525.Az

Cəza nə qədər sərt olarsa... - Aytac Sahəd yazır


 

Cəza nə qədər sərt olarsa... - <b style="color:red">Aytac Sahəd yazır </b>

Bir müəllimim vardı, bugünəcən tanıdığım ən yaxşı müəllimlərdən idi. Təkcə müəllim kimi yox, insan kimi də. Bütün ilboyu tələbələri üçün can yandırır, az qala, tənəffüsdə də oturub dərs başa salırdı. Tələbələrlə mehriban davranışı da öz yerində. Ancaq bu müəllimin imtahanında yaxşı bal almaq çətin məsələ idi. Bütün ilboyu nazımızı çəkən müəllim imtahanda bir bal belə güzəştə getmirdi. İmtahan vaxtı canımızı alırdı. Di gəl, bu gün bəlkə də, ən yaxşı o müəllimin keçdiyi fənni bilirəm. Çünki bilirdim ki, o, güzəşt edib bir bal da artıq yazan deyil, deməli, o bir bal üçün özüm savaşmalıyam deyib səhərlərə qədər oxuduğum az olmayıb.

O müəllimdən mən həyatın ən önəmli dərslərindən birini almışam. Lazımi məqamda güzəştə getməmək.

Həyatın qəribə tərəflərindən biri də budur ki, doğru bildiyin şeyləri belə yanlış zamanda istifadə edib uduza bilərsən. Yəni təkcə bilmək kifayət eləmir. Bilmək qədər etmək də önəmlidir. Çox adam güzəşt etməyi humanizmin bir parçası kimi qəbul edir. Halbuki güzəşt etmək bəzən özündən sonra daha böyük problemlər gətirə bilir. İllah da əgər məsələ mühüm səhvlərdən gedirsə.

Edqar Po deyir ki, cəza kifayət qədər sərt olmalıdır ki, günahkar bir də bu əməli təkrarlaya bilməsin. Qəddar səslənsə də, həqiqət payı çoxdur. İnsan daima etdiklərinin nə ilə nəticələnəcəyini, cəzasının, yaxud mükafatının nə olacağını nəzərə almalıdır. Söhbət insanı qorxu ilə idarə etməkdən getmir. Əgər hər işin başında qorxu gəlsə, həyat maraqsızlaşar. Söhbət insanın özünə qoyduğu sərhədlərin mahiyyətindən gedir. Təsəvvür edin ki, həbsxanalar yoxdur. Heç kimin cəza almaq qorxusu da yoxdur. Onda insanlıq necə olardı? Həyatı səhvlərindən öyrənən insan övladının nisbi vicdan anlayışı onu cinayətlərdən qorumağa bəs edərdimi? Məncə, yox.

İnsan münasibətlərində də yol verilən ən böyük səhvlərdən biri görməzlikdən gəlib yersiz güzəştlər etməyin münasibətə faydalı olacağını düşünməkdir. Halbuki güzəşt edən insanın fədakarlığı bir müddətdən sonra sanki onun borcu imiş kimi qiymətləndirilir. Təbii ki, bu, hər zaman belə olmur. Etdiyimiz fədakarlıqlari qiymətləndirən yaxşı insanlar varsa, ətrafımızda biz bunu hiss etmirik. Yoxdursa, bu, əksinə, insanı daha çox kiçildir. Bu situasiyanın ən gözəl şərhinə Orxan Pamukda rast gəlmişəm. Pamuk münasibətlərdə yaranan problemlərdən sonra gələn küskünlüyu "diplomatik küskünlük" adlandırır. Canından çox sevdiyin nə edir-etsin, heç vaxt daxilən küsməyəcəyin insana cəza vermək üçün oynadığımız roldur "diplomatik küskünlük". Bax, sən məni incitdin deyə, mən səndən küsürəm. Bu da sənin cəzan olsun deyir küsən adam. Küsmək cəzadırmı? Bəli, sizə dəyər verən insan üçün cəzadır. Bu cəzanı vermək özü də çətindir. Sevdiyin insanlarla arana sərhəd qoymaq, "yox" deyə bilmək iradə tələb edir. Ancaq bunu etmədikcə səndən inciməsinlər deyə, özünü incitdikcə münasibət daha çox zərər görür. Ən pisi də, insan nə qədər inkar etsə də, səs çıxarmadığı şeylər qəlbinin dərinliklərində ona rahatlıq vermir. Bunlar üst-üstə gəldikcə daha çox incidir. Və bir gün bu yığılan incikliklər insanı səsini çıxarmağa məcbur edir. Çox vaxt da çıxan bu səs yavaş səs olmur - bağırtı olur, qışqırtı olur, hayqırtı olur. Halbuki həmin an səsini çıxarıb sözünü deyə bilsən, sonra hayqıracaq dərəcəyə çatdırmazsan özünü.

Pedaqogikada "davranışın nəticəsini yaşama" anlayışı var. Bu anlayışa görə, uşaq etdiyi yanlışların nəticəsi ilə üzləşməlidir. Yəni danlamaq, qışqırmaq, yaxud hər an səhvlərdən qorumaq əvəzinə, ona etdiyinin nə ilə nəticələnə biləcəyini öyrətmək lazımdır. Əlini sobaya vuran uşağın barmağı yanarsa, o, artıq nəticə ilə tanış olmuş olur. İnsan daima əlini uzatdığı sobaların istisindən agah ola bilmir təəssüf ki. Davranışların nəticəsi ilə, ağır da olsa, gec-tez üzləşir. Vay o günə üzləşə, ancaq nəticə çıxarmaya. Əgər kimsə, sərhədlərinizi keçib dəyərlərinizi tapdalayıb, sizi alçaldırsa, "yandırmaqdan" qorxmayın.

İstənilən münasibətdə güzəştə getmək də lazımdır, yola vermək də. Bəzən gördüyün şeyləri görməzdən gəlmək də. Ancaq həmişə bunu edib, başqalarının səhvlərinin cəzasını özünüzə çəkdirirsinizsə, bir daha düşünməyə dəyər.

 

 





22.08.2020    çap et  çap et