525.Az

"Gül" və onun spektri... - Bir sözün açması


 

"Gül" və onun spektri... - <b style="color:red">Bir sözün açması</b>

Ana dilimizin gözəlliklərindən, tarixi zənginliyindən, dürlü-dürlü əlvan çalarlarından, musiqili axarından söhbət açmağa həmişə ehtiyac var.

Bildiyimiz kimi, ana dilimiz olan Azərbaycan dili möhtəşəm Türk dilləri ailəsinin Oğuz qrupunun Oğuz-Səlcuq yarımqrupuna daxildir.  

Qədim türk dilində və Orxon-Yenisey abidələrində su məhfumu ka//qa, kal//qal şəklində ifadə olunur. Hətta qədim çay və göl adlarında bu sözlər indi də qalmaqdadır: O-ka, Vol-qa, Bay-kal və s. Respublikamızın Sabirabad rayonu ərazisində Qalaqayın adlı kənd var. "Qala" su, "qayın" isə birləşən deməkdir. Elə buradaca yadımıza qayınata və qayınana sözləri düşür. Qayın-ata, qayın-ana, yəni sonradan birləşən ata və ana. Kür və Araz çayları Sabirabad rayonunda bir-birinə qovuşur. Qalaqayın - Suqovuşan sözünün buradan yaranması da şübhəsizdir.

Salyanda indi də iri su küplərinə "qala", "qalabardaq" deyirlər. Bu rayonun Kürüstü kəndlərindən biri Qalalı adlanır və burada heç bir qala, qəsr nişanəsi yoxdur. Qalalı sulu yer deməkdir.

Neftçalada Kürün dənizə töküldüyü yerə Xol ağzı deyirlər, yəni su ağzı. Bu rayonun bir neçə kəndini özündə birləşdirən Xol zonası mövcuddur. Eyni zamanda, bu rayonda Züd Ost Qoltuq və Nord Ost Qoltuq adlanan yaşayış məntəqələri var. Orta Sibir rus yazıçılarının ədəbi dilində "zaliv" - körfəz sözü ilə yanaşı, onun sinonimi olaraq "kultuq" sözü də işlədilir. Böyük Qazax şairi Abayın doğulduğu kəndin görün nə gözəl adı var: Kolkaynar. Bu kənddə şirin suyu olan çox gözəl bir göl var. Çingiz Aytmatovun "tamamlanmamış mahnısı" İssık-Kul!.. Xəritədə Xəzər dənizinin yuxarı başında Qara-Boğaz-Qol... Beləliklə, ka//qa, kol//qol//kul və nəhayət, su toplanan yer - göl. Qağayı və qaya sözləri də birbaşa su ilə bağlıdır.

Böyük patriot türkçü Xəlil Rza Ulutürk deyirdi və yazırdı ki, qədim türk mifologiyasına, türk inanclarından birinə görə, vaxtilə yer üzü başdan-başa sudan ibarət olub. Sonralar suda bir ləçək yaranmış, qönçə bağlayıb açılmış və içindən gözəl bir qız - GÜL adlı ilahə doğulub. Qədim türklərin inamına görə biz ilahə GÜLün, GÜL ananın övladlarıyıq. Ona görə də qadın adlarının gül sözü ilə başlaması və bitməsi bəlkə də bizim eradan on min il əvvəllərə söykənir.

Qədim türk dastanı "Vərqa və Gülşa"da Vərqanın sevgilisi Gülşanın adı və Vərqa sözünün sön hecası "qa" da bu baxımdan maraq doğurur. Bəşər mədəniyyətinin köklərindən biri sayılan "Gilqamıs" dastanının adı da bu mənada diqqəti özünə çəkir. Gil sudan çıxarılır və qamış su bitkisidir. Çox güman ki, bu üç hecalı sözün "gil" və "qa" hecaları su anlamına gedib çıxır. Artıq bütün dünyaya məlumdur ki, Şumer mədəniyyətinin kökləri də, Şumerlər özləri də qədim türk xalqı olub.

Böyük Füzulinin məşhur qəzəllərindən biri bu beyt ilə başlayır:

Öylə rənadır, gülüm, sərvi-xuramanın sənin,
Hər görən bir gəz olur, əlbəttə, heyranın sənin.

Heç şübhəsiz, Füzuli bilməmiş deyildi ki, sərv ağacı gül açmır və ya gülə bənzəmir. Burada "gülüm" xitabı "sevgili", "qadın", "ilahə" mənasındadır, nəinki müstəqim mənada. Yeri gəlmişkən, deyək ki, bu söz fars dilinə də keçmiş və özünün ilkin variantlarından birini qoruyub saxlamaqdadır: "Qol".

Ümumiyyətlə, qədim türklərdə gül həyat, doğuluş, sevinc, xoşbəxtlik simvolu sayılmışdır. Əsrlər boyu insanlar gülü sevmiş, müqəddəs saymış, təmizlik, əmin-amanlıq rəmzi hesab etmişlər. Həmin ənənə bu gün də davam etməkdədir. Bütün xeyir və şər məclislərində gülün müstəsna yeri var.

Ən qədim türk sözləri kimi təkhecalı olan "gül" sözü haqqında qısaca da olsa, söhbət açdıq. Ona görə qısaca deyirəm ki, iki cingiltili samitdən və bir incə saitdən ibarət olan bu sözün dəruni musiqi çalarlarından, potensial simfonik enerjisindən danışmadıq.

Söhbət bütövlükdə Azərbaycan dilindən gedərsə, biz bu dilə bütün varlığımızı borcluyuq, bu dil bizim ilk, əzəli və əbədi milli qəhrəmanımızdır.

 





18.08.2020    çap et  çap et