525.Az

Abşeron rəsmləri - Cəlal Ağayev ilə müsahibə


 

TALELƏRİN RƏNGLƏRƏ HOPMUŞ HALI

Abşeron rəsmləri - <b style="color:red">Cəlal Ağayev ilə müsahibə</b>

Bir rəsmin dedikləri

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı rəssam Cəlal Ağayevdir. Cəlal Ağayev 1983-cü ildə Bakıda anadan olub.

Uşaq yaşlarından rəssamlıqla məşğuldur. Cəlal bəylə görkəmli rəssam Tahir Salahovun "Abşeron qadınları" əsəri haqqında danışmağı nəzərdə tutmuşduq. Amma iş elə gətirdi ki, "Abşeron qadınları"na keçməzdən əvvəl onun özünün çəkdiyi "Abşeron bağları" əsərindən danışmalı olduq.

- "Abşeron bağları" rəsmi  necə yarandı?

- Bu rəsm mənim uşaqlığımın rəsmidir. Uşaqlığım Novxanı bağlarında keçib. Oranın təbiəti, mənzərəsi mənim uşaq yaddaşımda dərin izlər qoyub. Yadımda qaldığı kimi də təsvir etmişəm. Ümumiyyətlə, uşaq olarkən gördüyümuz rəngləri daha canlı hiss edə bilirik. Neçə il keçməsinə baxmayaraq, o mənzərə yadımızda qalır. Ona görə də bu rəsmi işləmək mənə elə də çətin olmadı. Çünki hər çalar mənə doğma idi.

- Bu doğmalığın bağlarla bağlı olması təsadüfdürmü?

- Yox, mənim uşaqlığımın ən gözəl günləri o bağlarda keçib. Nə yalan deyim, mən məktəbi sevmirdim. Bütün ili səbirsizliklə bağ mövsümünün gəlməsini gözləyirdim. Şəhər evində yaşamaqla bağ evində yaşamaq bir uşaq üçün böyük fərq idi. O qumun istisi, ayaqyalın gəzmək, uşaqlarla kanalda çimmək və s. Bunlar hamısı xoşbəxtlik verirdi. Uşaq olmağın ən gözəl tərəflərindən biri də hər şeydən zövq almaqdır. Bir də zövq aldığın, səni xoşbəxt edən şeyləri unutmamaq. Məsələn, o bağlardan yadımda qalan əsas şeylərdən biri yarpağın üstünə düşən gün işığıdır. Çox adam bəlkə də, buna fikir vermir. Detallı şəkildə baxmaq, o gözəlliyi kəşf etmək rəssamlara xasdır. Yaxud bir divar gəlir gözümün önünə, divarın üstünə düşən gün işığı. Çox şey yadımdan çıxa bilər, ancaq bunlar dəqiqliklə xatirimdədir. Yəni uşaqkən gördüyüm, yaddaşımda iz buraxan şeylər bu rəsmin mayasındadır.

- Rəsmə baxarkən diqqət çəkən məqamlardan biri də hasarların olmamasıdır. Hasarların olmaması məqsədyönlü şəkildə edilib, yoxsa?

- Hə, hasarları özüm təsvir etməmişəm. Çünki bizim dövrümüzdə bağ evlərində çox vaxt hasar olmurdu. İnsanlar arasında etibar var idi, güvən var idi deyə, hasarlara ehtiyac yox idi. Oğru yox idi, quldur yox idi, əvəzində insanlıq var idi. Əgər bir qonşunun ağacı o biri qonşunun həyətinə düşürdüsə, ağacı kimin əkməsindən asıli olmayaraq, meyvəni də bölərdilər. Ancaq halallıq olmadan heç kim heç kimin çöpünə də toxunmazdi. Biri çətinə düşəndə dərhal qonşuları haraylayardı. İndi bir qonşunun köməyinə çatmaq üçün neçə hasar aşmalısan. Rəsmdə hasarlar çəkməyərək demək istədiyim də əslində, məhz budur. Uşaqlıqda gördüyüm insanlıq, səmimiyyət və etibar.

- Rəsmdəki rənglər nələrdən xəbər verir?

- Rəsmdə isti və soyuq rənglərdən istifadə eləmişəm. Ancaq rəng seçimində də uşaqlığımın xatirələri var. Məsələn, kölgələri soyuq rənglə verirəm. Uşaqlıqda biz bağda olarkən çox vaxt ayaqyalın gəzirdik. Ayağımızı qumun istisi yandıran kimi dərhal bir ağac altına bir kölgəliyə qaçıb ayağımızı qoymağa tələsirdik. Bu səbəbdən də soyuq rənglərlə kölgə mənim xatirimdə bütünləşib. İsti rənglərlə isə günəşin təsirini hiss etdirməyə çalışmışam. Digər detallarda bağ mövsümünün incəlikləridir. Məsələn, pərdənin əsməsi ilə günorta vaxtı əsən xəzrini göstərmək istəmişəm. Ümumiyyətlə, zaman olaraq fikrimdə günortanı tutmuşam. Rəsmdə insanın olmaması da bununla bağlıdır. Çox vaxt günorta vaxtı gün vurmasın deyə evdən çıxmırdıq.

- Bu rəsm bizə nə deyir?

- Əslində, mən sadəcə, hisslərimi təsvir etmişəm. Yadımda qalan hissləri rənglərlə boyamışam. Uşaqlığı Abşeron bağlarında keçən adamlar bu rəsmə baxanda mənim nə demək istədiyimi daha gözəl anlayırlar. Çünki o talvarin da, pərdənin də, lap elə olmayan hasarların da bir xatirəsi var. Və ümumiləşmiş bir adı: Günorta çağı Abşeron bağları.

- Bildiyim qədəriylə ən çox sevdiyiniz rəssam Tahir Salahovdur. Söhbətimizi elə Tahir Salahovun "Abşeron qadınları" rəsmi ilə də davam etdirək. Abşeronun daha bir çaları...

- İlk növbədə onu qeyd edim ki, mənim üçün Tahir Salahov dahi şəxsiyyətdir. Onun kimi rəssamın işlərindən danışmaq da çətindir. Çünki o, heç nəyi elə-belə çəkmir. Onun rəsmlərindəki ən adi nöqtə belə bir mesajdır. "Abşeron qadınları" da buna bariz nümunədir.  Əsər ana və bacıların dənizdə olan öz yaxınlarına görə keçirdiyi həyəcanı ifadə edir. Qadınların simasındaki hər cizgi narahatlığı əks etdirir. Çünki rəssam bu rəsmi ürəklə işləyib. Bu narahatlığı bilən adam üçün bu rəsm çox şey deyir. Uşaqlıqdan dənizə balığa gedən insanların yaxınlarının keçirdiyi narahatlığı çox görmüşəm. Bu rəsmi ilk dəfə görəndə sanki o hissləri gördüm. Fikir versəniz, rəsmdəki hər kəs narahatdır, təkcə oturub qayıq düzəldən oğlan uşağından savayı. O, hər şeydən xəbərsiz qayığını düzəldir. Ancaq arxada bir qız uşağı da var. O isə narahatdır digər qadınlar kimi. Deyilənə görə, qız uşaqları oğlan uşaqlarından daha tez böyüyüb, həyatı daha tez dərk edir. Baxın, o qız uşağı artıq həyatı dərk edir. O, anasının dərdinə şərikdir, balığa gedən atası, qardaşı üçün narahatdır. Ancaq oğlan uşağı qayıq düzəltməklə məşğuldur. Bəlkə o da böyüyub bir qayıqla dənizə üz tutacaq. Bu arada, uşaqlar ayaqyalındır. Elə bizim uşaqlığımızdakı kimi. Qadınların geyimləri Abşeron qadınlarının o dövrdəki geyimlərini tam əks etdirir. İstifadə olunan rənglər də ağır rənglərdir. Dənizin rənginə baxanda biz təlatümü hiss edirik. Bu rəsm bizə hər detalı ilə o qədər şey deyir ki. "Abşeron qadınları" əsəri talelərin rənglərə hopmuş halıdır. Həm də möhtəşəm halı...

Aytac SAHƏD

 





19.08.2020    çap et  çap et