525.Az

Öz məktəbini yaratmış dəyərli alim - Yazı


 

Öz məktəbini yaratmış dəyərli alim - <b style="color:red">Yazı </b>

Ölkəmizin elm məbədi olan Azərbaycan Milli Elmlər Akademiyasının ən yüksək insani dəyərlərə malik olan alimlərindən biri, fizika-riyaziyyat elmləri doktoru, professor, akademik Cavad Şahvələd oğlu Abdinovdur.

Dəyərli insanlarla bir dövrdə yaşamaq, onları yaxından tanımaq, mənəvi dəyərlərindən faydalanmaq böyük şansdır. Belə insanların həyatı və gördükləri bütün işlər bir məktəb, gənclər üçün örnəkdir. Elm tələb edən hər kəs məqsədə çatar və iki mükafat alar: bir elm tələb etdiyi üçün, digəri hətta hasil olmasa da, elm axtardığı üçün. Elmin faydası öyrədəndən çox, öyrənənə xeyir verər deyiblər.

Əlbəttə ki, istedad, bacarıq, zəhmət öz yerində, insanın daxilində olan xoş məram, gözəl ruh daha da zirvələrə qovuşduracaq bir hisslərdir. Zirvələrə ucalan həmin gözəl ruhlu insanlar zamanla öz məqsədlərini, elmlərini onlardan öyrənmək istəyənlərə ötürür və beləliklə də, böyük bir məktəb yaradırlar. Elm elə bir xəzinədir ki, nə qədər sərf etsən, bir o qədər artar. Belə məktəb yaratmış fəxri alimlərimizdən olan Cavad Abdinov haqqında müxtəlif istiqamətlərdə danışmaq mümükündür. Onun gözəl alim olması, ictimai işləri və hər zaman bütün işlərdə gənclərə öz töhfəsini verməsi, onların işləri ilə maraqlanması və s. bizlərə stimul verən, örnək olan işlərindəndir.

Əlbəttə ki, Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutu xalqımızın elm məbədi olaraq dünyaya dəyərli alimlər bəxş etmişdir. Onların elmi fəaliyyəti, işləri cəmiyyətin ziyalı təbəqəsinin maraqlarına səbəb olmuş, elmi araşdırmalarının nəticəsi kimi məqalələri, ixtiraları, kitabları ilə elmdə silinməz iz buraxmışlar. Hər zaman öz köməkliyini əsirgəməyən, lazım olan anda doğru qərar verən, insanlar haqqında onlarla bir kollektivdə çalışmaqla onların digər müsbət xüsusiyyətlərinin şahidi olmaq olar.

Elmi işlərlə bərabər, həmçinin, ictimai işlərdə hər zaman gənclərə dəstək olan dəyərli alim haqqında danışırıqsa, onun da elm sahəsində də belə bir qəhrəmanımızın olması üçün qürur duyuram.



Akademik Cavad Abdinov AMEA Fizika İnstitutunda görkəmli akademik Həsən Abdullayevin elmi rəhbərliyi altında geniş tətbiq sahəsi olan selen yarımkeçiricisinin fiziki xassələrinin tədqiqi üzrə elmi tədqiqat işləri aparmışdır. Əsas elmi fəaliyyəti elektron çeviriciləri üçün perspektiv yarımkeçirici material və strukturlarda elektron, fonon, optik və fiziki-kimyəvi proseslərin qanunauyğunluqları və mexanizmlərinin müəyyənləşdirilməsi olmuşdur. Bu istiqamətdə uğurlu və davamlı bir məktəb yaratmışdır. Əlbəttə, ölkəni inkişaf etdirib irəli aparan elm və təhsildir. Elm sərvətdən daha qiymətlidir deyiblər.

Elm adamının yolu işığa, aydınlığa gedən yoldur. Belə gözəl insan, təşkilatçı alim, işini, elmini ürəkdən sevib bağlanan şəxsiyyətlərin yaratdıqları məktəbi araşdırdıqda daha çox öyrənmək və faydalanmaq mümkündür.

Cavad müəllim hər zaman gənclərə xüsusi diqqət ayırır. Onun təşəbbüsləri, təklifləri və gənclərin hər hansı fikrinə olan məsləhətləri gənclər üçün böyük örnəkdir.

Əsrlərin yaddaşı nəsillərin yaddaşından silinməməlidir. Təkcə elmi məktəb deyil, həmçinin, yüksək insani dəyərlərə malik olan münasibətlər də bir növ nümunə olaraq davam etdiriləcək. Beləcə ali təhsil ocaqlarından vətənpərvər duyğularla elm sahəsinə gəlib elmlə məşğul olmaq istəyən gənclər belə dəyərli alimlərimizin məktəbindən öyrənməklə nəinki elmi uğurlara imza atacaq, həmçinin, cəmiyyətdə nüfuzlu şəxsiyyət kimi özlərini sübut edəcəklər.



İnsanlar çətin zamanlarında öz alimini, ziyalısını axtarır, məsləhət alır, şadlığını, qəmini onunla bölüşürlər. Onlar öz ziyalısına inanır və arxalanır. Yəni təkcə elmi ilə deyil, belə mənəviyyatı zəngin olan insanlar həm də müxtəlif sahələrdə insanlara hər zaman doğru, düzgün yol göstərərək onların yolunu işıqlandırır.

Cavad müəllim, akademiyamızın 75 illik yubileyi münasibətilə bir daha həm bütün elm xadimlərimizi, gənclərimizi və Sizi ürəkdən təbrik edirəm. Bir daha Sizin uğurlarınızı, gənclərin qəlbində öz nüfuzlu yerinizi tutmağınıza görə təşəkkür edərək, elmi fəaliyyətinizdə, işlərinizdə uğurlar diləyirəm.

Suma HÜSEYNOVA
Fizika üzrə fəlsəfə doktoru

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub

 





19.08.2020    çap et  çap et