525.Az

"Millilik pafosla ifadə olunanda əks reaksiya yaradır" - Xilqət Əsədov ilə müsahibə


 

"YENİ PERSONAJLARIN MÜSBƏT TƏSİR GÜCÜ ELƏ OLMALIDIR Kİ, UŞAQLARDA VƏ YENİYETMƏLƏRDƏ VƏTƏNPƏRVƏRLİK HİSSİNİN AŞILANMASI PROSESİ TƏBİİ ŞƏKİLDƏ BAŞ VERSİN"

"Millilik pafosla ifadə olunanda əks reaksiya yaradır" - <b style="color:red">Xilqət Əsədov ilə müsahibə </b>

Son günlərdə "Şərq-Qərb" ASC-nin yeni nağıl qəhrəmanı, simvolik personajla bağlı mətbuatda verdiyi elan ictimaiyyətin marağına səbəb olub.

Bunu nəzərə alaraq, müsabiqənin şərtləri, məqsədi və mərhələləri ilə bağlı yaranan suallarla "Şərq-Qərb" ASC-nin Kommersiya departamentinin direktoru, layihənin rəhbəri Xilqət Əsədova müraciət etdik. 

- Xilqət bəy, yeni nağıl qəhrəmanının yaradılması ideyası necə meydana çıxdı?

- Bütün dünyada məşhur animasiya qəhrəmanları, nağıl personajları var ki, onlardan uşaqları maraqlandırmaq, əyləndirmək, diqqətlərini cəlb etmək, ədəbiyyatı, kitabı, mütaliəni onlara sevdirmək məqsədilə istifadə olunur. Bu qəhrəmanlar həm də müəyyən mənada ideya daşıyıcısı, təsir vasitəsi olurlar. Onlar uşaqların, böyüyən nəslin inkişafında və tərbiyəsi prosesində hansısa bir şəkildə iştirak edirlər. Belə personajların, nağıl qəhrəmanların yaradılması təkcə ədəbiyyat və animasiya sahəsi ilə bağlı məsələ deyil. Dünyada çox böyük müəssisələr var ki, məhz bu cür personajlar vasitəsilə özləri üçün yeni fəaliyyət və inkişaf istiqamətləri müəyyənləşdirirlər. Yəqin, elə bu səbəbdən də dünyada davamlı olaraq yeni animasiya qəhrəmanları, filmləri yaradılır. Uşaqların, yeniyetmələrin də nağıl qəhrəmanlarına, animasiya personajlarına münasibəti artıq əvvəlki deyil. İnkişaf, dinamik mühit bu tələblərə, münasibətlərə də təsir göstərir. Bütün dünya animatorları, rəssamları dəyişməkdə olan tələblərə cavab verməyə çalışaraq maraqlı nümunələr yaradırlar. Ənənəvi animasiya sahəsində də müəyyən işlər görülür, 2 D vektorla da, 3 D kompüter animasiyası ilə də yeni filmlər meydana çıxır. Hətta kukla animasiyası ilə də maraqlı işlərin yaradıldığını müşahidə edirik. Yeni animasiya filmləri yarandıqca onların populyarlaşan qəhrəmanları cəmiyyəti də, uşaqları da bir çox istiqamətdən öz təsiri altına salır.  Məsələn, bir çox dünya animasiya filmlərinin qəhrəmanları, nağıl personajları var ki, Azərbaycan uşaqlarının, hətta böyüklərinin də maraq dairəsinə girir. Uşaqlar, yeniyetmələr onların təsiri altında böyüyür, onları sevirlər. O qəhrəmanlar uşaqların məktəb çantaları, dəftər, kitab, albomlarının üstündə, geyim və aksesuarlarının üzərində yer alır, bir sözlə, yetişməkdə olan nəslin həyatlarının bir parçasına çevrilir. Çox təəssüf ki, bu "Arı Maya"lar, "Maşa"lar, "Simpsonlar", "Miki Maus"lar, "Kunq Fu Panda"lar, "Piter Pen"lər, "Hörümçək adam"lar, "Şrek"lər, "Skubi-du"lar arasında bizim özümüzə məxsus olan nağıl personajı, simvolik qəhrəman, demək olar, yoxdur. Heç əvvəllər yaradılanları da müşahidə edə bilmirik. Məsələn, bu sırada Cırtdana, Tıq-tıq xanıma da yer vermək olmur. Onlar bu siyahıda heç ən sonuncu yerdə də deyillər. İndiki dövrdə uşaqlarımızı milli animasiyamızın bir zamanlar təqdim etdiyi və əsasını folklorumuzdan, uşaq ədəbiyyatımızdan götürən bu obrazlarla maraqlandırmaq mümkün deyil. Bütün bu məqamlar, yəqin ki, çoxlarının diqqətini çəkib.

Bu ideya ilk dəfə "Şərq-Qərb" ASC-nin Yeni layihələr qrupunun müzakirəsi zamanı təklif edildi. Onu da deyək ki, bu, təkcə nağıl qəhrəmanları ilə bağlı keçirilən müsabiqə deyil. Məqsədimiz böyüyən nəsil, yetişməkdə olan uşaqlar üçün ənənəvi, klassik, onların alışdıqları və haradasa artıq maraqlarını çəkə bilməyən nağıl qəhrəmanlarından fərqli, yeni personajları yaratmaqdır. Bu personajlar nağıl qəhrəmanlarına da çevrilə bilərlər, hekayə, animasiya qəhrəmanına da. Biz onlardan bir çox layihələrdə istifadə etmək fikrindəyik. Rəssam-animatorlara da çox böyük yaradıcı azadlıq verilir. Əslində, onlara hansısa yazıçı tərəfindən yaradılmış obraz əsasında qəhrəman yaratmağı da təklif edə bilərdik. Amma biz əks istiqaməti seçdik. İlk addımı atmağı rəssam-animatorlara həvalə etdik. Ədəbi nümunə və ssenari yaradıcılığı onların tutduğu yol, təqdim etdiyi istiqamətlə gedəcək. Halbuki indiyə qədər, əsasən, bu iş ədəbi nümunələrdən başlayırdı.

Müsabiqənin əhəmiyyəti bir də ondadır ki, bununla biz dolayı yolla təkcə rəssamlar üçün deyil, eyni zamanda, animatorlar, multiplikatorlar, uşaq yazıçıları üçün də geniş yaradıcılıq imkanları açmış olacağıq.

- Bəs, seçilən nağıl qəhrəmanlarından gələcəkdə necə istifadə olunacaq?

- Seçilən nağıl qəhrəmanlarından bundan sonra yazılacaq nağıllarda, ssenarilərdə, animasiya filmlərində, müxtəlif macəra kitablarında, tele-verilişlərdə istifadə ediləcək. Onun yaradılması üçün verilən şərtlər də gələcək məqsədlərimiz nəzərə alınaraq müəyyənləşdirilib. Şərtlər isə bundan ibarətdir ki, yaradılan qəhrəman və ya qəhrəmanlar orijinal olmalı, başqa məşhur nağıl qəhrəmanlarına, obrazlara bənzəməməlidir. Çünki yenilik bizim üçün əsas amildir. Bundan başqa, mütləq uşaqlar tərəfindən sevilməli, onlarda ilk baxışdan maraq yaratmalıdır. Çünki bizim əsas hədəfimiz uşaqlar və onların təlim-tərbiyəsi, yetişdirilməsidir. Qəhrəmanlar mütləq müsbət emosiyalar yaratmalıdır. Bu da seçim zamanı dəyərləndirəcəyimiz əsas xüsusiyyətdir. Çünki gələcəkdə Azərbaycan brendinə çevriləcəyi nəzərdə tutulan bu nağıl qəhrəmanlarının uşaqlarımızda qorxu, hansısa mənfi emosiyalar yaratmasını qətiyyən arzulamazdıq. Eyni zamanda, bu yeni personajlar o qədər müsbət təsir gücünə malik olmalıdır ki, onun vasitəsilə uşaqlara vətənpərvərlik, vətənsevərlik hissinin aşılanması təbii şəkildə baş verə bilsin. Bundan sonra yaranacaq əsərlərdə, ssenarilərdə, animasiya filmlərində, televiziya verilişlərində və sosial şəbəkələrdə əsas obraz kimi çıxış etmələri üçün yaradılan qəhrəmanların yararlı və universal olması da şərtdir. Bir də təbii ki, üçüncü şəxsin əqli mülkiyyət hüququ pozulmamalıdır. Amma əsas olan yenilik və orijinallıqdır ki, bu da müsabiqədə iştirak edəcək animatorlar, rəssamlar qarşısında qoyulan əsas tələbimizdir.



- Bu müsabiqədən gözləntiləriniz nədir? Sizcə, nəticələr qənaətbəxş olacaqmı?

- Bizim bu müsabiqə ilə bağlı çox böyük ümidlərimiz var. Hər kəsə bəllidir ki, "Şərq-Qərb" ASC regionun ən böyük poliqrafiya müəssisəsidir. Burada çox böyük layihələrə imza atılıb. Amma "Şərq-Qərb" təkcə yüksək keyfiyyətli poliqrafik məhsullar hazırlamır. Eyni zamanda, nəşriyyat, poliqrafiya sahəsində təcrübə qazanmaq, kitab qrafikası, rəssamlıq sahəsində təcrübə toplamaq istəyənlər üçün də məktəb rolunu oynayır. Bir çox tədris müəssisələri tələbələrinin bizdə təcrübə keçməsinə çalışırlar. Elə bu cür əməkdaşlıqlar zamanı da biz istedadlı gənclərə yol açır, yaradıcılıq imkanı veririk. Hətta onları öz layihələrimizə cəlb edirik. Məhz bu prosesdə müşahidə etdik ki, bizim çox istedadlı gənclərimiz, kreativ düşüncəli tələbələrimiz var. Bu layihə də məhz belə yaradıcı insanlara daha geniş çərçivədə imkanlar verəcək ki, öz istedadlarını göstərsinlər, ideyalarını reallaşdıra bilsinlər.

- Sizcə, bu müsabiqə uşaqların və gənc nəslin inkişafına necə təsir göstərəcək?

- Məqsədimiz uşaqların və böyüməkdə olan nəslin maraqlarına xidmət etmək, onların düzgün, mütaliəyə maraqlı, vətənpərvər, dünyagörüşlü yetişməsinə çalışmaqdır. Düşünürük ki, müsabiqəmizə qatılanlar arasında yeniyetmə və gənclər çoxluq təşkil edəcək. Çünki elanın verildiyi ilk gündən yeniyetmə və gənclərin marağını qazandığını müşahidə edirik. Əlbəttə, yaradılmasını arzuladığımız nağıl personajlarının, qəhrəmanların peşəkarlıqla çəkilməsini istəyirik. Amma bilirsiniz ki, bu işdə oturuşmuş, püxtələşmiş texnikadan başqa, istedad amili də böyük rol oynayır. Ola bilsin, axtardığımız bu istedad sahibi məhz hansısa bir gənc, yaxud yeniyetmə oldu. Amma əsas təsir uşaqların bu müsabiqədə iştirakı ilə bağlı deyil, yaradılacaq obrazların, qəhrəmanların bundan sonra onların həyatında oynayacağı rolla bağlıdır. Bayaq da dediyimiz kimi, nağıl qəhrəmanları, personajlar həm də ideya daşıyıcısına çevrilir, müəyyən təsir gücünə malik olurlar. Biz də öz milli məhsulumuz olacaq bu obrazlar vasitəsilə həm bu sahəsində boşluq müşahidə olunan ədəbiyyat, rəssamlıq, animasiyamızın inkişafında, az da olsa, rol oynayacaq, həm də sevilən qəhrəmanlar vasitəsilə daha ağıllı, dünyagörüşlü, vətənsevər nəsil yetişdirilməsi istiqamətində müəyyən işlər görməyə çalışacağıq.

- Əgər belə müsabiqələr vətənpərvərlik mövzusunda keçirilsə, yeni qəhrəmanlar yaradıla bilərmi?

- Bizim düşüncəmizə görə, vətənpərvərlik bu hissin adlandırılması, deyilməsi, birbaşa təbliği ilə öyrədilməməlidir. Ədəbiyyat da, animasiya filmləri də, hətta filmlər də "vətənpərvərlik" sözü dilə gətirilmədən yaradılsa, daha düzgündür. Vətənpərvərlik onların ideyasında olmalıdır. Bu ədəbiyyatda, bu filmlərdə qəhrəmanları vətənpərvərlikdən danışmamalıdır, o hiss onların hərəkətlərində, əməllərində, talelərində, bu yolda etdiklərində və etmək istədiklərində ifadə olunmalıdır. Həm də çox təbii, pafosdan, patetikadan uzaq bir şəkildə. Düşünürük ki, bunun üçün həm cəmiyyətimizdə, həm ümumilikdə ölkəmizdə yaradılacaq əsərlərə, animasiya filmlərinə prototip olacaq, mövzu verəcək qəhrəmanlar da, hadisələr də az deyil. O əməllər, o talelər hansısa bir şəkildə əsərlərə də gətirilə bilər, ekranlara da. Bax belə olduğu zaman uşaqlara "vətənpərvər olun" deməyə ehtiyac qalmayacaq, onlar bunu baxdıqları, sevdikləri qəhrəmanlardan öyrənəcəklər.



- Sizcə, milli nağıl qəhrəmanımıza çevrilə biləcək bu personajlarda əsas nələr olmalıdır?

- Biz yaradılacaq istənilən nağıl qəhrəmanında, yaxud personajda milliliyin qorunmasının, yaxud hansısa bir formada ifadə edilməsinin tərəfdarıyıq. Amma düşünmürük ki, millilik hansısa obrazın zahiri xüsusiyyətləri ilə ötürülməlidir. Bu xüsusiyyətlər müəyyən ştrixlər vasitəsilə, hansısa xarakterik cizgilərlə verilə bilər. Amma bunun da qabardılmasının tərəfdarı deyilik. Millilik pafosla ifadə olunanda əks reaksiya yaradır.

- Bu müsabiqənin gələcəkdə də davam etdirilməsi planlaşdırılırmı?

- Müsabiqənin nəticələrindən çox şey asılı olacaq. Müsabiqə görmək istədiyimiz işlərin, reallaşdırılması nəzərdə tutulan layihənin, sadəcə, ilkin mərhələsidir. Əslində, "Yeni nağıl qəhrəmanı - müasir simvolik personaj" layihəsi bir neçə mərhələdən ibarətdir. Bundan sonra seçilən, qalib gələn personajların ədəbi materiala - kitaba çevrilməsi mərhələsi gələcək ki, bu da, ola bilsin, daha bir müsabiqəyə təkan versin. Yaxud bundan sonra müəlliflərin, yazıçıların seçiminə başlaya bilərik. Çünki daha sonra ssenarilərin yazılması nəzərdə tutulur. Animasiya filmlərinin çəkilişi də həmçinin. Bir sözlə, uzun və çətin bir yola çıxmışıq. Əldə edəcəyimiz uğur həm uşaq ədəbiyyatının, həm uşaq nəşrlərinin, həm uşaqlar üçün yaradılan animasiya və cizgi filmlərinin, həm də rəssamlığın - bir sözlə, uşaqlarla bağlı  müxtəlif yaradıcılıq sahələrinin inkişafına, yeni imzaların, istedadların üzə çıxarılmasına şərait yaradacaq. Bu işdə qarşıya qoyulan məqsəd, amal çox böyük və humanistdir. Ona görə də bu işdə rolu ola biləcək, öz istedadı, bacarığı ilə meydana hansısa yeni məhsul qoyacaq bütün yaradıcı insanları müsabiqəmizə qoşulmağa, bizimlə əməkdaşlığa dəvət edirik.

Şahanə MÜŞFİQ

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub

 





17.08.2020    çap et  çap et