525.Az

Bizim qəhrəmanlarımız qanuni oğrular deyil - Sosial şəbəkədə yazılanlar


 

Bizim qəhrəmanlarımız qanuni oğrular deyil - <b style="color:red">Sosial şəbəkədə yazılanlar</b>

Ana dilimizi qoruyaq

Sabir Rüstəmxanlı, Xalq şairi, millət vəkili:

- Diqqət! Ana dilimizi qoruyaq...

Bu ödəniş bildirişi Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində fəaliyyət göstərən "Azərpoçt" MMC-də vətəndaşlara verilən qəbzlərdən bir nümunədir.

Müəssisə doğrudan da "yüksək texnologiya" nümayiş etdirərək qurama bir dil icad edib. 30 ilə yaxın müstəqil olan bir dövlətin poçtları özlərini niyə bu gülünc vəziyyətə salırlar, anlamaq olmur. Bəlkə Azərbaycana məxsus olduqları hələ poçt işçilərinə və onların böyüklərinə çatmayıb? "Əməliyyatın növü: "pisğmo" və ya "Dva manat 34 qəpik" hansı texnologiya ilə icad edilmiş dildir. Poçt işçiləri dövlət dilimizə niyə sayğısızlıq edirlər? 

Ömür və pul

İlqar Fəhmi, şair, yazıçı:

- İnsanın əlində iki şey var ki, heç kim azalmağını, getməyini istəmir. Amma onlar elə sürətlə gedir, elə tez azalır ki: biri ömürdür, biri puldur.

Pul ömürə nisbətən azca etibarlıdır... Sürətlə getməyinə baxmayaraq, hərdənbir gəlməyi də var...

Ömür isə heç vaxt gəlmir, heç vaxt çoxalmır. Ancaq getməyi bacarır... Ancaq azalmaq, kiçilmək gəlir əlindən...

Qədimdə deyirdilər ki, qırxa qədər hər ilin bir gündür.. Qırxdan altmışa qədər hər ilin elə bir ildir, altmışdan yuxarı hər günün bir ildir...

Qırxa qədər insan o qədər qaçır ki, hər il bir gün kimi sürətlə keçir...

Qırxla altmış arası insan zamanla müvazinətdə olur.

Altmışdan yuxarı insan həyatının qədrini bildiyinə görə hər gününü bir il kimi yaşayır....

Amma biz elə sürətli zamanəyə düşmüşük ki, insanlar bütün həyatı boyu hər ili bir gün kimi yaşayır, ona görə hardan gəlib hara getdiyini də hiss eləmir.. Ancaq qurtaranda ayılır... Eynən pul kimi...

Ömürlərin pullaşdığı zəmanədir, şəxsiyyətin qullaşdığı zamanədir, sevgilərin dullaşdığı zamanədir...

Bir az bədbin təşəkkür olsa da, eybi yox...Yəqin pandemiyanın təsiridir. Hərdən bir qara bulud içində olmaq lazımdır ki, günəşin qədrini bilək.

Günəşiniz bol olsun, əzizlərim!.. 

Demokratiya ixracı

Sahib Məmmədov, QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü:

- Fransızdilli ölkələrdən olan Malidə növbəti hərbi çevriliş baş verdi. Mali üçün belə çevrilişlər xarakterikdir (1968, 1985, 1991, 2012, 2020). Bu arada Fransanın başı qarışıb Belarusa, öz təsir dairəsində olan ölkələri unudub. Belədə Fransanın əsrlər boyu müstəmləkə kimi saxladığı ölkələrin əksəriyyəti bu vəziyyətdədir. Qeyri-stabillik, səfalət, korrupsiya baş alıb gedir. Amma "demokratiya" ixracı davam edir.

Nağıllardakı 40 qapı misalı...

Əzizə İsmayılova, jurnalist:

- Ay insafsızlar, o qara maskalı qaqaşı, bu istidə Kürdəmirə niyə göndərmisiniz? Qəsdinə durmusuz yayın günündə?  Elə Oğuza göndərəydiniz də.

Bir maraqlanaydı görək, neçə ildir bu rayonda niyə, daşı-daş üstə demirəm, heç çöpü-çöp üstə qoyan yoxdir?

Niyə Şəhidlər xiyabanı baxımsızlıqdan uçulub tökülür?

Niyə bir neçə il əvvəl o qədər vəsait xərclənib, rayonun girəcəyində qurulan o gözəllikdə park baxımsızlıqdan ilim-ilim iylənir, dağılıb tökülür?

Niyə bu fağır yerli camaatın və ya rayona qonaq gələnlərin asudə vaxtlarını normal keçirmələri üçün heç bir iş görülmür?

Niyə rayona gələn adam Oğuzda oyanıb günorta öynəsinə Qəbələyə və ya Şəkiyə getməyə məcbur olmalıdır? Getməsə, başını nə ilə qatmalıdır?

Niyə rayonun yuxarı başında, səfalı bir guşədə, dağdan düşüb qurumuş boğazına bir stəkan çay içmək istəsən "Yemək yemirsənsə, çay vermirik, ya da dəstgah veririk - 50 manata" deyirlər? Səbəbini soruşanda da, "Bura filankəs müəllimindir, biz beləyik" - cavabı verilir.

Filankəs müəllim rayonu idarə etmək üçün ordadır, yoxsa?..

Soruşaydı bir aidiyyatı qurumdan ki, niyə o boyda rayonda bazarlıq etməyə fərli başlı bircə dənə supermarketiniz yoxdur? XXl əsrdir e...

Ən "xod gedən" dedikləri marketə girəndə adam özü itib batır, elə bil, kolxoz anbarına girmisən, bilmirsən nə hardadır, nə nədir - darısqallıq, iy, qoxu, qarmaqarışıqlıq...

Hələ qurumların yerlərdəki işi...

Eşitdiklərimi qoyum kənara, şəxsən rastlaşdığım və mahiyyətini anlamadığım bircə fakt deyim:

İnternet əsrində modemi telefona qoşmaq üçün deyirlər ki, "İndi olmaz, növbəyə yazılın, yerimiz yoxdur, hələ qoşa bimərik, nə vaxt yerimiz olar qoşarıq"... Deyirsən ki, atam balası, nə növbə, necə qoşa bilmərik, axı uşaqlar onlayn dərs keçməli olacaqlar, "Yerimiz yoxdur" nə deməkdir? Cavab dəyişmir: "Bizdə belədir".

Təsəvvür edirsiniz? Telefon var, modem var, bircə onu ATS-in aktivləşdirməsi üçün ya gərək aylarla gedib gələsən, ya da ki...

Nağıllardakı 40 qapı misalı, hansı qapını döysən, qarşında sehrli bir "ya da ki... " qapısı açılır. Ya yol tapıb çıxırsan, ya da ki... 

Xalqına uyğun gəlməyən Lukaşenko 

Turan İbrahimov, jurnalist:

- Bir gözüm Belarusdadır desəm, tam yerinə düşər. Məncə, orda baş verənlər, yaranan ab-hava 2012-ci ildə Rusiyada Prezident seçkilərdən sonra baş verən "bolotnaya" aksiyalarına çox oxşayır. Belə təəssürat yaranır ki, artıq hər şey bitmək üzrədir, Lukaşenko gedəcək. Amma qətiyyən belə deyil. Çünki o vaxtlar Putin haqqında da eyni fikir formalaşmışdı. Nəticə isə göz qabağındadır.

Məncə, Lukaşenko prosesi idarə edəcək və hakimiyyətdə qalacaq. Hətta buna əminəm!

Amma sözüm onda deyil. Bu prosesi izləyərkən, mən belaruslara aşiq oldum. Onların mədəniyyətinə, səliqə-səhmanına, xoşniyyətliliklərinə və ən əsas da pozitivliklərinə. Bu mədəni səviyyə ilə onlar məhz İsveç, Norveç və Danimarka kimi dövlətdə yaşamağa layiqdirlər. Və bir şeyi də anladım ki, Lukaşenko öz siyasi baxışları, idarəçilik üsulları ilə xalqına heç uyğun gəlmir, onlardan çox geri qalıb. Bu səbəbdən də öz xalqının gözündə çox köhnə görsənir, insanların qıcığına səbəb olur. Bu üzdən də ondan qurtulmağa çalışırlar.

"Bolt taksi"nin oğurluğu 

Afaq Vasifqızı, jurnalist:

- "Bolt taksi" yenə cibimizə girir. Bu gün mənim pulumu növbəti dəfə konkret oğurladı. Sürücü məni AzTV-də düşürdəndən sonra sayğacı söndürməyib. Yoldan kimisə götürüb. Nəticədə mənim kartımdan hər gün getdiyim 10 dəqiqəlik yolun yox, İpək yoluna qədər düz 50 dəqiqəlik yolun pulu çıxıb. Söhbət 3 manatda deyil. Amma mən bir şirkətə öz kart hesabımı etibar edirəmsə və şirkət mənim kartımdan pul oğurlayırsa, kim mənə zəmanət verə bilər ki, bu gün oğurlanan 3 manat kimi sabah 30 və ya 300 manat pul oğurlanmayacaq? Biz ölkə boyu onlayn ödəniş sisteminə keçiriksə, bu keçid hökumət tərəfindən dəstəklənirsə, o zaman vətəndaşın cibinə niyə girirlər? Yeri gəlmişkən, müştəri ilə işləyən bir xidmət sektoru ilə əlaqə yaratmaq niyə problem olsun ki? Bu şirkətlə nə telefon, nə internet əlaqəsi qurmaq olur. "Bolt" məxfi təşkilatdırmı? Ya da qanuni fəaliyyət göstərmirmi? Əlaqə yaratmaq niyə problem olsun ki? İndi hansı dövrdür? 

“İrshad Elektroniks”in xalqı aldatması 

İlhamiyyə Rza, jurnalist:

- Bir müddət öncə #irshadelektroniks- dən şirə çəkən makina almışam. Keçən həftə şirə çəkərkən birdən tüstülədi. Zəmanət müddəti çıxmayıb. Apardıq servisə. 10 gün keçəndən sonra bu gün zəng edib deyirlər ki, muftanı dəyişdik, amma qalan hissələrinin pulunu özünüz ödəməlisiniz, bu da edir 84 manat. Soruşuram, niyə? Deyir, çünki onlar aksessuar sayılır (terka və s, 3 hissə) və aksessuara zəmanət yoxdur. İndi siz deyin, mən gicə oxşayıram? Yaxşı, mən heç, bunlar tək mənə məhsul satmırlar ki... Bəs, bu xalqı niyə gic yerinə qoyublar? Bu nə biabırçılıqdır?

Qeyd: Makinanı 250 manata almışam. 

İntellektual asılılıq  

Erkin Qədirli, millət vəkili:

- Düşüncə adamlarının bir-birindən asılılığı olur. Belə asılılığa "intellektual asılılıq" (intellectual dependence) deyilir. Bu asılılığın nə məkanı olur, nə zamanı. O mənada ki, düşüncə adamlarının bir-birindən asılılığı üçün, onların bir-birini şəxsən tanımasına, eyni ölkədə yaşamasına, eyni mədəniyyətə aid olmasına və s. gərək yoxdur. Bu asılılığı anlamayanlara, onu yaşamayanlara elə gələ bilir ki, kimsə başqa bir ölkənin (mədəniyyətin) düşüncə adamının məcrasında düşünürsə, deməli, həmin kimsə az qala başqa ölkənin (mədəniyyətin) asılılığına düşür. Bu, yanlış bir yanaşmadır. İntellektual asılılıq tamam başqa bir şeydir. Misal üçün, hüquq düşüncənizə Kant fəlsəfəsi təsir edibsə, sizin bu yöndə intellektual asılılığınız yaranır. Siz bununla almanlaşmış olmursunuz. Bu, sadəcə o deməkdir ki, siz, məsələn, təbii hüquq (müqavilə) nəzəriyyəsinin yandaşı olsanız, hüquqa deontoloji yanaşmalı olacaqsınız (yəni hüququn özünü haqlarda deyil, öhdəliklərdə görəcəksiniz). Hüquqda pozitivizmi seçsəniz, normativist olacaqsınız. Hüquqa pozitivist yanaşmalardan başqa heç biri Kant fəlsəfəsinə uyğun gələ bilmir və s. Yəni siyasi və ya dini görüşlərinizdən asılı olmayaraq, fəlsəfi yön sizdə bəlli bir intellektual asılılıq formalaşdırır, nəzəri seçimlərinizi şərtləndirir...

Aleksey Navalnı reanimasiyadadır

Şahin Cəfərli, politoloq:  

Navalnı komadadır...

Aleksey Navalnı reanimasiyadadır.

Səhər saatlarında o, Tomsk şəhərindən Moskvaya qayıdarkən halı pisləşib. Təyyarə Omsk şəhərinə təcili eniş edib. Navalnı huşsuz vəziyyətdə xəstəxanaya aparılıb.

Köməkçisi Navalnının səhər yalnız çay içdiyini, bir qədər sonra təyyarədə vəziyyətinin pisləşdiyini deyib. Onun zəhərləndiyi güman olunur.

Xatırlatmaq yerinə düşər ki, 2006-cı ilin noyabrında FSB-nin keçmiş zabiti Aleksandr Litvinenko Londonda çay içdikdən sonra vəziyyəti ağırlaşmış və 6 gün sonra ölmüşdü. Araşdırma nəticəsində çaya polonium-210 radioaktiv maddəsi qatıldığı müəyyən olunmuşdu.

Navalnı komadadır.

Xəbərlərdən sonra rubl dollar və avro qarşısında ucuzlaşmağa başladı. Çünki qəsdən zəhərləndiyi məlum olsa, Qərb tərəfindən Rusiyaya qarşı yeni sanksiyalar tətbiq ediləcək.

Navalnı vəfat edərsə, "Maqnitski aktı"na bənzər, onu adı ilə yeni sanksiya qanunu qəbul olunması ehtimalı yüksəkdir.

Hazırda xəstəxana polis, Rosqvardiya və FSB əməkdaşları tərəfindən nəzarətə götürülüb.

Bizim qəhrəmanlarımız qanuni oğrular deyil

Azad Əliyev, Baku.ws saytının baş redaktoru:

- "Qanuni oğru"ların yeniyetmələrimiz üçün idol olmaları cəmiyyət üçün çox təhlükəli tendensiyadır. Mən demirəm, kriminal aləmin adamları ümumiyyətlə olmasınlar. Olmalıdırlar. Onların da gördükləri işlər var. Onların bacardıqlarını alim, şair bacarmaz. Amma qəhrəman etməyin bu adamları. Ay filankəsin uşağının müalicəsini öz üzərinə götürdü. Xub. Bəs, sual olunmur ki, bu insanları müalicə edəcək bu qədər pul haradandır onlarda? Biznesmen deyillər, alim deyillər ki, kəşf edib patent kimi filan qədər pul alsınlar. Bazar, güzarda qaranlıq işləri yoluna qoyub fəaliyyət göstərirlər. Lap yaxşı, etsinlər. Ancaq qəhrəmanlarımız başqa adamlardır. Onlar deyil.

 





21.08.2020    çap et  çap et