525.Az

Ağdamlı günlərin xiffəti... - Sorğu


 

Ağdamlı günlərin xiffəti... - <b style="color:red">Sorğu </b>

Bu gün bir azərbaycanlı kimi hər birimizin beynimizin bir küncündə, qəlbimizin ən dərin qatlarında işğal altında olan torpaqlarımızla bağlı bir həsrət, nakamlıq duyğusu yaşayır.

İçində vətən sevgisi olan hər bir insanın qəlbindəki bu yara yanıq izi kimi o doğma yurd yerlərini bir an belə unutmağa qoymur. Ömrünün uşaqlıq illərini işğal altındakı o torpaqlarda keçirmiş, ilk sevincini, ən xoş, şirin günlərini o yerlərdə yaşamış insanlar üçün isə bu kədəri daşımaq daha ağır, daha çətindir. Belə insanların qəlbindəki yara, yəqin ki, heç vaxt qaysaqlanmır. Əslən Ağdam rayonundan olan bir neçə qələm adamının bu günlərdə sosial şəbəkələrdə yazdıqları kədər dolu status və şərhlər də vətən həsrəti ilə yaşayan o insanların mübhəm duyğularının ifadəsi idi.  

Günel Musa, jurnalist:

- Ağdam necə yer idi, havası necə qoxuyurdu, göy üzünün rəngi necə idi, qəti şəkildə xatırlamıram. Amma həyətimizin, stadionun, qapıbir qonşumuzun qapısının rəngi, quruluşu, hətta üstündəki paxlava naxışını dəqiq xatırlayıram. Hərdən özümə acığım gəlir, o qədər xatırlanmalı şey varkən axı niyə yaddaşıma ancaq qapılar köçüb? Sonra böyüdükcə o qapılar mənim travmama çevrildi. Qaçqınlıq illərində harda yaşadıq, heç birinin qapısı sağlam olmadı. Taleyin ironiyası idi, elə bil. Yadıma gəlir, bir dəfə yaşadığımız evlərdən birində qapı bağlanmırdı. Örtürdün, etiraz edib üzünə açılırdı. Kilid yeri də işləmirdi. Atam da cəbhədə idi. Rəhmətlik nənəm yataq örtüyündən kəndir düzəldib bir ucunu qapının cəftəsinə, digərini də biləyinə dolayıb yatırdı. Oğrudan qorxurdu. Niyə qorxurdun, ay nənə? Oğrunun apara biləcəyi nə var idi ki, o evdə?

Murad Arif, müğənni, bəstəkar, jurnalist:

- Ağdamın mərkəzində, Məşədi Abbas küçəsində babamdan qalma böyük bir imarət vardı...

Babamı köhnə ağdamlılar "5 kişinin biri" kimi tanıyır. Hətta Arif Babayev kimin nəvəsi olduğumu biləndə, rəhmətliyə böyük rəğbətini söyləmişdi.

İmarət də ki nə imarət: ger-geniş, ikimərtəbə, hündür tavanlı... Həyətində göydələn boyda qoz ağacları... Bülbüllər susmadan oxuyurdu... Səhərlər məsciddən gələn azanın avazı... Qaymaq satan xalanın gur səsi...

Hələ o zoğal, nar, xurma, alma, fındıq ağacları... Suyu kəhrizdən, şəffaf, şipşirin. Nənəm tibb işçisi, xalam isə şəhərdə hörmətli həkim idi... Həkimin evinə xüsusi pay-pürüş gələrdi...

Pah! O yaşayış, o lüks... Çexoslovakiyadan, ADR-dən, Moskvadan gələn çilçıraqlar, bahalı geyimlər, avadanlıqlar, fransız ətirləri, qət-təzə televizor, soyuducu, hər mərtəbədə mətbəx, hamam qovşağı, zal, 4-5 yataq otağı, o təmir, o mebel, o səliqə-sahman, o cah-cəlal... o şərait - hamısı qaldı erməniyə...

Ardınca Sumqayıt, "obşitel", darısqal bir otaq, ümumi mətbəx, ehtiyac, payoklar, quru süd, quru yumurta tozu, "Teksun" yağları, xəstəliklər, xərçəng... İndiyə qədər brezent paketlər, karton yeşiklər görən kimi, nənəmin, xalamın Sumqayıtdakı evimizə yığdığı əşyaları xatırlayıram...

Allah hər ikisinə rəhmət eləsin!..

Hərdən "Qaçıb gəlmisiniz, qoyub gəlmisiniz, hamınız əla yaşayırsınız" deyənləri əlimlə boğmaq istəyirəm... O insanların yaşadığı məhrumiyyətləri görmək lazım idi. Bu, sadəcə müflis olmaq deyildi... Bu, Vətənsiz qalmaq idi... Bu, həyatı sıfırlamaq idi... Bu, uşağının üzünə baxa bilməmək idi... Bu, qürurun sınması idi... Bu, hər gün lağlağı, tənə və qınaq obyekti olmaq idi... Bu, sabahsız qalmaq idi... Bu, hər gecə yuxuda o günlərə, məhləndəki toy-düyünlərə, iş yoldaşlarına, əsir düşmüş qohumlarına, hələ sağ olan cavan qardaşına, oğluna qayıtmaq, yuxudan qəfil oyanıb göynəyə-göynəyə ağlamaq idi... Təsəvvür edin, hər gecə yuxuda firavan həyata qayıdıb, hər səhər oyananda məskunlaşdığın çadırlara, məktəb zallarına, siçovullu otaqlara qayıtmaq!..

Elə bilirsiniz hamı fərasətli idi? Hamı toparlana bilirdi? Dağ boyda kişilərin beli bükülmüşdü... Bir mağar adamın yeməyini bişirməyə adət etmiş qoçaq anaların, gəlinlərin hər gün qazan dibinə yapışıb qalan qarğıdalı unundan horra bişirmək məcburiyyətini təsəvvür edin... Adaxlısından, sözlüsündən uzaq düşən neçə-neçə qızların həyatını təsəvvür edin... Öz rayonundakı məktəbindən, adət etdiyi məktəb yolundan, ləhcəsindən, dostlarından, xoşbəxt uşaqlığından qovulmuş balaları təsəvvür edin...

Evimin içinin dərdidir bu köç.

Məhsəti Şərif Özyürek, jurnalist:

- Mən Ağdamın qoxusunu da unutmamışam. Ağdam iydə çiçəyi kimi qoxuyardı...

Vüsalə Məmmədova, jurnalist:

- Mənim üçün hüzurla assosiasiya olunur. Hüzurlu idim. Sıxıntı, təklənmə yox idi. Və ən önəmlisi inam var idi. Torpaq və xatirələrə toxuna bilmək insana inanılmaz güc verir, hər şeyin yaxşı olacağına, hər işi bacaracağına inanırsan. Bu gün də ancaq hüzur qalıb yadımda. Hətta ən ağır günləri belə hüzurlu imiş...

 

 





15.08.2020    çap et  çap et