525.Az

Müasirlik nədir? - Aytac Aslandan yeni yazı


 

Müasirlik nədir? - <b style="color:red">Aytac Aslandan yeni yazı</b>

Dilimizdə bir qayda olaraq "zamanın tələblərinə uyğunluq" anlamında işlədilən "müasirlik" sözü son illər daha çox köhnə dünyagörüşlü insanların dilindən eşitdiyimiz, fərqli məna kəsb edən "müasirlik baş alıb gedir" kimi fikirlərdə də səslənir. Belələri üçün "müasirlik" sözü dolayısı ilə "əxlaqsızlıq", "bəsitlik" anlamını ifadə edir. Bu toplum ətrafda baş verən bütün neqativ hadisələrin səbəbini müasirlikdə və texnologiyalarda axtarır. Məsələn, telefon vasitəsilə edilən hər hansı yanlışın günahını bu cansız aləti idarə edən şüurlu insanda yox, həmin əşyanın özündə görürlər.

Dövrün tələbləri ilə ayaqlaşmaq insana sözün əsl mənasında dolu və azad ömür yaşamq imkanı verir. Lakin qəribə olan budur ki, bir çox insanlar müasirliyin onları məhv etdiyini düşünürlər. Fikrimcə, necə görməyimiz həyata hansı bucaqdan baxmağımızdan asılıdır. Necə ki, iki rəssam eyni mənzərəyə baxsa da, çəkdikləri rəsm əsəri fərqli olur. Bu gün müasirlik geyindiyin paltarın ətəyinin qısalığı, telefonun modeli, maşının bahalığı ilə ölçülür. Misal üçün, kimsə son model maşın sürürsə, ya da qısa ətək geyinirsə, ona rahatlıqla "bax gör, necə müasir insandır, heç kimə fikir vermədən qısa geyinir", "çağdaş insandı da son model maşın sürür" deyə bilirlər. Daha heç kimə maraqlı olmur ki, bu insanın intellektual səviyyəsi, etikası nə yerdədir. Nəticədə, müasirliyi geyim və bəzi əlaqəsiz əşyalarla ölçən bu kütlə nə vaxt yanılsa, düşündüyü tək şey insanları bu hala salan şeyin müasirlik olduğudur.

Ümumiyyətlə, cəmiyyətimizdə yeniləşməyə, müasirliyə qarşı aqressiya, aşılmaz bir sədd var. Yumurtasından çıxmaq istəməyən cücə kimi sıxışıb kiçik bir çərçivədə qalıblar sanki. Hərgah, hər kəs zamanın tələblərinə uyaraq çağdaş yaşam tərzinə üstünlük versə, pis hadisələrin sayı da barmaqla sayılacaq qədər az olar.

Reallıq isə fərqlidir: bu gün bir çoxları dövrün tələblərinə yox, öz yaratdıqları qanunlara uymaq istəyirlər. Beləliklə, qəliblərdən ibarət xaos yaranır. Donmuş su içərisində olduğu qabın formasını aldığı kimi, hər kəs  öz dar düşüncələrinin içində qəlibləşir. Belə insanlar yaşadığımız müasir dünyada azad olmağı yox, azadlığın qəfəsində kölə olmağı seçirlər. Qəribəsi budur ki, o qəfəsin qıfılı həmişə onların özlərində olur. Bu tendensiya isə istər-istəməz cəmiyyətdə keçmişi təqlid edənlərin üstün mövqeyə yiyələnmələrinə yol açır. Sözsüz ki, bu, ədəbiyyatdan da yan keçmir. Lakin burda müasirlik adı altında iki fərqli yanlış addımın şahidi oluruq.

Fikir vermisinizsə, bəzən orijinallıqdan əsər-əlamət olmayan, sadəcə, boş söz yığınından ibarət əsərlərə müasir əsərlər deyirlər. Ona görə yox ki, həqiqətən də müasirdir, sadəcə, yaza bilməməyin adını müasirlik qoyurlar. Oxucu bəyənmədikdə isə "müasir əsərdir, siz hardan biləsiniz", deyə kinayə edirlər. Beləliklə, insanların gözündə müasirlik bəsit, mənasız bir obraza çevrilir.

Başqa bir yanlışlıq isə müasirlikdən qaçmaq cəhdidir. Təsadüfi deyil ki, son illərdə yazılan bəzi əsərləri oxuduqda bizə eyni kitabı təkrar oxuyuruqmuş kimi gəlir. Bunun səbəbi isə bir çox yazıçının orijinallıqdan qaçaraq özündən əvvəlkiləri təqlid etməsi və çeynənmiş mövzuları təkrarlamasıdır. Beləcə, oxuduğu əsərlərdə həqiqi müasirliyi görə bilməyən insanlar keçmişdə qəlibləşməyə meyl göstərirlər. Necə ki oxuduğumuz kitabdakı insanları pis və yaxşı obrazlara ayırırıq, hadisələri də bu şəkildə dəyərləndiririk. Nəticədə, bu gün bir çox insanlar hadisələrə yaxşı və müasir hadisələr kimi qiymət verirlər.

Əbu Turxanın dediyi kimi, "keçmiş ya ancaq salnamələrdə, yaddaşlarda qalıb tarixə daxil olur, ya da indinin strukturuna daxil olmaqla yaşamaqda davam edir". Bu gün biz çağdaş düşüncə ilə gələcəyin əlimizdən tutub aparmasına icazə vermirik, çünki vaxtımızı keçmişi yaşatmaqla öldürürük.

 





25.08.2020    çap et  çap et