525.Az

ABŞ-ın yeni antiiran təşəbbüsləri nə vəd edir? - Xaqani Cəfərli yazır


 

İRANLA "NÜVƏ RAZILAŞMASI"NIN TALEYİ ABŞ-DAKI PREZİDENT SEÇKİSİNDƏN ASILIDIR

ABŞ-ın yeni antiiran təşəbbüsləri nə vəd edir? - <b style="color:red">Xaqani Cəfərli yazır</b>

ABŞ-ın dövlət katibi Mayk Pompeo iki gün öncə BMT Təhlükəsizlik Şurasının sədri ilə görüşərək bu qurumun İrana qarşı 2231 saylı qətnaməsi çərçivəsində Ağ evin İran əleyhinə sanksiyaları bərpa edəcəyini açıqlayıb.

Rusiya dərhal BMT Təhlükəsizlik Şurasının təcili toplantısını çağırıb. Lakin ABŞ BMT Təhlükəsizlik Şurasının təcili toplantısının keçirilməsinə qarşı çıxıb. Avropa Birliyindən açıqlanan məlumatda ABŞ-ın birtərəfli qaydada İrana qarşı sanksiyaların yenidən tətbiq olunmasını tələb etmək hüququnun olmadığı vurğulanıb.

Beş il əvvəl - 2015-ci il iyul ayının 20-də BMT Təhlükəsizlik Şurası yekdilliklə 2231 saylı qətnaməni qəbul edərək İrana qarşı "Birgə hərtərəfli fəaliyyət planı"nı təsdiqlədi. Bu qətnamə İranın nüvə proqramına qarşı qadağaların və xüsusi məhdudiyyətlərin istisnasız olaraq bütün dövlətlərə şamil olunacağını özündə əks etdirdiyindən qlobal xarakter daşıyırdı. Qətnamədə xüsusi olaraq qeyd olunurdu ki, BMT-nin üzvü olan dövlətlər təşkilatın nizamnaməsinin 25-ci maddəsinə uyğun olaraq Təhlükəsizlik Şurasının qərarlarına tabe olmağa və o qərarları yerinə yetirməyə borcludur.

İrana nüvə fəaliyyətinə qarşı genişmiqyaslı sanksiyaların və məhdudiyyətlərin tətbiqini nəzərdə tutan 2231 saylı qətnamənin icrası əsasən EU+3 formatında təşkil olunan Birgə Komissiyanın üzərinə qoyulurdu. EU+3 formatı Avropa Birliyini təmsil edən üç ölkəni - Almaniya, Fransa, Birləşmiş Krallıq, eləcə də Rusiya, Çin və ABŞ-ı birləşdiir. Birgə Komissiyanın əlaqələndiricisi missiyası isə Avropa Birliyinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsinə həvalə edilmişdi.

Birgə Komissiyanın tərkibində olan Satınalmalar üzrə İşçi Qrupu İranın nüvə proqramının yalnız dinc xarakterli fəaliyyətinə yönəlik tədbirlərə nəzarət etməli idi. İşçi Qrupu İranın nüvə fəaliyyəti, ballistik raketlər və silahlarla əlaqəli köçürmə və ya Tehranın iştirakı ilə baş verən hadisələr barədə dövlətlərin təkliflərini nəzərdən keçirmək və müvafiq qərarlar qəbul etmək səlahiyyətinə malik idi.

İranın nüvə fəaliyyəti ilə bağlı 2231 saylı qətnamə ilə müəyyən edilmiş öhdəliklərinin yerinə yetirilməsini yoxlamaq və izləmək vəzifəsi BMT Təhlükəsizlik Şurasının qərarı ilə Beynəlxalq Atom Enerjisi Agentliyinin üzərinə qoyulmuşdu. İranın nüvə proqramının yalnız dinc xarakter daşımasını təmin etməklə yanaşı, Tehrana qarşı iqtisadi və maliyyə sanksiyalarının yumşaldılmasını da nəzərdə tutan 2231 saylı qətnamə Barak Obamanın prezidentliyi dövründə imzalanmışdı. Hazırkı Prezident Donald Tramp isə iqtidara gəldiyi gündən 2231 saylı qətnamənin İranın əl-qolunu açdığı, saziş bağlanandan sonra İranın öz hərbi büdcəsini 40 faiz artırdığı iddiası ilə tənqid edirdi. Nəhayət, 2018-ci ilin may ayında ABŞ birtərəfli qaydada şərti olaraq "İranla nüvə sazişi" adlanan 2231 saylı qətnamədən çıxdığını bildirdi. Vaşinqtonun bu qərarı EU+3 formatında təmsil olunan Avropa ölkələri tərəfindən qınaqla qarşılandı.

Vaşinqtonun bu addımı İranın nüvə proqramı ilə bağlı razılaşmanın əldə edilməsi üçün 12 il sürən və BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin və "Birgə hərtərəfli fəaliyyət planı"nın qəbulu ilə nəticələnən diplomatik danışıqların iflası demək idi. İran sanksiyaların qaldırılması qarşılığında nüvə proqramını məhdudlaşdırmağa razı olmuş, uranın zənginləşdirilməsi üçün sentrifuqaların sayının 20 mindən 5 minə endirilməsinə, nüvə silahı üçün istifadə olunan yüksək zənginləşdirilmiş uranın istehsal edilməməsinə və Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişlərinin ölkəyə buraxılmasına razılıq vermişdi. İranın bu güzəştlərinə qarşı isə BMT Təhlükəsizlik Şurası, ABŞ və Avropa Birliyi İrana qarşı sanksiyaları qismən qaldırdı və Tehrana beynəlxalq bazarda neft satmağa, qlobal maliyyə sistemindən ticarət üçün istifadə etməyə imkan yaratdı. Bundan əlavə, İranın xarici banklardakı valyuta ehtiyatı üzərindəki sanksiya aradan qaldırıldı.

İrana qarşı məhdudiyyətlərin müvəqqəti olması ABŞ Prezidenti Donald Trampı qane etmirdi. Bundan başqa, Prezident Tramp Tehranın öz üzərinə götürdüyü öhdəliklərə əməl etməməsilə bağlı daima şübhələrini də gizlətmirdi. Eyni zamanda, Ağ ev İranın Yaxın Şərqdə terrorçuları və radikal qrupları dəstəkləməkdən geri çəkilmədiyini də tez-tez bəyan edirdi. Vaşinqtonda hesab edirlər ki, İran Yəməndəki Huti üsyançılarına dəstək verir, Taliban, Həmas və Hizbullahı maliyyələşdirir. İran ABŞ-ın bu ittihamlarını rədd edirdi. Tramp hakimiyyətinin ilk iki ildə davam edən bu söz savaşı nəhayət, 2018-ci il mayın 8-də ABŞ-ın İranın nüvə proqramı ilə bağlı razılaşmadan çəkilməsilə nəticələndi.

İndi isə ABŞ İrana qarşı sanksiyaların bərpa olunmasını istəyir və bir ay sonra qadağaların tətbiqi prosesini başladacağını bəyan edir. Bundan əvvəl isə, avqustun 14-də ABŞ İranın silah satışına embarqo qoyulması ilə bağlı BMT Təhlükəsizlik Şurasına qətnamə layihəsi təklif etmişdi. Ancaq Rusiya və Çinin əleyhinə çıxması, digər ölkələrin bitərəf qalması ilə ABŞ BMT Təhlükəsizlik Şurasında məğlub olmuşdu.

İndi isə ABŞ İrana qarşı sanksiyaların bərpa olunacağını, Tehrana qarşı qadağalara əməl etməyənlərə qarşı da sanksiyalar qoyulacağını bəyan edir. Bütün bunlar ölkəmizin də yerləşdiyi bölgədə gərginliyi artırır. Çünki İran da öz növbəsində qarşı tərəfin üzərinə götürdüyü öhdəliklərdən imtinasını əsas gətirərək nüvə proqramını bərpa edəcəyi ilə hədələyir. İrana qarşı sanksiyaların tətbiqi dünyada neftin qiymətlərini bahalaşdıra bilər.

Ancaq Donald Tramp noyabr seçkilərində məğlub olsa, onun bu gün atdığı addımlar puça çıxa bilər. Çünki onun rəqibi Co Bayden qalib gələcəyi halda, İranla anlaşma əldə etmək niyyətindədir. Bu da təsadüfi deyil. İranın nüvə proqramını məhdudlaşdırmağı nəzərdə tutan BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi qəbul ediləndə Co Bayden ABŞ-ın vitse-prezidenti idi və bu sənədin qəbulu Barak Obama hökumətinin diplomatik uğurlarından biri sayılırdı.

ABŞ-da keçiriləcək Prezident seçkilərinə iki aydan bir qədər çox vaxt qalır. Ona görə də İran da, 2231 saylı qətnamə ilə Tehranın tərəf müqabili olaraq müəyyən edilən ölkələr də noyabr ayının 3-də keçiriləcək seçkilərin nəticələrini gözləyəcəklər. Üstəlik, onların nikbinliyinə əsas verən məqamlar da az deyil. ABŞ-da keçirilən bütün rəy sorğuları Co Baydeninin öndə olduğunu göstərir. Bu isə Trampın indiki antiiran fəaliyyətinin ömrünün çox çəkməyəcəyi barədə nikbinlik yaradır.

 





24.08.2020    çap et  çap et