525.Az

Alfred Nobel Bakını niyə sevmirdi? - Müsəllim Həsənovun qeydləri


 

Alfred Nobel Bakını niyə sevmirdi? - <b style="color:red">Müsəllim Həsənovun qeydləri </b>

Tarixçə

Jurnalist Müsəllim Həsənovun Azərbaycan tarixinin ən müxtəlif dövrləri ilə bağlı son illər qələmə aldığı tədqiqat və araşdırmaları, tarixi sənədlər əsasında yazdığı ssenarilərə çəkilmiş filmlər, televiziya verilişləri istər oxucuların, istərsə də tamaşaçıların diqqətini çəkən ən yaddaqalan layihələrdəndir.

Bu materiallar həm də tariximiz, ayrı-ayrı tarixi şəxsiyyətlərlə bağlı bir çox qaranlıq məqamlara işıq salınması baxımından zəruri və lazımlıdır.

Müəllifin son vaxtlar öz Feysbuk səhifəsində "Bilirdinizmi" başlığı altında tarixin ən fərqli dönəmlərini əks etdirən tarixçə tipli yığcam paylaşmaları isə sosial şəbəkə istifadəçiləri tərəfindən xüsusi maraqla izlənilir.

Bu diqqət və marağa güvənərək həmin yazıları "525"in oxucuları ilə də bölüşmək qərarına gəldik. Niyyətimizi bildirəndə, sağ olsun, jurnalist dostumuz istəyimizi geri çevirmədi və razılaşdıq ki, bu yazılar vaxtaşırı qəzetimizdə dərc olunsun.

Buyurun, oxuyun.

"525"

***

İbrahim xanın oğlunun
evlənməsinə Paskeviçdən icazə... 

Bilirdinizmi ki, 1832-ci ildə İbrahim xanın arvadı Bikə ağa oğlunu evləndirmək üçün general Paskviçdən icazə istəyib? 

1832-ci il fevralın 12-də mərhum Qarabağ hökmdarı İbrahim xanın arvadı Bikə ağa Müsəlman əyalətlərinin və Talış xanlığının rəisi, general-mayor Jukovskiyə ərizə yazır:

"Hələ iranlıların bizim torpaqlara soxulmasından xeyli əvvəl oğlum Əhməd xan Şəmşəddilli Yusif bəyin qızına nişanlanmışdı. Adı çəkilən Yusif bəy o vaxt yaranmış vəziyyətlə əlaqədar ailəsi ilə birlikdə Urmiyaya getdi.

Artıq İranla Türkmənçay sülhü bağlandığı üçün Zati-Alilərinizdən acizanə surətdə xahiş edirəm ki, oğlumun Yusif bəyin qızı ilə evlənməsinə izn verəsiniz..."

Bikə ağanın general Jukovskiyə ünvanladığı ərizə tərcümə olunaraq Tiflisə - baş komandan İvan Paskeviçə göndərilir.

Düz bir ay sonra Tiflisdən Jukovskiyə cavab gəlir:

18 fevral tarixli raportunuza cavab olaraq Qarabağın mərhum hakimi İbrahim xanın oğlu Əhməd xanın Urmiya şəhərində yaşayan Yusif bəyin qızı ilə qanuni nikaha girməsinə icazə verirəm.

Bir şərtlə ki, Əhməd xan qızın ardınca Urmiyaya getməsin, yalnız qızın oradan geri qayıtmasını gözləsin.

Əlahiddə Qafqaz Korpusunun baş komandanı, general-adyutant Paskeviç.

Tiflis şəhəri.
12 mart 1832-ci il. 

P.S. Türkmənçay müqaviləsinin yaratdığı bir ayrılıq tarixçəsi... 

Varlılar yoxsullara çörək verir. Təmənnasız... 1905-ci ildə 

Bilirdinizmi ki, 1905-ci ilin sentyabrında Bakıda yaranmış qıtlıqla əlaqədar şəhərin imkanlı adamları yoxsullara pulsuz çörək paylayıb? 

1905-ci il bütün Rusiya imperiyasında gərginliklə başlayır. Böyük şəhərlərdə tətillər və etiraz mitinqləri təşkil olunur.

Bakıda isə fevral ayında başlayan erməni-müsəlman qırğınını dayandırmaq mümkün olsa da, avqustda yenidən toqquşmalar başlayır.

Şəhərdə ərzaq çatışmır, üstəlik, dükan-bazar da işləmir.

Hətta şəhərə Tiflisdən ərzaq gətirilir.

Bu vəziyyətdən daha çox əziyyət çəkən isə həmişəki kimi yoxsullar olur.

Onda Bakının bir neçə imkanlı şəxsi şəhərin ayrı-ayrı yerlərində yoxsullara pulsuz çörək paylatdırır.

"Kaspi" qəzetinin yazdığına görə, sentyabrın əvvəllərində:

- H.Z.Tağıyev - Şamaxinkadakı dəyirmanında;

- Həsən ağa Həsənov - İçərişəhərdə, Cümə məscidinin yanında;

- Mirzə Əsədullayev - Praçeşno küçəsində;

- Ağabala Quliyev - Balaxanı küçəsində  pulsuz çörək paylanmasını təşkil edir.

Özü də çörək səhər saat 8-dən 4-ə qədər milliyyətindən asılı olmayaraq müraciət edən hər kəsə verilir...

P.S. İndi də çətin dövrdür. İndinin də öz milyonçuları var, amma...

Bağırov stadiona necə ot əkdirdi? 

Bilirdinizmi  ki,  indi T.Bəhramovun  adını daşıyan stadiona M.C.Bağırov vaxtilə necə ot əkdirib?  

Stadionun yaşıllaşdırılması məsələsi 1947-ci ildə ortaya çıxır.  Moskvadan göstəriş gəlir ki, ot örtüyü məsələsində SSRİ-nin böyük şəhərlərində tikilmiş stadionların təcrübəsinə əsaslanmaq lazımdır...

Azərbaycan SSR Nazirlər Sovetinin sədri Teymur Quliyev 1948-ci il martın 15-də Moskvaya göndərdiyi məktubda izah edir ki, bu şəhərlərin təcrübəsini Bakıda tətbiq etmək qeyri-mümkündür. Çünki Bakının iqlimi fərqlidir...

Bundan sonra respublikadakı kənd təsərrüfatı istiqamətli bütün elmi-tədqiqat institutları bu işə cəlb edilir. Uzun müzakirələrdən sonra iki fikir meydana gəlir: Botanika İnstitutu ilə Çoxillik Bitkilər İnstitutu təklif edir ki, stadionun yaşıllaşdırma işini adi kökümsov gövdəli alaq otlarının - çayır və su çayırının köməyi ilə təmin etmək olar. Sadəcə bununla əlaqədar müəyyən təcrübə aparmağa ehtiyac var, ən azı bir il vaxt lazımdır...

1948-ci il noyabrın 17-də M.C.Bağırov stadionun tikintisinə şəxsən özü baxır və Teymur Quliyevə məktub yazır: "...Mənə dedilər ki, stadionun meydanı üçün yaşıl örtük seçilməsi üzərində hansısa komissiya və ya institut işləyir. Bu kimin ağlına gəlib, bilmirəm. Təcrübə aparmağa ehtiyac yoxdur. Ayrıqotu (rus dilində "pırey" - M.H.) ən yaxşı yaşıl örtük ola bilər... Xahiş edirəm müvafiq yoldaşlara tapşırasınız ki, on gün müddətində, maksimum iki həftə ərzində bu məsələ ilə bağlı əsaslı təkliflər versinlər".

Müvafiq yoldaşların bu məsələ ilə bağlı Bağırova hansı təklifləri verdiklərini söyləmək çətindir.

Amma şahidlərin dediyinə görə, sonda stadiona ot örtüyü Lənkərandan gətirilir...

Torpaqla birlikdə kvadrat şəklində kəsilib xüsusi maşınlara yığılan ot örtüyü birbaşa maşınlardan götürülüb stadiona düzülür...

P.S. 1951-ci il sentyabrın 16-da stadionun rəsmi açılışı olur və tamaşaçılar ilk dəfə "Neftçi" - "Spartak" (Vilnüs) oyununu izləyirlər... 

İmperator III Aleksandrın Bakı səfəri 

Bilirdinizmi ki, Rusiya imperatorlarından yalnız  III Aleksandr Bakıda səfərdə olub? 

Əsas məqsədi şəhərdə inşa olunacaq Aleksandr Nevski kilsəsinin təməlini qoymaq olan imperator  III Aleksandar Bakıya 1888-ci ilin oktyabrında gəlir.

Bakı Rusiya imperatorunu böyük təmtəraq və təntənə ilə qarşılayır.

Şəhər bir neçə gün əvvəldən bəzədilir, küçələr səliqəyə salınır. Bakı dəmir yolu vağzalına isə xüsusi diqqət ayrılır. Hər yan gül-çiçək, hər tərəfdə xalı-xalça...

Şəhər başçısı imperatoru vağzalda düz-çörəklə qarşılayır.

Çar və ailə üzvləri vağzaldan kilsəyə gedirlər.

Günorta ali qonaqlar çarın arvadının adını daşıyan Mariya qadın gimnaziyasında olur, oradan isə müqəddəs Nina məktəbinə baş çəkirlər.

Bütün bunlardan sonra III Aleksandr ailə üzvləri ilə birlikdə Aleksandr Nevski kilsəsinin təməlqoyma mərasimində iştirak edir.

Çarın neft sənayesi ilə tanışlığı Qara şəhərdən başlayır. Bir gün əvvəldən imperatorun keçəcəyi küçələrə neft qalıqları səpilir ki, faytonların təkərləri səs salmasın, toz-duman olmasın. Necə deyərlər, "küçələrə su səpmişəm..."

Çarın keçdiyi küçələrə isə su yox, neft qalıqları səpilir. Şahidlərin yazdığına görə, bunun nəticəsində "sanki faytonlar xalça üzərində hərəkət edir"...

P.S. O vaxt təməli qoyulan və bakılıların "Qızıllı kilsə" kimi tanıdıqları Aleksandr Nevski kilsəsi Bakıdakı 190 nömrəli məktəbin yerində olub. 1936-cı ildə bolşevik hökuməti bir çox ibadət evləri kimi "Qızıllı kilsə"ni yerlə yeksan ediblər... 

İmperator bakılıların şikayətini dinləyir. Cəmi bir saat... 

Bilirdinizmi ki, imperator III Aleksandr Bakıda olarkən əhalidən şikayət ərizələrini qəbul etməyə cəmi bir saat vaxt ayırıb?  

İmperator III Aleksandrın 1888-ci ildə Bakıya səfərinə bir neçə ay əvvəldən hazırlıq görülməyə başlanmışdı.

İmperatorun gəlişindən bir neçə gün əvvəl isə "İmperator Həzrətlərinin Bakıda olduğu müddətdə asayişə nəzarət barədə təlimat" hazırlanmışdı.

Təlimatda deyilirdi ki, imperatoru və onu müşayiət edən ali qonaqları aparan fayton karteji küçələrdən keçərkən atların ayağı altına gül buketi atmaq, göyə papaq və gül tullamaq qəti qadağandır. Çünki bununla atları hürküdə bilərsiniz və imperatora narahatlıq yaratmış olarsınız...

İmperatora şikayət ərizələri vermək üçün dəqiq vaxt müəyyən olunmuşdu: səfərin ikinci günü - oktyabrın 9-da, imperatorun qaldığı binanın qarşısında, səhər saat 8-dən 9-a qədər...

Təlimatda deyilirdi: Sahə rəisləri xalqa başa salmalıdır ki, İmperator Həzrətləri kilsələrdə, təhsil müəssisələrində və zavodlarda olarkən ərizə vermək, bu məqsədlə ali qonaqların keçdiyi küçələrə çıxmaq, ərizələri faytonlara atmaq qəti qadağandır...

P.S. İmperator Bakıda sənaye müəssisələrindən yalnız Nobel qardaşları şirkətinin Qara şəhərdəki zavoduna getmiş, sonra Suraxanıdakı neftayırma zavoduna baş çəkmiş və daha sonra Atəşgahı ziyarət etmişdi... 

Alfred Nobel Bakını niyə sevmirdi? 

Bilirdinizmi ki, Alfred Nobel heç vaxt Bakıda olmayıb və bu şəhəri "neftə bulanmış səhra" adlandırıb? 

Böyük qardaş - Robert Nobel Bakıya 1873-cü ildə gəlib.

Ortancıl - Lüdviq Nobel 1875-ci ilin oktyabrında Peterburqdan Parisdə yaşayan kiçik qardaşı Alfredə məktub yazır:  

"...Robert yenidən Bakıya qayıdıb... Ona pul və texniki məsləhətlər verməklə məndən asılı olan işləri gördüm. Robert deyir ki, neftin təmizlənməsi üçün hansısa təkmiləşdirmə işləri aparıb. Onun işinə qiymət verə bilmərəm, çünki mən bu sahədən xəbərsizəm. Mən düşünürəm ki, biz ikimiz - sən və mən birlikdə ora gedib baxmalıyıq ki, görək ona necə kömək edə bilərik. Sənin də, mənim də müstəqil işimiz var, Robertə öz işini qurmaqda yardım etməliyik. Hər halda sən Bakıya getmək barədə fikirləş..."

Alfred Lüdviqə cavab yazır "... səninlə, eləcə də Robertlə görüş mənə maraqlı görünür. Amma susuz, tozlu-torpaqlı, neftə bulanmış o səhra məni heç cür özünə cəlb etmir. Mən əsəblərimi sakitləşdirən yaşıllıqlar məkanında qalmağı üstün tuturam. İmkan dairəsində böyük şəhərlərdən və səhralardan uzaq olmaq istəyirəm..."

Alfred Nobel bununla da ömrünün sonuna kimi Bakıya ayaq basmır. Amma vəfat etdiyi günə qədər "Nobel qardaşları" şirkətinə yatırdığı kapitala görə bu şəhərdən pul qazanmaqda davam edir...   

Nobel general quberantora gül göndərir. Könlü xoş olsun deyə... 

Bilirdinizmi ki, Emmanuel Nobel Bakıda olarkən şəhərin general qubernatoruna az qala hər gün xüsusi gül buketi göndərib? 

Nobel qardaşları Bakıda işləyərkən uğurlu biznes üçün lazım olan bütün vasitələrdən istifadə ediblər. Onlar təhlükəsizlik məqsədi ilə Bakı qoçularının xidmətindən yararlanıb, lazım gəldikdə çar məmurlarına hədiyyə veriblər.

Sankt-Peterburqdakı Rusiya Dövlət Tarix Arxivində saxlanılan bir məktub isə Emmanuel Nobelin bu zirəkliyini bir daha təsdiq edir.

E.Nobelə ünvanlanmış həmin məktubda deyilir: "Sizin xəsislik etmədən dəfələrlə göndərdiyiniz güllərlə mənə göstərdiyiniz daimi lütfkarlıqdan qəlbən məmnunam. Özü də o qədər güllər göndərirsiniz ki, həyat yoldaşım və mən özüm Bakı şəhərində olduğumuzu unuduruq..."

İmza: S.A.Faddeyev, Bakının müvəqqəti general qubernatoru. May, 1906-cı il.

P.S. Deməli, böyük biznesə hətta kiçik ideyalar da kömək edir... 

 





15.08.2020    çap et  çap et