəhimova (II skripka), Səidə Seyidova (viola) və Nəzmiyyə Abbaszadə (violonçel). Qısa müddət ərzində gənc ifaçılarımız maraqlı və çətin proqram düzəldirlər. Bu konsertdə qüdrətli bəstəkarların əsərləri səslənir, o cümlədən, L.Bethovenin, K.Debüssinin və D.Şostakoviçin kvartetləri.

O zaman Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının rektoru, böyük bəstəkarımız, Xalq artisti Cövdət Hacıyev konsertə yüksək qiymət verərək bu kollektivi dəstəkləmişdi. Məhz Cövdət müəllimin səyi nəticəsində kvarteti iki dəfə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasına ezamiyyətə göndərirlər və burada onlar məşhur alt alətinin ustadı - L.Bethoven adına kvartetin iştirakçısı olan V.V.Borisovskidən ustad dərsləri alırlar.

Həmin vaxt Azərbaycan Bəstəkarlar İttifaqının binasında bir neçə dəfə həm qadınlar kvarteti, həmçinin, Sərvər Qəniyevin də yaratdığı kvartet maraqlı əsərlərlə çıxış etdilər. Azərbaycan bəstəkarlarının əsərləri bu təşkil olunmuş konsertlərdə xüsusi yer tuturdu. İfa olunmuş əsərlərin hamısı Azərbaycan Dövlət Televiziya və Radiosunun fonotekasında qorunur.

1969-cu ildə qadın kvarteti Belçikada (Lyej şəhərində) Beynəlxalq müsabiqədə iştirak etmək üçün hazırlaşırlar. Əvvəlcədən bu kvartetin çaldığı əsərlərlə Ümumittifaq miqyasda baxış keçirilməli idi. Adətən, bu tədbirlər Moskvada təşkil olunurdu. Qızların ifalarını dinləyən yüksək səviyyəli və görkəmli mütəxəssislər ümumi qərara gəlir: istedadlı ifaçılar mütləq Moskva Konservatoriyasının aspiranturasına girməlidirlər. Beləliklə, Nəzmiyyə xanım da Moskvada təhsil alır. Qadınlar kvarteti populyarlıq qazanır, müxtəlif şəhərlərə dəvət olunurlar. Bu qeyri-adi kvartetin ifalarını mən həm Bəstəkarlar İttifaqında, həm də doğma sənət ocağımızın Böyük zalında eşitmişəm. Bundan başqa, professor S.Əliyev o zaman başçılıq etdiyi kafedrasının müəllimlərini müxtəlif konsert proqramlarına daxil edirdi. Bu səbəbdən ifaçı Nəzmiyyə xanım haqqında xüsusi düşüncələrim var. Düzdür, o, indi səhnədə az-az görünür, çünki tələbələrini Beynəlxalq müsabiqələrə, forumlara, konsertlərə hazırlayır. Ürəyinin istisini, biliklərini, enerjisini - öz övladlarına, yəni tələbələrinə, yetirmələrinə həsr edir.

Artıq kafedra müdiri təyin olunan ildən (1989) N.Abbaszadə istedadlı gəncləri pedaqoji fəaliyyətə cəlb etməyə başlayır. Möhkəm peşəkarlıqla, texniki mədəniyyəti ilə səciyyələnən ifaçılıq bazasının əsasını möhkəmləndirir, zənginləşdirir. İndi isə dekan vəzifəsində çalışaraq, yenə layiqli mütəxəssislər axtarır, onları sınaqdan keçirəndən sonra işə cəlb edir.

Nəzmiyyə xanım öz alətinə vurğun bir şəxsiyyətdir! Və təbiidir ki, o, bütün musiqi məktəbləri, kollecləri ilə sıx əlaqə saxlayır, yeni kadrlar haqqında düşünür. Şəxsən özü bu sənət ocaqlarına gedir və istedadlı tələbələr axtarır, istəyinə də nail olur. Onun ictimai fəaliyyətinə aid bəzi ştrixləri də əlavə etməliyəm.

Dahi musiqiçi və pedaqoq M.Rostropoviçin Akademiyamızda "Ustad dərsləri"nin keçirilməsində Nəzmiyyə xanımın böyük əməyi var. Ustadın ölümündən sonra, Nəzmiyyə xanım onun qızı Olqa Rostropoviç ilə sıx əlaqə saxlayır. Festival günlərində M.Rostropoviç adına Muzeydə tələbələrinin iştirakı ilə bir neçə konsertlər təşkil etmişdir.

Son illər N.Abbaszadə bir çox Azərbaycan bəstəkarların əsərlərini violonçel üçün köçürüb (yəni işləyib). O, maraqlı metodik işlərin müəllifidir.

Bütün misalların, yaradıcılıq həyatının faktları arxasında böyük varlığı ilə sənətə bağlanıb, öz dəst-xəttini yarada bilmiş hərtərəfli, geniş səviyyəli ifaçı surəti gizlənir. Bu surət - bizim əzizimiz Nəzmiyyə Abbaszadədir!

Hər bir sənətkar ömür yolunun döngələrində ayaq saxlayıb arxaya, keçib gəldiyi enişli-yoxuşlu cığırlara nəzər salır. Nəzmiyyə xanım keçdiyi sənət yoluna baxıb fəxr edə bilər.

İmruz ƏFƏNDİYEVA
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Musiqi nəzəriyyəsi" kafedrasının professoru, sənətşünaslıq üzrə elmlər doktoru, Əməkdar İncəsənət xadimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü

 





14.08.2020    çap et  çap et