525.Az

55 yaşa 65 gün qalanda... - Zülfiyyə İsmayıl yazır


 

55 yaşa 65 gün qalanda... - <b style="color:red">Zülfiyyə İsmayıl yazır </b>

Avqustun 25-i mərhum professor Hüseyn Həşimlinin doğum günüdür

Ədəbiyyatşünaslığın aktual problemlərinin tədqiqində mühüm xidmətləri olan Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Hüseyn Həşimli 40-dan çox kitab və monoqrafiyanın, 350-yə yaxın elmi, yüzlərlə publisistik məqalənin  müəllifi kimi də tanınır. Bu göstəricilər onun gərgin və səmərəli elmi fəaliyyətinin ən uğurlu nəticələridir.  

Hüseyn Həşimlinin tərcümeyi-hal göstəricilərinə qısa nəzər salaq: O, 1965-ci ilin isti yay günlərindən birində, avqustun 25-də Naxçıvan Muxtar Respublikasının ucqar dağ kəndlərindən olan Teyvazda dünyaya göz açıb. 1986-cı ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunda Azərbaycan dili və ədəbiyyat ixtisasını fərqlənmə diplomu ilə bitirib, həmin ildən 2019-cu ilədək Naxçıvan Dövlət Universitetində müəllimlikdən tədris işləri üzrə prorektor vəzifəsinədək müxtəlif vəzifələrdə çalışıb. Onun 55 illik ömür yolunun 33 ili, yəni yarıdan çoxu doğma ali təhsil ocağı ilə bağlı olub. H.Həşimlinin qabiliyyəti, istedadı, zəhmətsevərliyi, məhsuldarlığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Hüseyn Həşimli elmi nəticələrinə və təhsil quruculuğu sahəsindəki xidmətlərinə görə 2007-ci ildə 42 yaşında Azərbaycan Respublikasının Əməkdar elm xadimi fəxri adına layiq görülüb. O, bu dəyərli adı yaşadığı cəmiyyətlə, əhatə olunduğu mühitlə bir yerdə qazanmışdı.

Böyük elmə gedən yoldakı ilk uğuruna 1985-ci ildə "Ən yaxşı tələbə elmi işinə görə" yiyələnib. Gələcəyin görkəmli aliminin hələ tələbə ikən əldə etdiyi bu nailiyyəti onun fitri istedadının xəbərçisinə çevrildi.

1998-ci ildə Naxçıvan elmi mühitində mühüm hadisə baş verdi. İlk dəfə olaraq doğma ocağımız olan Naxçıvan Dövlət Universitetində Dissertasiya Şurası öz fəaliyyətinə Hüseyn Həşimlinin "Azərbaycan ədəbiyyatında sentimentalizm" mövzusunda yazdığı fundamental bir elmi tədqiqat işinin müdafiəsi ilə başladı. Və həmin gün Azərbaycan elmi ictimaiyyəti əyalət hesab olunan regionda necə böyük elmi işlər ərsəyə gətirildiyinin canlı şahidi oldu. Elə həmin gün Ali Attestasiya Komissiyası tərəfindən diplom alması bizim mühitimizdə sensasiyaya kimi qəbul edildi. Bu cür ilklər idi Hüseyn Həşimlini digər həmkarlarından fərqləndirən. Beləcə, bir tarix ömrün başlanğıcı burdan başladı. O, 2011-ci ildə "Azərbaycan ədəbiyyatında Avropa mənşəli lirik janrlar" mövzusunda elmlər doktorluğu dissertasiyasını da uğurla müdafiə etdi. 2003-cü ildə dosent, 2017-ci ildə aldığı professor elmi adlarını ən uğurlu ünvanına çevrildi və bu titulları şərəf və ləyaqətlə daşıdı.

Hüseyn Həşimli ədəbiyyatşünaslıq elmimizə ən çox töhfələr verən, müasir ədəbi prosesin istiqamətlənməsində xidmətləri olan görkəmli ədəbiyyatşünas alimlərimizdən idi. Onun ədəbiyyat nəzəriyyəsini və ədəbiyyat tarixini dərindən və mükəmməl bilməsi alim yoldaşlarında da böyük maraq və heyrət doğururdu. Təsadüfi deyil ki, Hüseyn Həşimliyə elm aləmində böyük nüfuz qazandıran "Azərbaycan poeziyasında sonet və terset", "Azərbaycan mənsur şeirinin təşəkkülü", "Azərbaycan ədəbi mühiti və türk dünyası", "Əli Məhzun və "Ədəbiyyata dair" əsəri", "Avropa lirik janrları və Azərbaycan ədəbiyyatı", "Hüseyn Cavidin lirikası və Avropa poetik ənənələri" və s. biri-birinin ardınca işıq üzü görən əsərləri məhsuldar alimin gərgin əməyinin bəhrələri idi. XX əsrin əvvəllərində yaşayıb-yaratmış Əli Səbri Qasımov, Ələkbər Qərib Naxçıvanlı, Abdulla Divanbəyoğlu, Səid Səlmasi, Əlipaşa Səbur Hüseynzadə, Əli Məhzun, Məhəmməd Əli Sidqi, Fərhad Ağazadə,  Əliabbas Müznib, Nemət Bəsir kimi böyük maarifçilərimizin, işıqlı mütəfəkkirlərimizin, ziyalılarımızın, ədəbiyyat adamlarımızın arxiv rəflərində unudulan, xalqın yaddaşında itib-batmaqda olan irsinə yeni nəfəs, yeni ruh vermişdi. O, bu işığı öz kimliyində, təfəkküründə və əməlində  yaşadan əsl ziyalı mənəviyyatının, ziyalı əqidəsinin bariz simasını göstərdi. Ziyalı kimi bu gün Hüseyn Həşimlini o şəxsiyyətlərlə birləşdirən bir dəyər də məhz budur: uzun illər böyük zəhmətlə ərsəyə gətirdiyi əsərlərinə öz ruhunu hopdurmuşdu. Onun səliqə-səhmanlı, nizam-intizama tabe olan axıcı dili, üslubu, fikirlərinin ifadə tərzi, analitik təfəkkürü oxucusunu məftun edirdi.  Hüseyn Həşimli kimi yazmağı adama heç bir kəs öyrədə bilməz. Bu, insana fitrətən verilən bir istedad, Allah vergisidır. Onun işıqlı təfəkkürü, yaşını xeyli qabaqlayan müdrikliyi, həyatın qazandırdığı təcrübə, elmi yaradıcılığa, ictimai fəaliyyətə həsr olunmuş mənalı ömür yolu yetişməkdə olan biz filoloqlar üçün meyar, ölçüdür. Ona ömrün ixtiyar çağını yaşamaq, yavaş-yavaş qocalmaq nəsib olmasa da, müdriklik tale yoldaşı oldu. Sokratın belə bir sözü var: "Yaşama ki, 70 yaşın olsun, sənə müdrik desinlər, gəncliyində elə ol ki, sənə o yaşda müdrik desinlər". O, elə gəncliyində müdrikləşən, kamilləşən şəxsiyyət kimi tələbələrinin meyar şəxsiyyətinə, öz müəllimlərinin nümunəsinə çevrilmişdi. Bütün gənc filoloqlar üçün əzmkarlığın, məqsədyönlülüyün, alın təri ilə yoğrulan əməyin, zəhmətin yaratdığı nümunə idi. O, ictimai pillələrlə hər zaman irəlilədi. Dekan müavini, tədris işləri üzrə prorektor kimi çətin işin öhdəsindən gələrkən belə sərt metodlardan deyil, xarakterindəki sadəlikdən, səmimiyyətdən istifadə etdi. Məhz bu keyfiyyətlərin gücü idi ki, bütün tələbələr çox qısa zamandan sonra onu özlərinə doğma bilir, hər hansı bir müşkül işləri olanda onun ünvanına üz tuturdular. Hüseyn müəllim göstərdi ki, yüksək səslə müraciət etmədən, sərt qaydalar tətbiq etmədən də idarəçilik mümkündür.

Ard-arda dörd çağırış Naxçıvan

Ali Məclisinin deputatı olanda da Hüseyn Həşimli öz xarakterini zərrə qədər də olsun dəyişmədi. Nə vəzifə, nə status, nə ictimai nüfuz onun həlim xasiyətini, xoş simasını dəyişdirdi. 1993-1997-ci illərdəki ən sevimli müəllimimiz necə sadə, təvazökar, səmimi, dostcanlı idisə, ötən illər bu xüsusiyyətlərin heç birini ondan ala bilmədi, əksinə, daha da mülayim və müdrik etdi. Şəxsiyyət etibarilə yetkin və özünə əminlik hisslərini daha da artırdı. Ən sağlam düşüncəli ziyalılardan biri kimi xatirəmizdə əbədi iz saldı.

Müəllimimizin araşdırmaları haqqındakı fikirlərini xatırladıqca, təəssüf hissi keçirirəm ki, onun gördüyü işlərdən daha da çoxu  irəlidə idi. Sürətlə keçən xəstəlik və təsəllisiz sonluq onu sevənlərin ürəyində qaysaq tutmayan yaraya çevrildi. Həmin gün - 20 iyun həyat donuq və küskün vəziyyətə düşmüşdü. Bütün varlığımız Hüseyn Həşimli ruhuna köklənmişdi. Hər kəs eyni mövzuya kilidlənmişdi. Bütün sosial şəbəkələrdə hər kəs ondan yazırdı. Kim idi onlar?.. Onu yetişdirən mühit, təmənnasız dostlar, eyni ziyadan nur alan saysız-hesabsız yetirmələr - bir sözlə, qədirbilən xalqımız. Bütün yazılarda Hüseyn Həşimlinin elminə, işgüzarlığına, siyasi əqidəsinə, şəxsiyyətinə yüksək dəyər verilir, bu nakam ömürdən geriyə qalan xatirələr dilə gətirilir, böyük bir acı ruha hakim kəsilirdi. İnsana ən yaxşı dəyər onu daim müşahidə edən insanlar tərəfindən verilir. Bu baxımdan Hüseyn Həşimli haqqında ölkəmizin nüfuzlu ziyalılarının, digər peşə adamlarının fikirləri onun monumental portretini daha da aydın göstərən vasitəyə çevrildi.

İki beşlik bir ömrə bu qədər sevgini, bu qədər məhəbbəti necə sığdıra bilmişdi? Hər yerdə gözümüz Hüseyn Həşimlini axtarır - elmi məclislərdən, rəsmi kürsülərdən, mavi ekrandan, mətbuat səhifələrindən - bir sözlə, ədəbi sözün, alim fikrinin hakim olduğu hər yerdən. Kürsü üçün doğulmuşdu əsl söz adamı. Bu söz sərrafı üçün auditoriyanın böyüyü-kiçiyi yox idi. O, hər zaman fikrinə, sözünə məsuliyyətlə yanaşır, cümlələri zərgər dəqiqliyi ilə seçir, çatdırmaq istədiyi mətləbi auditoriyaya aydın şəkildə ifadə edirdi. Sanki onun səsinin həlim ahəngi də Allahın ona bəxş etdiyi bir zənginlik idi. Belə qeyri-adi məziyyətləri Ulu Yaradan sevdiyi bəndəsinə bəxş edir. Hüseyn müəllim belə insanların şəxsi nümunələrindən biri idi. Onun yetirmələri ədəbiyyatı, poeziyanı bu səsin sehrində daha çox sevdi. Hüseyn müəllimin kürsüdən səsləndirdiyi şeir nümunələri bizim ruhumuza mirvari kimi süzülür, qeyri-ixtiyari olaraq yaddaşımıza həkk olunurdu. O, elmi dilinin aydınlığı, şirinliyi ilə böyük auditoriya sevgisini qazandı. Zəkasının hüdudları son dərəcə geniş görünən alim fitri istedadı, geniş mütaliəsi, həssas müşahidə qabiliyyəti, zəngin təcrübəsi, dolğun, bol həyat müşahidələri ilə geniş pərəstişkar ordusu qazanmışdı. Onun canlı və maraqlı məruzələri neçə-neçə tələbənin yaddaşında özünə silinməz iz buraxdı, bənzərsiz dərsləri, mühazirələri ilə neçə-neçə tələbənin həyat yoluna işıq saçdı.

İllərin zəhməti, qələmlə qırılmaz ünsiyyəti ondan sonra böyük bir irs qoydu. Qələmi nə vaxt əlinə aldığını deyə bilmərəm, amma yəqin bilirəm ki, onu heç yerə qoymadı. O, başladığı çox mövzunun son nöqtəsini qoya bilmədi. Təqdiri-ilahi... Amma yekunlaşdırdığı əsərlər son təsəllimiz oldu.

55 yaşın zirvəsindən baxanda həddən ziyadə məhsuldar yaradıcılıq, şərəfli və ləyaqətli bir ömür yolunun səhifələri vərəq-vərəq canlanır insanın gözləri önündə. O, bu qısa ömrə nələri sığdırmadı ki!.. Hüseyn Həşimli ömrün bu zirvəsini neçə-neçə ömrə sığacaq yüksək ad-sanla, şan-şöhrətlə, xətir-hörmətlə, qədir-qiymətlə fəth etdi. Bu işıqlı şəxsiyyət keçmiş günlərin xoş xatirələrində əbədiyyət ömrü yaşayır. O, dünyaya bir dəfə gəldi, amma birdəfəlik getmədi. Hüseyn Həşimlinin təkrarsız və bənzərsiz irsi Azərbaycan ədəbiyyatına və naxçıvanşünaslığa əvəzsiz töhfələr oldu. Özü ilə bu nakam ömürdən sadəcə cismini apardı, elmimizə isə boyük yaradıcı irs qoyub getdi. Onun irsi neçə-neçə yazılacaq əsərlərə stimul verəcək, plan-prospektinə çevriləcək.

P.S. Tale elə gətirdi ki, müəllimlə iş yoldaşı olduq. Pedaqoq-alim, yorulmaz tədqiqatçı Hüseyn Həşimli ömrünün son aylarını bizim elm məbədində - AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda direktor müavini olaraq keçirdi. O, işə başladığı ilk gündən orijinal, məsələlərə yanaşma tərzi ilə özünəməxsus iş prinsipini ortaya qoydu. İşinə böyük həvəs və enerji ilə, necə deyərlər, dörd əllə sarılan Hüseyn müəllimin insani keyfiyyətlərini tamamlayan tələbkarlıq və qayğıkeşlik onun müdrik xarakterində öz əksini tapmışdı.

Hüseyn Həşimlinin nakam ömrünün təqvimlərini vərəqlədikcə sonuncu rəqəmin beş olması heç də təsadüfi olmadığının fərqinə vardım. Onun alın yazısı idi Əlaçı olmaq... Bu dəfə tamamlanmış sonuncu "5" rəqəmi ürəyimizdə əbədi bir hüznə çevrildi, 55 yaşının tamam olmasına 65 gün qalanda əbədiyyətə qovuşdu... Kaş ki, bu günü Sizsiz yox, Sizinlə bahəm qeyd etmək kimi bir möcüzə olsaydı... Siz təbrikimi ruhunuzla deyil, qulaqlarınızla duysaydınız...

Yubiley yaşın mübarək, ölməz Ustad!..

 





25.08.2020    çap et  çap et